Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-951/2023 17.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X6, İddiaçının nümayəndəsi X4, Cavabdehin nümayəndəsi X8 iştirakları ilə, İddiaçı cavabdeh X2rşı “borcun silinməsi dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6321/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları: İddiaçı yaşadığı ünvan 1 ünvanına quraşdırdığı sayğacın yararsız olmasını müəyyən edən cavabdeh, xx.xx.2022-ci il tarixli, ******* saylı aktına əsasən istehlakçıya qaz sərfiyyatına görə dəymiş ziyan 1036,80 manat müəyyən edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh X2rşı “borcun silinməsi tələbinə dair” iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək yaşadığı yaşadığı ünvan 2 ünvanına (abonent kodu: **********00000) hesablanmış 1036,80 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, faktiki yaşadığı ünvan 3 ünvanına Yasamal rayon qaz idarəsinin işçiləri xx.xx.2022-ci il tarixdə yaxınlaşaraq qaz sayğacının elektron tablosunun işləməməsi səbəbini göstərərək 53 manat sərfıyyatın olduğunu və həmin sərfiyyatın elektron tablo işləmədiyi üçün göstərilmədiyi qeyd olundu. Sayğacın elektron tablosunun sökülməsi barədə xx.xx.2022-ci il tarixində akt tərtib olunmuş və bildirilmişdir ki, 53 manat sərfiyyat ödənildikdən sonra heç bir məsələ qalmayacaq. Elektron tablo dəyişilmiş və yerinə mexaniki sayğac quraşdırılmışdır. Bu müddət ərzində qaz idarəsinin əməkdaşlarına balansda pulu olduğu barədə məlumat vermiş, bir neçə dəfə karta pul vurmuş, lakin həmin məbləğlər karta köçməmiş və bundan xəbərsiz olmuşdur. Bu barədə qaz idarəsinə məlumat verdikdə belə bir qərara gəlmişlər ki, sayğacın balansı yoxlanılsın. Beləliklə, köhnə smart sayğac plombalanaraq, qutuya qoyulub götürülmüş, bir açarı ona verilmiş, digəri isə qaz idarəsinin əməkdaşlarında qalmışdır. Həmçinin, onun iştirakı ilə bağlama açılacağı bildirilmişdir. Lakin, iştirakı olmadan qaz idarəsinin əməkdaşları sayğacı açıb yoxlamış, deşik olduğunu və qaz itkisi müdaxiləsi olduğunu qeyd ediblər. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdeh İB-nin qaz sayğacının yoxanılması barədə xx.xx.2022-ci il tarixli aktda göstərilmişdir ki, "20789378X2 plomb kəsilərək G-4 SM/3406 saylı qutu açıldı. Sayğaca baxış keçirildi. Sayğacın klapanı işlək deyil. Sayğacın elementi bitib, müvəqqəti element quraşdırıldı. 09.03.21-ci il tarixə elektron göstərici 03061 m3 olmuşdur. Sayğacın çıxış plastmas borusu deşilib. Sayğacın yaddaş arxivi oxundu. Sayğacda istismar müddətində ALARM-J rejimi aşkar olunmayıb. Xətalar normadan artıqdır. Sayğac minimal sərfiyyatda -100% nisbi xətayla işləyir. Kamera vasitəsi ilə sayğacın daxilinə baxış keçirildi, plastmas boruda deşik aşkar olundu. Hesablama mexanizmi minimal sərfıyyata keçən qazın həcmini qeyd etmir. Sayğac istismara yararsızdır”. Qısa vaxt ərzində iki dəfə evin sayğacı dəyişilmişdir. Qaz sayğacının elektron tablosunun işləməməsi səbəbindən birinci dəfə mexaniki qaz sayğacı qoyulmuş, yoxlanılması üçün aparılan sayğacda qüsur aşkar etmişdirlər. Eyni zamanda, iştirakı olmadan həyata keçirilmiş yoxlama zamanı qaz itkisinə müdaxilə göstərildiyinə görə də 1053 manat məbləğində müdaxiləyə görə hesablama yazılmışdır. Həmin müdaxilənin onun tərəfindən həyata keçirilməsi də təsdiqlənməmişdir. Qaz sayğacı mənzildən kənarda quraşdırılmışdır. Sözügedən mənzildə sadəcə dörd qaz peçi işləyir. Mənzildə qaz sərfiyyatını həyata keçirən əlavə bir mənbə, avadanlıq yoxdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6321/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, İddiaçı yaşadığı ünvan 2 ünvanına (abonent kodu: **********00000) qaz itkisinə görə hesablanmış 1036,80 ( min otuz altı manat 80 qəpik) manat borcun silinməsinin cavabdeh X7 həvalə edilməsi, cavabdeh X3 30,36 (otuz manat 36 qəpik) manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinin hesabına keçirilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini “Qaz təchizatı haqqında” Qanuna və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”na əsaslandıraraq, belə nəticəyə gəlmişdir ki, iddiaçının evinə quraşdırdığı sayğacın yararsız olmasını müəyyən edən cavabdeh, xx.xx.2022-ci il tarixli, ******* saylı aktına əsasən istehlakçıya qaz sərfiyyatına görə dəymiş ziyan hesablanmalı olmasını müəyyən etmiş, xx.xx.2022-ci il tarixli qərarına əsasən ziyanın 1036,80 manat olmasını müəyyən etmişdir. Göründüyü kimi, iddiaçının evində öz vəsaiti hesabına qaz sayğacını quraşdırmaq, onun normal qaydada işləməsinə nəzarət etmək cavabdehin vəzifəsi olduğu halda o, öz vəzifələrini yerinə yetirdikdən sonra istehlakçıya qarşı qanunsuz və əsassız akt tərtib edib bu akt əsasında qərar qəbul etməklə qanunsuz tələb irəli sürmüş, yəni istehlakçının təqsirini sübuta yetirmədən ondan itirilmiş qaz sərfiyyatına görə pul vəsaiti tələb etmişdir. Ona görə də məhkəmə iddiaçının hesablanan borcun silinməsinə dair tələblərini əsaslı hesab edib təmin etmişdir. Qeyd olunan qətnamədən narazı qalan Cavabdeh İB apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlməmiş, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Bütün bunlar isə mübahisələndirdikləri qətnamənin ləğv edilməsinə əsasdır. Belə ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən iddiaçı tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş, daha sonra həmin Akt əsasında “Dəymiş ziyanın bərpasına dair” tələbnamə təsdiq edilmişdir. Həmin tələbnamələrə əsasən itirilmiş (qeydə alınmayan) təbii qazın həçminin miqdarı ölçülmüş və bu əsasla da dəymiş ziyanın məbləği hesablanmışdır. Müvafiq olaraq hesablanmış 1036.80 manat dəymiş ziyan könüllü ödəməsi üçün abonentin istehlakçı hesabına yerləşdirilmişdir. Göründüyü kimi iddiaçı qanunazidd, təqsirli hərəkətlər etməklə, yəni təbii qazdan sayğacsız qeyri-qanuni istifadə etməklə cavabdehə ziyan vurmuşdur. Lakin 1-ci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlməmiş, maddi və prosessual hüquq normalarının tətbiqində kobud səhvə yol vermişdir. Birinci instansiya məhkəməsi təqdim edilmiş iş üçün mühüm əhəmiyyətə malik olan məlumatları özündə əks etdirən sayğaclar üzrə saldolar, fotoşəkillər, aktlar, ekspertiza rəyi əlaqəli şəkildə araşdırılmamış, yalnız səthi yanaşılan ekspertiza rəyinə istinad edilmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi R.Əliyev apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədləri birinci instansiya məhkəməsinin qətnamənin borcun silinməsi hissəsində yoxlanılması təşkil edir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Tətbiq edilən hüquq “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu: 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın: 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.3 - 4.7-ci bəndlərinə əsasən, qaz sayğacları AİBNDA tərəfindən müəyyən edilmiş dövlət standartlarının tələblərinə uyğun olaraq dövlət yoxlamasından keçirilir, qaz sayğaclarının növbəti dövlət yoxlanılması onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Qaz sayğaclarının üzərində AİBNDA-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Məhkəmə kollegiyasının mövqeyi
Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, “Qaz sayğacının çıxarılması, quraşdırılması va istismara qəbulu haqqında” xx.xx.2022-ci il tarixli, ******* saylı aktın surətindən görünür ki, ünvan 2 ünvanında qaz xəttinin üzərində quraşdırılmış, G-4 markalı 1202AQ**********0 nömrəlı sayğac yeni G-4 markalı **********7 nömrəlı sayğacla əvəzlənmişdir. X5 xx.xx.2022-ci il tarixli, ******* saylı aktın surətindən görünür ki, İddiaçı yaşadığı ünvan 2 ünvanında G-4 markalı 1202AQ**********0 nömrəlı sayğaca baxış keçirilmiş, sayğacın hesablama mexanizminin keçən qazın həcmini qeyd etmədiyi müəyyən edilərək akt tərtib olunmuş, mövcud sayğacın yeni sayğacla əvəz edilməsi və itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyan hesablanaraq, ödənilməsi uçun qanunvericiliyə uyğun müvafiq tədbirlər icra olunması qərara alınmışdır. X5 Bakı RQSD-nin xx.xx.2022-ci il tarixli "Dəymiş ziyanın bərpasına dair" tələbnaməsinin surətindən müəyyən olunur ki, xx.xx.2022-ci il tarixli, ******* saylı akt əsasında ünvan 2 ünvanına 8640 m3 qaz itkisi hesablanmış və ödənilməsi qərara alınmışdır. Məhkəməyə təqdim olunan abonentin saldosundan müəyyən olunur ki, İddiaçı akt üzrə tələb olunan qaz sərfiyyatına görə borc 1036,80 manat təşkil edir. İddiaçı onun iştirakı olmadan həyata keçirilmiş yoxlama zamanı qaz itkisinə müdaxilə göstərildiyinə görə də 1036.80 manat məbləğində müdaxiləyə görə hesablama yazılmasına və həmin müdaxilənin onun tərəfindən həyata keçirilməsi də təsdiqlənməməsinə istinad edərək hazırki iddianı qaldırmıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq bu qənaətə gəlmişdir ki, cavabdeh tərəfindən tərtib edilmiş aktın qəbul edilməsi üçün əsas olmuş halları aktın və hesablanmış borcun doğruluğunu sübut etmək vəzifəsi bu aktın qəbul etmiş orqanın üzərinə düşdüyündən və həmin aktın qəbul edilməsi üçün əsas olmuş hallar, eləcə də həmin halların mövcudluğu (qaz sayğacının klapanının işlək vəziyyətdə olmaması və s. halların - iddiaçının hərəkət və hərəkətsizliyi nəticəsində baş verməsi, iddiaçının təqsiri üzündən baş verməsi) cavabdeh tərəfindən sübuta yetirilmədiyindən, həmçinin məhkəmə iclasında araşdırılmış hallardan da iddiaçının (istehlakçının) ünvanına qurlaşdırılmış sayğacda yaranmış qüsurların onun təqsiri nəticəsində baş verməsi müəyyən edilmədiyindən cavabdeh təşkilat tərəfindən tərtib edilmiş akt üzrə hesablanmış zərər də istehlakçı tərəfindən ödənilə bilməz. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, abonentlər tərəfindən təbii qazdan qanunsuz istifadə hallarının qarşısının alınması, qanunsuz istifadə hallarını artıraraq təbii qazan talan edilməsi, dövlətə külli miqdarda ziyan vuran şəxslərin qarşısının alınması və barələrində qanunvericiliyə uyğun tədbirlər görülməsi iddiaçının «Qazdan istifadə Qaydalarının Təsdiq edilməsi haqqında» AR Nazirlər Kabinetinin xx.xx.2011ci il tarixli, 80 №-li Qərarının, «Qaz istifadə Qaydaları»nın tələblərinə uyğun olaraq birbaşa vəzifəsidir. Kollegiya apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən ekspertiza rəyi əlaqəli şəkildə araşdırılmaması, yalnız səthi yanaşılan ekspertiza rəyinə istinad edilməsinə dair dəlillərinə münasibətdə qeyd edir ki, işin materiallarından iş üzrə ekspertizanın təyin edilməsi və ekspert rəyinin olması görünmür. Həmçinin də müəyyən edilir ki, cavabdehin nümayəndəsi ekspertiza ilə bağlı ümumiyyətlə vəsatət verməmişdir və məhkəmə iclasında bununla bağlı hər hansı müzakirə aparılmamışdır. Buna baxmayaraq məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1-ci maddəsinə əsasən, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. Maddənin məzmunundan göründüyü kimi, ekspertizanın təyin edilib-edilməməsi məhkəmənin mülahizəsinə buraxılıb və məhkəmə iş materiallarında olan sübutları kifayətedici hesab edib, ekspertiza təyin etməyə bilər. Qeyd olunan prosessul hərəkətin hakimin öhdəliyi kimi qəbul edilməsi qanuna müvafiq hesab edilə bilməz. Həmçinin, cavabdehin apellyasiya şikayətinin dəlilləri iddiaçının qaz xəttinə qanunsuz müdaxiləsindən yox, aktlar üzrə hesablanmış cərimə məbləğindəndir. Ona görə də, mübahisə üzrə qaz xəttinə qanunsuz müdaxilə ilə bağlı ekspertizanın keçirilməsinə də zərurət olmamışdır. Kollegiya qeyd edir ki, iddiaçının mənzilində dörd qaz peçi işlədiyi və mənzildə qaz sərfiyyatını həyata keçirən əlavə bir mənbə, avadanlıq olmadığı halda ona abonentin saldosunda göstərilən müddət ərzində hesablanmış cərimə məbləğində qaz sərfiyyatını etməsi də inandırıcı deyildir. Kollegiya hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Apelyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız və formal mülahizələrdən ibarət olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin olunmamalı, birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi məhkəmə məsrəfləri ilə bağlı düzgün nəticəyə gəlmişdir. Hazırki apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu isə apellyatorun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 402ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6321/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhrəmzadə