Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9531/2021 19.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, Cavabdeh Mənzil Tikinti Kooperativinin etibarnamə üzrə nümayəndəsi və vəkili X8 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3136/2021 saylı, 03 may 2021-ci il tarixli qətnaməsindən Cavabdeh Mənzil Tikinti Kooperativinin sədri X4 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçılar İddiaçı, X2 və X6 Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı “müqavilə öhdəliklərinin yerinə yetirilməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Xətai prospekti 38 ünvanında yerləşən binanın D blokunun 16-cı mərtəbəsində sahəsi 158 kv.m. olan mənzilin, binanın D blokunun 14-cü mərtəbəsində sahəsi 158 kv.m. olan mənzilin və həmin mənzillərin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində ümumi mülkiyyət kimi dövlət qeydiyyatına alınması üçün qanunla müəyyən edilmiş zəruri sənədlərin Cavabdeh MTK tərəfindən X3 və X5 vərəsəsi X1 təhvil verilməsi, Bakı şəhəri, Xətai prospekti 38 ünvanında yerləşən binanın C blokunun 15-ci mərtəbəsində sahəsi 139 kv.m. olan mənzilin və həmin mənzilin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində xüsusi mülkiyyət kimi dövlət qeydiyyatına alınması üçün qanunla müəyyən edilmiş zəruri sənədlərin Cavabdeh MTK tərəfindən İddiaçı təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə birinci instansiya məhkəməsində baxılarkən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1064/2021 saylı, 09.03.2021-ci il tarixli qərardadı ilə iddiaçılar X2, X6 və İddiaçı Cavabdeh MTK-ya qarşı “müqavilələrdən əmələ gələn öhdəliklərin yerinə yetirilməsi” tələbinə dair 2(006)2894/2020 saylı mülki iş üzrə İddiaçı Cavabdeh MTK-ya qarşı “müqavilələrdən əmələ gələn öhdəliklərin yerinə yetirilməsi” tələbinin ayrılaraq, ayrıca icraatda baxılması qərara alınmışdır. İşə birinci instansiya məhkəməsində baxılarkən İddiaçı iddia ərizəsinin dəyişdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, binanın istismara qəbul aktı, mənzil-tikinti kooperativi (MTK) binasında yaşayış sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı, mənzil üçün pay haqqının tam ödənildiyini təsdiq edən mənzil-tikinti kooperativinin maliyyə arayışı mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin dövlət qeydiyyatına alınması barədə çıxarışların verilməsi, texniki pasportların verilməsi üçün əsasdır. Göstərilənləri nəzərə alaraq Bakı şəhəri, Xətai prospekti 38 ünvanında yerləşən binanın D blokunun 16-cı mərtəbəsində sahəsi 158 kv.m. olan mənzilin, binanın D blokunun 14-cü mərtəbəsində sahəsi 158 kv.m. olan mənzilin və həmin mənzillərin xüsusi mülkiyyət kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində dövlət qeydiyyatına alınması üçün qanunla müəyyən edilmiş zəruri sənədlərin, o cümlədən, həmin binanın istismara qəbul aktının, mənzil-tikinti kooperativi binasında mənzillərin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarının, mənzillər üçün pay haqqının tam ödənildiyini təsdiq edən mənziltikinti kooperativinin maliyyə arayışlarının İddiaçı, X3 və X5 vərəsəsi X1 təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3136/2021 saylı, 03 may 2021-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, Bakı şəhəri, Xətai prospekti 38 ünvanında yerləşən yaşayış binasının C blokunun 15-ci mərtəbəsində sahəsi 139 m2 olan mənzil və həmin mənzilin xüsusi mülkiyyət kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində ilkin dövlət qeydiyyatına alınması üçün qanunla müəyyən edilmiş zəruri sənədlər, o cümlədən, həmin binanın istismara qəbul aktı, mənzil-tikinti kooperativi binasında mənzilin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı, mənzil üçün pay haqqının tam ödənildiyini təsdiq edən mənzil-tikinti kooperativinin maliyyə arayışının Cavabdeh MTK tərəfindən İddiaçı təhvil verilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh Mənzil Tikinti Kooperativinin sədri X4 apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3136/2021 saylı, 03 may 2021-ci il tarixli qətnaməsi əsassız və qeyri-qanuni hesab edir. Qətnamədə qanunvericilikdə mövcud olan mülkiyyət hüququ və mülkiyyət hüququnun iddia müddətinə tabe olmaması ilə bağlı müddəalara istinad etmiş, lakin Məhkəmənin həmin mövqeyi ilə razılaşmırlar, çünki hazırki iş üzrə İddiaçı mübahisəli mənzil üzərində mülkiyyət hüququ mövcud deyildir. Belə ki, Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Lakin hazırki iş üzrə mübahisəli mənzil üzərində mülkiyyət hüququnun qeyd etdiyi ünsürlərinin heç biri mövcud deyildir. İddiaçı Cavabdeh MTK ilə bağladığı 12 sentyabr 2006-cı il tarixli müqavilədən 14 ildən artıq müddət keçmişdir ki, bu günə qədər İddiaçı Bakı şəhəri Xətai prospekti 38 ünvanında yerləşən binanın C blokunun 15-ci mərtəbəsində sahəsi 139 kv.m. olan mənzili təhvil almamışdır. İddiaçı Nəsimi Rayon Məhkəməsinə isə 26 oktyabr 2020-ci il tarixdə müraciət etmişdir. İddiaçı həmin mənzildən istfadə etməmiş və həmin əmlaka faktiki sahiblik həyata keçirməmişdir. Buna görə də hazırki iş üzrə mülkiyyət hüququ ilə bağlı müddəalar tətbiq edilə bilməz. Digər tərəfdən İddiaçı ilə Cavabdeh MTK arasında bağlanmış 12 sentyabr 2006-cı il tarixli müqavilədən də göründüyü kimi həmin müqavilə bağlanılan zaman Bakı şəhəri Xətai prospekti 38 ünvanında yerləşən 18 mərtəbəli yaşayış binasının tikintisi başa çatmamışdı. Buna görə də faktiki olaraq mövcud olmayan mənzil üzərində mülkiyyət hüququnun yaranmasından söhbət gedə bilməz. Hesab edir ki, İddiaçı iddia tələbinə Mülki Məcəlləsinin 373.2-ci maddəsi tətbiq edilməli və daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə 6 illik iddia müddəti iddiaçı tərəfindən ötürüldüyü üçün qətnaməsi ləğv edilməlidir. Məhkəmə işə bitərəfli yanaşmış, qeyri-qanuni və əsassız qətnamə qəbul etmişdir. Apelyasiya şikayətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3136/2021 saylı, 03 may 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə baxılmasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən işə İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apelyasiya məhkəməsinin iclasında Cavabdeh MTK-nın etibarnamə üzrə nümayəndəsi və vəkili X12 MTK-nın sədri tərəfindən verilmiş apelyasiya şikayətini müdafiə etdiyini bildirdi və apelyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, apelyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3136/2021 saylı, 03 may 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda Cavabdeh MTK-nın sədri X4 apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin ləğv edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yоxlanılmalıdır. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara əsaslanaraq belə nəticəyə gəlmişdir ki, iddiaçının yuxarıda qeyd olunan mənzil üçün cavabdehə borclu olması halı müəyyən edilməmiş, mübahisəli mənzilin əldə olunmasına dair maliyyə arayışının hazırkı vaxta kimi verilməməsinin (və yaxud da maliyyə arayışının verildiyi, lakin özündə surətinin saxlanmadığı) səbəblərinə dair cavabdeh tərəfin irəli sürdüyü dəlilləri əsassızdır. Həmçinin iddiaçı tərəfindən kommunal xidmət haqqının və binanın istismarına icazə verilməsi üçün əlavə işlərin görülməli olduğu üçün əlavə pay haqqının ödənilməməsi iddiaçının mənzillə bağlı olan hüquqlarının hər hansı formada cavabdeh tərəfindən məhdudlaşdırılmasına əsas vermir və gəldiyi nəticəni Tərəflər arasında hüquq münasibətləri yaranan vaxt qüvvədə olmuş Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 178.8-ci maddəsi ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin hazırki mübahisə üzrə gəldiyi nəticə hüquqi cəhətdən əsaslı hesab edilməlidir. Məhkəmə kollegiyası Cavabdeh MTK-nın nümayəndəsi və vəkili Fuad Əyyubzadənin çıxışını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Bеlə ki, iş matеriallarında olan, Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış C- 139/15 saylı, 12 sentyabr 2006-cı il tarixli müqavilənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, “Kooperativ” obyektin tikintisinin layihə sənədlərinə və tikinti Norma- Qaydalarının tələblərinə uyğun surətdə müəyyən edilmiş müddətdə başa çatdırılmasını, tikinti baş çatdıqdan sonra müqavilə şərtlərinə uyğun olaraq yeni tikilmiş binanın C blokunda, ümumi sahəsi 139 m2 olan 15-ci mərtəbədə yerləşən yaşayış sahəsini (sahənin tam dəyərinin müqavilədə müəyyən edilmiş həcmdə və qayda ilə ödədikdən sonra) “Payçı”ya təhvil verməyi, Payçı isə həmin yaşayış sahəsini qəbul etməyi öz öhdəsinə götürmüşdür.(İ.v. 5 - 7) İş matеriallarında olan, İddiaçı vəkili Vəkil tərəfindən Cavabdeh MTK-ya ünvanladığı sorğusuna verilmiş 142 saylı, 29.10.2020-ci il tarixli məktubun surətindən görünür ki, sorğuya cavab olaraq bildirmişlər ki, Bakı şəhəri Nəsimi rayonu, Xətai prospekti 38 ünvanında yerləşən yaşayış sahəsi Cavabdeh MTK tərəfindən 2003-cü ildə inşa edilmişdir. Həmin yaşayış sahəsi tikilən zaman müvafiq dövlət orqanlarından icazələr alınmış və texniki şərtdə, icazə sənədlərində göstərilən bütün tələblər yerinə yetirilmişdir. Cavabdeh MTK tərəfindən yaşayış binasının tikintisi 2005-ci ildə başa çatdırılmış və orada olan mənzillər mənzil sahiblərinə təhvil verilmişdir. Mənzil mülkiyyətçilərinin 2/3 hissəsindən çoxu 10 ildən çoxdur ki, faktiki olaraq onlara məxsus olan mənzillərdə məskunlaşmışlar. X7 və vərəsəsi X2 olan X10 18 may 2005-ci il tarixli müqaviləyə əsasən ümumi ölçüsü 1428,5 k/m olan 10 mənzil əldə etmişlər. Həmin şəxslər aldıqları 10 mənzildən 8-ni başqa şəxslərə satmışlar. X7 və X10 həmin mənzilləri yaşamaq məqsədilə deyil, investisiya yatırımı kimi almışlar. Buna görə də X6 və X10 aldıqları mənzillərdə təmir işlərinin aparılmasında maraqlı olmamışlar. Digər tərəfdən mənzildə təmir işlərinin həyata keçirilməsi üçün dövlət reyestrindən çıxarış tələb olunmur. Göründüyü kimi həmin şəxslərin sahib olduqları mənzilləri təmir etdirib orada yaşamalarına heç bir maneə olmamışdır. Eyni zamanda bildirmək istəyirlər ki, dövlət reyestrindən çıxarışların əldə edilməsi ilə bağlı problemlər Cavabdeh MTK-dan asılı deyil. Çoxmənzilli yaşayış sahələrinə dövlət reyestrindən çıxarışlar hamıya açıq-aşkar məlum olan səbəblərdən verilmir. Bakı şəhərində inşa olunan 400-dən artıq çoxmənzilli yaşayış binalarında bu problemlər mövcud olmuşdur. Baxmayaraq ki, mənzillər 15 ildən artıq bundan əvvəl təmsil edilən şəxslərə təhvil verilib, lakin həmin şəxslərin heç biri kommunal xidmətlərə görə haqqı ödəməmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Buna baxmayaraq bəzi sakinlər hesab edir ki, göstərilən mənzildə yaşayış yoxdursa o kommunal ödəniş etməkdən azaddır. Lakin Mənzil Məcəlləsinin 137.10-cu maddəsinə əsasən mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə görə haqqın və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir. Göründüyü kimi mənzil mülkiyyətçilərinin mənzildə yaşayıb-yaşamaması yaxud istifadə edib-etməməsi yaşayış sahəsinə görə haqqın və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir. Bundan başqa bildirmək istəyirlər ki, Cavabdeh MTK tərəfindən sakinlərə təhvil verilmiş yaşayış binası Cavabdeh MTK-dan asılı olmayan obyektiv səbəblərdən istismara qəbul edilməmişdir. Azərbaycan Respublikası Prezidenti tərəfindən “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” 19 fevral 2019-cu il tarixli Fərman verilmişdir. Bu məsələ ilə əlaqədar dövlət komissiyası yaradılmış və komissiya tərəfindən Bakı şəhəri Nəsimi rayonu, Xətai prospekti 38 ünvanında inşa olunmuş yaşayış sahəsinə baxış keçirilmiş və həmin yaşayış binasının istismarına icazə verilməsi üçün bir sıra yeni (əlavə) tələblər irəli sürülmüşdür. Həmin binanın tikintisi üçün icazələr alınan və İnşaatın həyata keçirildiyi zaman Fövqəladə Hallar Nazirliyi mövcud deyildi. Bakı şəhəri Nəsimi rayonu, Xətai prospekti 38 ünvanında yerləşən yaşayış sahəsinin tikinti-quraşdırma işləri yekunlaşdırıldıqdan sonra yəni 2006-cı ildə Fövqəladə Hallar Nazirliyi yaradılmış, bu nazirlik tərəfindən sonradan yaşayış binalarına dair yeni tələblər irəli sürülmüş, texnologiyanın inkişafı təhlükəsizlik üzrə daha müasir texnologiyaların tətbiqi məsələsini gündəmə gətirmişdir. Cavabdeh MTK tərəfindən sakinlərə təhvil verilmiş binada yanğından mühafizə üzrə mərkəzi siqnalizasiya sisteminin quraşdırılması, yanğın təhlükəsizliyi ilə bağlı əlavə işlərin (müasir yanğından mühafizə sistemləri, siqnalizasiya, tüstüsovurma və havabasıcı qurğular, o cümlədən əvvəlcədən quraşdırılmış su şırnaqlarının yeniləri ilə əvəz olunması və pilləkən ilə dəhliz arasında arakəsmələrin quraşdırılması və s.) görülməsi tələb olunur. Cavabdeh MTK müqavilə üzrə üzərinə düşən bütün öhdəlikləri tam yerinə yetirmişdir. Cavabdeh MTK tərəfindən binanın tikintisinə icazələr alınan və bina tikilən zaman bu texniki şərtlər mövcud olmamış və mənzil sahibləri ilə bağlanan müqavilələrdə bu işlər nəzərdə tutulmamışdır. Bugünkü gün Cavabdeh MTK-nın inşa etdiyi çoxmənzilli yaşayış binasının istismarına icazə verilməsi üçün irəli sürülən tələblərin yerinə yetirilməsi üçün görülməli işlər əlavə işlərdir. Buna görə də Cavabdeh MTK tərəfindən Bakı şəhəri Nəsimi rayonu, Xətai prospekti 38 ünvanında inşa etdiyi çoxmənzilli yaşayış binasının istismarına icazə verilməsi üçün irəli sürülən tələblərin (əlavə işlərin) yerinə yetirilməsi məqsədilə həmin binada yerləşən yaşayış sahələrinin mülkiyyətçilərindən əlavə pay haqqının alınması barədə qərar qəbul edilmişdir. Həmin qərar barədə də Bakı şəhəri Nəsimi rayonu, Xətai prospekti 38 ünvanında inşa etdiyi çoxmənzİlli yaşayış binasında yerləşən yaşayış sahələrinin mülkiyyətçilərinə yazılı məlumat verilmişdir. Cavabdeh MTK tərəfindən Bakı şəhəri Nəsimi rayonu, Xətai prospekti 38 ünvanında inşa olunmuş çoxmənzilli yaşayış binasının istismarına icazə verilməsi üçün irəli sürülən tələblərin yerinə yetirilməsi üçün görülməli işlər əlavə işlər olduğuna görə sakinlər tərəfindən müvafiq dövlət orqanlarının həmin çoxmənzilli yaşayış binasının istismarına icazə verilməsi üçün irəli sürdüyü və sakinlərin təhlükəsizliyinin daha da gücləndirilməsinə yönəlmiş tələblərin yerinə yetirilməsi üçün Cavabdeh MTK-ya əlavə pay haqqı ödənilməlidir. Yuxarıda qeyd olunanlara əsasən təmsil edilən şəxslər kommunal borclarını və əlavə pay haqlarını ödədiyi təqdirdə dövlət reyestrindən çıxarışların alınması üçün zəruri olan sənədlər həmin şəxslərə təqdim ediləcəkdir.(İ.v. 8 - 10) İş matеriallarında olan, Cavabdeh MTK-nın 5 nəfər üzvündən 4 nəfərinin iştirak etdiyi 06 may 2019-cu il tarixli ümumi yığıncağın qərararının surətindən görünür ki, qərara almışdır ki, Bakı şəhəri, Xətai prospekti 38 ünvanında inşa edilmiş yaşayış sahəsinin dövlət komissiyası tərəfindən istismarına icazə verilməsi üçün irəli sürülən tələblərin yerinə yetirilməsi məqsədi ilə zəruri işlər yerinə yetirilsin. Bakı şəhəri, Xətai prospekti 38 ünvanında inşa olunmuş yaşayış sahəsinin dövlət komissiyası tərəfindən istismarına icazə verilməsi üçün irəli sürülən tələblərin yerinə yetirilməsi məqsədi ilə bu sahədə xidmət göstərən şirkətlərlə müqavilələr bağlanılsın. Cavabdeh MTK-nın inşa etdiyi çoxmənzilli yaşayış binasının istismarına icazə verilməsi üçün irəli sürülən tələblərin (əlavə işlərin) yerinə yetirilməsi məqsədi ilə Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 38 ünvanında inşa edilmiş binada yerləşən qeyri-yaşayış sahələrinin mülkiyyətçiləri olan Kooperativin üzvlərindən və binanı inşa etdirən əsas təsisçilərdən 281.585 manat məbləğində əlavə pay haqqının alınması təmin edilsin. Cavabdeh MTK-nın inşa etdiyi çoxmənzilli yaşayış binasının istismarına icazə verilməsi üçün irəli sürülən tələblərin (əlavə işlərin) yerinə yetirilməsi məqsədilə həmin binada yerləşən yaşayış sahələrinin mülkiyyətçiləri olan Kooperativin üzvündən 510 manat məbləğində əlavə pay haqqının alınması təmin edilsin. Kooperativin üzvündən əlavə pay haqqlarının toplanması və dövlət komissiyası tərəfindən irəli sürülən əlavə işlərin yerinə yetirilməsi "xxxx" MMC-yə həvalə edilsin.(İ.v. 17 - 18) İş matеriallarında olan, Cavabdeh MTK-nın sədri tərəfindən məhkəməyə ünvanlanmış 50 saylı, 28.04.2021-ci il tarixli məktubdan görünür ki, Məhkəmənin 2(006)- 3136/2021 nömrəli 07.04.2021-ci il tarixli sorğusuna cavab olaraq bildirirlər ki, sorğu məktubundan da göründüyü kimi Cavabdeh MTK ilə İddiaçı arasında müqavilə 12.09.2006-cı il tarixdə bağlanmışdır. Həmin müqavilənin bağlanmasından 14 ildən artıq müddət keçmişdir. Mövcud qanunvericiliyə əsasən sənədlərin saxlanılma müddəti ötdüyündən mənzil sahibləri ilə Cavabdeh MTK arasında bağlanmış müqavilələr bu günə qədər saxlanılmamışdır. Maliyyə arayışına gəldikdə isə bildirmək istəyirlər ki, maliyyə arayışı bir tərəfin iradəsinin ifadə olunduğu sənəddir. Maliyyə arayışı Cavabdeh MTK tərəfindən imzalanıb, möhürlənir və həmin sənədin əsli mənzil sahiblərinə təqdim edilir. Həmin sənədin surəti isə Cavabdeh MTK-da saxlanılmır. Vaxtilə Cavabdeh MTK-dan mənzil alan şəxslərin Cavabdeh MTK ilə münasibətlərdə hüquqları onlar tərəfindən təqdim edilən (onlarda saxlanılan) müqavilələrin və maliyyə arayışlarının əsli ilə müəyyən olunur. Buna görə də tərəflərindən həmin sənədlərin əslinin və ya surətinin Məhkəməyə təqdim edilməsi mümkün deyildir. İddiaçı ilə Cavabdeh MTK arasında bağlanılmış C-139/15 saylı, 12.09.2006-cı il tarixli müqavilə üzrə Bakı şəhəri, Xətai prospekti 38 ünvanında yerləşən 18 mərtəbəli yaşayış binasının C blokunun 15-ci mərtəbəsində sahəsi 139 m2 olan mənzil bu vaxta qədər həmin şəxsin Cavabdeh MTK-ya müraciət etməməsi ilə bağlı olaraq ona təhvil verilməmişdir.(İ.v. 42) Birinci instansiya məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən kommunal xidmət haqqının və binanın istismarına icazə verilməsi üçün əlavə işlərin görülməli olduğu üçün əlavə pay haqqının ödənilməməsi hazırkı iddianın əsassız olmasını təsdiq etmir. Çünki, tərəflər arasında bağlanmış və hazırda qüvvədə olan müqavilə vardır ki, onun da qanuniliyi keçən müddət ərzində heç bir formada mübahisələndirilmədiyindən orada nəzərdə tutulan şərtlər tərəflər üçün məcburi xarakter daşıyır. Həmçinin də öhdəliyin icrasında birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə qanunvericiliklə yol verilmir. Həmçinin, iddiaçı tərəfindən kommunal xidmət haqqının və binanın istismarına icazə verilməsi üçün əlavə işlərin görülməli olduğu üçün əlavə pay haqqının ödənilməməsi hazırkı iddianın əsassız olmasını təsdiq etmir. Çünki, tərəflər arasında bağlanmış və hazırda qüvvədə olan müqavilə vardır ki, onun da qanuniliyi keçən müddət ərzində heç bir formada mübahisələndirilmədiyindən orada nəzərdə tutulan şərtlər tərəflər üçün məcburi xarakter daşıyır. Həmçinin də öhdəliyin icrasında birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə qanunvericiliklə yol verilmir. Həmçinin MTK tərəfindən inşa olunmuş çoxmənzilli yaşayış binasının istismarı ilə bağlı onun qarşısına qoyulmuş tələblərin icrasının birbaşa həyata keçirilməsi, sakinlərin təhlükəsizliyinin daha da gücləndirilməsinə yönəlmiş tələblərin yerinə yetirilməsi üçün sakinlərlərlə (o cümlədən iddiaçı ilə) aralarında yaranmış və ya yaranan mübahisələrin həlli ayrıca məhkəmə icraatının predmetidir ki, MTK da belə bir müraciət etməyərək hazırki iddia üzrə iddiaçının haqlı tələblərinə etirazın əsası kimi əsassız dəlillər irəli sürür. Eyni zamanda qeyd edilməlidir ki, mülki qanunvericiliyin sadalanan normalarının mənasına görə mülki hüquq münasibətlərində subyektiv hüququn sahibi cavabdeh kimi qoyduğu hüquqi mükəlləfiyyətlidən müəyyən davranış o halda tələb edə bilər ki, belə davranış onların arasında olan müqavilə və ya tərəflərin münasibətlərinin yaranması anında mövcud olan qanunun birbaşa göstəricisinin qüvvəsinə görə labüd olsun. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi öz mövqeyini düzgün əsaslandırmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Həmin Məcəllənin 430.1-ci maddəsinə əsasən əgər həmin Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasında birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Məhkəmə kollegiyası qeyd edir ki, müqavilə tərəflərin arasında hüquq və vəzifələrin yaranması, dəyişdirilməsi və xitam edilməsi üçün qanuni əsas olmaqla, mülki dövriyyə iştirakçıları arasında münasibətlərin tənzimlənməsində və mübahisələrin həlli zamanı müəyyənliyinin təmin olunmasında xüsusi qüvvəyə malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq iddiaçının hazırki iş üzrə tələbi də müqavilə hüququ çərçivəsində dəyərləndirilmişdir. Məhkəmə kollegiyası, Cavabdeh MTK-nın sədri Vüqar Qəhrəmanovun apelyasiya şikayətinin hazırki iş üzrə İddiaçı mübahisəli mənzil üzərində Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququnun mövcud olmaması, yəni İddiaçı uzun müddət həmin mənzildən istfadə etməməsi və həmin əmlaka faktiki sahiblik həyata keçirməməsi, buna görə də hazırki iş üzrə mülkiyyət hüququ ilə bağlı müddəaların tətbiqinin düzgün olmamasına dair dəlilinə münasibət bildirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, tərəflər arasında hüquq münasibətləri yaranan vaxt qüvvədə olmuş Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 178.8-ci maddəsinə əsasən mənzil, bağ, qaraj və ya başqa kooperativ üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25.10.2010-cu il tarixli qərarında göstərilmişdir ki, qeyd edilən normanın məzmunundan göründüyü kimi mülki qanunvericiliyin digər maddələrindən fərqli olaraq bu maddədə kooperativ üzvünün əmlak üzərində mülkiyyət hüququnun yaranması əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı anla deyil, pay haqqının tam ödənilməsi ilə əlaqələndirilmişdir. Məhkəmə kоllegiyası qeyd edir ki, iş materialları ilə və işdə olan Cavabdeh MTK-nın 142 saylı, 29.10.2020-ci il tarixli məktubun məzmununu ilə müəyyən olunur ki, iddiaçı tərəfindən mübahisəli mənzilin dəyəri tam ödənilmişdir və bununlada onun həmin mənzil üzərində mülkiyyət hüququ yaranmışdır. Məhkəmə kоllegiyası hesab edir ki, mübahisəli mənzil iddiaçının adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydə alınmasa da faktiki olaraq onun mülkiyyəti kimi qiymətləndirilməlidir Bundan başqa məhkəmə kollegiyası, Cavabdeh MTK-nın sədri Vüqar Qəhrəmanovun apelyasiya şikayətinin İddiaçı tərəfindən daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə 6 illik iddia müddətinin ötürülməsi və iddia tələbinə Mülki Məcəlləsinin 373.2-ci maddəsi tətbiq edilməli olması ilə bağlı dəlilinə münasibət bildirərək qeyd edir ki, mübahisəli mənzil iddiaçının adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydə alınmasa da faktiki olaraq onun mülkiyyəti kimi qiymətləndirilir və hazırki mübahisəyə mülkiyyət hüququ ilə bağlı olduğundan iddia müddəti şamil olunmur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384-cü maddəsinə əsasən: 384.0.İddia müddəti aşağıdakılara şamil edilmir: 384.0.1. şəxsi qeyri-əmlak hüquqlarının və digər qeyri-maddi nemətlərin müdafiəsi haqqında tələblərə; 384.0.2. əmanətlərin verilməsi haqqında əmanətçilərin banka tələbləri; 384.0.3. fiziki şəxsin həyatına və ya sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsi haqqında tələblərə; 384.0.4. mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərə, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə; 384.0.5. dövlət və ya bələdiyyə orqanının və ya onların vəzifəli şəxslərinin əmlaka sahiblik, ondan istifadə və ya ona dair sərəncam üzrə mülkiyyətçinin hüquqlarını pozmuş aktının etibarsız sayılması haqqında mülkiyyətçinin tələblərinə və bu Məcəllə ilə müəyyənləşdirilmiş hallarda digər tələblərə şamil edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair 03 iyun 2013-cü il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə MM-in 384.0.4-cü maddəsi müqavilədən irəli gələn tələb etmək hüququnu deyil, əşya hüquqları ilə bağlı halları tənzimləyir. Əşya hüquqları tam və məhdud əşya hüquqları olaraq iki əsas qrupa ayrılır: tam əşya hüququ - mülkiyyət hüququ; məhdud əşya hüquqları - servitut, uzufrukt, tikintiyə vərəsəlik, girov və ipoteka. Bu hüquqların xüsusiyyəti ondan ibarətdir ki, bu hüquqlardan istifadə edilməməsi onların aradan qalxmasına səbəb olmur və hər kəsə qarşı tələbin irəli sürülmə imkanı da hər hansı bir müddətlə məhdudlaşdırılmır. Əşya hüquqlarının iddia müddətinə tabe olmaması prinsipi hüququn hamılıqla qəbul edilən ümumi prinsiplərindən biridir və Konstitusiyanın 29-cu maddəsinin, 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin müddəalarının təmin edilməsinə xidmət edir. Məhkəmə kоllegiyası həmçinin apelyasiya şikayətinin dəlillərini araşdıraraq müəyyən etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi düzgün olaraq iddiaçı tərəfindən təqdim edilmiş sübutlara istinad etmiş və mübahisənin həll edilməsi üçün həmin sübutlardan istifadə etmiş, Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun оlaraq iş üzrə tədqiq оlunmuş sübutlara qanuna müvafiq qiymət vermişdir. Odur ki, məhkəmə kоllegiyası hesab edir ki, cavabdeh Məryəm Abdullayevanın apelyasiya şikayətində sadalanan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi üçün əsas оla bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinin tələbinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kоllegiyası, Cavabdeh MTK-nın sədri Vüqar Qəhrəmanovun apelyasiya şikayətində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun оlaraq araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prоsessual hüquq nоrmalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Оna görə də məhkəmə kоllegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni, əsaslı və ədalətli оlduğundan, işdə, həmçinin apelyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar оlmadığından, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3136/2021 saylı, 03 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən, apelyasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh Mənzil Tikinti Kooperativinin sədri X4 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3136/2021 saylı, 03 may 2021-ci i il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-9531/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9531/2021
19.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver