Məhkəmə qərarları › İş №2(103)-9597/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9597/2021

16.11.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr - Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9597/2021 16.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, Cavabdeh oglunun iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-899/2021 saylı, 28 iyul 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı qızıl-zinyət əşyalarının və ya onların dəyərinin geri qaytarılmasına və aliment tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh toy hədiyyəsi olaraq ona hədiyyə edilən dəyəri 3000 manat, çəkisi 30 qram olan 750 əyarlı qızıldan hazırlanan brilyant qaşlı boyunbağı, bilərzik, üzük, bir cüt sırğadan ibarət dəstin, dəyəri 500 manat, çəkisi 5 qram olan 750 əyarlı qızıldan hazırlanan platin üzərində tək brilyant qaşı olan üzüyün, dəyəri 500 manat, çəkisi 5 qram olan 750 əyarlı qızıldan hazırlanan üzüyün, dəyəri 550 manat, çəkisi 5 qram olan 525 əyarlı qızıldan hazırlanan bir ədəd beşliyin və ya bu əşyaların dəyərinin alınaraq ona verilməsinə, 25.03.2019-cu il təvəllüdlü X3 üç yaşına çatana kimi uşağa baxmasına görə hər ay 190 manat sabit pul məbləğində alimentin cavabdehdən onun xeyrinə tutulmasına dair dair qətnamə qəbul edilməsini xahiş edir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 06.01.2018-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahlarından 25.03.2019-cu il təvəllüdlü X6 anadan olmuşdur. Toy hədiyyəsi olaraq ona dəyəri 3.000 manat, çəkisi 30 qram olan 750 əyarlı qızıldan hazırlanan brilyant qaşlı boyunbağı, bilərzik, üzük, bir cüt sırğadan ibarət dəst, dəyəri 500 manat, çəkisi 5 qram olan 750 əyarlı qızıldan hazırlanan platin üzərində tək brilyant qaşı olan üzük, dəyəri 500 manat, çəkisi 5 qram olan 750 əyarlı qızıldan hazırlanan üzük, dəyəri 550 manat, çəkisi 5 qram olan 525 əyarlı qızıldan hazırlanan beşlik hədiyyə edilmişdir. Cavabdehlə münasibətləri 21.06.2019-cu il tarixdən tamamilə kəsilmiş, nikahları 06.11.2019-cu il tarixdə pozulmuşdur. Cavabdeh gecə saatlarında aralarında olan münaqişədən sonra onu evdən çıxarıb valideynlərinin evinə aparmış, ona hədiyyə verilmiş qızıl-zinət əşyalarını ondan almışdır. Cavabdeh onu mənzildən çıxardıqdan sonra onu mənzilə buraxmamış, yalnız 10 gündən sonra mənzilin açarını ona vermiş, həmin vaxt mənzildə heç bir əşya qalmamış, bütün əşyalar cavabdeh tərəfindən aparılmışdır. Dəfələrlə tələb etməsinə baxmayaraq cavabdeh ona məxsus qızılzinyət əşyalarını ona qaytarmamışdır. Nikahları pozulduqdan sonra onun himayəsində saxlanılan 25.03.2019-cu il təvəllüdlü X6 autizim xəstəliyindən əziyyət çəkdiyindən o, işləyə bilmir. Cavabdeh isə övladının müalicəsində iştirak etmir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-899/2021 saylı, 28 iyul 2021-ci il tarixli qətnaməsi ilə iddia ərizəsinin qismən təmin edilməsi, dəyəri 2.850 manat olan 750 əyarlı 30 qram çəkidə boyunbağı, bilərzik, üzük, bir cüt sırğadan ibarət brilyant qaşlı dəstin, dəyəri 375 manat olan 525 əyarlı 5 qram çəkidə bir ədəd beşliyin, dəyəri 475 manat olan 750 əyarlı 5 qram çəkidə üzüyün, dəyəri 475 manat olan 750 əyarlı 5 qram çəkidə brilyant qaşlı üzüyün, icra vaxtı həmin əşyalar olmadığı halda isə onların dəyərinin Cavabdeh alınaraq İddiaçı verilməsi, 19.10.2020-ci il tarixdən hesablanmaqla 25.03.2019cu il təvəllüdlü X3 3 yaşı tamam olanadək, yəni 25.03.2022-ci il tarixədək İddiaçı görə hər ay 50 manat alimentin Cavabdeh İddiaçı xeyrinə tutulması, Cavabdeh dövlət rüsumuna görə 30 manat, ekspertiza tədqiqatının dəyərinə görə 100 manat olmaqla cəmi 130 manatın dövlət nəfinə tutulması, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi, qətnamənin alimentlə bağlı hissədə dərhal icra edilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 899/2021 saylı, 28 iyul 2021-ci il tarixli qətnaməsinin qızıl-zinyət əşyalarına dair hissəsi prosessual hüquq və normaların pozulması ilə qəbul edildiyi üçün əsassızdır. Məhkəmə tətqiq olunan sübutlara məcmu halında qiymət verib nəticəyə gəlir ki, iddiaçı ona hədiyyə olunan qızıl-zinyət əşyalaraının cavadehdə olmasını sübuta yetirdiyindən qətnamə qəbul edilməlidir. Halbu ki, iddiaçı qətnamədə qeyd olunan mənzildən getdikdən sonra həmin mənzildə onun heç-bir əşyası qalmamışdır. Eyni zamanda iddiaçı tərəfindən verilən izahatda da bildirilir ki, faktiki olaraq ayrıldıqdan sonra bir müddət mənzilin açarları onda olmuşdur. Əşyaların bir neçəsinin götürüb digərlərinin həmin mənzildə saxlamasıda əsaslı şübhələr doğurur. Cavabdeh tərəfindən açarlar mənzil boşaldılmadan ona qaytarılması mümkün deyildir. Məhkəmə qızıl-zinyət əşyalarının cavabdehdə olmasına dair iddianı təmin edən zaman iddiaçının sübut etməli halları qətnamədə cavabdehin sübut etməli olduğunu qeyd edir. Məhkəmə araşdırması zamanı hər bir tərəf istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin isə mövqeyi tam fərqli olmuşdur. Belə ki, iddiaçı mübahisə predmeti olan qızıl-zinyət əşyalarını evdən gedərkən götürməməsinə dair heç bir sübut təqdim etməmişdir. Əvvəl iddiaçı sübut etməli idi ki, qızıl-zinyət əşyalan evdə qalıb, o zaman artıq cavabdeh əksini sübut etməli idi. Baxılan iş üzrə iddia tələbinin tam təmin olunması üçün iddiaçının tələb etdiyi əmlakların mövcudluğu, nikaha daxil olanadək ona mənsub olduğu və ya hədiyyə edildiyi, həmçinin tələb olunan əşyaların iddia ərizəsində göstərilən dəyərdə olduğu və hal-hazırda cavabdehin qanunsuz sahibliyində olduğu sübuta yetirilməlidir. İddiaçının təqdim etdiyi fotoşəkillər özü-özlüyündə tələb edilən əşyaların cavabdehdə olduğunu və göstərilən dəyərdə olduğunu təsdiq edən birmənalı sübut kimi qəbul oluna bilməz. Cavabdehin yaşadığı mənzildə hansı əşyaların qaldığını sübut etmək yükü iddiaçı tərəfinin üzərindədir.Tələb olunan qızıl-zinyət əşyalarının cavabdehin yaşadığı evdə qalıb-qalmadığının müəyyən edilməsi baxımından iddiaçının evdən getdiyi şərait xüsusi əhəmiyyətə malikdir. Apelyasiya şikayətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-899/2021 saylı, 28 iyul 2021-ci il tarixli qətnaməsinin qismən, yəni iddia tələbinin dəyəri 2.850 manat olan 750 əyarlı 30 qram çəkidə boyunbağı, bilərzik, üzük, bir cüt sırğadan ibarət brilyant qaşlı dəst, dəyəri 375 manat olan 525 əyarlı 5 qram çəkidə bir ədəd beşlik, dəyəri 475 manat olan 750 əyarlı 5 qram çəkidə brilyant qaşlı üzük, icra vaxtı həmin əşyalar olmadığı halda isə onların dəyəri Cavabdeh alınaraq İddiaçı qızna verilməsi hissisinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə məhkəmə iclasında baxılmasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən İddiaçı iştirаkı оlmаdаn mülki işə baxılmasını mümkün hesab etmişdir. Apelyasiya məhkəməsinin iclasında, Cavabdeh verdiyi apelyasiya şikayətini müdafiə etdiyini bildirdi və apelyasiya şikayətinin dəlillərinə üyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-899/2021 saylı, 28 iyul 2021-ci il tarixli qətnaməsinin qismən, yəni iddianın tələbinin dəyəri 2.850 manat olan 750 əyarlı 30 qram çəkidə boyunbağı, bilərzik, üzük, bir cüt sırğadan ibarət brilyant qaşlı dəst, dəyəri 375 manat olan 525 əyarlı 5 qram çəkidə bir ədəd beşlik, dəyəri 475 manat olan 750 əyarlı 5 qram çəkidə brilyant qaşlı üzük, icra vaxtı həmin əşyalar olmadığı halda isə onların dəyərinin alınaraq İddiaçı qızna verilməsi hissisinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin Azərbaycan Republikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda Cavabdeh apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qalaraq, qətnamənin qismən, yəni qızıl-zinət əşyaları tələbinə dair hissədə ləğv edilməsini xahiş etməklə, qətnaməni qismən mübahisələndirmişlər. Оna görə də məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni mübahisələndirilən hissədə yоxlanılmalıdır. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara əsaslanaraq iddianın qızıl-zinət əşyaları ilə bağlı hissəsində belə nəticəyə gəlmişdir ki, Cavabdeh iddiaçıya hədiyyə olunan qızıl-zinət əşyalarının iddiaçı tərəfindən aparılmasını bildirsə də, etirazında istinad etdiyi bu halı sübuta yetirə bilməmişdir və gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan Cavabdeh qətnamənin qızıl-zinət əşyaları ilə bağlı hissəsində ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Cavabdeh izahat dinləyib, apelyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini nəzərə almaqla mülki iş materiallarının tədqiqindən aşağıdakı sübutları müəyyən etmişdir. İş materiallarında olan, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4763/2019 saylı, 06 noyabr 2019-cu il tarixli qətnaməsindən çıxarışdan görünür ki, iddia tələbi təmin edilərək İddiaçı ilə Cavabdeh arasında 06.01.2018-ci il tarixdə 1 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində 25 nömrəli akt qeydinə əsasən bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahlarından olan 25.03.2019-cu il təvəllüdlü X3 anası İddiaçı yanında saxlanması, 09.07.2019-cu il tarixdən başlayaraq 25.03.2019-cu il təvəllüdlü X1 üçün hər ay 160 manat sabit pul məbləğində alimentin Cavabdeh İddiaçı xeyrinə tutulması qət edilmişdir.(İ.vər. 10) Birinci instansiya məhkəməsində şahid qismində dindirilniş X4 ifadəsində göstərmişdir ki, bacısı İddiaçı 21.06.2019-cu il tarixdə gecə saat birdə uşağı ilə onlara gələrkən qızılları özündə olmamış, o, yalnız uşağını götürüb mənzildən çıxa bilmişdir. Günel iki gün sonra əşyalarını götürmək üçün mənzilinə getmiş, Elman Güneli mənzildən qovmuşdur. 10 gün gözlədikdən sonra Elman mənzili boşaldaraq mənzilin açarını Günelə vermişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilniş X2 ifadəsində göstərmişdir ki, qızı İddiaçı 21.06.2019-cu il tarixdə gecə saat birdə uşağı ilə birlikdə onların evinə gələrkən Elmanın onunla mübahisə etməsini, ona görə uşağını götürüb, gecə yarısı heç bir əşyasını götürmədən evdən çıxmalı olmasını demişdir. Günel iki gün sonra əşyalarını götürmək üçün mənzilinə getmiş, lakin Elman Güneli mənzildən qovmuşdur. 10 gündən sonra Elman onların evinin açarını onlara vermiş, həmin vaxt mənzildə olan bütün əşyaları Elman aparmışdır. Günelə toy hədiyəsi olaraq brilyant qaşlı bir cüt sırğa, bir ədəd qolbaq, sepdən ibarət qızıl dəsti, nişan və həri üzüyü, 5-lik hədiyyə olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 31 may 2021-ci il tarixli, 9\2616 saylı ekspert rəyindən görünür ki, 750 əyarlı 30 qram çəkidə olan brilyant qaşlı dəstin (boyunbağı, bilərzik, üzük, bir cüt sırğadan ibarət) qiyməti 2.850 manat, 525 əyarlı 5 qram çəkidə beşliyin qiyməti 375 manat, 750 əyarlı 5 qram çəkidə üzüyün qiyməti 475 manat, 750 əyarlı 5 qram çəkidə brilyant qaşlı üzüyün qiyməti 475 manat təşkil edir. İddia ərizəsində adları sadalanan qızıl-zinət əşyalarının nəzəri qaydada hazırkı orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 4.175 manat müəyyən edilir. Zərgərlik məlumatlarının üzərində olan brilyant qaşlarının qiymətini müəyyən etmək üçün həmin brilyant qaşlara baxış keçirmədən onların keyfiyyətini müəyyən etmək mümkün olmadığından brilyant qaşlar üzrə qiymətləndirmə aparılmamışdır.(İ.vər. 73 - 74) Məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Cavabdeh öz tələblərinin əsası kimi istnad etdiyi hallarla bağlı mötəbər sübutları iş materiallarına əlavə etmədiyindən, iddia tələbinin qızıl-zinət əşyaları ilə bağlı hissədə təmin edilməsi nəticəsinə gəlməkdə haqlı оlmuşdur. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157-ci maddəsində (mülkiyyətin müdafiəsi) göstərilir ki, mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etmək kimi hüquqları vardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair 28 noyabr 2018-ci il Qərarında formalaşdırılan hüquqi mövqeyə görə, mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh hədiyyə olunan qızıl-zinət əşyalarının iddiaçı tərəfindən aparılmasını bildirsə də, apelyasiya şikayətində istinad etdiyi bu halı sübuta yetirə bilməmişdir. Belə ki, Cavabdeh özünün birinci instansiya məhkəməsində verdiyi izahatı ilə müəyyən olunmuşdur ki, İddiaçı mənzildən çıxarıldıqdan sonra onların birgə yaşadıqları mənzil cavabdehin istifadəsində olmuş, cavabdeh mənzildə olan əşyaları götürdükdən sonra mənzilin açarlarını iddiaçıya təhvil vermiş, mübahisəli əşyaların iddiaçıda olmasını iddia edən cavabdeh həmin əşyaların iddiaçı tərəfindən götürülməsini görməmiş, bu əşyaların nə vaxt iddiaçı tərəfindən götürlməsini isə cavabdeh bilmir. Həmçinin Cavabdeh apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozmasını qeyd etsə də, həmin pozuntuların nədən ibarət olmasını və məhkəmənin gəldiyi nəticəyə qarşı etdiyi etirazını əsaslandıra bilməmiş, göstərilənlərin məhkəmə qətnaməsindən fərqli olması barədə məhkəmələrə heç bir sübut təqdim etməmişdir. Halbu ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istfadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırılmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§ 93). Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 106.3-ci maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kоllegiyası həmçinin apelyasiya şikayətinin dəlillərini araşdıraraq müəyyən etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi düzgün olaraq iddiaçı tərəfindən təqdim edilmiş sübutlara istinad etmiş və mübahisənin həll edilməsi üçün həmin sübutlardan istifadə etmiş, Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun оlaraq iş üzrə tədqiq оlunmuş sübutlara qanuna müvafiq qiymət vermişdir. Odur ki, məhkəmə kоllegiyası hesab edir ki, iddiaçının apelyasiya şikayətində sadalanan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi üçün əsas оla bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 384.0.1-ci maddəsinin tələbinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə məhkəmə kollegiyası qeyd edilənlərə əsasən apelyasiya şikayətinin dəlilləri üzrə yekun hüquqi dəyərləndirmə apararaq hesab edir ki, apelyasiya şikayəti faktlar nöqteyi-nəzərdən qanuni və əsaslı olan birinci instansiya məhkəməsinin gəldiyi nəticənin ləğv və ya dəyişdirilməsi üçün əsas ola bilməz və formal mülahizələrdən ibarətdir. Buna görə də apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh oglu tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-899/2021 saylı, 28 iyul 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar