Məhkəmə qərarları › İş №2(103)-959/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-959/2022

25.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-959/2022 25.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Sadıq oğlunun Cavabdehnə qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: müqavilə şərtlərinin pozulmasına görə artıq ödənilmiş pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Hüseynli Gültəkin Xalıq qızının katibliyi, İddiaçı Sadıq oğlunun və onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Sadıq oğlunun Cavabdehnə qarşı müqavilə şərtlərinin pozulmasına görə pul tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)-2508/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. 07 dekabr 2006-cı il tarixində İddiaçı Sadıq oğlu ilə Cavabdeh MTK arasında bağlanmış müqaviləyə əsasən “Cəmiyyət” Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, X1, ev 20 ünvanda yerləşən yaşayış binasını tikməyi və həmin binanın 2 otaqdan ibarət, ümumi sahəsi 106,5 kv.m, yaşayış sahəsi 60 kv.m olan 22 saylı mənzili “Payçıya” təhvil verməyi, “Payçı” isə bu müqavilə ilə müəyyən edilmiş qaydada 22 saylı mənzilin dəyərini ödəməyi öhdəsinə götürmüşdür.

2. MTK tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli maliyyə arayışına əsasən ümumi sahəsi 110 kv.m olan 22 saylı mənzilin dəyəri iddiaçı tərəfindən tam ödənmişdir.

3. Mübahisəli mənzilə dair İddiaçı Sadıq oğlunun adına xx.xx.2021-ci il tarixdə çıxarış verilmişdir.

4. Çıxarışda mənzilin ümumi sahəsinin 93,60 kv.m olduğu göstərilmişdir.

5. İddiaçı işin məhz qeyd olunan hallarına istinad edərək MTK ilə bağladığı müqavilədə mənzilin ümumi sahəsinin 106,5 kv.m göstərildiyini, lakin daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən mənzilinin ümumi sahəsinin 93,60 kv.m olduğunu, beləliklə də cavabdehin üzərinə götürdüyü müqavilə öhdəliklərini pozaraq ondan 12,9 kv.m fərqə görə artıq pul aldığını və həmin pulu geri qaytarmaq vəzifəsi daşıdığını irəli sürmüşdür.

6. İddiaçı həmçinin, 13 il ərzində ona dair faiz qismində hesablanmış 7694.388 ABŞ dolları, binanın saxlanılmasına dair artıq alınmış 557 manatı, 30 manat dövlət rüsumunu, etibarnaməyə sərf edilmiş 11.5 manatı, ümumilikdə 15074.388 ABŞ Dolları İcra gününə olan Mərkəzi Bankın məzənnəsi ilə, Qaz sayğacına dair 400 manat, Antenaya dair 120 manat, Su Sayğacına dair 70 manat, işıq Sayğacına görə isə 80 manat ümumilikdə 670 manat məbləği və 598.5 manatın ona geri qaytarılmasını xahiş etmişdir.

7. Birinci instansiya məhkəməsinin təyin etdiyi ekspertizanın rəyi ilə müəyyən edilmişdir ki, mübahisəli mənzilin ümumi sahəsi (yaşayış və köməkçi sahə ilə birgə) faktiki olaraq 99.35 m2 təşkil edir, mənzilin oxdan-oxa olan sahəsinin (99.35m2 ) xx.xx.2006-ci il tarixli müqavilədə göstərilən (106.5 m2 ) sahəyə uyğun olmadığı müəyyən edilmişdir. Ekspert rəyində həmçinin qeyd edilmişdir ki, mənzilin Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının “04” dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”na əsasən müəyyən edilmiş sahəsi xx.xx.2021-ci il tarixli çıxarışında göstərilən sahəyə və xx.xx.2006-ci il tarixli müqavilədə göstərilən sahə arasındakı fərqin yaranmasının səbəbi “Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması Qaydaları” və digər əlaqəli qanunlarda nəzərdə tutulmuş mənzilin ümumi sahəsi hesablanarkən nəzərə alınmayan sahələr (divarlar, arakəsmə divarlar, azalma əmsallarının tətbiq olunması və.s) olduğu müəyyən olunur.

Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı Sadıq oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MTK tərəfindən ondan qanunsuz alınmış 7380 ABŞ dolları və 13 il ərzində ona dair faiz qismində hesablanmış 7694.388 ABŞ dolları, binanın saxlanılmasına dair artıq alınmış 557 manatı, 30 manat dövlət rüsumunun, etibarnaməyə sərf edilmiş 11.5 manatı, ümumilikdə 15074.388 ABŞ dolları icra gününə olan Mərkəzi Bankın məzənnəsi ilə, qaz sayğacına dair 400 manat, antenaya dair 120 manat, su sayğacına dair 70 manat, işıq sayğacına görə isə 80 manat ümumilikdə 670 manat məbləği və 598.5 manat məbləğlərini Cavabdeh MTK-dan alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, İnam Bayram-M MTK ilə118 saylı 07 dekabr 2006-cı il tarixli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh MTK-ya ünvan 2 ünvanında yerləşən yaşayış massivində 22 saylı ümumi sahəsi 106.5 kv.m yaşayış sahəsi isə 60 kv.m olan mənzili təhvil verməyi öz öhdəsinə götürmüşdür. Mənzilin 1 kv.m sahəsinin qiyməti 450 ABŞ dolları məbləğində müəyyən edilərək ümumilikdə 47925 ABŞ dolları hesablanmış və tərəfindən müəyyən vaxtlarda hissə-hissə ödənilmişdir. Sonuncu dəfə ödəniş tərəfindən ödənilən zaman ona bildirilmişdir ki mənzilin sahəsi artıqdır yəni 110 kv.metrdir və buna görə o əlavə 3.5 kv.m sahənin dəyərini ödəməlidir, əks halda ona maliyyə arayışı verilməyəcək. Məcbur qalaraq qeyd edilmiş 3.5 kv.m sahənin dəyərini ödəməli olmuş və buna dair xx.xx.2021-ci il tarixli 03 nömrəli Maliyyə Arayışı təqdim edilmişdir, Maliyyə Arayışında müqavilədən fərqli olaraq 106.5 kv.m yox real ödənilmiş 110 kv.m sahənin dəyərinin tam ödənildiyi qeyd edilmişdir. Bundan sonra o bütün sənədləri Daşınmaz Əmlak Dövlət Reyestr Xidmətinə təqdim edərək, müvafiq qaydada Çıxarış əldə etmişdir. Çıxarış əldə edəndən sonra mənzilin real sahəsi 93.6 kv.metr olduğu müəyyən olunmuşdur, beləliklə mənzilin sahəsinin fərqi 110-93.6=16.4 kv.m təşkil etmişdir. Qeyd edilməlidir ki, iddiaçı daima 2012- ci ildən bu günə qədər binanın saxlanılmasında dair mənzilin sahəsinin hər kv.m görə (106.5 kv.m hesabı ilə) 0.40 manat (aylıq 43 manat olmaqla) məbləğində pul ödəmişdir. Müvafiq hesablamalar nəticəsində ondan qanunsuz olaraq 106.5-93.6=12.9 kv.m aylıq ödənişlər alınmışdır ki, 9 il ərzində bu məbləğ 108 ay x 12.9 kv.m x 0.40 manat=557 manat təşkil etmişdir. Mənzilin sahəsinin müqavilədə az olmasından 16.4 kv.m sahənin məbləği alınmışdır ki, bu da 16.4 X 450 ABŞ dolları=7380 ABŞ dolları məbləğində olmuşdur. Bundan əlavə cavabdeh MTK ondan qanunsuz və müqavilənin şərtlərinə uyğun olmayan tələblər irəli sürmüş və o məcbur olub müəyyən ödənişlər etməli olmuşdur, belə ki, qaz sayğacına dair 400 manat, antenaya dair 120 manat, su Sayğacına dair 70 manat, işıq sayğacına görə isə 80 manat ümumilikdə 670 manat məbləğində ödəniş etməli olmuşdur. Qanunsuz alınmış 7380 ABŞ dolları məbləğinə 2007- 2020-ci illər ərzində bank uçot dərəcəsinə əsasən (2007-2020-ci illər ərzində bank uçot dərəcəsi 43-dəfə dəyişmiş və toplam 345.25 faiz olmuşdur 345.25/43=8.02 % illik orta faiz dərəcəsi hesablanmışdır) 7380 X 8.02 % X 13 il=7694.388 manat məbləği təşkil etmişdir. 10.Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)- 2508/2021 saylı qətnaməsi ilə (hakim A.Novruzova) iddia tələbi təmin edilməmişdir.

11. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, ekspertiza tədqiqatının nəticəsi olaraq mənzilin faktiki sahəsinin müqavilə ilə qeyd edilmiş sahəyə uyğun gəldiyindən iddiaçı şəxsin pul tələbi ilə bağlı iddia tələbi tam əsassızdır, qeyd edilən faktın əksinə olmasını sübut və ya təsdiq edən hər hansı hallar müəyyən olunmamışdır. Məhkəmə, həmçinin qeyd etmişdir ki, mənzil artıq iddiaçının xüsusi mülkiyyətdədir. Həmin mənzilə dair iddiaçının kommunal xidmətlərə görə və binanın saxlanması məqsədilə çəkilmiş xərclər üçün pul ödəməsi, cavabdehdən quraşdırılmış soyuq su və təbii qaz smart sayğaclar üçün ümumilikdə 670 manat ödənilməsi, cavabdehdən məhkəmə xərclərinin və gecikdirilmiş müddət üçün illik 5% gecikdirilmə faizlərinin tutulması barədə tələblər əsassızdır, təmin oluna bilməz. İş materialları ilə müəyyən edilir ki, tərəflər arasında binanın saxlanması məqsədilə çəkilmiş xərclər üçün hər hər hansı məbləğin aylıq ödənilməsi barədə razılığa gəlmələri, müqavilə öhdəlikləri götürmələri barədə sənəd mövcud deyil, bu barədə İddiaçı Sadıq oğlu Cavabdeh qarşısında öhdəlik götürməmişdir. 12.Məhkəmə mövqeyini Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59, 106-cı maddələrinə, “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 4 sentyabr 2010-ci il tarixli 695 nömrəli Fərmanı, Dövlət Şəhərsalma və Arxitektura Komitəsini Kollegiyasının 04 dekabr 2012-ci il tarixli 7 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması qaydaları”nın 2, 3.2, 3.8-ci bəndlərinə, AR Mülki Məcəlləsinin 1091, 1092.1ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin dəlilləri

13.İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanovrayon məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2(005)-2508/2021saylı qətnaməsinin ləğv edilməsi və iddianın tam təmin edilməsini xahiş etmişdir. 14.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ekspert rəyində ekspert birinci suala cavab olaraq mənzilin oxdan-oxa olan sahəsinin 99.35 kv.m olmasını nərəzə almamışdır, hərçənd məhkəmə iddianın rədd olunmasında qeyd edilən rəyi əsas götürmüşdür. Ekspert mənzilin oxdan-oxa olan (yəni faktiki) sahəsinin 99.35 kv.m olduğunu qeyd edir. Yəni mənzilin real sahəsi (hər hansı əmsalsız) 99.35 kvm. təşkil edir. Lakin sonradan Ekspert sahənin müqavilə ilə uzlaşmamasının səbəbini Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli qərarı ilə uzlaşdırmağa çalışır. Bütün bunlara baxmayaraq məhkəmə 1-ci suala verilmiş cavab ilə 2ci suala verilmiş cavabın arasında olan ziddiyyətə münasibət bildirməmişdir. Necə ola bilər ki, mənzilin oxdan-oxa olan real sahəsi 99.35 kv.m olan zaman onun sahəsini 106.5 kv.m qədər artırır daha sonra isə azalmanı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli qərarına istinad edərək əsaslandırır. İddia tələbindən göründüyü kimi tərəflər arasında yaranmış mübahisə Podrat müqaviləsinin icrasından irəli gəlmişdir, lakin məhkəmə öz qətnaməsində iddianın rədd edilməsində Mülki Məcəllənin 1092-ci maddəsinə əsaslanmışdır ki, bunun iddia tələbinə hər hansı aidiyyatı yoxdur. Beləliklə məhkəmə tətbiq etməli normanı tətbiq etməmişdir. Məhkəmə Maddi hüquq norması kimi, MM 1091-ci maddəsinin tələblərini əsas gətirmişdir. Ümumiyyətlə bu maddənin tətbiqi hazırki mübahisədə mümkünsüzdür çünki tərəflər arasında müqavilə mövcuddur və mübahisə müqavilənin icrası ilə bağlıdır. Tərəflər arasında müqavilə 07 dekabr 2006-cı il tarixində bağlanmışdır, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının Qərarı 04 dekabr 2012-ci il tarixində, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsi isə xx.xx.2012-il tarixində qəbul olunmuşdur, göründüyü kimi məhkəmə hazırki mübahisədə qeyd edilən normaların tələblərini rəhbər tutması MPM 217.2-ci madəsinə tam zidd olmuşdur. Hazırki mübahisədə məhkəmə işin faktiki hallarına əsasən qətnamə qəbul etməli idi, yəni birbaşa cavabdeh tərəfindən iddiaçıya təhvil verilmiş mənzilin real, faktiki, hər hansı əmsal tətbiq edilmədən hesablanmış sahəsinin verilib-verilməməsini müəyyən etməli idi. Məhkəmə öz qətnaməsinə iddia tələbinin 106.5 kv.m-dən irəli gələn formada qeyd edir, hərçənd iddia tələbi 106.5 kv.m yox 110 kv.m tələbindən irəli sürülmüşdür və məhkəmə məhz tələbin 110 kv.m olan həcmindən işi araşdırmalı idi. Məhkəmə ancaq müqavilə üzrə qeyd edilmiş 106.5 kv.m sahəsindən çıxış edərək işi araşdırmışdır və buna hüquqi qiymət vermişdir. Mülki Prosessual Məcəllənin 174.2-ci maddəsi məhkəmənin üzərinə işin bütün hallarının, tərəflərin hüquq və vəzifələrinin tam, hərtərəfli və obyektiv surətdə aydınlaşdırılması vəzifəsini qoymuşdur. Məhkəmə ümumiyyətlə sübutlar və təqdim edilmiş sənədlər arasında olan ziddiyyətləri, iddia ərizəsində olan konkret tələbə, yəni mənzilin sahəsinin müqavilədə qeyd edilən 106.5 kvm yox maliyyə arayışına əsasən əlavə ödənilmiş məbləğə və mənzilin sahəsinin 110 kv.m həcmində təhvil verilib-verilməməsinə mübasibət bildirməmişdir. Məhkəmə işin hallarını müəyyən etməmişdir. Məhkəmə iddiaçı tərəfindən ekspert rəyinə verilmiş etiraza hər hansı münasibət bildirməmişdir, onu araşdırmamış, ziddiyətləri aradan qaldırmağa cəhd göstərməmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı Sadıq oğlunun və onun nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdilər.

17. İşə baxılmasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. İşə AR MPM-in 376.2-ci maddəsinə əsasən gəlməyən tərəfin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

18.Maddə 550. Tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. 19.Maddə 551.1. Əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir. 20.Maddə 552.1. Müddətin axımı tələbin icra müddətinin çatması ilə başlanır. 21.Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 22.Maddə 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. 23.Maddə 762.2. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. 24.Maddə 762.3. Podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur. 25.Maddə 766. Sifarişçi müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra əlavə icranı qəbul etmədikdə və müqavilədən imtina etdiyini bildirmədikdə muzdun miqdarını qüsur məmulatın dəyərini nə qədər azaldırsa, o qədər azalda bilər. 26.Maddə 1091. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 27.Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

28.Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 29.Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 30.Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 31.Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 32.Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 33.Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 34.Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

Apellyasiya baxışının hədləri

35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

36. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

37. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.

38. Məhkəmə kollegiyası qeyd edir ki, iddia rədd edildiyindən apellyasiya baxışının predmetini qətnamənin tam yoxlanılması təşkil edir.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

39.İddia tələbi iki hissədən - binanın saxlanılmasına, kommunal xərclərə görə ödənilmiş vəsaitin geri qaytarılması və mənzilin sahəsinə görə artıq ödənilmiş vəsaitin geri qaytarılması hissələrindən ibarətdir. 40.Kollegiya iddia tələbinin birinci hissəsi üzrə rayon məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Kollegiya nəzərə alır ki, iddiaçı öz iddiasının əsasını təşkil edən halları sübut etmək yükünü daşısa da, binanın saxlanılmasına dair artıq alınmış 557 manat, qaz sayğacına görə 400 manat, antenaya görə 120 manat, su sayğacına görə 70 manat, işıq sayğacına görə isə 80 manat olmaqla, ümumilikdə 670 manat və 598.5 manat məbləğlərlə bağlı tələblər əsassızdır və iddiaçı həmin pulların ödənilməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. 41.Bununla yanaşı, kollegiya aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, iddia tələbinin ikinci hissəsi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi yanlış olmuşdur. 42.Məlum olduğu kimi, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. 43.Kollegiya qeyd edir ki, tərəflər arasında hüquq münasibətləri onlar arasında bağlanmış 118 saylı 07 dekabr 2006-cı il tarixli müqavilə əsasında yaranmışdır. 44.Həmin müqaviləyə əsasən Cavabdeh MTK (cavabdeh) ünvan 2 ünvanında yerləşən yaşayış massivində 22 saylı ümumi sahəsi 106.5 kv.m, yaşayış sahəsi 60 kv.m olan mənzili İddiaçı (iddiaçıya) təhvil verməyi, İddiaçı isə mənzilin 1 kv.m sahəsinin qiyməti 450 ABŞ dolları olmaqla, ümumilikdə 47925 ABŞ dolları məbləğində pulu MTK-ya ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər öz öhdəliklərini icra etmişlər, yəni iddiaçı müqavilədə şərtləşdirilmiş məbləği bütünlüklə cavabdehə ödəmiş, cavabdeh isə inşa etdiyi binada müqavilədə göstərilən mənzili iddiaçıya təhvil vermişdir. 45.Hazırda iddiaçı, cavabdeh tərəfindən inşa edilən binada ona təhvil verilmiş mənzilin sahəsinin müqavilədə göstəriləndən az olduğuna istinad edərək artıq ödədiyi pulun geri qaytarılmasını tələb edir. 46.Tərəflər arasında bağlanmış müqavilənin şərtləri və tərəflərin üzərinə götürdükləri öhdəliklərin xarakteri onu deməyə əsas verir ki, onlar arasıda podrat münasibətləri mövcud olmuşdur. 47.Bu baxımdan iddia tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 752.1, 762, 766-cı maddələri çıxış edir. 48.Bu baxımdan kollegiya qeyd edir ki, hazırkı mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən mübahisəli hal - cavabdehin müqavilə öhdəliklərini pozaraq iddiaçıya miqdar (mənzilin sahəsinin həcmi) baxımından qüsurlu mal verib-verməməsinin müəyyən edilməsidir və bu hal iddia üzrə sübutetmənin predmetini təşkil edir. 49.Nəzərə alınmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Məlum olduğu kimi hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur. 50.Hazırkı işdə iddiaçı, mübahisəli hala dair sübut kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışa istinad edərək, ona müqavilədə nəzərdə tutulduğundan az sahəsi olan mənzil verildiyini bildirmişdir. 51.Birinci instansiya və apellyasiya intansiya məhkəmələri tərəfindən bu xüsusatı yoxlamaq məqsədilə iş üzrə tikinti-texniki ekspertizaları təyin etmişdir. 52.İşin apellyasiya baxışı zamanı təyin edilmiş ekspertiza üzrə Məhkəmə Ekspertizası Mərkəzinin 29 iyun 2022-ci il tarixli, 10/1378 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, mübahisəli mənzilin ümumi sahəsi fasad və arakəsmə divarlar nəzərə alındıqda 99.35 kv.m, nəzərə alınmadıqda isə 106.5 kv.m təşkil edir. 53.Rəyin təsviri hissəsinə görə ekspert, mənzilin çıxarışı əsasında müəyyən olunan sahəsi ilə həmin mənzilin Cavabdeh MTK tərəfindən verilmiş layihə-cizgi, müqavilə əsasında sahəsi (ümumi, yaşayış və qeyri-yaşayış sahələri nəzərə alınmaqla) arasında fərqin yaranmasının səbəbini “Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması Qaydaları” və digər əlaqəli qanunlarda nəzərdə tutulmuş mənzilin ümumi sahəsi hesablanarkən nəzərə alınmayan sahələr (divarlar, arakəsmə divarlar, azalma əmsallarının tətbiq olunması və s.) olduğu ilə əsaslandırmışdır. 54.Beləliklə, əldə edilmiş ekspertiza rəyləri ilə müəyyən edilir ki, mübahisəli mənzilin fasad və arakəsmə divarları nəzər alınmaqla ümumi sahəsi 99,35 kv.m, divarlar altında olan sahələr nəzərə alınmadıqda isə ümumi sahəsi 106.5 kv.m göstərilmişdir. 55.Tərəflər arasında bağlanmış müqavilədə mənzilin sahəsinin 106.5 kv.m olması göstərilsə də, bu ölçünün divarlar altında olan sahəni də əhatə edib-etmədiyi müqavilədə xüsusi olaraq qeyd edilməmişdir. Lakin həmin müqavilədə iddiaçıya fasad divarı və arakəsməsi olmayan ümumi mənzil sahəsi deyil, məhz iki otaqdan ibarət mənzilin təhvil verilməsi nəzərdə tutulduğundan, kollegiya hesab edir ki, müqavilədə göstərilmiş 106.5 kv.m sahə mənzilin fasad və arakəsmə divarları altındakı sahələri əhatə etmir. 56.İşin yuxarıda göstərilən hallarından aydın olur ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən cavabdeh ümumi sahəsi 106,5 kv.m olan mənzili iddiaçıya təhvil verməyi öhdəsinə götürmüş, lakin iddiaçıya təhvil verilmiş mənzilin ümumi sahəsi 99.35 kv.m təşkil etmişdir. Bu isə onu deməyə əsas verir ki, cavabdeh müqavilə üzrə öz üzərinə düşən öhdəliyini qüsurlu icra etmiş, yəni podratı kəmiyyətcə yerinə yetirməmişdir və iddiaçının cavabdehə qarşı podrat müqaviləsindən irəli gələn iddianı irali sürmək hüququ yaranmışdır. 57.Bununla yanaşı, iş materiallarından müəyyən edilir ki, iddiaçı hazırkı iddianı mənzilin ona təhvil verilməsindən 15 ilə yaxın müddət keçdikdən sonra qaldırmışdır. Halbuki, Mülki qanunvericiliyin tələblərinə əsasən iddiaçı bu tələbi mənzili təhvil aldıqdan sonra on il ərzində irəli sürməli idi. Həmin müddətin keçməsi tələb hüququnun qüvvəsini itirməsi ilə nəticələnir (MM 551.1). 58.İddiaçının mənzilin sahəsinin müqavilə ilə nəzərdə tutulduğundan az verilməsindən yalnız mənzilə dair çıxarış aldıqdan sonra xəbər tutmasına dair dəlilini məhkəmə əsaslı hesab etmir. Belə ki, iddiaçının özünün də bildirdiyi kimi, həmin mənzili təmir etməklə orada yaşayır. Bəllidir ki, mənzilin təmir edilməsi həmin mənzilin ölçülərinə uyğun materialların alınması və istifadə edilməsi ilə həyata keçirilir. Deməli, iddiaçı mənzilin təmiri zamanı onun real sahəsinin nə qədər olması barədə məlumatlı olmalı idi. Bundan başqa, mənzilin təhvil verilməsi zamanı və ondan sonra keçən müddət ərzində iddiaçı ağlabatan sayıqlıq və ehtiyat nümayiş etdirməklə mənzilin müqavilədə göstərilən ölçülərə uyğun olub-olmadığını yoxlaya bilərdi. 59.Yuxarıda göstərilənlərdən bu qənaətə gəlmək olur ki, iddiaçı 2006-cı ildə ona təhvil verilmiş mənzilin ölçülərinin müqavilədə göstəriləndən az olması əsası ilə ona dəymiş ziyanı tələb etmək hüququnu itirmişdir. 60.Qeyd edilənlərlə yanaşı kollegiya hesab edir ki, iddiaçıdan 106.5 kv.m sahəyə görə etdiyi ödənişdən əlavə, 2021-ci ildə 3,5 kv.m sahəyə görə yenidən ödəniş tələb edilməsi və bu əsasla iddiaçının cavabdehə 1575 ABŞ dolları ödəniş etməsi cavabdeh tərəfindən verilmiş maliyyə arayışı ilə təsdiq olunur. Belə ki, həmin arayışda iddiaçının ümumi sahəsi 110 kv.m olan mənzilin dəyərini tam ödəməsi göstərilmişdir. 61.Göründüyü kimi, cavabdeh heç bir hüquqi əsas olmadan, iddiaçıya təhvil verdiyi mənzilə görə müqavilədə nəzərdə tutulmayan 1575 ABŞ dolları (450 ABŞ dolları x 3,5 kv.m) ödəniş almış və nəticədə iddiaçının xeyrinə həmin məbləğdə əsassız varlanmışdır. 62.Ona görə də, Kollegiya iddiaçının tələbini həmin məbləğin tələb edilməsi hissəsində əsaslı hesab edir. 63.Beləliklə, məhkəmə kollegiyası işin hallarını apellyasiya şikayətinin dəlilləri əsasında yoxlayaraq bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə qismən ləğv edilməli, cavabdehdən iddiaçının xeyrinə 1575 ABŞ dolları (ödəniş gününə olan məzənnə ilə) tutulmalı, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti qalan hissədə təmin edilməməlidir. 64.Kollegiya hesab edir ki, iddianın ikinci hissəsi ilə bağlı birinci instansiya məhkəməsi tərəflər arasında mövcud münasibətlərə düzgün qiymət verməmiş, işin hallarını həmin hissədə düzgün müəyyən etməmiş, təyinatı şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsaslarını, prinsiplərini, eləcə də dövlətin, bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin şəhərsalma və tikinti fəaliyyəti sahəsində hüquq və vəzifələrini müəyyən etmək olan Şəhərsalma və Tikinti Məcəlləsinin, buna müvafiq olaraq, tikinti obyektinin sahəsinin və həcminin hesablanmasına dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydaların hansı əsasla iddiaçı ilə cavabdeh arasında bağlanmış mülki hüquq müqaviləsi əsasında yaranmış öhdəliklərinə şamil edildiyini əsaslandırmamışdır. 65.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 66.Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, 385.1.4-cü maddəsinə əsasən isə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. 67.Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

Qət etdi :

İddiaçı Sadıq oğlunun apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)- 2508/2021 saylı qətnaməsi qismən ləğv edilsin. Cavabdehndən iddiaçının xeyrinə 1575 ABŞ dolları (ödəniş gününə olan məzənnə ilə) tutulsun. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar