Məhkəmə qərarları › İş №2(103)-9567/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9567/2021

15.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9567/2021 15.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), İbayev Vəfaddin Ələm oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “artıq ödənilmiş məbləğin geri qaytarılması tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul olunmuş 16 iyul 2021-ci il tarixli qətnamədən iddiaçının verdiyi apellyasiya şikayətinə əsasən işə, iddiaçının vəkili (nümayəndəsi) Vəkil, cavabdeh MMC-nin nümayəndəsi X1 iştirakı ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, onunla cavabdeh MMC arasında 12.05.2014-cii il tarixdə bağlanmış müqaviləyə əsasən aldığı və Abşeron rayonu, Xırdalan qəsəbəsi, Qafqaz Universitetinin qərb hissəsində yerləşən 3 saylı yaşayış binasının 7-ci mərtəbəsindəki 36 saylı mənzilə (hazırki ünvan: ünvan 1 ilə MMC-yə ödədiyi pul məbləğinin artıq hissəsinin, yəni 5.519 manatın və həmin məbləğə görə əldən çıxmış faydanın əvəzi olaraq 3.565 manat məbləğində pulun MMC-dən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə MMC arasında 12.05.2014-cü il tarixdə bağlanmış müqaviləyə əsasən, iddiaçı, ümumi sahəsi 83,71 kv.m olan 36 saylı mənzili almışdır. Müqavilənin şərtinə görə, MMC ilə razılığa gəlmişlər ki, iddiaçı, mənzilin hər bir kv.metrinə görə MMC-yə 540 manat olmaqla cəmi 45.203 manat məbləğində pul ödəməlidir. İddiaçı həmin müqavilə üzrə MMC qarşısında üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, qeyd edilən məbləği MMC-yə tam həcmdə ödəmişdir. Mənzil MMC tərəfindən iddiaçıya təhvil verilmişdir. Bu yaxınlarda iddiaçı mənzilə dair “Daşınmaz əmlakın dövlət reyestrindən çıxarış” almaq üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron ərazi İdarəsinə (bundan sonra – DƏDRX Əİ) müraciət etmiş, həmin İdarənin mütəxəssisləri mənzilə baxış keçirərək mənzilin sahəsini ölçmüş və müəyyən etmişlər ki, mənzilin ümumi sahəsi 74,6 kv.metr təşkil edir. Bu hal DƏDRX Əİ tərəfindən iddiaçının vəkilinə verilmiş 15.03.2021-ci il tarixli, **********12 saylı cavabdeh məktubunda öz əksini tapmışdır. Göründüyü kimi, MMC, iddiaçı ilə aralarında bağlanmış müqavilənin şərtinə əməl etməmiş, iddiaçıya ümumi sahəsi (83,71 – 74,6=) 9,11 kv.metr az olan mənzili təhvil vermişdir ki, pul ekvivalentində bu fərq 4.919 manat təşkil edir. Bundan başqa cavabdeh MMC mənzilə sayğac quraşdırmaq üçün iddiaçıdan 600 manat məbləğində pul almışdır ki, bu da əsassızıdır. Belə olan halda həmin məbləğ də, MMC tərəfindən ona qaytarılmalıdır. İddiaçı (4.919 + 600=) 5.519 manat məbləğində pulun geri qaytarılması üçün MMCyə müraciət etsə də, MMC həmin məbləği iddiaçıya qaytarmamışdır. Göstərilənləri nəzərə alan iddiaçı hesab edir ki, ondan artıq alınmış 5.519 manat məbləğində pul MMC-dən onun xeyrinə tutulmalıdır, çünki MMC ona münasibətdə qanunsuz olaraq varlanmışdır. Bundan başqa iddiaçı hesab edir ki, MMC-dən onun xeyrinə əldən çıxmış fayda olaraq 3.565 manat məbləğində pul tutulmalıdır. Belə ki, cavabdeh MMC iddiaçıdan artıq aldığı pul vəsaitindən istifadə etməklə əsassız varlanmış və gəlir əldə etmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankın ötən illər üzrə müəyyən etdiyi bank uçot dərəcəsinə uyğun hesablama aparıldıqda müəyyən edilir iddiaçı 3.565 manat məbləğində faydanı itirmişdir. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 16.07.2021-ci il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra - Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. İddia tələbinin məzmununa uyğun əsaslandırılmış apellyasiya şikayətində əlavə olaraq qeyd edilir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. İddiaçının vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətin, habelə iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Cavabdeh MMC-nin nümayəndəsi apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsinin qətnaməsinin məzmununa uyğun izahat verdi. O, bildirdi ki, MMC, onunla iddiaçı arasında bağlanmış 12.05.2014-cü il tarixli müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımi qaydada icra etmiş və müqavilədə nəzərdə tutulmuş ölçüdə mənzili iddiaçıya təhvil vermişdir. Əks halda iddiaçı mənzili qəbul etməzdir. Mənzili qəbul etdikdən sonra, iddiaçı, mənzilin daxilində yenidən qurma və təmir işləri aparmış, mənzilin daxilində əlavə arakəsmə divarlar inşa etdirmiş və ölçülərdəki fərq məhz bunun nəticəsində yaranmışdır. Bu səbəbdən də, iddia əsassız hesab edilməlidir. Bundan başqa nəzərə alınmalıdır ki, müqavilə 5 ildən çox müddət əvvəl bağlanmışdır və iddiaçı bir illik iddia müddətini ötürmüşdür ki, bu hal özü-özlüyündə iddianın təmin edilməsini istisna edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçı ilə cavabdeh MMC arasında bağlanmış 12.05.2014-cü il tarixli 03/36 nömrəli müqavilənin görünür ki, iddiaçı həmin müqaviləyə əsasən ümumi sahəsi 83,71 kv.metr olan 36 saylı mənzili MMC-dən almışdır. Müqavilənin şərtinə görə, iddiaçı ilə cavabdeh MMC razılığa gəlmişlər ki, iddiaçı, mənzilin hər bir kv.metrinə görə MMC-yə 540 manat olmaqla, cəmi 45.203 manat məbləğində pul ödəməli, MMC isə mənzili iddiaçıya təhvil verməlidir. MMC tərəfindən verilmiş 10.12.2015-ci il tarixli, 03/36-20 saylı "xxxx" görünür ki, iddiaçı, mənzilin dəyərini MMC-yə tam həcmdə ödəmişdir. İş üzrə tərəflərin məhkəmələrə verdikləri yazılı və şifahi məlumatlardan müəyyən edilir və tərəflər arasında mübahisə doğurmur ki, yuxarıda qeyd edilən mənzil MMC tərəfindən iddiaçıya təhvil verilmişdir. DƏDRX Əİ İdarəsi tərəfindən iddiaçının vəkilinə verilmiş 15.03.2021-ci il tarixli, **********12 saylı cavabdeh məktubundan görünür ki, MMC tərəfindən iddiaçıya təhvil verilmiş mənzilin ümumi sahəsi 74,6 kv.metrdir. Qeyd edilənləri nəzərə alan iddiaçı hesab edir ki, MMC, yuxarıda qeyd edilən müqavilənin şərtinə əməl etməyərək ondan artıq aldığı 4.919 manat məbləğində pulu qaytarmalıdır. Göstərilənləri nəzərə alan Məhkəmə mövcud mübahisənin həlli və apelyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Kollegiyasının 15.12.2012-ci il tarixli Qərarının 3.1-ci bəndinə görə, yaşayış binasının ümumi sahəsi - binanın mərtəbələrinin sahələrin cəmi kimi müəyyən edilir. Mərtəbənin sahəsinə balkon, lociya, terras, şüşəbənd və eyvanların sahələri, həmçinin pilləkən meydançalarının və pillələrin həmin mərtəbə səviyyəsində sahələri də nəzərə alınaraq daxil edilir. Mərtəbənin sahəsinə lift, kommunikasiya (elektrik, su, kanalizasiya, mərkəzi isitmə və soyutma sistemi, havalandırma, dəm qazı üçün) və digər şaxtalar üçün nəzərdə tutulmuş boşluqlar daxil edilmir, bu sahələr bir mərtəbə hüdudunda bir dəfə nəzərə alınır. Binada istismar olunmayan çardağın, texniki döşəməaltı hissənin, texniki mərtəbənin, mənzildənkənar şaquli (kanallarda, şaxtalarda) və üfüqi (mərtəbəarası məkanda) paylanan mühəndis kommunikasiyalarının, həmçinin tamburların, portiklərin, giriş pilləkənlərinin, xarici açıq pilləkən və pandusların sahələri binanın sahəsinə daxil edilmir. Binanın ümumi sahəsi hesablanarkən istismar olunan yastı dam örtüyünün sahəsi terras sahəsi kimi qəbul edilir. Həmin qərarın 3.2-ci bəndinə görə, yaşayış binasında otaqların və digər yerləşgələrin sahələri divar və arakəsmələrin tamamlanmış səthləri arasında döşəmə səviyyəsində (plintuslar hesaba alınmadan) ölçülməklə təyin edilir. Binanın isidilmə sisteminə daxil olan sobanın (buxarının) və havalandırma üçün nəzərdə tutulmuş şaquli boşluqların yerləşdiyi sahə otağın və digər yerləşgələrin sahələrinə daxil edilmir. Həmin qərarın 3.3-cü bəndinə görə, açıq yerləşgələrin (balkon, lociya, terras, eyvan) sahələri onların daxili konturu boyu (binanın divarı ilə məhəccər arasında) məhəccərin yerləşdiyi sahə nəzərə alınmadan hesablanmış ölçüləri üzrə müəyyən edilir. 3.4. Yaşayış binasının daxilində yerləşən ictimai təyinatlı otaq və yerləşgələrin sahəsinin hesablanması bu Qaydaların 4-cü bölməsinə uyğun olaraq aparılır. Həmin qərarın 3.5-ci bəndinə görə, binanın tikinti sahəsi, çıxıntı hissələri, o cümlədən terraslar və bayır giriş pilləkəni (artırma) də daxil edilməklə, onun xarici haşiyəsi üzrə kürsü səviyyəsində üfüqi kəsiyinin sahəsi kimi müəyyən edilir. Dayaqlar üstündə yerləşmiş binanın altındakı sahə, həmçinin binanın altındakı keçidlər tikinti sahəsinə daxil edilir. Həmin qərarın 3.6-cı bəndinə görə, binanın mərtəbəliliyi müəyyənləşdirilərkən bütün yerüstü mərtəbələr, o cümlədən texniki mərtəbə, mansarda, həmçinin kürsü mərtəbəsi (onun örtüyünün üstü ilə torpağın orta planlaşdırma səviyyəsi arasındakı fərq 2,0 metrdən az olmadıqda) nəzərə alınır. Mərtəbələrin sayı müəyyənləşdirilərkən bütün mərtəbələr yeraltı, zirzəmi, kürsü, yerüstü, texniki, mansarda nəzərə alınmalıdır. Döşəməaltı hissə hündürlüyündən asılı olmayaraq, həmçinin hündürlüyü 1,8 metrdən az olan mərtəbələrarası məkan və texniki çardaq yerüstü mərtəbələrin sayına daxil edilmir. Binanın müxtəlif hissələrində müxtəlif sayda mərtəbələr olarsa, həmçinin bina maillik olan sahədə yerləşdikdə və maillik hesabına mərtəbələrin sayı dəyişdikdə mərtəbəlik binanın hər bir hissəsi üçün ayrıca təyin edilir. Həmin qərarın 3.7-ci bəndinə görə, yaşayış binasının tikinti həcmi +0,000 səviyyəsindən yuxarıda olan hissənin (yerüstü hissənin) və bu səviyyədən aşağıda olan hissənin (yeraltı hissənin) tikinti həcminin cəmi kimi təyin edilir. Tikinti həcmi binanın yeraltı və yerüstü hissəsinin təmiz döşəmə səviyyəsindən başlayaraq, xarici səthlər hüdudunda, qoruyucu konstruksiyalar və digər üst tikililər, işıq fənərləri daxil edilməklə, xaricə çıxan memarlıq detalları və konstruksiya elementləri, günlüklər, portiklər, terraslar, eyvanlar, havalandırılan döşəməaltılar və döşəməaltı kanallar, dayaqlar üstündəki binanın altındakı məkanın və keçidlərin həcmi nəzərə alınmadan müəyyən edilir. Həmin qərarın 3.8-ci bəndinə görə, mənzillərin ümumi sahəsi - yaşayış otaqların, köməkçi otaqların (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri) sahələrinin, eləcə də balkon, lociya, terras, şüşəbənd və eyvanların azaltma əmsallara vurulmuş sahələrinin məcmusundan ibarətdir. Mənzillərin ümumi sahəsi hesablanarkən balkon və terrasların sahələri - 0,3; şüşəbənd və lociyalar - 0,5; eyvanlar (verandalar) - 1,0 azaltma əmsallarına vurulmaqla hesablanır. Mənzildaxili pilləkənin altındakı sahə, hündürlüyü döşəmədən konstruksiyanın altına qədər 1,6 metr və daha az olduqda pilləkən olan yerləşgənin sahəsinə daxil edilmir. Mansarda mərtəbəsində yerləşən mənzilin sahəsi təyin edilərkən tavanın hündürlüyü 2,7 metrdən az olan hissənin sahəsi 0,7 azaltma əmsalına vurulmaqla hesablanır. Eyni zamanda, mansardada yerləşən mənzilin hündürlüyü 2,7 metrdən az olan hissənin sahəsinin həmin mənzilin ümumi sahəsinin 50%-dən çox olmasına yol verilmir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59.1-ci maddəsinə görə, tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları bu maddənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 59.2-ci maddəsinə görə, yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. Həmin Məcəllənin 59.3-cü maddəsinə görə, yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir. Həmin Məcəllənin 59.4-cü maddəsinə görə, yaşayış binalarında mənzillərin döşəmədən tavana qədər hündürlüyü 2,7 metrdən az olmamalıdır. Həmin Məcəllənin 59.5-ci maddəsinə görə, mansarda mərtəbələrinin bayır divarlar boyunca hündürlüyü 1,6 metrdən, yüksək hissəsində hündürlüyü 2,7 metrdən az olmamalıdır. Qeyd edilən maddi hüquq normalarının tələblərindən çıxış edən Məhkəmə bildirir ki, mənzilin ümumi sahəsinə daxil olan hissələrin hər birinin hesablanması üçün fərqli qaydalar nəzərdə tutulmuşdur. Belə ki, yaşayış otaqlarının və köməkçi otaqların (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri) sahələri tam əmsal hesablansa da, balkon, lociya, terras, şüşəbənd və eyvanların sahələri azalma əmsallarına vurulmaqla hesablanır. Məsələn, balkon və terrasların sahələri - 0,3; şüşəbənd və lociyalar - 0,5; eyvanlar (verandalar) - 1,0 azaltma əmsallarına vurulmaqla onların ümumi sahəsi hesablanır. DƏDRX Əİ-dən 17.03.2020-ci il tarixdə “Reyestrdən çıxarış” verilən zaman da mübahisəli mənzilin sahəsi bu qaydada hesablanmışdır. Hazırda müqavilədə göstərilən sahə ilə çıxarışda qeyd olunan sahə arasında yaranmış fərq də buna görə yaranmışdır. Lakin işin hallarından görünür ki, iddiaçı, müqavilədə qeyd edilən mənzili cavabdeh MMC-dən qəbul etmiş, mənzildə yenidən qurma və təmir işləri aparmış və ötən illər ərzində MMC-ya mənzilin ölçüsü ilə bağlı irad bildirməmişdir. DƏDRX Əİ İdarəsi tərəfindən iddiaçının vəkilinə verilmiş 15.03.2021-ci il tarixli, **********12 saylı cavabdeh məktubundan görünür ki, DƏDRX Əİ iddiaçıya təhvil verilmiş mənzilin ümumi sahəsi 74,6 kv.metr olmasını qeyd etsə də, mənzildə yeni arakəsmələrin inşa edilməsini və mənzildə təmirin aparıldığını nəzərə almamışdır. Göründüyü kimi, iddiaçı, mənzilin ölçülərində yaranmış fərqin onun tərəfindən mənzildə aparılmış yenidən qurma və təmir işləri nəticəsində deyil, cavabdeh MMC-nin üzərinə götürdüyü öhdəliyin lazımi qaydada icra edilməməsi səbəbindən yarandığını sübuta yetirə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Odur ki, göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, iddianın “mənzilin ölçüsündə yaranmış fərqə görə pulun tutulması barədə” hissəsi əsassızdır. Apellyasiya şikayətinin müzakirə edilən hissəsi əsassızdır. İddiaçı hesab edir ki, MMC, mənzilə sayğac quraşdırmaq üçün ondan əsassız olaraq aldığı 600 manat məbləğində pulu qaytarmalıdır. Bununla bağlı Məhkəmə bildirir ki, MMC tərəfindən verilmiş 13.10.2014-ci il tarixli 03/36-01 saylı, 13.11.2014-ci il tarixli 03/36-02 saylı və 11.12.2014-ci il tarixli 03/36-03 saylı “Kommunal maliyyə arayışlarından” görünür ki, iddiaçı, mənzildə quraşdırılmış elektrik və su sayğaclarına görə, MMC-yə (200 x 3=) 600 manat məbləğində pul ödəmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı fiziki şəxs olaraq ona məxsus mənzildə quraşdırılmış elektrik və su sayğaclarına görə pul ödəməkdən azaddır. Lakin MMC qeyd edilən pul məbləğini iddiaçıdan almışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 1091.1-ci maddəsinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Məcəllənin 1091.2-ci maddəsinə görə, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Məcəllənin 1092.1-ci maddəsinə görə, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Göstərilən maddi hüquq normalarının tələbilərindən müzakirə edilən məsələyə yanaşdİqda müəyyən edilir ki, MMC qeyd edilən pul məbləğini iddiaçıdan almaqla əsassız varlanmışdır. Lakin həmin pul məbləği MMC-dən iddiaçının xeyrinə tutula bilməz. Belə ki, Mülki Məcəllənin 1095-ci maddəsinə görə, əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. İşin hallarından görünür ki, həmin sayğaclara görə iddiaçı tərəfindən cavabdeh MMC-yə sonuncu ödəniş 11.12.2014-cü il tarixdə edilmiş və o, hazırki iddia ilə Rayon Məhkəməsinə 11.06.2021-ci il tarixdə müraciət etmişdir. Rayon Məhkəməsi tərəfindən işə baxılan zaman isə MMC ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək iddia tələbinə iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. Mülki Məcəllənin 375.2-ci maddəsinə görə isə, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Odur ki, göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, iddianın “sayğaclara görə ödənilmiş pulun qaytarılması barədə” hissəsi təmin edilə bilməz. Apellyasiya şikayətinin müzakirə edilən hissəsi əsassızdır. İddiaçı tərəfindən cavabdeh MMC-ya qarşı irəli sürülmüş üçüncü tələb “əldən çıxmış faydanın əvəzinin ödənilməsi” barədədir. Qeyd edilən tələbi irəli sürümüş iddiaçı yuxarıda qeyd edilən tələblərin əsaslı olmasına istinad edərək sürmüşdür. Lakin Məhkəmənin artıq müəyyən etdiyi nəticəsi ondan ibarətdir ki, yuxarıda qeyd edilən tələblər təmin edilə bilməz. Belə olan halda Məhkəmə hesab edir ki, müzakirə edilən bu tələbin də, təmin edilməsi üçün əsas yoxdur. Apellyasiya şikayətinin müzakirə edilən bu hissəsi də əsassızdır. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul olunmuş 16 iyul 2021-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçının ödədiyi dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar