Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9579/2021 25.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Vəfaddin Ələm oğlu İbayev (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədovun və Rəşad Məhəmməd oğlu Həsənovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Şükürlü Ləman İmanverdi qızının katibliyi ilə, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh QSC-yə qarşı “zaminlik müqaviləsinin etibarsız hesab edilməsi” tələbi barədə mülki iş üzrə Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 2(004)-3747/2021 saylı, 22.07.2021-ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən e t d i: İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 və İddiaçı4 cavabdeh "xxxx" QSC-nə q̇ arşı “zaminlik müqavilələrinin etibarsız edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh QSC ilə İddiaçı1 ilə bağlanmış 37S000000310 saylı. 31.07.2013-cü il tarixli zaminlik müqaviləsinin, "xxxx" QSC ilə X3 ilə bağlanmış 37S000000323, saylı 01.08.2013-cü il tarixli zaminlik müqaviləsinin, "Accessbank“ QSC” ilə İddiaçı3 ilə bağlanmış 37S000004068 saylı. 18.08.2014-cü il tarixli zaminlik müqaviləsinin, Cavabdeh QSC ilə İddiaçı2 ilə bağlanmış 37S**********2 saylı, 23.01.2015ci il tarixli zaminlik müqaviləsinin və “Accessbank" QSC ilə İddiaçı4 ilə bağlanmış 37S**********2 saylı, 23.01.2015-ci il tarixli zaminlik müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh QSC ilə cavabdeh Yusubov Elmir Mirseyran oğlu arasında bağlanmış 31.07.2013-cü il tarixli, 37L000000209 saylı kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 50000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət aynca olaraq kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə Yusubov Elmir Mirseyran oğluna Cavabdeh QSC ilə bağladığı 23.01.2015-ci il tarixli. 037R********** saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2.1667% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 16000 ABŞ dolları məbləğində kredit verilmişdir. Tərəflərin imzaladıqları 31.03.2015- ci il tarixli 037R**********S saylı, 05.08.2015-ci il tarixli 037R**********SA saylı. 30.11.2015-ci il tarixli 037R**********SB saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Yusubov Elmir Mirseyran oğlu kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış və kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaiti 25.12.2015-ci il tarixdən banka qaytarmamışdır. Yusubov Elmir Mirseyran oğlu götürdüyü kredit borcundan 2812,57 ABŞ dolları ödəmiş və onun 13187.43 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. Kredit xətti müqaviləsi üzrə Yusubov Elmir Mirseyran oğlunun öhdəliklərini icrasını təmin etmək məqsədilə cavabdehlər İddiaçı2, İddiaçı1, X3, İddiaçı3 və İddiaçı4 zaminlik müqaviləsinə əsasən bank qarşısından öz üzərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqaviləsinin 1.1 bəndinə əsasən yuxarıda göstərilən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün banka qarşısında cavabdeh Yusubov Elmir Mirseyran oğlu ilə birgə məsuliyyət daşıyır və kredit xətti müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı Elmir Yusubovun bütün öhdəliklərini icra etməlidirlər. Buna görə də cavabdeh “AccessBank" QSC Şirvan şəhərində iddia qaldıraraq borcun bizdən tutulmasını xahiş etmişdir. “Accessbank“ QSC-nin cavabdehlər Yusubov Elmir Mirseyran oğluna, İddiaçı2, İddiaçı1, X2, İddiaçı3 və İddiaçı4 qarşı «kredit müqaviləsi üzrə borc» tələbinə dair iddiası üzrə keçirilən məhkəmə iclaslarında hazırkı iddia üzrə iddiaçılara məlum olmuşdur ki. onlar necə aldadılıblar. Belə ki, “AccessBank" QSC-nin Şirvan şəhər məhkəməsində qaldırdığı iddiası Yusubov Elmir Mirseyran oğlundan, İddiaçı2. İddiaçı1, X1, İddiaçı3 və İddiaçı4 3 1.07.2013- cü il tarixli 037R********** savlı kredit razılaşması üzrə 131 87.43 ABŞ dolları məbləğində kredit borcu, 15753,53 ABŞ dolları məbləğində faiz borcu və 23038.37 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 51979 ABŞ dolları 33 sent məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq “Accessbank"QSCyə ödənilməsindən ibarətdir. Göründüyü kimi “Accessbank" QSC Yusubov Elmir Mirseyran oğlu ilə razılaşması üzrə yaranmış borcu tələb edir. Borcun zaminlərdən tutulması qanunsuzdur. Belə ki, zaminlərlə bağlanmış müqavilələrin əksər hissəsinin tarixləri kredit xətti müqaviləsinin tarixi ilə qəti uyğun gəlmir. Bu da o deməkdir ki, cavabdehlərin bir qismi zamin durarkən kredit xətti müqaviləsinə deyil, onların iştirakı ilə bağlanmış müqavilə və ya saziş üzrə məsuliyyət daşıyırlar. Yalnız İddiaçı2 və İddiaçı4 arasında 23.01.2015-ci il tarixdə zaminlik müqavilələri bağlanmışdır. Bu müqavilələr üzrə də bu iki şəxs həmin tarixdə götürülən kredit borcuna zamin durmuşlar. İddiaçı1 və X3 ilə zaminlik müqavilələri kredit xətti müqaviləsi bağlanan 31.07.2013-cü il tarixdə bağlanmışdır. İddiaçı3 ilə isə müqavilə 18.08.2014- cü il tarixdə bağlanmışdır… Bağlanmış zaminlik müqavilələrin qanunsuz olması, onların aldadılması və üzərilərinə götürməyə razı olduqları öhdəlikdən artıq öhdəliyin qoyulması və bankın onlara qarşı qərəzli mövqedə olması cavabdehin iddiası ilə də sübuta yetirilir. Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 2(004)-3747/2021 saylı, 22.07.2021-ci il tarixli qətnaməsi ilə iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 və İddiaçı4 cavabdeh "xxxx" QSCnə q̇arşı “zaminlik müqavilələrinin etibarsız edilməsi” tələbinə dair iddia tələbi təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 və İddiaçı4 aid edilməsi qət edilmişdir. Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 2(004)-3747/2021 saylı, 22.07.2021-ci il tarixli qətnaməsindən İddiaçı1, İddiaçı3, İddiaçı2 və İddiaçı4 apellyasiya şikayəti vermişdir. Tərəflər İddiaçı1, İddiaçı3, İddiaçı2 və İddiaçı4 və Cavabdeh QSC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat təqdim etməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq tərəflərin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Bakı şəhəri, Yasamal Rayon Məhkəməsi iş üzrə təqdim olıunmuş sübutları araşdıraraq müəyyən etmişdir ki, kredit xətti müqaviləsi üzrə Yusubov Elmir Mirseyran oğluna Cavabdeh QSC-nin “Şirvan” filialı ilə bağladığı 31.07.2015-ci il tarixli 037R********** saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2.1667% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 16000 ABŞ dolları məbləğində kredit verilmişdir. 37S000000310 saylı, 31.07.2013-cü il tarixli, 37S000000323, saylı 01.08.2013-cü il tarixli, 37S000004068 saylı, 18.08.2014-cü il tarixli, 37S**********2 saylı, 23.01.2015-ci il tarixli zaminlik müqavilələrinə əsasən kredit xətti müqaviləsi üzrə Yusubov Elmir Mirseyran oğlunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə İddiaçı2, İddiaçı1, X3, İddiaçı3 və İddiaçı4 zaminlik müqaviləsinə əsasən bank qarşısından öz üzərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqaviləsinin 1.1 bəndinə əsasən yuxarıda göstərilən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün banka qarşısında Yusubov Elmir Mirseyran oğlu ilə birgə məsuliyyət daşıyır və kredit xətti müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı Elmir Yusubovun bütün öhdəliklərini icra etməlidirlər. Şirvan şəhər Məhkəməsinin 30.03.2021-ci il tarixli, 2(032)-65/2021 saylı qətnaməsinə əsasən iddiaçı “Accessbank“ QSC-nin cavabdehlər Yusubov Elmir Mirseyran oğluna, İddiaçı2, İddiaçı1, X2, İddiaçı3 və İddiaçı4 qarşı «kredit müqaviləsi üzrə borc» tələbinə dair iddia ərizəsi qismən təmin edilərək, Yusubov Elmir Mirseyran oğlundan, İddiaçı2, İddiaçı1, X1, İddiaçı3 və İddiaçı4 müştərək qaydada 037R********** saylı kredit razılaşması üzrə AR Mərkəzi Bankının müəyyən etdiyi məzənnəsi ilə hesablanmaqla 13187.43 ABŞ dolları əsas, 10231.40 ABŞ dolları faiz, 300 ABŞ dolalrı cərimə, ümumilikdə 23718.83 ABŞ dolları manat hesabı ilə və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq “Accessbank"QSC-yə ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiqi ilə əlaqədar qeyd etmişdir ki, əqdin etibarsızlığı dedikdə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülkihüququ münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd başa düşülür. Etibarsız əqd qanuna zidd xarakter daşıyır və bu keyfiyyətinə görə müəyyən neqativ nəticələrə səbəb ola bilər. Mülki Məcəllənin 339-cu maddəsində əqdin etibarsız sayıla bilməsinin altı müxtəlif əsasları müəyyən edilmişdir. Bu müxtəlif əsasların ümumi xüsusiyyətləri ondan ibarətdir ki, onların nəticəsində tərəflərin birinin iradəsinə zidd olaraq, mənafeyini ciddi şəkildə pozan, qarşı tərəfin iradəsinə uyğun olan və onun arzuladığı əqd bağlanır. Əslində tərəflərdən biri öz iradəsinə zidd bir əqdin bağlanmasına məcbur edilir. Bu isə mülki qanunvericiliyin bir sıra prinsiplərini, o cümlədən mülki hüquq subyektlərinin bərabərliyi, onların sərbəstliyi və təbii ki, müqavilə azadlığı prinsiplərinin kobud pozulmasıdır və belə əqdlər mübahisə edilən əqdlər qrupuna aid edilir. Ağır vəziyyətə düşmüş şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqdlər də mübahisələndirilən əqdlər kateqoriyasına aiddir. Belə əqdin etibarsız sayılması üçün digər tərəfin həmin şəxsin ağır vəziyyətə düşməsini bilməsi və bu haldan istifadə edərək əqdin bağlanmasına nail olması tələb olunur və belə əqdin bağlanması nəticəsində ağır vəziyyətə düşmüş şəxsin həm iradəsi, həm də mənafeyi ciddi şəkildə pozulmuş olur. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçıların Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti ilə bağladıqları 31.07.2013-cü il, 01.08.2013-cü il, 18.08.2014-cü il və 23.01.2015-ci il tarixli müqavilələrin rəsmiləşdirilməsi zamanı qanunvericiliyin pozulması halları məhkəmə tərəfindən müəyyən edilməmişdir. İddiaçılar isə öz iradə ifadələrini bildirməklə qeyd edilən müqavilələri imzalamışlar. İddiaçılar bu müqavilələrin bağlanmasına məcbur edilməmişdir. Mülki Məcəllənin 339.3-cü maddəsinə görə şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 31 may 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 324.4, 385.1, 386.1, 405.1 və 739-cu maddələrinə uyğun olaraq tərəflərin iradə ifadəsini əks etdirən və onların qarşılıqlı hüquq və vəzifələrini müəyyən edən kredit xətti müqaviləsi niyyət razılaşması deyil, müqavilə kimi qəbul olunmalıdır. Zaminlik müqaviləsinin bağlanması üçün kredit xətti müqaviləsinin əsas şərtləri aydın müəyyən olunmalıdır. Zaminin sonradan əmələ gələcək öhdəliyə görə məsuliyyətinin həcmini müəyyən etməyə imkan verən hallar mühüm şərtlər hesab edildiyindən onlar kredit xətti müqaviləsində dəqiq göstərilməlidir. Kredit müqaviləsinin mühüm şərtlərinə kreditin məbləği, müddəti, illik faiz dərəcəsi və s. aid edilə bilər. Zaminin razılığı alınmadan bağlanmış kredit müqavilələrində nəzərdə tutulmuş öhdəliyin konkret həcmi kredit xətti müqaviləsi ilə müəyyən edilmiş ümumi məbləğ və müddət həddində olmalıdır. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə bağlanmış kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin razılığı alınmalıdır. Belə razılığın olmaması zaminin məsuliyyətinin artması kimi qiymətləndirilməlidir». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9- cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 25 iyul 2019-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə müvafiq olaraq, zaminlik müqaviləsində başqa qayda nəzərdə tutulmamışdırsa və bu müqavilə qanunvericiliyin tələblərinə uyğun bütün şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) barəsində razılıq əldə edilməklə bağlanmışdırsa, zamin borclu ilə birlikdə kreditor qarşısında tam məsuliyyət daşıyır. İddiaçılar apellyasiya şikayətində iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi ona istinad etmişlər ki, iddia ərizəsini beş nəfər imzalasa da məhkəkə qətnaməsi ilə dörd nəfərin iddia tələbinin təmin olunmaması qət edilmiş, X2 münasibətdə iddia tələbi açıq qalmışdır. Apellyasiya şikayətinin həmin dəlili ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, iddia ərizəsinin ilk səhifəsində iddiaçılar arasında, X3 iddiaçı kimi qeyd olunmamış və ona münasibətdə iddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilməmiş, məhkəmə ona münasibətdə işə baxmamış, onu iddiaçı kimi prosesə cəlb etməmiş, ona münasibətdə qətnamə qəbul etməmişdir. Ona görə apellyasiya instansiyası məhkəməsi də X2 münasibətdə apellyasiya icraatını mümkün hesab etməmişdir. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin həmin dəlili əsassız hesab edilməlidir. İddiaçılar apellyasiya şikayətində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472, 477-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şəhr edilməsinə dair” 25 iyul 2019-cu il tarixli qərarına istinad edərək məhkəmə tərəfindən zamnilik müqavilələrinin etibarsız hesab edilməməsini qanunsuz hesab etmişlər. Apellyasiya şukayətinin həmin dəlili ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, zamninlik müqavilələrində kredit xəttinin məbləği və müddəti qeyd olunmuş, bundan əlavə zaminlik müqaviləsində iddiaçılar kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün Bank qarşısında tam məsuliyyəti öz üzərinə götürməsini, borclu ilə birlikdə Bank qarşısında birgə məsuliyyət daşımasını təsdiq etmişlər. Bundan əlavə Şirvan şəhər məhkəməsinin 30 mart 2021-ci il tarixli qətnaməsi ilə hazırkı işdə mübahisələndirilən zaminlik müqavilələrinin etibarlılğı yoxlanılmış və həmin qətnamə ilə hazırkı iş üzrə iddiaçılardan Cavabdeh QSC-nin xeyrinə müştərək qaydada 037R********** saylı kredit razılaşması üzrə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəsi ilə hesablanmaqla 13.187, 43 ABŞ dolları əsas, 10.231,40 ABŞ dolları faiz, 300 ABŞ dolları cərimə, ümumilikdə 23.718,83 ABŞ dolları manat hesabı ilə alınaraq Cavabdeh QSC-yə ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X.Mirzəliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 sentyabr 2021-ci il tarixli qərarında qeyd olunur ki, «Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən isə bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Göründüyü kimi, normada şəxsə qarşı tələb hüququnun deyil, əqdi mübahisələndirmək hüququnun realizəsi ilə bağlı müddət nəzərdə tutulmuşdur. Başqa sözlə, əqdin bağlanması zamanı iradə ifadəsi zədələnmiş şəxsin məhz maddədə göstərilən müddətlər ərzində həmin əqdi mübahisələndirmək hüququ tanınmışdır. Qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir (B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2021-ci il 2 aprel tarixli Qərarlar)”. İddiaçılar Şirvan şəhər məhkəməsinin 30 mart 2021-ci il tarixli qətnaməsi qəbul olunandan sonra belə Mülki Məcəllənin 354.2-ci maddəsi ilə müəyyən edilmiş müddətə riayət etməmiş məhkəməyə zaminlik müqaviləsinin etibarsızlığı ilə əlaqədar iddia ərizəsi ilə 20 may 2021-ci il tarixdə müraciət etmişlər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlillərini əsassız olmaqla rədd edilməli, iş üzrə Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 2(004)-3747/2021 saylı, 22.07.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: İddiaçı1, İddiaçı3, İddiaçı2 və İddiaçı4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 2(004)-3747/2021 saylı, 22.07.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Vəfaddin İbayev
Məhkəmə qərarları › İş №2(103)-9579/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9579/2021
25.10.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver