Məhkəmə qərarları › İş №2(103)-9561/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9561/2021

25.10.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9561/2021 25.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi X3, Cavabdeh iştirakı ilə, İddiaçı SOCAR İddiaçıt Birliyinin Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi və s. tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 28 iyul 2021-ci il tarixli 2(009)-58/2021 saylı qətnaməsindən cavabdeh tərəfdən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı SOCAR İddiaçıt Birliyi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Birliyin balansında olan torpaq sahəsində ünvan 1 ünvanında cavabdeh tərəfindən inşa edilmiş özbaşına tikilinin cavabdehin hesabına sökülməsi, ərazinin boşaldılması və zəbt edilmiş torpaq sahəsinin Birliyin istifadəsinə qaytarılması və dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, torpaq sahəsinin cavabdeh tərəfindən özbaşına zəbt edilməsi, orada özbaşına tikinti işlərinin aparılması Birliyin qanuni istifadəsində olan sənaye təyinatlı torpaqlar üzərində sahiblik və istifadə hüquqlarını pozmaqla yanaşı Dövlət Neft Şirkətinin neft və qaz hasilatı üzrə fəaliyyətini həyata keçirməsinə maneçilik yaradır. Birliyə məxsus Səbail rayonu, Gülbala Əliyev küçəsində yerləşən torpaq sahəsi faktiki olaraq özgəsi tərəfindən zəbt edilmiş və qanunvericilikdə həmin kateqoriya torpaqlar üçün müəyyən edilmiş məqsədlərdən kənar istifadə olunur. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 28 iyul 2021-ci il tarixli 2(009)-58/2021 saylı qətnaməsi ilə iddia təmin edilmiş, ünvan 1 ünvanında Cavabdeh tərəfindən aparılmış tikilinin Cavabdeh hesabına sökülməsi və həmin ərazinin boşaldılaraq “Azneft” İB-nin istifadəsinə qaytarılması, ödənilmiş 10 manat dövlət rüsumunun Cavabdeh tutulub “Azneft” İB-nin xeyrinə ödənilməsi, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının dəyəri olan 50 manat məbləğində pulun Cavabdeh tutularaq dövlət nəfinə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Səbail Rayon Bələdiyyəsinin 29.06.2004-cü il tarixli 115 saylı sərəncamı ilə yaxın qohumu X1 ərizəsi əsasında mülkiyyətində olan Səbail rayonu Gülbala Əliyev küçəsinin sağ tərəfində 600 kv.m torpaq sahəsi onun adına rəsmiləşdirilmiş və sərəncam verilmişdir, həmin torpaq sahəsi Nəcəf Nəcəfovun adına olsa da, 2004-cü ilin sentyabr ayında sonuncu ilə aralarında olan razılaşmaya əsasən onun istifadəsinə keçmişdir, 17 ildir ki, ailəsi ilə birlikdə orada tikdiyi evdə yaşayır, həmin evin tikintisinə 2004-cü ildə 70-90 min manat pul xərcləmişdir. Evin tikintisi zamanı Qarabağ müharibəsi iştirakçısı olduğu nəzərə alınaraq, Səbail rayon İcra Hakimiyyəti, Bələdiyyə və digər qurumlar etiraz etməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh apelyasiya şikayətini müdafiə edərək, təmin olunmasını xahiş etdi. İddiaçının nümayəndəsi isə apelyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi, işə işdə olan və əlavə təqdim olunan sübutlar əsasında mahiyyət üzrə baxır. Həmin Məcəllənin 372.6 maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəlləsinin 372.7 maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apelyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan, “Azneft” İB “Bibiheybətneft” Neft və Qazçıxarma İdarəsinin mütəxəssisləri böyük hüuquq məsləhətçisi A.Həsənov, Baş Makşeyder O.Talışov və 3 saylı NQÇS-nin rəisi C.Muradov tərəfindən imzalanmış 25.01.2019-cu il tarixli aktda “Bibiheybətneft” NQÇİ-nin daimi istifadəsində olan torpaq sahəsində ünvan 2 ünvanında vətəndaş Cavabdeh tərəfindən ərazinin bir hissəsinin zəbt edilərək orada özbaşına tikinti işlərinin aparıldığı müəyyən edilmişdir. İş materiallarında olan Milli Arxiv İdarəsindən verilmiş Arxiv çıxarışından görünür ki, Bakı şəhər X2 İcraiyyə Komitəsinin 16.05.1962-ci il tarixli 27/919 saylı qərarı ilə 26 Bakı Komissarı adına NQÇİ-nin daimi istifadəsinə neft-qaz əməliyyatlarının aparılması üçün torpaq sahələri ayrılmışdır. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş mütəxəssis rəyinə əsasən müəyyən edilmişdir ki, iddiaçının iddia etdiyi və naturada göstərdiyi, koordinatları müəyyən edilərək ölçülmüş tikilinin yerləşdiyi torpaq sahəsi “Azneft” İB-nin “Bibiheybət” NQÇİ-nin ərazisində yerləşir. Rəyə yaşayış məntəqələrinin hüdudları daxilində mübahisəli torpaq sahəsinin faktiki yerləşmə vəziyyətinə görə sxem əlavə edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin tikinti-texniki ekspertizasının 02 iyul 2021-ci il tarixli, 10/2852 saylı rəyində qeyd edilmişdir ki, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Yerquruluşu, torpaq kadastrı və torpaq monitorinqi şöbəsinin mütəxəssis rəyində göstərilir ki, iddiaçının iddia etdiyi və naturada göstərdiyi, koordinatları müəyyən edilərək ölçülmüş tikilinin yerləşdiyi torpaq sahəsi “Azneft” İB-nin “Bibiheybət” NQÇİ-nin ərazisində yerləşir. Bundan başqa rəydə göstərilmişdir ki, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydalarının” tələblərinə əsasən texniki qurğuların dayanması yaxud nasazlığı, texnoloji rejim proseslərindən kənara çıxma, eləcə də istehsal obyektlərində işlərin görülməsi qaydalarının aparılmasını müəyyənləşdirən normativ-texniki sənədlərin tələblərinin pozulması nəticəsində yarana biləcək hadisələr magistral neft kəmərinin mühafizə zonasında bədbəxt hadisələrin baş verməsinə gətirib çıxara bilər. İddiaçı hazırda Birliyin balansında olan torpaq sahəsində cavabdeh tərəfindən inşa edilmiş özbaşına tikilinin cavabdehin hesabına sökülməsi, ərazinin boşaldılması və torpaq sahəsinin Birliyin istifadəsinə qaytarılmasını tələb edir. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, cavabdeh tərəfindən inşa edilmiş ev özbaşına tikilidir, ekspert rəyində torpaq sahəsinin «Azneft» İB-nin istismarında və sahibliyində olduğu öz əksini tapmış, lakin, cavabdeh heç bir hüquqa əsaslanmadan «Azneft» İB-nin qanuni sahibliyində olan torpaq sahəsində özbaşına tikinti işləri aparmaqla sonuncunun sahiblikdən irəli gələn hüququnu pozmuşdur. İddia tələbinin “ərazinin boşaldılması və zəbt edilmiş torpaq sahəsinin iddiaçının istifadəsinə qaytarılması” hissəsinin tələbin ünvan 1 ünvanında cavabdeh tərəfindən inşa edilmiş özbaşına tikilinin cavabdehin hesabına sökülməsi” hissəsi ilə birbaşa bağlı olduğunu nəzərə alaraq məhkəmə hesab etmişdir ki, həmin hissələrdə də iddia təmin edilməlidir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına, qanunvericiliyin tələblərinə əsasən düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Məcəllənin 180.3-cü maddəsinə görə özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Hazırki iş üzrə müəyyən edilmişdir ki, tikilinin yerləşdiyi torpaq sahəsi “Azneft” İBnin “Bibiheybət” NQÇİ-nin ərazisində yerləşir. Cavabdeh tərəfindən inşa edilmiş tikili özbaşına tikilidir. İddiaçının hazırki tələbi qanuni və əsaslı olmuşdur. Cavabdehin apelyasiya şikayətinin dəlilləri əsassızdır. Apelyasiya şikayətinə əlavə edilmiş sənədlərlə bağlı Kollegiya qeyd edir ki, əvvəla həmin sənədlər kserosurət olmaqla, mötəbər hesab edilmir, digər tərəfdən həmin sənədlər hazırki qanuni və əsaslı olan iddia tələbinin rədd edilməsinə əsas vermir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Ona görə də, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsində müəyyən olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, qətnamə dəyişdirilmədən, apelyasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və MPM-in 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: Cavabdehin apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-58/2021 saylı iş üzrə 28 iyul 2021ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar