Məhkəmə qərarları › İş №2(103)-954/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-954/2020

17.01.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-954/2020 17.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İddiaçı «xxxxxxx» açıq səhmdar cəmiyyətinin nümayəndəsi və vəkili X6, Cavabdeh1, onun və Cavabdeh2 nümayəndəsi və vəkili X4 iştirakı ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(009)-187/2019 saylı qətnaməsindən iddiaçı «xxxxxxx» açıq səhmdar cəmiyyətinin apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(009)-187/2019 saylı qətnaməsi ilə iddiaçı «xxxxxxx» açıq səhmdar cəmiyyəti ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Azər oğlu arasında Abşeron rayonu, Bilgəh qəsəbəsi, A. Salahzadə küçəsi, 4-cü döngə, 1 saylı ünvanda yerləşən 0.26 ha boş torpaq sahəsinə dair bağlanmış xx xxxxxx 2017-ci il tarixli, 4Ə-864 saylı bağışlama müqaviləsinin uydurma əqd olduğundan etibarsız hesab edilməsi, Abşeron rayonu, Bilgəh qəsəbəsi, Mir Cəlal küçəsi, 3-cü döngə, 4 saylı fərdi yaşayış evinə dair bağlanmış sentyabr 2017-ci il tarixli, 4Ə-2284 nömrəli alqı-satqı müqaviləsinin uydurma olduğundan etibarsız hesab edilməsi, cavabdehlər Cavabdeh4 və Cavabdeh3 arasında Abşeron rayonu, Bilgəh qəsəbəsi, Mir Cəlal küçəsi, 3-cü döngə, 4 saylı fərdi yaşayış evinə dair bağlanmış xx xxxxxx 2017-ci il tarixli Bağışlama müqaviləsinin uydurma əqd olduğundan etibarsız hesab edilməsi, xx xxxxxx 2017ci il tarixli, 4Ə-864 saylı bağışlama müqaviləsi, xx xxxxxxxx 2017-ci il tarixli 4Ə- 2284 nömrəli alqı-satqı müqaviləsi və xx xxxxxx 2017-ci il tarixli bağışlama müqaviləsi əsasında aparılmış qeydlər əsassız olduğundan daşınmaz əmlakın dövlət reyestrindən çıxarılması barədə iddia tələbi təmin edilməmişdir. Qətnamədən apellyasiya şikayəti verən iddiaçı onun ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4569/19 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilərək Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(009)-187/2019 saylı qətnaməsi ləğv olunmuş, iddia təmin edilməmişdir. İddiaçı "xxxxxxx" ASC kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli 2(103)-4569/19 saylı qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-7852/19 saylı xx xxxxxx 2020-ci il tarixli qərarı ilə iddiaçı "xxxxxxx" ASC tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xxxx 2019-cu il tarixli, 2(103)-4569/19 saylı qətnaməsi qismən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Azər oğlu arasında Bilgəh qəsəbəsi, A.Salahzadə küçəsi, 4-cü döngə, 1 saylı ünvanda yerləşən 0.26 ha torpaq sahəsinə dair bağlanmış xx xxxxxx 2017-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında aparılmış qeydlərin daşınmaz əmlakın dövlət reyestrindən çıxarılması tələbinin rədd olunması hissəsində ləğv edilmiş, iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılmış, qətnamənin qalan hissəsi, yəni ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair bağlanmış alqı-satqı və bağışlama müqavilələrinin etibarsız sayılması və həmin müqavilələr əsasında aparılmış qeydlərin daşınmaz əmlakın dövlət reyestrindən çıxarılması tələbinin rədd olunması hissəsində həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmə həmin qərarda qeyd etmişdir ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ilə cavabdehlər Cavabdeh1 və X2 0,10 ABŞ dolları əsas, 1 213 092.22 ABŞ dolları faiz borcu, 36 ABŞ dolları artırılmış faiz borcu, cəmi 1 213 128,32 ABŞ dolları məbləğində pul vəsaitinin məzənnə üzrə manatla tutulub «xxxxxxx» ASC-yə ödənilməsi qət olunmuşdur. Həmin qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin xx.xx.2018-ci il tarixli qərarı qəbul olunana qədər Cavabdeh1 mülkiyyətində olan və hazırkı işdə mübahisələndirilən iki daşınmaz əmlakı notariat qaydasında müqavilələr bağlamaqla özgəninkiləşdirmişdir. Belə ki, Cavabdeh1 xx xxxxxx 2017-ci il tarixli bağışlama müqaviləsinə əsasən mülkiyyətində olan Bilgəh qəsəbəsi, Aslan Salahzadə, 4-cü döngə 1 saylı sahədə yerləşən 0.26 ha torpaq sahəsini Cavabdeh2 bağışlamış, xx xxxxxxxx 2017-ci il tarixli alqı-satqı müqaviləsi ilə isə Bilgəh qəsəbəsi, Mir Cəlal küçəsi döngə 3 ev 4 ünvanında yerləşən fərdi yaşayış evini 150 000 manata X1. Sonradan Cavabdeh4 xx.xx.2017-ci il tarixli bağışlama müqaviləsinə əsasən həmin evi Cavabdeh3 Yzeyir qızına bağışlamışdır. Hazırda daşınmaz əmlakın dövlət reyestrində 0.26 ha torpaq sahəsi Cavabdeh2 adına, fərdi yaşayış evi isə Cavabdeh3 Üzeyir qızının adına mülkiyyət hüququ üzrə qeydə alınmışdır. «xxxxxxx» ASC xx.xx.2018-ci il tarixdə hazırkı iş üzrə iddianı qaldıraraq Bilgəh qəsəbəsi, Aslan Salahzadə, 4-cü döngə 1 saylı sahədə yerləşən 0.26 ha torpaq sahəsinə dair bağlanmış bağışlama müqaviləsinin, həm də Bilgəh qəsəbəsi, Mir Cəlal küçəsi döngə 3 ev 4 ünvanında yerləşən fərdi yaşayış evinə dair bağlanmış alqı-satqı və bağışlama müqavilələrinin etibarsız sayılmasını və həmin müqavilələr əsasında aparılmış qeydlərin daşınmaz əmlakın dövlət reyestrindən çıxarılmasını tələb edir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mübahisələndirilən əqdlər əslində Cavabdeh1 qüvvədə olan məhkəmə qərarı ilə üzərinə qoyulmuş borc öhdəliyini yerinə yetirməkdən yayınmaq, həmin məhkəmə qərarı üzrə verilmiş icra sənədinin icrasından qərəzli boyun qaçırmaq məqsədi güdür və formal xarakter daşımaqla uydurma (əhəmiyyətsiz) əqdlərdir. İddiaçının fikrincə həmin əqdlər hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış uydurma əqdlər sayılmalı və etibarsız hesab edilməlidir. İddiaçı iddia tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 149.2, 337.3, 337.4, 340.1-ci maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini əsassız sayaraq rədd etmiş və apellyasiya instansiyası məhkəməsi bununla razılaşaraq həmin qətnaməni dəyişdirilmədən saxlamışdır. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə mübahisələndirilən müqavilələr - yəni, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında Bilgəh qəsəbəsi, A. Salahzadə küçəsi, 4-cü döngə, 1 saylı ünvanda yerləşən 0.26 ha boş torpaq sahəsinə dair bağlanmış xx xxxxxx 2017-ci il tarixli bağışlama müqaviləsi, Bilgəh qəsəbəsi, Mir Cəlal küçəsi, 3-cü döngə, 4 saylı fərdi yaşayış evinə dair bağlanmış xx xxxxxxxx 2017-ci il tarixli alqı-satqı müqaviləsi, cavabdehlər X5 və Cavabdeh3 Yzeyir qızı arasında Bilgəh qəsəbəsi, Mir Calal küçəsi, 3-cü döngə, 4 saylı fərdi yaşayış evinə dair bağlanmış xx xxxxxx 2017-ci il tarixli bağışlama müqaviləsi bağlanarkən və həmçinin həmin müqavilələr əsasında Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydlər aparılarkən, sadalanan müqavilələrin predmeti olmuş daşınmaz əmlaklar nə iddiaçı «xxxxxxx» ASC ilə Cavabdeh1 arasında kredit müqaviləsi üzrə ipoteka predmeti olmadığından, nə yuxarıda qeyd olunan borc tələbi üzrə məhkəmə qətnamələrinin icrası qaydasında həmin daşınmaz əmlakların üzərində həbs olmadığından, nə də sair formada Cavabdeh1 bank qarşısınıda öhdəliyinin təminatları kimi çıxış etmədiyindən iddiaçı “xxxxxxx” ASC-nin qanunla qorunan heç bir hüquq və mənafeyi pozulmamışdır. Məhkəmə kollegiyası bununla yanaşı apellyasiya instansiyası məhkəməsinin Abşeron rayonu, Bilgəh qəsəbəsi, A.Salahzadə küçəsi, 4-cü döngə, 1 saylı ünvanda yerləşən 0.26 ha boş torpaq sahəsinə dair hissədə gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, qətnamə həmin hissədə ləğv olunmalı və yeni apellyasiya baxışına qaytarılmalıdır. İşdən göründüyü kimi, 0.26 ha boş torpaq sahəsinə dair bağışlama müqaviləsi iki qardaş arasında bağlanmışdır. Torpaq sahəsinin mülkiyyətçisi olmuş Cavabdeh1 qüvvədə olan məhkəmə qərarına əsasən «xxxxxxx» ASC qarşısında yerinə yetirilməmiş öhdəlikləri var və 0.26 ha torpaq sahəsi məhz bu öhdəliklərin yerinə yetirilməsi ərəfəsində Cavabdeh1 tərəfindən qardaşı Cavabdeh2 bağışlanmış və müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində sonuncunun adına qeydiyyatdan keçirilmişdir. İcra sənədi üzrə Cavabdeh1 mülkiyyətində olan daşınmaz əmlaklar üzərinə məhkəmə qərarı ilə həbs qoyularkən 0.26 ha torpaq sahəsinin Cavabdeh2 bağışlandığı və mülkiyyət hüququ üzrə sonuncunun adına qeydiyyatdan keçdiyi məlum olmuşdur. İşdə olan Səbail Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərardadından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli icra sənədi üzrə Cavabdeh1 və qeyrisindən 1 213 128,32 ABŞ dolları pul tutulması tələb edilmiş, həmin icra sənədi xx xxxxxx 2017-ci il tarixdə İcra şöbəsinin icraatına daxil olmuş, müvafiq qərarla icraata başlanılmış və qətnamənin icrasını təmin etmək məqsədilə borclunun əmlak vəziyyətini öyrənmək üçün icra məmuru tərəfindən aidiyyəti təşkilatlara, o cümlədən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə sorğular göndərilmişdir. Məhz icra məmuru tərəfindən bu icra tədbirləri həyata keçirildiyi bir vaxtda Cavabdeh1 icra sənədinin icrasından yayınmaq məqsədilə qardaşı Cavabdeh2 ilə xx xxxxxx 2017-ci il tarixli bağışlama müqaviləsi bağlayaraq mülkiyyətində olan 0.26 ha torpaq sahəsini sonuncunun adına keçirmişdir. Nəticədə, həmin torpaq sahəsi formal olaraq Cavabdeh2 adına qeydə alındığından DƏDRX-nin xx.xx.2017-ci il tarixli məktubunda öz əksini tapmamışdır. İcra sənədi üzrə görülən tədbirlərin və mübahisəli torpaq sahəsinə dair bağlanmış müqavilənin tarixinin ardıcıllığı onu deməyə əsas verir ki, bağışlama müqaviləsi məhz icra tədbirləri başladıqdan sonra bağlanmaqla həmin tədbirlərdən yayınmaq, mübahisəli torpaq sahəsinə tutma yönəldilməsinin qarşısını almaq məqsədi güdmüşdür və əqdin formal olaraq görünüş üçün bağlandığı aşkardır. Eyni zamanda, mübahisəli 0,26 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi sökülsə də, həmin daşınmaz əmlak üzərində Cavabdeh1 mülkiyyət hüququ olmasına dair qeyd daşınmaz əmlakın dövlət reyestrində saxlanılmışdır. Nəticədə, əslində mövcud olmayan, ancaq reyestrdə qeydi əsassız olaraq saxlanılan “daşınmaz əmlak”ın üzərinə həbs qoyulmuşdur. Təbii ki, mövcud olmayan daşınmaz əmlaka tutma yönəldilməsi mümkün deyildir. Məhkəmə kollegiyası hesab edir ki, işə apellyasiya qaydasında yenidən baxılarkən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli icra sənədi üzrə icra işinin materialları İcra və Probasiya şöbəsindən tələb olunaraq öyrənilməli, 0,26 ha torpaq sahəsi ilə bağlı hansı icra tədbirlərinin görüldüyü, Cavabdeh1 bu tədbirlərdən məlumatlı olub-olmadığı və nəticə etibarilə onun xx xxxxxx 2017-ci il tarixli bağışlama müqaviləsini bağlamaqla tutmanın yönəldilməsi məqsədilə görülən icra tədbirlərindən yayınmaq məqsədi daşıyıb-daşımadığı bir daha araşdırılmalı, bağışlama müqaviləsi bağlayarkən müqavilə tərəflərinin həqiqi niyyətinin nədən ibarət olduğu dəqiq müəyyən edilməli və işin müəyyən edilən hallarına uyğun gələn maddi hüquq normaları tətbiq olunmaqla mübahisəli hüquq münasibətinə qiymət verilməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X8 bildirdi ki, bağışlama müqaviləsi uydurma əqddir. Lakin kifayət qədər sübut təqdim edilmədiyi əsas götürülərək Ali Məhkəmə bu hissədə iddialarını təmin etmədi. Apellyasiya məhkəməsinin qətnaməsi qanuni qüvvəsini almadığı halda, əmlaklar bir-bir sıradan çıxarılıb. Burada kreditorun hüquqları pozulub. Əmlak üzərinə həbs qoyulmaması o demək deyil ki, məhkəmənin mübahisəsi davam etdiyi halda əmlaklar özgəninkiləşdirilməlidir. Cavabdehin digər proseslərdən xəbəri olub və qətnamədən kassasiya şikayəti verib. Həmin vaxtlar banka da gəlib-gedib. Bunlar göstərir ki, Cavabdeh1 xəbəri olub. Burada söhbət hər hansı şəxsdən getmir. Çünki, bankın əmlaka dair hüquqları var və burada qarşı tərəf hüquqlardan sui istifadə edib. Əmlakı niyə başqa vaxt yox məhz məhkəmə prosesləri dövründə satıb. Bundan sonra kassasiya şikayəti verir. Bu da həmin əqdin uydurma əqd olduğu fikrini yaradır. Əgər tərəf bank borcunu ödəsə idi, bu mübahisə yaranmazdı. Lakin borcun ödənilməməsi üçün bu gün heç bir addam atılmayıb. Məhkəmə iclasında cavabdehlərin nümayəndəsi və vəkili X7 bildirdi ki, xx.xx.2015-ci ildə icra sənədi olub və onun əsasında da Səbail Rayon İcra şöbəsi icra hərəkətlərinə başlayıb. Cavabdeh1 heç bir şeydən xəbəri olmayıb. İddia ərizəsində cavabdehlərin adı olsa da onlarla bağlı prosessual hərəkətlər olmayıb. Bank alqı-satqı və bağışlama müqavilələrində tərəf deyil və həmin müqavilələr bankın heç bir subyektiv hüququna toxunmur. İddia əsassızdır. Bu o deməkdir ki, banka borcu olan şəxs əmlakları ilə bağlı hansısa hərəkətlər etməməlidir. Məhkəmə iclasında Cavabdeh1 bildirdi ki, əslində kredit müqaviləsi uydurma əqddir. 600 manat maaş alan şəxsə 3 000 000 manat kredit necə verilir? Digər tərəfdən həmin müqavilənin təminatı nədir? Həmin məbləğ heç bir təminatsız necə kredit verilə bilər?. Bundan başqa devalivasiyadan iki gün qabaq onun xəbəri olmadan qətnamə qəbul edilib. Ən azından işə baxılmasında onun iştirakı təmin olunmalı idi. Qardaşı məhkəmə işlərinə aidiyyəti olmayan biridir. Bu məhkəmə prosesləri ilə bağlı onun çoxlu xərci çıxdı, ona görə də qardaşının əmlakını satmışdır. Bağışlama müqaviləsindən bir ay əvvəl qardaşının əmlakını satmışdır. Onun qardaşına verəcək başqa əmlakı olmadığı üçün, ondan aldığı pulu əvəzləşdirmək üçün torpaq sahəsini qardaşına bağışladı. Burada onun hansısa pis niyyəti olmamış və olması da mümkün deyildir. Çünki, o, adı çəkilən icra sənədi üzrə kredit alan olmamış, yalnız zamin olmuşdur. Zamin olması da o demək deyil ki, o, hansısa əmlakı üzərində sərəncam verə bilməz. Bundan başqa, zamin olduğu kredit borcuna görə qeyd olunan torpaq sahəsini formal olaraq qardaşına bağışlaması fikri absurtdur. Çünki, belə bir niyyəti olsaydı onda Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli icra sənədi üzrə kredit borcuna görə həmin torpaq sahəsini 2017-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirmədən özündə saxlayardı. Yəni, kredit borcundan yayınmaq niyyəti olsaydı torpaq sahəsinin qeydiyyata alınmaması kifayət idi. Ona görə də şikayət əsassız olduğundan rədd edilməsini xahiş edir. İşə baxılması vaxtı və yeri haqqında işdə iştirak etməli olan digər şəxslər lazımi qaydada xəbərdar edilsə də məhkəmə iclasında iştirak edən olmamışdır. Apellyasiya instansiya məhkəməsi, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, qətnamənin qanuniliyini və əsaslılığı yalnız iddiaçının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Azər oğlu arasında Bilgəh qəsəbəsi, A.Salahzadə küçəsi, 4-cü döngə, 1 saylı ünvanda yerləşən 0.26 ha torpaq sahəsinə dair bağlanmış xx xxxxxx 2017-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında aparılmış qeydlərin daşınmaz əmlakın dövlət reyestrindən çıxarılması tələbinin rədd olunması hissəsində yoxlanmalıdır. Çünki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-7852/19 saylı xx xxxxxx 2020-ci il tarixli qərarı ilə iddiaçı "xxxxxxx" ASC tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xxxx 2019-cu il tarixli, 2(103)-4569/19 saylı qətnaməsininqalan hissəsi, yəni ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair bağlanmış alqı-satqı və bağışlama müqavilələrinin etibarsız sayılması və həmin müqavilələr əsasında aparılmış qeydlərin daşınmaz əmlakın dövlət reyestrindən çıxarılması tələbinin rədd olunması hissəsində həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin hazırkı apellyasiya baxışının predmeti olan hissəsində ləğv edilməsi və yeni qətnamə qəbul edilməsi üçün əsas ola bilməz. Belə ki, hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki iş üzrə, iddia tələbinin faktiki əsası(faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Əvvəla, müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanılmasının zəruri şərtidir. Müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni, müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirmək, habelə mülki qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr bağlamaq hüquqlarını ehtiva edən bir anlamdır. Müqavilə bağlamaq şəxsin vəzifəsi deyil, qanunla bir başa nəzərdə tutulmuş hüquqdur. Yəni, müqaviləni bağlayıbbağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir. İnsanın şəxsi marağından yaranan və daxili aləmindən gələn bu iradənin formalaşması və ifadəsi onun özünə mənsubdur. İkincisi, Mülki Məcəllənin 340.1-ci maddəsinə əsasən mübahisələndirilən bağışlama müqaviləsi görünüş üçün bağlanan uydurma əqd hesab oluna bilməz. Çünki, uydurma əqd mütləq etibarsız (puç) əqd olmaqla hüquqi əhəmiyyət kəsb etmir və hüquqi nəticə doğurmur. Uydurma əqd odur ki, bu əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti ilə deyil, yalnız görünüş üçün bağlanılır. Bu əqdlərin arxasında hüquqi əhəmiyyətə malik olan hər hansı hərəkət durmur və onu bağlamaqla tərəflər başa düşür və dərk edirlər ki, həmin əqd üzrə hər hansı hüquqi nəticə, yəni onlar üçün hüquq və vəzifələr əmələ gəlmir. Əqd iştirakçıları bununla bir növ hüquqi görünüş yaradaraq tam başqa məqsəd güdürlər. Özü də bu məqsəd bir qayda olaraq hüquqazidd xarakter daşıyır. Mübahisələndirilən bağışlama müqaviləsinin uydurma əqd olduğunu yalnız iddiaçı iddia edir. Müqavilənin tərəfi olan şəxslər isə bu müqaviləni hansısa formada heç vaxt mübahisələndirməmişdir. Demək ki, bu əqdin arxasında hüquqi əhəmiyyətə malik olan hərəkət durmuş və onu bağlamaqla tərəflər başa düşüb və dərk ediblər ki, həmin əqd üzrə hüquqi nəticə, yəni onlar üçün hüquq, vəzifə və öhdəlik əmələ gələcək. Göründüyü kimi, bağışlama müqaviləsini bağlamaqla müqavilə tərəflərinin başqa hüquqazidd xarakter daşıyan məqsəd güdməsi təsdiq olunmur. Üçüncüsü, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Apellyasiya baxışı zamanı Səbail rayon İcra və Probasiya şöbəsindən xx xxxxxx 2015-ci il tarixli, 2(103)- 381/2015 saylı icra sənədi üzrə icra işinin materialları tələb olunaraq öyrənilmiş, həmçinin iddiaçının nümayəndəsinə və vəkilinə də öyrənilməsi üçün təqdim edilmişdir. Mübahisə predmeti olan 0,26 ha torpaq sahəsi ilə bağlı icra işinin materiallarında hər hansı bir icra tədbirlərinin görüldüyü, eləcə də Cavabdeh1 bu tədbirlərdən məlumatlı olması müəyyən edilməmişdir. Əksinə Cavabdeh1 həmin qətnamədən məlumatsız olduğu üçün xx.xx.2018-ci ildə kassasiya şikayəti verdiyi və xx xxxx 2018-ci ildə kassasiya instansiyası məhkəməsi tərəfindən şikayətə baxıldığı müəyyən edilmişdir. Bu fakt onu təsdiq edir ki, Cavabdeh1 xx xxxxxx 2017-ci il tarixli bağışlama müqaviləsini bağlayarkən tutmanın yönəldilməsi məqsədilə icra tədbirləri görülmüş olsaydı belə bağışlama müqaviləsi bundan yayınmaq məqsədi daşıya bilməzdi. Bağışlama müqaviləsi bağlayarkən müqavilə tərəflərinin həqiqi niyyətinin nədən ibarət olduğu barədə cavabdeh tərəfin apellyasiya baxışı zamanı gətirdiyi dəlillər inandırıcı və ağlabatan oldu. Çünki, cavabdeh tərəfin tutmanın yönəldilməsindən yayınmaq niyyəti olsaydı, başqa vasitələrlə də bu məqsədinə nail ola bilərdi(məsələn, hazırkı iş üzrə mübahisə predmeti olmuş digər əmlak kimi alqı-satqı yolu ilə başqa şəxsə satıb özgəninkiləşdirərdi, torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaması üçün əvvəlcədən bilərəkdən hərəkətsizlik edərdi və.s ). Göründüyü kimi, cavabdeh tərəfin bu cür niyyətinin və məqsədinin olmaması açıq-aşkar təsdiq olunur. Dördüncüsü, qeyd olunduğu kimi Cavabdeh1 xx xxxxxx 2015-ci il tarixli, 2(103)-381/2015 saylı icra sənədi üzrə borclu şəxs olsa da, kredit müqaviləsi üzrə borc alan yox, zamin olmuşdur. Bu hal özü də Cavabdeh1 mübahisə predmeti olan torpaq sahəsini bağışlayarkən tutmanın yönəldilməsindən yayınmaq niyyəti ilə hərəkət etmədiyini təsdiq edən amil hesab edilməlidir. Çünki, zaminin borc alandan fərqli olaraq həmişə ümidi olur ki, öhdəlik borclu tərəfindən icra olunacaq. Ona görə də Cavabdeh1 qüvvədə olan məhkəmə qərarı ilə üzərinə qoyulmuş borc öhdəliyini yerinə yetirməkdən yayınmaq, həmin məhkəmə qərarı üzrə verilmiş icra sənədinin icrasından qərəzli boyun qaçırmaq məqsədi güdməsi və bağışlama müqaviləsinin formal xarakter daşımaqla uydurma (əhəmiyyətsiz) əqd olması sübuta yetirilməlidir. Bu halları sübut etmək yükü isə iddiaçı tərəfin üzərinə düşür. Lakin iddiaçı bu halları sübuta yetirə bilmir. Əksinə mübahisəli torpaq sahəsinin qeyd olunan icra sənədi üzrə ipoteka predmeti olmadığı, icra sənədinin icrası ilə əlaqədar üzərində həbs yaxud hansısa qadağanın olmadığı bəllidir. Belə vəziyyətdə cavabdehə onun üçün qanuni qüvvəsini almamış məhkəmə aktına görə başqa sözlə hansısa şəxs qarşısında gələcəkdə yaranacaq öhdəliyinə görə öz əmlakı üzərində sərəncam verməyi necə qadağan etmək olar? Əlbətdə ki, bu cür yanaşma şəxsin mülkiyyəti üzərində sərəncam vermək hüququnun məhdudlaşdırılmasına səbəb ola bilər ki, bu da konstitusion prinsipin pozulması ilə nəticələnər. Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin mübahisələndirdiyi, yəni hazırkı apellyasiya baxışının predmeti olan hissəsində ləğv edilməsi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçıya münasibətdə mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı «xxxxxxx» açıq səhmdar cəmiyyətinin apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(009)-187/2019 saylı qətnaməsi mübahisələndirilən hissədə “cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Azər oğlu arasında Abşeron rayonu, Bilgəh qəsəbəsi, A. Salahzadə küçəsi, 4-cü döngə, 1 saylı ünvanda yerləşən 0.26 ha torpaq sahəsinə dair bağlanmış xx xxxxxx 2017-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında aparılmış qeydlərin daşınmaz əmlakın dövlət reyestrindən çıxarılması” hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: imza Elşən Kazımov Hakimlər: imza Tofiq Səmədov imza İkram Şirinov Düzdür: Hakim: Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar