Məhkəmə qərarları › İş №2(103)-96/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-96/2024

26.02.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-96/2024 26.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ iş № 2(103)-96/2024 (Açar sözlər: qeyri-qanuni tikilinin sökülməsi) Bakı şəhəri, 26 fevral 2024-cü il Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Şirinova Səbinə Eldəniz qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə və Cavabdeh iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “qeyri-qanuni tikilinin sökülməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-103/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı: a) Birinci instansiya məhkəməsində icraat:

1. İddiaçı MMC Cavabdeh qarşı “qeyri-qanuni tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ünvan 1 ünvanda İddiaçı MMC-yə məxsus 1 ədəd rabitə dirəyi və yeraltı rabitə qurğularının üzərində cavabdeh tərəfindən inşa olunmuş qeyri-qanuni tikilinin (əlavə tikili) sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı-Telefon şəbəkəsində iri telefon operatorlardan biri olan müəssisələri özünün 424/436/464/465/480/489/490/496 indeksli ATS-ləri vasitəsilə Bakı şəhərinin Qara Şəhər, Şərq Bazarı, Gənclik, Montin, NZS və UPD qəsəbələri, Yasamal rayonunun bir hissəsi və bir sıra digər bölgələrində 50000-ə yaxın iş və ev abunəçilərinə müasir telli telefon rabitəsi xidmətini göstərməkdədir. Belə ki, 07 yanvar 2021-ci il tarixdə Cavabdeh şirkətlərinə ərizə ilə müraciət edərək ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin qarşısında İddiaçı MMC-yə məxsus rabitə dirəyinin yerinin dəyişdirilməsini xahiş etmişdir. İddiaçı MMC-nin mütəxəssisləri əraziyə baxış keçirərkən məlum olmuşdur ki, cavabdeh tərəfindən ünvan 2 ünvanda fərdi yaşayış evinin qarşısında əlavə tikilinin inşaasına başlamış və nəticədə İddiaçı MMC-yə məxsus 1 ədəd rabitə dirəyinə giriş məhdudlaşdırılmışdır. Həmçinin çoxsaylı abunəçiləri rabitə xidmətləri ilə təmin edən yeraltı rabitə qurğuları və rabitə kabelləri tikilinin daxilində qalmışdır. Nəticədə rabitə qurğularına giriş məhdudlaşdırılmışdır və çoxlu sayda əhali, müəssisə və təşkilatlara göstərilən rabitə xidmətləri təhlükə altında qalmışdır. Bununla əlaqədar İddiaçı MMC-nin sahə rəisi və mühəndisi yerli baxış keçirərək 23 dekabr 2020-ci il tarixində Akt tərtib etmişlər. Həmçinin bildirilmişdir ki, bu tikinti işləri aparmaqla içindən müxtəlif tutumlarda abunəçilərə xidmət göstərən çox sayda kabellərin keçdiyi kanalları təhlükə altında qoyur və bu da qəza vəziyyəti yarandığı zaman çox sayda ev və iş abunəçilərin rabitəsiz qalması ilə nəticələnir. Eyni zamanda müəssisələri tərəfindən Hüq/641 saylı, 24 dekabr 2020-ci il tarixli bildiriş göndərilərək cavabdehdən yeraltı rabitə qurğularının mühafizəsi zonasındakı işlərin dayandırılması və yeraltı rabitə qurğularının üzərində inşa etdikləri tikilinin sökülməsini və rabitə qurğularının mühafizə zonasının boşaldılmasını tələb edilmişdir. Lakin cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq qeyri-qanuni tikintinin sökülməsini və rabitə qurğularının mühafizə zonasının boşaldılmasını təmin etməmişdir. Həmçinin cəmiyyətləri ilə abunəçilər arasında bağlanmış müqavilənin şərtlərinə görə, abunəçilərə müxtəlif telekomunikasiya xidmətlərini göstərməyi və bu xidmətləri maneəsiz və qüsursuz işləməsini təmin etməyi öz öhdələrinə götürmüşlər. Lakin cavabdehin qeyri-qanuni hərəkətləri nəticəsində İddiaçı MMC-nin ünvan 2 ünvanda fərdi yaşayış evinin qarşısında əlavə tikili inşa edərək İddiaçı MMC-yə məxsus kabelkanalizasiya qurğularının təhlükə altına düşməsi nəticəsində adı çəkilən ərazidə telekomunikasiya xidmətlərindən istifadə edən abunəçilərin və həmçinin cəmiyyətlərinin hüquqları kobud şəkildə pozulmuşdur.

3. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-103/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia tələbinin rədd edilməsi qət edilmişdir (hakim: İlahə Abbasova).

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

4. Həmin qətnamədən iddiaçı tərəfindən aprellyasiya şikayəti verilmiş və qətnamənin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş olunmuşdur.

5. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 07 yanvar 2021-ci il tarixdə Cavabdeh şirkətlərinə ərizə ilə müraciət edərək ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin qarşısında İddiaçı MMC-yə məxsus rabitə dirəyinin yerinin dəyişdirilməsini xahiş etmişdir. İddiaçı MMC-nin mütəxəssisləri əraziyə baxış keçirərkən məlum olmuşdur ki, cavabdeh tərəfindən ünvan 2 ünvanda fərdi yaşayış evinin qarşısında əlavə tikilinin inşasına başlamış və nəticədə İddiaçı MMC-yə məxsus 1 ədəd rabitə dirəyinə giriş məhdudlaşdırılmışdır. Həmçinin çoxsaylı abunəçiləri rabitə xidmətləri ilə təmin edən yeraltı rabitə qurğuları və rabitə kabelləri tikilinin daxilində qalmışdır. Nəticədə rabitə qurğularına giriş məhdudlaşdırılmışdır və çoxlu sayda əhali, müəssisə və təşkilatlara göstərilən rabitə xidmətləri təhlükə altında qalmışdır. Bununla əlaqədar İddiaçı MMC-nin sahə rəisi və mühəndisi yerli baxış keçirərək 23 dekabr 2020-ci il tarixində Akt tərtib etmişlər. Həmçinin bildirilmişdir ki, bu tikinti işləri aparmaqla içindən müxtəlif tutumlarda abunəçilərə xidmət göstərən çox sayda kabellərin keçdiyi kanalları təhlükə altında qoyur və bu da qəza vəziyyəti yarandığı zaman çox sayda ev və iş abunəçilərin rabitəsiz qalması ilə nəticələnir. Eyni zamanda, müəssisə tərəfindən Hüq/641 saylı, 24 dekabr 2020-ci il tarixli bildiriş göndərilərək cavabdehdən yeraltı rabitə qurğularının mühafizəsi zonasındakı işlərin dayandırılması və yeraltı rabitə qurğularının üzərində inşa etdikləri tikilinin sökülməsini və rabitə qurğularının mühafizə zonasının boşaldılmasını tələb edilmişdir. Lakin, cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq qeyri-qanuni tikintinin sökülməsini və rabitə qurğularının mühafizə zonasının boşaldılmasını təmin etməmişdir. Həmçinin, cəmiyyətləri ilə abunəçilər arasında bağlanmış müqavilənin şərtlərinə görə, abunəçilərə müxtəlif telekomunikasiya xidmətlərini göstərməyi və bu xidmətləri maneəsiz və qüsursuz işləməsini təmin etməyi öz öhdələrinə götürmüşlər. Lakin, cavabdehin qeyriqanuni hərəkətləri nəticəsində İddiaçı MMC-nin ünvan 2 ünvanda fərdi yaşayış evinin qarşısında əlavə tikili inşa edərək İddiaçı MMC-yə məxsus kabel-kanalizasiya qurğularının təhlükə altına düşməsi nəticəsində adı çəkilən ərazidə telekomunikasiya xidmətlərindən istifadə edən abunəçilərin və həmçinin cəmiyyətlərinin hüquqları kobud şəkildə pozulmuşdur. Məhkəmə iddianı rədd edərkən yalnız iş materiallarında olan xx.xx.2022-ci il tarixli yerli müayinə protokoluna istinad etmişdir. Həmin protokolda göstərilir ki, ünvan 1 ünvanına baxış keçirilərkən müəyyən edilmişdir ki, Cavabdeh tərəfindən ünvan 1 ünvanında inşa edilmiş tikiliyə yaxın İddiaçı MMC-yə məxsus 1 ədəd rabitə dirəyi, evin qarşısında 3 divardan ibarət hörülmüş tikili, həmin tikilinin sağında və solunda isə 2 ədəd telefon xəttlərinə baxış quyusu mövcuddur, həmin quyunun içərisində isə yeraltı rabitə kanalları mövcuddur. Cavabdehin faktiki sahibliyində və istifadəsində olan fərdi yaşayış evi 2 otaqdan ibarətdir və cavabdeh həmin evdə 4 övladı, həyat yoldaşı ilə birlikdə yaşayır. Evin qarşısında tikilmiş mübahisəli tikili 3 divardan ibarət təxminən 5-6 kv.m. sahəsi olan aynabəndir və beton örtüklüdür. Cavabdehin bildirdiyinə görə həmin evi 10 il əvvəl almışdır. O, özü evin qarşısında İddiaçı MMC-yə məxsus rabitə dirəyinin yerinin dəyişdirilməsi ilə bağlı İddiaçı MMC-yə müraciət etmiş və zəruri olan xərcləri də çəkməyə hazır olduğunu bildirərək, həmin dirəyin yerinin dəyişdirilməsini xahiş etmişdir, lakin İddiaçı MMC ona qarşı iddia qaldırmışdır. Baxış zamanı iştirak etmiş İddiaçı MMC-nin Xətt xidməti bölməsinin mühəndisi Vüqar Dadaşov bildirmişdir ki, tikilinin olması səbəbindən həmin quyulara və rabitə dirəyinə daxil olmaq maneçilik törətməsə də, quyular arasında olan xəttlərdə birdən nasazlıq baş versə onların üstü sökülməli olduğundan həmin tikili maneçilik törədəcək.Yerində müayinə zamanı müəyyən edilir ki, qeyd edilən quyular və rabitə dirəyi tikilinin xaricində yerləşir və onlara daxil olmaq imkanları məhdudlaşdırılmamışdır. Həmçinin tikilinin daxilinin müayinəsi nəticəsində müəyyən edilir ki, tikili 3 divardan hörülmüşdür, yeri betondur, üzərinə heç bir örtü materialı vurulmamışdır. Cavabdeh bildirmişir ki, hər hansı nasazlıq yaransa həmin nasazlığın aradan qaldırılması üçün yer örtüyünün qazılmasına etiraz etməyəcək. Lakin məhkəmə iş materiallarında olan 15 oktyabr 2021-ci il tarixli və 18 may 2022-ci il tarixli ekspertiza rəylərini görməzdən gəlmişdir. Belə ki, 15 oktyabr 2021-ci il tarixli rəydən görünür ki, ünvan 1 ünvanında inşa edilmiş tikilinin İddiaçı MMC-yə məxsus yeraltı rabitə qurğularının üzərində inşa edildiyini nəzərə alaraq, həmin tikilinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 14 dekabr 227 saylı qərarı ilə təsdiq edilmiş Telekommunikasiya şəbəkələrini, vasitə və qurğularının mühafizə Qaydalarının 2.1.1 bəndinə zidd olaraq inşa edildiyi və tikinti norma və qaydalarının uyğun olmadığı müəyyən edilmişdir. Ekspertin 18 may 2022-ci il tarixli rəyindən isə görünür ki, ünvan 1 ünvanında inşa edilmiş tikili (əlavə tikili-hasar) İddiaçı MMC-yə məxsus 1 ədəd rabitə dirəyi, 2 ədəd telefon baxış quyusu və yeraltı rabitə kanallarına xidmətin göstərilməsinə qismən maneçilik törədir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

6. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

7. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi.

8. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh həmçinin izahatında bildirdi ki, çoxuşaqlı ailəsi olduğundan həmin tikilini yardımçı sahə olaraq inşa etmiş və yüngül konstruksiyalı olduğundan yeraltı rabitə qurğusuna hər hansı zərəri dəyə bilməz. Bundan başqa, sözügədən tikilini inşa edərkən yeralı rabitə qurğularına giriş-çıxış zərurətini də nəzərə almışdır.

Tətbiq edilən hüquq:

9. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.

10. Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinə əsasən mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir.

11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1-ci maddəsinə əsasən, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).

12. Həmin Məcəllənin 11.2-ci maddəsinə əsasən, oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası).

13. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.”

14. Avropa Məhkəməsinin presedentlərindən məlum olur ki, bir sıra qərarlarında Avropa Məhkəməsi belə qənaətə gəlmişdi ki, şəxslərin hətta dövlətə məxsus torpaq sahəsində heç bir icazə almadan inşa etdikləri tikililərə dövlətdən reaksiya olmursa, Avropa Məhkəməsi dövlətin susmaqla həmin tikiliyə şəxsin mülkiyyət hüququnu tanıması kimi qiymətləndirmişdir.

15. “X1rşı” məhkəmə işində (həmin şikayətin verilməsinə əsas - 1993-cü ilin aprelində Türkiyə Ümraniyə şəhər zibilliyində baş vermiş partlayış nəticəsində torpaq sürüşməsi olub. Ətrafdakı özbaşına tikililər sahiblərindən Önər Yıldızın evi uçub, ailə üzvlərindən doqquz nəfər dünyasını dəyişib. Vətəndaş Avropa Məhkəməsinə üz tutub) Avropa Məhkəməsi şikayətçinin dövlət qeydiyyatına alınmamış qanunsuz tikintiyə mülkiyyət hüququ olduğunu bildirərək, qeyd etmişdir ki, “Əgər dövlət 4 il ərzində ərizəçiyə qarşı qanunsuz tikili ilə bağlı heç bir irad bildirməyibsə, onun sökülməsi tələbi ilə məhkəmədə iddia qaldırmayıbsa, deməli, faktiki olaraq ərizəçinin həmin tikiliyə mülkiyyət hüququnu tanıyıb".

16. X3 Məhkəməsi bir daha xatırlatmışdır ki, 1 saylı Protokolun 1-ci maddəsindəki «mülkiyyət» anlayışı müstəqil mənaya malikdir və əmlak sayıla bilən müəyyən hüquqlar və maraqlar da «mülkiyyət hüquqları» hesab edilə bilər və beləliklə, onlar sözügedən müddəanın məqsədləri baxımından «mülkiyyət» sayıla bilər (bax: İatridis Yunanıstana qarşı iş, b. 54; Beyeler İtaliyaya qarşı iş, b. 100). Bu bir həqiqətdir ki, mülkiyyət hüququnun müəyyən olunması və identifikasiya edilməsi milli hüquq sistemi vasitəsilə tənzimlənir və ərizəçi həm tələb etdiyi hüququn dəqiq xarakterini, həm də həmin hüquqdan sərbəst surətdə istifadə etmək imtiyazını müəyyənləşdirməlidir, lakin buna baxmayaraq, Məhkəmə hesab edir ki, istər daxili qanunlar tərəfindən şəxsi marağın «hüquq» kimi tanınmaması, istərsə də bu qanunlar tərəfindən həmin marağın «mülkiyyət hüququ» hesab edilməməsi faktı heç də bu marağın 1 saylı Protokolun 1-ci maddəsinin mənası baxımından müəyyən hallarda «mülkiyyət» hesab edilməsinin qarşısını almır (bax: Tre Traktörer AB İsveçə qarşı iş, b. 53; Van Marle və b. Niderlanda qarşı iş, b. 40).

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

18. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin subutların mümkünlüyünü müəyyən edən 81-ci maddəsi təsbit edir ki, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

19. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Apellyasiya baxışının hədləri:

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

21. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

22. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının apellyasiya şikayətinə əsasən tam yoxlayır.

Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər:

23. iş materiallarında olan Cavabdeh tərəfindən İddiaçı MMCnin baş direktoruna ünvanlanmış 07 yanvar 2020-ci il tarixli ərizənin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh ərizəsində İddiaçı MMC-nin əməkdaşları tərəfindən əraziyə baxış keçirilməsini və telefon dirəyinin yerinin dəyişdirilməsi üçün müvafiq göstəriş verilməsini İddiaçı MMC-nin rəhbərliyindən xahiş etmişdir.

24. İş materiallarında olan İddiaçı MMC-nin baş direktoru tərəfindən Cavabdeh ünvanlanmış məktubun təsdiq edilmiş surətindən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh Bakı şəhəri, Xətai rayonu, Kazımağa Kərimov küçəsi 9/21 ünvanda çox saylı abunəçiləri rabitə xidmətləri ilə təmin edən rabitə qurğularının (o cümlədən 1 ədəd rabitə dirəyi, 2 ədəd telefon baxış quyuları və rabitə kanallarının) üstündə qeyri-qanuni tikintinin dayandırılması və yarımçıq tikilini söküb rabitə qurğularının mühafizə zonasının boşaldılmasını təmin edilməsi barədə məktub ünvanlanmışdır.

25. İş materiallarında olan İddiaçı MMC-nin baş direktoru tərəfindən Cavabdeh ünvanlanmış 24 dekabr 2020-ci il tarixli bildirişin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh ünvan 1 ünvanda İddiaçı MMC-yə məxsus yeraltı rabitə qurğularının üzərində inşa etdiyi qeyri-qanuni tikilinin (Binanın) 3 gün ərzində sökülməsi və rabitə dirəyinin mühafizə zonasının boşaldılmasının təmin edilməsi barədə bildiriş göndərilmişdir.

26. İş materiallarında olan 23 dekabr 2020-ci il tarixli “Rabitə xəttinin pozuntuları haqqında” Aktın təsdiq edilmiş surətindən görünür ki, İddiaçı MMC-nin xətt sahəsinin rəisi, mühəndis və abunəçi Cavabdeh aktı tərtib etmişlər ondan ötrü ki, abunəçi Cavabdeh Kazımağa Kərimov küçəsindəki şəxsi mənzilinin qarşısında əlavə tikinti apararaq İddiaçı MMC-yə məxsus rabitə qurğularının mühafizə qaydalarını pozmuşdur. Cavabdeh aktı imzalamaqdan imtina etmişdir.

27. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 15 oktyabr 2021-ci il tarixli, 10/3496 nömrəli məhkəmə ekspertizasının rəyindən məlum olur ki, ünvan 1 ünvanında inşa edilmiş tikilinin İddiaçı MMC-yə məxsus yeraltı rabitə qurğularının üzərində inşa edildiyini nəzərə alaraq, həmin tikilinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 14 dekabr 227 saylı qərarı ilə təsdiq edilmiş Telekommunikasiya şəbəkələrini, vasitə və qurğularının mühafizə Qaydalarının 2.1.1 bəndinə zidd olaraq inşa edildiyi və tikinti norma və qaydalarının uyğun olmadığı müəyyən edilmişdir.

28. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 18 may 2022-ci il tarixli, 10/1084 nömrəli məhkəmə ekspertizasının rəyindən məlum olur ki, Cavabdeh tərəfindən ünvan 1 ünvanında inşa edilmiş tikili (əlavə tikili-hasar) İddiaçı MMC-yə məxsus 1 ədəd rabitə dirəyi, 2 ədəd telefon baxış quyusu və yeraltı rabitə kanallarına xidmətin göstərilməsinə qismən maneçilik törədir.

29. İş materiallarında olan xx.xx.2022-ci il tarixli yerində müayinə protokolundan görünür ki, ünvan 1 ünvanına baxış keçirilərkən müəyyən edilmişdir ki, Cavabdeh tərəfindən ünvan 1 ünvanında inşa edilmiş tikiliyə yaxın İddiaçı MMC-yə məxsus 1 ədəd rabitə dirəyi, evin qarşısında 3 divardan ibarə hörülmüş tikili, həmin tikilinin sağında və solunda isə 2 ədəd telefon xəttlərinə baxış quyusu mövcuddur, həmin quyunun içərisində isə yeraltı rabitə kanalları mövcuddur. Cavabdehin faktiki sahibliyində və istifadəsində olan fərdi yaşayış evi 2 otaqdan ibarətdir və cavabdeh həmin evdə 4 övladı, həyat yoldaşı ilə birlikdə yaşayır. Evin qarşısında tikilmiş mübahisəli tikili 3 divardan ibarət təxminən 5-6 kv.m. sahəsi olan aynabəndir və beton örtüklüdür. Cavabdehin bildirdiyinə görə həmin evi 10 il əvvəl almışdır. O, özü evin qarşısında İddiaçı MMC-yə məxsus rabitə dirəyinin yerinin dəyişdirilməsi ilə bağlı İddiaçı MMC-yə müraciət etmiş və zəruri olan xərcləri də çəkməyə hazır olduğunu bildirərək, həmin dirəyin yerinin dəyişdirilməsini xahiş etmişdir, lakin İddiaçı MMC ona qarşı iddia qaldırmışdır. Baxış zamanı iştirak etmiş İddiaçı MMC-nin Xətt xidməti bölməsinin mühəndisi Vüqar Dadaşov bildirmişdir ki, tikilinin olması səbəbindən həmin quyulara və rabitə dirəyinə daxil olmaq maneçilik törətməsə də, quyular arasında olan xəttlərdə birdən nasazlıq baş versə onların üstü sökülməli olduğundan həmin tikili maneçilik törədəcək. Yerində müayinə zamanı müəyyən edilir ki, qeyd edilən quyular və rabitə dirəyi tikilinin xaricində yerləşir və onlara daxil olmaq imkanları məhdudlaşdırılmamışdır. Həmçinin tikilinin daxilinin müayinəsi nəticəsində müəyyən edilir ki, tikili 3 divardan hörülmüşdür, yeri betondur, üzərinə heç bir örtü materialı vurulmamışdır. Cavabdeh bildirmişir ki, hər hansı nasazlıq yaransa həmin nasazlığın aradan qaldırılması üçün yer örtüyünün qazılmasına etiraz etməyəcək.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

30. Tərəflərin izahatları və mülki işdə olan sübutlarla təsdiq edilir ki, mübahisəli tikili özbaşına tikili olmaqla dövlət qeydiyyatına alınmamış ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə əlavə olaraq tikilmiş 3 divardan ibarət olan tikilidir. Cavabdeh ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evini 10 il əvvəl almışdır və alarkən İddiaçı MMC-yə məxsus rabitə dirəyi və iki quyusu evin yanında mövcud olmuşdur. Cavabdeh özü evin qarşısında İddiaçı MMC-yə məxsus rabitə dirəyinin yerinin dəyişdirilməsi ilə bağlı İddiaçı MMC-yə müraciət etmiş və zəruri olan xərcləri də çəkməyə hazır olduğunu bildirərək, həmin dirəyin yerinin dəyişdirilməsini xahiş etmişdir. Bundan sonra İddiaçı MMC cavabdehə qarşı bu iddianı irəli sürmüş və İddiaçı MMC-yə məxsus 1 ədəd rabitə dirəyi və yeraltı rabitə qurğularının üzərində cavabdeh tərəfindən inşa olunmuş qeyriqanuni tikilinin (əlavə tikili) sökülməsini xahiş etmişdir.

31. Birinci instansiya məhkəməsində icraat zamanı 2 dəfə ekspertiza təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 18 may 2022-ci il tarixli, 10/1084 nömrəli məhkəmə ekspertizasının rəyinə əsasən Cavabdeh tərəfindən ünvan 1 ünvanında inşa edilmiş tikili (əlavə tikili-hasar) İddiaçı MMC-yə məxsus 1 ədəd rabitə dirəyi, 2 ədəd telefon baxış quyusu və yeraltı rabitə kanallarına xidmətin göstərilməsinə qismən maneçilik törətməsi müəyyən edildiyindən qismən maneçiliyin nədən ibarət olmasını müəyyən etmək üçün məhkəmə tərəfindən yerində müayinə keçirilmişdır. Baxış keçirilərkən müəyyən edilmişdir ki, Cavabdeh tərəfindən ünvan 1 ünvanında inşa edilmiş tikiliyə yaxın İddiaçı MMC-yə məxsus 1 ədəd rabitə dirəyi, evin qarşısında 3 divardan ibarət hörülmüş tikili, həmin tikilinin sağında və solunda isə 2 ədəd telefon xəttlərinə baxış quyusu mövcuddur, həmin quyunun içərisində isə yeraltı rabitə kanalları mövcuddur. Cavabdehin faktiki sahibliyində və istifadəsində olan fərdi yaşayış evi 2 otaqdan ibarətdir və cavabdeh həmin evdə 4 övladı, həyat yoldaşı ilə birlikdə yaşayır. Evin qarşısında tikilmiş mübahisəli tikili 3 divardan ibarət təxminən 5-6 kv.m. sahəsi olan aynabəndir və beton örtüklüdür. Baxış zamanı iştirak etmiş İddiaçı MMC-nin Xətt xidməti bölməsinin mühəndisi Vüqar Dadaşov bildirmişdir ki, tikilinin olması səbəbindən həmin quyulara və rabitə dirəyinə daxil olmaq maneçilik törətməsə də, quyular arasında olan xəttlərdə birdən nasazlıq baş versə onların üstü sökülməli olduğundan həmin tikili maneçilik törədəcək. Yerində müayinə zamanı müəyyən edilmişdir ki, qeyd edilən quyular və rabitə dirəyi tikilinin xaricində yerləşir və onlara daxil olmaq imkanları məhdudlaşdırılmamışdır. Həmçinin tikilinin daxilinin müayinəsi nəticəsində müəyyən edilmişdir ki, tikili 3 divardan hörülmüşdür, yeri betondur, üzərinə heç bir örtü materialı vurulmamışdır. Cavabdeh bildirmişir ki, hər hansı nasazlıq yaransa həmin nasazlığın aradan qaldırılması üçün yer örtüyünün qazılmasına etiraz etməyəcək.

32. İşə apellyasiya instansiyası məhkəməsində baxılan zaman yenidən məhkəmə texniki ekspertizası təyin edilmiş və ekspert qarşısında “1.İki telefon baxış quyusu arasındakı məsafə üzərində inşa edilmiş divar yeraltı rabitə kanallarına xidmətin göstərilməsi üçün telefon baxış quyusuna giriş-çıxışa hər hansı maneə törədirmi? 2.İki telefon baxış quyusu arasında olan məsafə üzərindəki divarın yeraltı rabitə kanalları üçün hər hansı təhlükəsi vardırmı?” – sualları qoyulmuşdur.

33. Məhkəmə Ekspertizası Mərkəzinin 04.11.23-cü il tarixli rəyinə görə, Cavabdeh tərəfindən ünvan 1 ünvanda inşa edilmiş tikili (əlavə tikili hasar) İddiaçı MMC-yə məxsus 2 ədəd telefon baxış quyusu və yeraltı rabitə kanallarına xidmət göstərilməsinə qismən maneçilik törədir. İki telefon baxış quyusu arasındakı məsafə üzərindəki divarın yeraltı rabitə kanalları üçün hər hansı bir təhlükə yaradıb-yaratmamasının müəyyən edilməsi tikinti-texniki obyektlərinin tədqiqi ekspertizasının həll etdiyi məsələlər dairəsinə aid deyildir.

34. Qeyd edilən qərardad üzrə qoyulan suallara tam cavab verilmədiyindən, məhkəmə kollegiyası yenidən, xx.xx.2023-cü il tarixli qərardadla əlavə ekspertiza təyin edilməsi qərarına gəlmişdir.

35. Həmin qərardadla ekspert qarşısında “1.İki telefon baxış quyusu arasındakı məsafə üzərində inşa edilmiş divar yeraltı rabitə kanallarına xidmətin göstərilməsi üçün telefon baxış quyusuna giriş-çıxışa hansı şəkildə və nə dərəcədə maneə törədir? 2.İki telefon baxış quyusu arasında olan məsafə üzərindəki divarın yeraltı rabitə kanallarının tikinti – texniki baxımından zədələnməsi üçün fiziki olaraq hər hansı təhlükəsi vardırmı (məs: divarın ağırlığının həmin yeri çökdürə bilməsi)?” – sualları qoyulmuşdur.

36. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyinə əsasən, “Tədqiq olunan ünvanda iki telefon baxış quyusu arasındakı məsafə üzərində mövcud olan divar baxış quyusuna bitişik və 2 metr məsafədən yaxın (yəni mühafizə zonası daxilində) inşa edildiyindən həmin divarın baxış quyusuna və yeraltı rabitə kanallarına xidmət göstərilməsinə qismən maneçilik yaratdığı müəyyən olunur. Lakin, hansı şəkildə və nə dərəcədə maneçilik törətməsi həmin sahə üzrə müvafiq mütəxəssislər cəlb edilməklə müəyyən edilə bilər. İki telefon baxış quyusu arasında olan məsafə üzərindəki divarın yeraltı rabiət kanallarının tikinti-texniki baxımından zədələnməsi üçün fiziki olaraq hər hansı təhlükənin olub-olmamasının müəyyən edilməsi tikintitexniki obyektlərinin tədqiqi ekspertizasının həll etdiyi məsələlər dairəsinə aid deyil”.

37. Kollegiya qeyd edir ki, hər iki ekspert rəyində tikilinin telefon baxış quyusuna giriş-çıxışa mane törədib-törətməməsinə dair birmənalı cavab verilməmiş, həmçinin qeyd etmişdir ki, maneçiliyin hansı şəkildə və nə dərəcədə olması həmin sahə üzrə müvafiq mütəxəssislər cəlb edilməklə müəyyən edilə bilər.

38. Kollegiya qeyd edir ki, ekspert hansı sahənin mütəxəssisinin cəlb edilməli olmasını rəydə qeyd etməmişdir. Bundan əlavə, ekspert divarın baxış quyusuna və yeraltı rabitə kanallarına xidmət göstərilməsinə qismən maneçilik yaratdığını müəyyən edə bildiyi halda, həmin maneənin hansı şəkildə və nə dərəcədə olmasına cavab verə bilməməsi tikilinin baxış quyusuna və yeraltı rabitə kanallarına xidmət göstərilməsinə qismən maneçilik törətməsinə dair gəldiyi nəticəni də sual altında qoyur və kollegiyada rəyin mötəbərliyinə və əsaslılığına dair şübhə yaradır.

39. İkinci suala gəlincə isə, qərardadda aydın şəkildə bildirilmişdir ki, texniki baxımından zədələnməsi təhlükəsinin olub-olmamasının fiziki təsirlər nəticəsində olması qeyd edilmiş, hətta misal olaraq divarın ağırlığının həmin yeri çökdürə bilməsi də qeyd olunmuşdur. Buna baxmayaraq, ekspert qeyd edilən suala başqa sahənin mütəxəssisi tərəfindən cavab verilməli olmasını qeyd etmiş, lakin hansı sahənin müətəxəssisinin cavab verməli olmasını göstərməmiş, həmçinin bununla bağlı vəsatətlə məhkəməyə müraciət etməmişdir.

40. Mülki Prosessual Məcəllənin 101.3-cü maddəsinə əsasən, ekspert rəy verilməsi üçün əlavə tədqiqat materiallarının təqdim edilməsinə zərurət olduğunu müəyyən etdikdə, ekspertiza təyin edilməsi haqqında məhkəmənin qərardadının məhkəmə ekspertizası idarəsinə daxil olduğu vaxtdan 5 gündən gec olmayaraq bu barədə məhkəməyə vəsatət göndərir. Vəsatətdə tələb olunan tədqiqat materiallarının dəqiq və tam siyahısı göstərilir.

41. Göründüyü kimi, ekspert belə bir vəsatətlə məhkəməyə müraciət etməmişdir.

42. İşə apellyasiya instansiyasında baxılan zaman mübahisəli yerin yerində müayinəsi həyata keçirilmiş və yerində müayinə zamanı aşkar şəkildə müəyyən edilmişdir ki, baxış quyusuna və yeraltı rabitə kanallarına əməkdaş rahat şəkildə daxil ola bilir. Bu hal da özlüyündə

43. Kollegiya tərəfindən müəyyən edilmişdir ki, tikilinin baxış quyusuna və yeraltı rabitə kanallarına xidmət göstərilməsinə qismən maneçilik törətməsinə dair ekspert rəyinin düzgünlüyünə şübhə yaradan hadldır.

44. Qeyd edilən anlaşılmazlıqların aradan qaldırılması üçün ekspert məhkəmə iclaslarına dəvət edilsə də, o, məhkəmə iclaslarına gəlməkdən yayınmışdır. Bu da, rəydə olan anlaşılmazlıq və ziddiyyətlərin aydınlaşdırılmasına imkan verməmişdir.

45. Sadalanan xüsusatlara əsasən kollegiya hesab edir ki, iddia tələbinin təmin edilməməsinə dair birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmuşdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

46. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

47. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun.

48. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətlərində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz.

49. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393, 394-1.3 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə t e t d i:

İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-103/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar