Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-96/2025 17.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı özbaşına tikilinin sökülməsi, qanunsuz tikinti işlərinin aparılmasına son qoyulması, ərazinin əvvəlki vəziyyətinə qaytarılması tələbinə dair mülki iş üzrə (açar sözlər: özbaşına tikilinin sökülməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X2 və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacıyeva Kəmalə Hafiz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı özbaşına tikilinin sökülməsi, qanunsuz tikinti işlərinin aparılmasına son qoyulması, ərazinin əvvəlki vəziyyətinə qaytarılması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 04 iyul 2023-cü il tarixli, 2(002)- 46/2023 nömrəli qətnaməsindən iddiaçının verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Bakı Şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin 24 avqust 1992-ci il tarixli sərəncamın surətindən görünür ki, qanunsuz tikilmiş yaşayış evlərinin qeydiyyata alınmasına icazə verilməsi qərara alınmışdır. Gülmama Seyran qızına məxsus ünvan 1 ünvanın yerləşən yaşayış evi 1950-ci ildə tikilmişdir. Söküntüyə düşmür, sanitar-texniki vəziyyəti normaya uyğundur. 2 otaqdan ibarət olmaqla yaşayış sahəsi 30 kv.m, köməkçi sahəsi 12 kv.m, həyətdə ambar sahəsi 15,3 kv.m, toyuq hini sahəsi 12 kv.m, ayaqyolu sahəsi 3 kv.m, həyatyanı sahəsi 369,5 kv.m-dir.
2. Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti başçısının Korgöz qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 19 noyabr 2021-ci il tarixli arayışında qeyd olunmuşdur ki, İddiaçı ünvan 2 ünvanında yaşayır.
3. 31 avqust 1992-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri Qaradağ rayonu, Korgöz qəsəbəsi, ev 53 üzərində Gülmama Seyran qızının mülkiyyət hüququ qeydə alınmışdır.
Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Qaradağ rayonu Korgöz qəsəbəsi AZNS 52 ünvanında yaşayan Cavabdeh tərəfindən özbaşına, qanunsuz inşa olunmuş daş hasarın onun öz hesabına sökülməsi, onun tərəfindən qanunsuz tikinti işlərinin aparılmasına son qoyulması, Cavabdeh vəsaiti hesabına ərazinin əvvəlki vəziyyətinə qaytarılması, ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia onunla əsaslandırılmşdır ki, iddiaçı ünvan 1 ünvanında yaşayır. ünvan 4rı Cavabdeh yaşayır. 2021-ci ilin iyul ayında qonşusu Cavabdeh evinin giriş qapısını sökmüş, qarşıya çəkərək, tikinti işləri apararkən kənd soveti və bələdiyyə tərəfindən saxlanılmış, lakin ona edilən xəbərdarlıqlara baxmayaraq, tikinti işlərini davam etdirmişdir. Bir qonşu kimi ona edilmiş xəbərdarlıqların heç bir nəticəsi olmamışdır. Bakı şəhəri Qaradağ RPİ-nin 38-ci Polis Bölməsinə etdiyi şikayət üzrə 11 sentyabr 2021-ci il tarixdə “cinayət işinin başlanmasınıın rədd edilməsi” barədə qərar qəbul edilmişdir. Həmin qərarda təhqiqatçı Azər Həsənov qeyd etmişdir ki, “Tərəfimdən aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri Qaradağ rayonu Korgöz qəsəbəsi fərdi qaydada salınmış massivdə yerləşən, vətəndaş Cavabdeh məxsus olduğu bildirilən fərdi həyət evinin əsas giriş hissəsinin başlanğıc hissəsini təqribən 30-40 kv.m irəli çəkilməklə yolun hərəkət hissəsinə daxil olmuş və ərazi qanunsuz olaraq zəbt edilmişdir”. Həmçinin yuxarıda adı qeyd edilmiş qərarda o da, göstərilmişdir ki, Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 395.1- ci maddəsinə əsasən inzibati qaydada tədbir görülməsi üçün Qaradağ RPİ-nin 38-ci Polis Bölməsinə həvalə edilmişdir. Göründüyü kimi, cavabdehin qanunsuz və hüquqa zidd əməlləri nəticəsində çox əlverişsiz vəziyyətə düşmüşdür. Cavabdeh apardığı tikinti işlərinin, genişləndirdiyi ərazinin və.s qanuni olubolmaması, hər hansı sənədlərinin olması mütləq araşdırılmalıdır. Onun bu barədə heç bir sənədi yoxdur. Bu fakt öz təsdiqini 38-ci Polis Bölməsində tapmışdır.
6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 02 may 2023-cü il tarixli, 10/227 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, ünvan 1 ünvanında yerləşən, iş üzrə iddiaçı tərəfin istifadəsində olan həyətyanı sahənin giriş-çıxış qapısının sağ hissəsində, iddiaçıya məxsus həyətyanı sahənin faktiki sərhəd hasarına bitişik, hündürlüyü 2,70 metr olan, mişar daşından inşa edilmiş hasar tikilisinin və metal materialdan darvazanın mövcud olduğu müəyyən olunur. Lakin, 23 yanvar 2023-cü il tarixli ekspert vəsatətində qeyd olunan əlavə materiallar (ƏMDX-nin müvafiq mütəxəssis rəyi) Mərkəzə təqdim edilmədiyindən mübahisə predmeti olan hasar tikilisinin ünvan 1 ünvanında yerləşən ərazinin hüdudları daxilində yerləşibyerləşməməsini müəyyən etmək mümkün olmamışdır. Mübahisə predmeti olan tikilinin ünvan 1 ünvanında yerləşən sahəyə giriş-çıxış üçün və həmin sahənin istifadəsi üçün hər hansı maneçilik yaradıb yaradmamasının müəyyən edilməsi tikinti ekspertinin həll etdiyi məsələlər dairəsinə aid olmadığından qərardadda ekspert qarşısında qoyulmuş sualın 3-cü və 4-cü hissələri üzrə tədqiqat aparılmamışdır. ünvan 1 ünvanında yerləşən sahənin əvvəlki vəziyyəti haqqında hər hansı bir məlumat olmadığından qərardadda ekspert qarşısında qoyulmuş sualın 6-cı hissəsinin cavablandırılması mümkün olmamışdır.
7. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 04 iyul 2023-cü il tarixli, 2(002)- 46/2023 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.
8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157, 164-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
9. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın təmin edilməsini xahiş etmişdi.r
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin ekspertiza ilə bağlı qərardadı icra edilməmişdir. Maraqlı budur ki, hansı səbəbdən məhkəmə hazırki işin tam araşdırılması üçün heç bir təşəbbüs göstərməmişdir. Məhkəmə nəzərə almalı idi ki, onun qonşuluğumda yaşayan şəxs heç bir hüquqi əsas olmadan özbaşınalıq edərək, torpağı zəbt etmişdir. Nəticə etibarı ilə, o, və ailəsi çətin vəziyyətə düşmüşdür.
a) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. İddiaçı apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək təmin olunmasını məhkəmədən xahiş etdi.
13. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh (nümayəndəsi) məhkəmə iclasına gəlmədiyi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmışdır.
14. AR Ədliyyə Nazirliyi Məhkəmə Ekpsertiza Mərkəzinin 14 mart 2025-ci il tarixli, 3-16-16/2-10/5438/2024 nömrəli rəyinə əsasən qərardadın birinci və ikinci sualları üzrə: xx.xx.2024-cü il tarixli ekspert vəsatətində qeyd olunan əlavə materiallar (ƏMDX-nin müvafiq mütəxəssis rəyi) Mərkəzə təqdim edilmədiyindən qərardadın birinci və ikinci sualları üzrə tədqiqat aparılmadı. Qərardadın üçüncü sualı üzrə: Mübahisə predmeti olan hasar tikilisinin iddiaçının və cababdehin istifadəsində olan torpaq sahələrinin faktiki sərhədd hasarına bitişik vəziyyətdə olduğunu və hündürlüyünün 2,70 metr təşkil etdiyini nəzərə alaraq qeyd olunana hasar tikilisinin inşası zamanı AR Şəhərsalma və Tikinti Məcəlləsinin 71 və 72-ci maddələrinin müvafiq bəndlərinin tələblərinin pozulduğu müəyyən edilmişdir. Qərardadda ekspert qarşısında qoyulmuş 4-cü sualın cavablandırılması mühəndis-texniki ekspertizalar şöbəsinin həll etdiyi.məsələlər dairəsinə aid olmadığından həmin sual üzrə tədqiqat aparılmamışdır.
15. "xxxx" MMC-nin 15 iyul 2025-ci il tarixli rəyində qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə tabe olan 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 30 avqust 2024-cü il tarixində verilmiş məktuba əsasən, “A” literli yaşayış evi **********714-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Vahid elektron kadastr baza məlumatlarına əsasən, koordinatlarla müəyyən edilmiş sahə yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aiddir. Eyni zamanda, yerində baxış zamanı müəyyən edilmişdir ki, İddiaçı və Cavabdeh tərəfindən inşa olunmuş tikililərin yerləşdiyi torpaq sahələri kənd təsərrüfatı təyinatlı ərazidə yerləşir. Bu baxımdan, həmin torpaq sahəsinin bələdiyyə mülkiyyətinə aid olduğu müəyyən edilmişdir. ünvan 5 ünvanında yerləşən əraziyə dair Fərdi Mənzil Fondu tərəfindən 24 iyun 1992-ci il tarixində verilmiş texniki pasportun faktiki vəziyyətinə uyğunluğu nəzərə alınmaqla, İddiaçı istifadəsində olan həyətyanı sahənin giriş-çıxış qapısının sağ tərəfində, ona məxsus həyətyanı sahənin faktiki sərhəd hasarına bitişik, hündürlüyü 2,70 metr olan, mişar daşından inşa edilmiş hasar tikilisi və metal materialdan hazırlanmış darvaza qeyd olunan 53 saylı ünvanın hüdudları daxilində yerləşmədiyi müəyyən edilmişdir. Mübahisə predmeti olan hasarın hündürlüyünün 2,70 metr təşkil etməsi və Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 73-cü maddəsinin 73.1 bəndinə əsasən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş hallar istisna olmaqla, hasarların hündürlüyünün 2 metr 20 santimetrdən artıq olmaması tələb olunduğu nəzərə alınaraq, qeyd olunan hasar tikilisinin inşası zamanı həmin bəndin tələbini pozulduğu müəyyən edilmişdir. İddiaçı istifadəsində olan həyətyanı sahənin giriş-çıxış qapısının sağ tərəfində, faktiki sərhəd hasarına bitişik yerləşən, hündürlüyü 2,70 metr olan mişar daşından inşa edilmiş hasar tikilisi və metal darvazanın yerləşdirilməsinə dair tikinti normalarında ara məsafələri və digər spesifik tələblər müəyyən edilməmişdir. Bu səbəbdən, qeyd olunan tikilinin ara məsafələri və digər xüsusiyyətləri nəzərə alın tikinti normalarına uyğun olubolmaması barədə müvafiq texniki tədqiqat aparılmamışdır. İddiaçı istifadəsində olan həyətyanı sahənin giriş-çıxış qapısının sağ tərəfində, ona məxsus faktiki sərhəd hasarına bitişik, hündürlüyü 2,70 metr olan mişar daşından inşa edilmiş hasar tikilisi və metal materialdan hazırlanmış darvaza ilə əlaqədar aparılmış araşdırmalar nəticəsində müəyyən olunmuşdur ki, həmin hasar və darvaza İddiaçı istifadəsində olan torpaq sahəsinə sərhədlərindən kənarda yerləşir. Həmçinin, İddiaçı məxsus evin texniki pasportunda digər istiqamətdən yalnız bir giriş-çıxış yolu qeyd olunduğundan, qeyd olunan hasar tikilisi və darvaza İddiaçı öz sahəsindən istifadə etməsinə İddiaçı məxsus evin texniki pasportunda yalnız bir giriş-çıxış yolu digər istiqamətdən göstərildiyi nəzərə alaraq, Cavabdeh hasar inşa etdiyi istiqamətdən giriş-çıxış qapısı nəzərdə tutulmamışdır.
Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikasının Konstitusiyası
Maddə 13, İİİ hissə. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.
17. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir.
18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərarı: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ - hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.”
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri
20. Apellyasiya şikayəti ilə qətnamənin ləğvi, iddianın təmin edilməsi tələb edildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.
22. Mübahisənin mahiyyətini İddiaçı yaşadığı ünvan 2 ünvanının hasarına bitişik cavabdeh tərəfindən hasarın sökülməsi təşkil edir.
23. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı mövqeyə əsasən hazırkı vəziyyətdə ilkin olaraq araşdırılmalı məsələ iddiaçının subyektiv hüququnun olub – olmaması, mövcuddursa, bu hüququn cavabdeh tərəfindən pozulub – pozulmamasıdır.
24. İddiaçı yaşadığı ünvan 2 ünvanında yaşayır və cavabdeh tərəfindən onun hər hansı hüququnun pozulduğu təqdirdə onun müvafiq tələb irəlm sürmək hüququ vardır. İstər birinci instansiya məhkəməsində, istərsə də apellyasiya məhkəməsində işə baxılarkən ekspertizalar təyin olunsa da, qoyulmuş sualların tam cavablandırılması mümkün olmamışdır. Buna görə də məhkəmə kollegiyası mütəxəssisin və tərəflərin iştirakı ilə mübahisə predmeti olan daşınmaz əmlakların yerində müayinəsini apararaq bu barədə mütəxəssisin müvafiq rəyini almışdır.
25. Yerində müayinə zamanı müəyyən edilmişdir ki, İddiaçı istifadəsində olan həyətyanı sahənin giriş - çıxış qapısının sağ hissəsində, ona məxsus həyətyanı sahənin faktiki sərhəd hasarına bitişik, hündürlüyü 2,70 metr olan, mişar daşından inşa edilmiş hasar tikili və metal materialdan olan darvaza ünvan 1 ünvanında yerləşən ərazinin hüdudları daxilində yerləşmir, iddiaçının yaşadığı evin texniki pasportunda digər istiqamətdən yalnız bir giriş – çıxış yolu qeyd olunmuşdur, yəni, Cavabdeh inşa etdiyi hasar tərəfdən giriş- çıxış qapısı nəzərdə tutulmamışdır. İddiaçı yaşadığı evin həyətyanı torpaq sahəsinin Cavabdeh inşa etdiyi hasar tərəfdən giriş- çıxış qapısı avtomobil yolu üçün deyil, piyadalar üçün nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası tərəfindən cavabdeh tərəfindən inşa olunmuş hasarın mövcudluğunun piyada yolunun giriş – çıxışına hansı məhdudiyyəti yaratması barədə iddiaçıya sual ünvanlansa da, iddiaçı məhdudiyyəti belə izah etmişdir ki, onun yaşadığı həyətyanı torpaq sahəsində cavabdehin hasarı tərəfdə yerləşən ağaclar vardır, həmin ağacların meyvələrini yığmaq mümkün olmur, bundan başqa, cavabdeh həmin əraziyə mişar daşları düzüb satır. Məhkəmə kollegiyası bu qənaətə gəlir ki, cavabdeh tərəfindən inşa olunmuş hasarın mövcudluğu iddiaçı üçün hər hansı bir maneə, məhdudiyyət yaratmır, irəli sürülmüş arqumentlər iddiaçının hüququnu məhdudlaşdıran hallar kimi qiymətləndirilə bilməz.
26. "xxxx" MMC-nin 15 iyul 2025-ci il tarixli mütəxəssis rəyində də qeyd olunmuşdur ki, İddiaçı istifadəsində olan həyətyanı sahənin giriş-çıxış qapısının sağ tərəfində, ona məxsus həyətyanı sahənin faktiki sərhəd hasarına bitişik, hündürlüyü 2,70 metr olan, mişar daşından inşa edilmiş hasar tikilisi və metal materialdan hazırlanmış darvaza qeyd olunan 53 saylı ünvanın hüdudları daxilində yerləşmədiyi müəyyən edilmişdir, həmin hasar və darvaza İddiaçı istifadəsində olan torpaq sahəsinə sərhədlərindən kənarda yerləşir. Həmçinin, İddiaçı məxsus evin texniki pasportunda digər istiqamətdən yalnız bir giriş-çıxış yolu qeyd olunduğundan, qeyd olunan hasar tikilisi və darvaza İddiaçı öz sahəsindən istifadə etməsinə İddiaçı məxsus evin texniki pasportunda yalnız bir giriş-çıxış yolu digər istiqamətdən göstərildiyi nəzərə alaraq, Cavabdeh hasar inşa etdiyi istiqamətdən girişçıxış qapısı nəzərdə tutulmamışdır.
27. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianı təmin olunması ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
28. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 04 iyul 2023-cü il tarixli, 2(002)-46/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 04 iyul 2023-cü il tarixli, 2(002)-46/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.