Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9555/2021 08.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X1 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, məhkəmə iclas katibi X3 oğlunun katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı (Cavabdeh2 MTK mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «pul» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27 may 2021-ci il tarixli, 2(006)-3218/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı (Cavabdeh2 MTK mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «pul» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27 may 2021-ci il tarixli, 2(006)- 3218/2021 saylı qətnaməsi ilə (hakim Ceyhun Tağıyev) iddia rədd olunmuş, iddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 09 avqust 2021-ci il tarixli 2(006)- 3218/2021 saylı qərardadı ilə apellyasiya şikayəti imzalanmaması səbəbilə geri qaytarılmışdır. İddiaçının 23 avqust 2021-ci il tarixdə yenidən təqdim etdiyi apellyasiya şikayəti Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27 avqust 2021-ci il tarixli 2(006)-3218/2021 saylı qərardadı ilə prosessual qanunvericiliyin tələblərinə uyğun hesab edilərək, baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası, şikayəti nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya qeyri-mümkün hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. İşdə olan SS734859693AZ nömrəli poçt xəbərnaməsindən görünür ki, İddiaçı göndərilmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27 may 2021-ci il tarixli qətnaməsi 19 iyun 2021-ci il tarixdə ünvanda imza edilməklə rəsmi qaydada alınmış və iddiaçı, həmin qətnamədən apellyasiya şikayətini 15 iyul 2021-ci il tarixdə (birinci dəfə) rabitə orqanına təqdim etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 09 avqust 2021-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti imzalanmaması səbəbilə geri qaytarılmış, iddiaçı tərəfindən bu qüsur aradan qaldırıldıqdan sonra 23 avqust 2021-ci il tarixdə növbəti dəfə apellyasiya şikayəti rayon məhkəməsinə təqdim olunmuşdur. Göründüyü kimi, iddiaçı tərəfindən apellyasiya şikayətinin qanunla müəyyən edilmiş bir aylıq müddət ötürüldükdən sonra verməsinə baxmayaraq, həmin müddətin bərpasına dair ərizə təqdim olunmamışdır. Birinci instansiya məhkəməsi isə, iddiaçının 23 avqust 2021-ci il tarixli apellyasiya şikayətini baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərərkən, apellyasiya şikayətinin qanunla müəyyən edilmiş müddət ötürülmədən verildiyini hesab etməklə, mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı qətnaməni 19 iyun 2021-ci il tarixdə almış və ondan 15 iyul 2021-ci il tarixdə apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası, rayon məhkəməsinin bu mövqeyi ilə razılaşmayaraq, vurğulayır ki, məhkəmə qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün qanunla nəzərdə tutulmuş 1 aylıq prosesual müddətin axımı həmin qətnamədən verilmiş şikayətin hər hansı səbəbdən (müddət istisna olmaqla) geri qaytarıldığı halda da davam edir. Başqa sözlə, 1 aylıq prosessual müddət mülki prosessual qanunvericiliklə müəyyən edilmiş tələblərə tam şəkildə cavab verən apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuşdur. Ona görə də, iddiaçı tərəfindən apellyasiya şikayəti qanunvericilikdə müəyyən edilmiş müddət keçdikdən sonra verildiyindən və ötürülmüş müddətin bərpası məsələsi həll edilmədiyindən, şikayət üzrə apellyasiya mümkün sayıla bilməz. MPM-in 130.3-cü maddəsinə əsasən, prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Bundan başqa, apellyasiya şikayəti qanunvericiliyin tələblərinə uyğun qaydada tərtib olunmamışdır. Şikayətdə birinci instansiya məhkəməsinin 17 may 2021-ci il tarixli qətnaməsinin ləğv olunması xahiş edilsə də, işdə belə bir tarixli qətnamə mövcud deyildir. Eyni zamanda, şikayətdə onu verən şəxsin ünvanı göstərilməmişdir. Halbuki, MPM-in 361.1, 361.1.2-ci və 361.1.3-cü maddələrinin tələbinə görə, apellyasiya şikayətində şikayəti verən şəxsin soyadı, adı, atasının adı, iş yeri, yaşayış yeri, yaxud olduğu yer və işdə prosessual vəziyyəti; barəsində şikayət verilən qətnamə, onun qəbul edilmə tarixi, nəticə hissəsi, qətnaməni qəbul edən məhkəmənin adı göstərilməlidir. Qeyd olunmalıdır ki, apellyasiya şikayətində şikayəti verən şəxsin yaşayış yerinin (yaxud olduğu yerin) göstərilməsi, həmçinin məhkəmə sənədlərinin (bildirişlər və s.) lazımi qaydada çatdırılması baxımından xüsusi əhəmiyyət kəsb edir. Göründüyü kimi, birinci instansiya məhkəməsi, yuxarıda qeyd edilən hallara diqqət yetirməmiş, apellyasiya şikayətinin qanunvericiliyin tələblərinə uyğunluğunu tam yoxlamamışdır. Məhkəmə aktlarından apellyasiya şikayəti verildiyi halda Azərbaycan Respublikası MPM-nin 361 və 363-cü maddəsinin tələblərinin yoxlanılması birinci instansiya məhkəməsinin səlahiyyətinə aid olduğundan, apellyasiya şikayəti üzrə qeyri-mümkün hesab edilməli, mülki iş həmin şikayətin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı (Cavabdeh2 MTK mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «pul» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27 may 2021-ci il tarixli, 2(006)-3218/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin. Mülki iş apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-9555/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9555/2021
08.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver