Məhkəmə qərarları › İş №2(103)-951/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-951/2021

12.02.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-951/2021 12.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxxxx 2020-ci il tarixli qətnamədən cavabdeh Birliyin verdiyi apellyasiya şikayətinə əsasən işə iddiaçının iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddia ərizəsi və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 53cü maddəsinə əsasən verilmiş “iddia tələbinin həcminin dəyişdirilməsi barədə” ərizə ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, cavabdeh Birlik tərəfindən ona əsassız olaraq əlavə sərfiyyat kimi hesablanmış 2.482,8 manat məbləğində borcun silinməsi, habelə həmin məbləğin bir hissəsinin ödənilməsi məqsədi ilə Birlik tərəfindən onun smart kart hesabından silinmiş 302,8 manat məbləğində pulun onun həmin hesabına qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsi, Döngə-5 ünvanında yerləşən 21 saylı fərdi yaşayış evində ailə üzvləri ilə birlikdə yaşayır. Ev cavabdeh Birlik tərəfindən təbii qazla təmin olunur və bununla bağlı həmin ünvanda qaz sayğacı quraşdırılmışdır. Bir müddət bundan əvvəl iddiaçıya məlum olmuşdur ki, o, istifadə etdiyi qaza görə smart kart hesabına ödədiyi puldan Birlik tərəfindən hissə-hissə 302,8 manat silinmişdir. Bunun səbəbləri ilə maraqlandıqda Birliyin əməkdaşları iddiaçıya bildirmişlər ki, o, qaz sayğacından kənar xətdən istifadə etdiyi üçün itirilmiş qazın dəyəri olaraq ona 2.482,8 manat məbləğində borc hesablanmışdır. İddiaçı hesab edir ki, Birliyin ondan qeyd edilən borcun ödənilməsini tələb etməsi, smart kart hesabından pul çıxması əsassızdır. Çünki o, qaz sayğacından kənar xətt çəkdirməmiş, sayğacdan kənar qazdan istifadə etməmişdir. İddia ərizəsi əsasında başlanmış mülki işə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnamə ilə iddianın təmin edilməsini qət etmişdir. Cavabdeh Birlik həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Cavabdeh Birliyin nümayəndəsi işə apellyasiya qaydasında baxılmanın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsa da, apellyasiya baxışına gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, MPM-nin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. İddiaçı apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin əsaslarına, habelə iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Birliyin Bakı Regional X1 nəzdində fəaliyyət göstərən Komissiyanın xx.xx.2017, xx.xx.2017, xx.xx.2017, xx.xx.2018 və xx.xx.2018-ci il tarixli “İtirilmiş qazın bərpası üzrə tələblər barədə” qərarlardan və işdə olan digər sənədlərdən görünür ki, sayğacdan kənar qaz xətti aşkar edildiyi üçün iddiaçıya əlavə sərfiyyat kimi 2.482,8 manat məbləğində borc hesablanmış, borcun ödənilməsi məqsədi ilə iddiaçının smart kart hesabından hissə-hissə 302,8 manat məbləğində pul silinmişdir. Komissiyanın qeyd edilən “İtirilmiş qazın bərpası üzrə tələblər barədə” qərarlarda göstərilir ki, həmin qərarların qəbul edilməsi üçün Birliyin əməkdaşlarının tərtib edilmiş xx.xx.2017, xx.xx.2017, xx.xx.2017, xx.xx.2018 və xx.xx.2018-ci il tarixli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktlar olmuşdur. Göstərilənləri nəzərə alan Məhkəmə mövcud mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, cavabdeh Birlik yuxarıda qeyd edilən “İtirilmiş qazın bərpası üzrə tələblər barədə” qərarların qəbul edilməsini əsas olmuş xx.xx.2017, xx.xx.2017, xx.xx.2017, xx.xx.2018 və xx.xx.2018-ci il tarixli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktların qanunvericiliyin tələblərinə uyğun qaydada və hal-şahidlərinin iştirakları ilə tərtib edilməsini təsdiq edə biləcək sübutları məhkəmələrə təqdim etməmişdir. Bu baxımdan həmin aktlar əsasında qəbul edilmiş həmin qərarların etibarlı hesab edilməsi qeyri-mümkündür. Belə ki, MPM-nin 77.2 maddəsinin mənasına görə dövlət hakimiyyəti və yerli özünüidarə orqanlarının, habelə başqa orqanların aktlarının və qərarlarının qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi aktı və ya qərarı qəbul etmiş orqanın üzərinə düşür. MPM-nin 14.2-ci maddəsinə görə isə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsi iddianı təmin etməklə iş üzrə qanuni, əsaslı və işin hallarına uyğun nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh Birlik tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə cavabdehin özünə aid edilsin. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxxxx 2020-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh Birlik tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar