Məhkəmə qərarları › İş №2(103)-9590/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9590/2021

15.11.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9590/2021 15.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Vəfaddin Ələm oğlu İbayev (sədrlik edən və məruzəçi), Şeyda Ədalət qızı Məhərrəmova və Rəşad Məhəmməd oğlu Həsənovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Şirinova Səbinə Eldəniz qızının katibliyi, iddiaçı İddiaçı, onun nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “əmək haqqının, kompensasiyasının, işlə təmin olunmadığı və dövlət tərəfindən ayrılan birdəfəlik müavinətin verilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3137/2021saylı, 10.08.2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən e t d i: İddiaçı Cavabdehnə qarşı “əmək haqqı, işlə təmin olunmagı və birdəfəlik müavinatın verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMCdən işlədiyi müddət ərzində əmək haqqının hesablanaraq ödənilməsi, kompensasiyanın və işlə təmin olunmağı və dövlət tərəfindən ayrılan birdəfəlik müavinətin verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 10.11.2018-ci il tarixdən halhazıra kimi Cavabdeh MMC-də 40 nömrəli xətt maşurutunda sürücü vəzifəsində çalışır. Belə ki, ilk dəfə Cavabdeh MMC-də əmək müqaviləsi hazırlanan zaman ondan yalnız məhkumluq barədə arayış, narkoloji dispanserdən arayış şəxsiyyət və sürücülük vəsiqəsinin surəti tələb olunmuşdur. Ona müqavilənin şərtləri ümumiyyətlə izah olunmamışdır. Rəsmi müqaviləni ümumiyyətlə görməmişdir. Belə ki, Respublikada baş vermiş pandemiyadan sonra məlum olmuşdur ki, cavabdeh tərəfindən ona aylıq əmək haqqı yazılmışdır. Əmək müqaviləsi olduğu üçün ona dövlət tərəfindən birdəfəlik maddi yardım verilməmişdir. Sonradan əmək haqqını cavabdeh tərəfdən dəfələrlə tələb etməyinə baxmayaraq cavabdeh pulu ödəməkdən imtina etmişdir. Bununla əlaqədar olaraq aidiyyəti üzrə aidiyyəti orqanlara və DƏM-nə rəsmi müraciət etmişdir. DƏM-tərəfindən verilmiş rəsmi cavabda göstərilir ki, son haqq hesabı cavabdeh tərəfindən ödənilməlidir. Lakin buna baxmayaraq cavabdeh orqan əmək haqqını ödəməkdən imtina edir. Əmək müqaviləsi qüvvədə olmasına baxmayaraq cavabdeh onu işə buraxmır. Nəticədə hüquqlarının qorunması məqsədi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3137/2021saylı, 10.08.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdehnə qarşı “əmək haqqı, işlə təmin olunmagı və birdəfəlik müavinatın verilməsi” tələbinə dair iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3137/2021saylı, 10.08.2021-ci il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı, onun nümayəndəsi və vəkili X5 çıxışında apellyasiya şikayətini müdafiə edərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 3137/2021saylı, 10.08.2021-ci il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Onlar həmçinin qeyd etmişlər ki, İddiaçı 10.11.2018-ci ildən Cavabdehndə sürücü işləmiş, lakin rəsmi olaraq ona əmək haqqı ödənilməmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəfin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 oktyabr 2021-ci il tarixli iclasında Cavabdehin nümayəndəsi X1 çıxışında apellyasiya şikayətinə etiraz edərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3137/2021saylı, 10.08.2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. O, həmçinin göstərmişdir ki, İddiaçı 2018-ci ilin son aylarından Cavabdeh MMC-də avtobus sürücüsü vəzifəsində işləmiş, onunla əmək müqaviləsi bağlanılıb-bağlanılmamasından məlumatı yoxdur. 2020ci ilin fevral ayının 20-də İddiaçı ilə əmək müqaviləsi bağlanılması barədə bildiriş sistemə daxil edilmiş və əmək haqqının 350 manat olması qeyd olunmuşdur. Faktiki olaraq avtobus sürücüləri işə çıxdığı günlərdə sərnişinlərdən topladıqları müəyyən edilmiş məbləğdə pulu ödəniş kimi MMC-nin kassasına keçirmiş, qalan pulu isə əmək haqqı kimi özlərində saxlamışlar. Sürücülərlə əmək haqqının ödənilməsini tənzimləyən hər hansı təlimat, əmr vəs mövcud olmasından xəbəri yoxdur. Pandemiya ilə əlaqədar İddiaçı da işə çıxmamış və ona məlum olduğuna görə o, işdən kənarlaşdırılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Hazırkı şikayət birinci instansiya məhkəməsi qətnaməsinin tam ləğv olunmasına yönəldiyinə görə qətnamənin əsaslılığı bütövlükdə yoxlanılmalıdır. İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi ona istinad etmişdir ki, o, 10.11.2018-ci il tarixdən 25 avqust 2021ci il tarixə kimi Cavabdeh MMC-də sürücü işləmiş, onunla əmək müqaviləsi bağlanması haqqında ona məlumat verilməmiş və müqavilə ilə tanış olmamışdır. İşlədiyi müddətdə ona əmək haqqı verilməmişdir. “Elektron-Hökumət” portalı üzərindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sistemində “əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işə götürənə məlumatın verilməsi” e-xidmətindən olan 22.02.2020-ci il bildirişindən görünür ki, Cavabdeh MMC onunla müddətsiz müqavilə bağlamış və əmək haqqı 350 manat göstərilmişdir. Ona görə də əmək haqqının və son haqq-hesabı cavabdeh tərəfindən ona ödənilməlidir. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İddiaçı ünvanladığı 29 iyun 2021-ci il tarixli məktub ilə müəyyən edilir ki, həmin xidmətin müraciətinə CavabdehMMC cavab olaraq bildirmişdir ki, İddiaçı 40 saylı maşrut xəttində sürücü işləməsinə görə cəmiyyət tərəfindən əmək haqqı və digər ödənişlər ödənilməmişdir (iş vərəqə 32). Azərbaycan Respublikasının Əmək və Əhalinin sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhər İdarəsinin 06 may 2021-ci il tarixli məktubu ilə müəyyən edilir ki, X8 və digərlərinin əmək müqaviləsinə "xxxx" MMC tərəfindən xitam verilsə də onlara son haqqhesab ödənilməmişdir (iş vərəqə 8). Azərbaycan Respublikasının Əmək və Əhalinin sosial Müdafiəsi Nazirliyinin 01 iyun 2021-ci il tarixli məktuubu ilə müəyyən edilir ki, X4 aid müvafiq sənədlərin təqdim olunması üçün Cavabdeh MMC-yə məktub göndərilmiş, lakin işə götürən tərəfindən məktuba cavab verilməmişdir... Tələb olunan sənədlərin təqdim olunmasına köməklik göstərilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinə müraciət olunmuşdur. (iş vərəqə 17). Apellyasiya baxışı zamanı Cavabdeh MMC-yə İddiaçı MMC-də sürücü işləməsi və əmək haqqının ödənilməsi barədə sənədlərin surətinin məhkəməyə göndərilməi barədə sorğu verilsə də, həmin sorğuya cavab verilməmişdir. Beləliklə mülki işin materialları ilə X3 10.11.2018-ci il tarixdən Cavabdeh MMC-də sürücü işləməsinə baxmayaraq əmək haqqı və son haqq-hesabı almaması sübuta yetirilir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin İddiaçı tərəfindən məhkəməyə müraciət etmə müddətinin ötürülməsi barədə qənaəti ilə razılaşmır. Belə ki, mülki işdə İddiaçı işdən azad olunmasına dəlalət edən sübut mövcud olmadığına görə o əmək haqqını tələb etmək hüququna malik olmuşdur. Məhkəmə kollegiyası maddi hüquq normaları kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin aşağıdakı maddələrinə istinad edilməsini zəruri hesab edir: Maddə 154. Əmək haqqı

1. Əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.

2. Bu Məcəllənin 16-cı maddəsində nəzərdə tutulmuş ayrı-seçkiliyə yol verilməməsi prinsiplərini pozaraq işçilərin əmək haqqı məbləğinin hər hansı şəkildə azaldılması və onlara dövlətin müəyyən etdiyi minimum əmək haqqı miqdarından az əmək haqqı verilməsi qadağan edilir. Maddə 155. Əmək haqqının minimum məbləği

1. İşçinin heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır.

2. Minimum əmək haqqı — iqtisadi, sosial şərait nəzərə alınmaqla qanunvericiliklə ixtisassız əməyə və xidmətə görə aylıq əmək haqqının ən aşağı səviyyəsini müəyyən edən sosial normativdir.

3. Aylıq iş vaxtı normasını işləmiş və əmək funksiyasını yerinə yetirmiş işçinin aylıq əmək haqqı dövlət tərəfindən müəyyən edilmiş minimum əmək haqqı məbləğindən aşağı ola bilməz.

4. Kollektiv müqavilələrdə, sazişlərdə qanunvericiliklə müəyyən olunmuş minimum əmək haqqından daha yüksək məbləğ nəzərdə tutula bilər.

5. Əmək haqqı sistemi ilə nəzərdə tutulan mükafatlar, əmək haqqına əlavələr, artımlar, habelə iş vaxtından kənar vaxtlarda görülən işlərə görə verilən ödəmələr və digər ödənclər minimum əmək haqqının məbləğinə daxil edilmir.

6. Minimum əmək haqqının məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 156. Əməyinin ödənilməsi və onun dərəcələrinin müəyyən edilməsi

1. Əmək haqqı, əmək müqaviləsi ilə müəyyən edilmiş məbləğdən, habelə bağlanmış kollektiv müqavilədə nəzərdə tutulan tarif (vəzifə) maaşları əsasında müəyyən edilən məbləğdən az olmayaraq ödənilir.

2. Yerinə yetirilmiş işlərin müvafiq tarif (ödəniş) dərəcələrinə aid edilməsi, işçilərə peşə (vəzifə) adlarının və tarif (ödəniş) dərəcələrinin müəyyən edilməsi qüvvədə olan tarifixtisas sorğu kitabçalarına uyğun olaraq həyata keçirilir.

3. Əmək normalarını daha yüksək səviyyədə və keyfiyyətlə yerinə yetirən işçilərin ixtisas dərəcəsi birinci növbədə və ya işəgötürənin mülahizəsi ilə növbədənkənar artırılır.

4. Azı 3 ay daha yüksək dərəcə üzrə işləmiş və ya ixtisas imtahanlarını vermiş işçinin ona yüksək ixtisas dərəcəsi verilməsini işəgötürəndən tələb etmək hüququ vardır. İşçilərin bu tələbi işəgötürən tərəfindən təmin olunmalıdır.

5. İstehsal, texnologiya intizamının pozulmasına və məhsulun keyfiyyətinin pisləşməsinə səbəb olan ciddi pozuntulara yol verən işçinin ixtisası bir dərəcə aşağı salına bilər. İşçinin aşağı salınan dərəcəsi ümumi qaydada, lakin aşağı salındıqdan ən azı 3 ay sonra artırıla bilər.

6. Əməyinin ödənilmə dərəcəsi aşağı salınmış işçinin əvvəlki dərəcəsi ən azı 3 aydan sonra müsbət nəticələr əldə edildiyi halda bərpa edilə bilər.

7. İşəgötürən həmkarlar ittifaqları təşkilatının iştirakı ilə işçilərin müəyyən olunmuş qaydada attestasiyasını keçirməklə attestasiyanın nəticələrinə əsasən işçilərin əməyinin ödənilmə dərəcələrini müəyyən edilmiş hüdudlarda artırmaq və ya aşağı salmaq hüququna malikdir. Maddə 157. Əməyin ödənilməsi sistemi və növləri

1. İşçilərin əməyi vaxtamuzd, işəmuzd və əməyin ödənilməsinin digər sistemləri ilə ödənilir. Əməyin ödənilməsi işin fərdi və kollektiv nəticələrinə görə aparıla bilər.

2. Əmək müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsində, istehsalın səmərəliliyinin və işin keyfiyyətinin artırılmasında işçilərin maddi marağını gücləndirmək məqsədi ilə mükafatlandırma, o cümlədən il ərzində işin yekunlarına görə mükafat və maddi həvəsləndirmənin digər formaları tətbiq edilə bilər. Maddə 160. Müxtəlif işlər üzrə əmək funksiyası yerinə yetirilərkən əməyin ödənilməsi

1. Vaxtamuzd işçi eyni zamanda müxtəlif işlər, vəzifələr, peşələr və ya ixtisas dərəcələri üzrə əmək vəzifələrini yerinə yetirdikdə, habelə müəyyən edilmiş normalardan artıq dəzgaha, maşına, aparata xidmət etdikdə, onun əməyi daha yüksək haqq verilən ixtisas (peşə) dərəcələri, tarif (vəzifə) maaşları üzrə ödənilir və əmək haqqına əlavə müəyyən edilir.

2. İşəmuzd işçilərin əməyi görülən işin işəmuzd qiymətləri üzrə ödənilir. Təsərrüfat subyektinin hər hansı sahəsində işçilərə verilmiş ixtisas (peşə) dərəcələrdən aşağı tarif müəyyən edilmiş işlərin istehsalat xarakterinə görə işəmuzd işçilərə tapşırılarsa, həmin işləri yerinə yetirən işçilərə dərəcələr arasındakı fərq ödənilir. Əgər işçi hasilat normasını yerinə yetirərsə, lakin onun ixtisas dərəcəsi ilə yerinə yetirilən işin dərəcəsi arasında ən azı 2 dərəcə fərq olarsa, ona həmin dərəcələr arasındakı fərq ödənilir.

3. Dərəcələrarası fərqin məbləği, müxtəlif peşələr (vəzifələr) üzrə işlər yerinə yetirilərkən, habelə əlavə dəzgah və qurğulara xidmətə görə yüksək əmək haqqı məbləğinin müəyyən edilməsi və onun ödənilməsi şərtləri kollektiv müqavilələrlə, əmək müqavilələri ilə müəyyən edilir. Kollektiv müqavilənin bağlanmadığı hallarda isə bu, işəgötürənlə həmkarlar ittifaqları təşkilatı tərəfindən müəyyən edilir. Maddə 173. İşçilərin haqq-hesab sənədləri

1. İşəgötürən əmək haqqının hesablanması, ödənilməsi və ondan tutulmaların aparılması barədə bütün mühasibat hesablamaları əks etdirilən işçilərin haqq-hesab sənədlərini (kitabçalarını, vərəqələrini, çeklərini) tərtib edir.

2. İşçilərin haqq-hesab sənədlərində (kitabçalarında, vərəqələrində, çeklərində) aşağıdakı məlumatlar göstərilir: hesablanmış əmək haqqının ümumi məbləği; əmək haqqına əlavələr, mükafatlar, habelə digər ödənclər, onların növü və məbləğləri; əmək haqqından tutulan məbləğlər — tutulmanın adı, növü, səbəbi və məbləği; faktik ödənilən məbləğ; tərəflərin birinin digərinə ödənilməmiş pul borcu və onun məbləği.

3. Haqq-hesab sənədləri (kitabçaları, vərəqələri, çekləri) onları tərtib edən mühasib tərəfindən imzalanır və hər dəfə əmək haqqı verilərkən işçiyə təqdim edilir.

4. Bu maddə ilə müəyyən edilmiş əmək haqqının hesablanması, ödənilməsi və ondan tutulmaların aparılması barədə bütün mühasibat hesablamaları kompüter proqramları vasitəsilə də aparıla bilər. Hər dəfə əmək haqqı verilərkən işçinin tələbi ilə o, kompüter yaddaşında saxlanılan bu hesablamalarla tanış edilir. Bu məlumatlar işçinin xahişi ilə çap edilib ona verilə bilər. Maddə 174. Əmək haqqının verilmə yeri, forması və ödənilmə vahidi

1. Əmək haqqı, bir qayda olaraq, işin icra olunduğu iş yerində verilir.

2. Əmək haqqı işçinin istəyi ilə onun bankdakı hesabına köçürülə və ya müvafiq ünvana göndərilə bilər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin əmək haqqı və son-haqq-hesabın ödənilməsi barədə tələbi əsaslı, “kompensasiyasının, işlə təmin olunmadığı və dövlət tərəfindən ayrılan birdəfəlik müavinətin verilməsi” tələbini isə əsassız hesab edir. Ona görə apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən əmək haqqı və son-haqq-hesabın ödənilməsi hissəsində təmin olunmalı, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3137/2021saylı, 10.08.2021-ci il tarixli qətnaməsi qismən - əmək haqqı və son-haqq-hesabın ödənilməməsi hissəsində ləğv edilməli, həmin hissədə iddia tələbi təmin olunmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q ə t e t d i:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3137/2021saylı, 10.08.2021ci il tarixli qətnaməsi qismən - əmək haqqı və son-haqq-hesabın ödənilməsinin təmin olunmaması hissəsində ləğv, həmin hissədə iddia tələbi təmin edilsin. Cavabdeh MMC-dən İddiaçı xeyrinə 10.11.2018-ci il tarixdən 31 may 2021-ci il tarixə (iddia tələbi ilə məhkəməyə müraciət olunan tarixə) kimi hər ayda 350 manat olmaqla əmək haqqı və son haqq-hesab tutulmaqla İddiaçı ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Vəfaddin İbayev

Hakimlər: Rəşad Həsənov

Şeyda Məhərrəmova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar