Məhkəmə qərarları › İş №2(103)-960/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-960/2021

12.02.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-960/2021 12.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı cavabdeh “AccessBank” Qapalı Səhmdar Cəmiyyətinə qarşı “müqavilənin etibarsız hesab olunması tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxxxx 2020-ci il tarixli qətnamədən iddiaçının verdiyi apellyasiya şikayətinə əsasən işə, iddiaçının iştirakı ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, onunla cavabdeh Bank arasında bağlanmış xx.xx.2015-ci il tarixli “Kredit razılaşmasının” etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh Bank arasında müxtəlif dövrlərdə bir neçə “Kredit müqavilələri” bağlanmışdır. 2015-ci ilə qədər həmin müqavilələrin şərtlərini lazımınca yerinə yetirmiş, lakin 2015-ci ildə baş vermiş devalvasiya iddiaçının maddi vəziyyətində çətinliklər yaratmış və iddiaçı kredit borclarını lazımi qaydada ödəyə bilməmişdir. Bu zaman Bankın əməkdaşları iddiaçının ağır durumdan istifadə edərək iddiaçıya təklif etmişlər ki, əvvəlki müqavilələr üzrə yaranmış borcların bir araya toplanması və borcların ödənilməsi məqsədi ilə aralarında yeni müqavilə bağlansın və yeni müqavilədə göstərilən məbləğ ödənilməmiş qalan borcun ödənilməsinə yönəldilsin. Bankın əməkdaşlarının iddiaçıya etdikləri psixoloji təzyiq və iddiaçının aldatmaları nəticəsində iddiaçı təklif ilə razılaşmaq məcburiyyətində qalmış və bununla əlaqədar iddiaçı ilə Bankın “Sumqayıt” Filialı arasında xx.xx.2015-ci il tarixdə yeni müqavilə bağlanmışdır. Buna baxmayaraq iddiaçı Banka olan borcu ödəyə bilməmişdir. Daha sonra Bank iddiaçıya və iddiaçının ailə üzvlərinə qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi və tələbin ipoteka predmetinə yönəldilməsi barədə” iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cəmi 228.798,54 ABŞ dolları məbləğində kredit borcunun iddiaçıdan və iddiaçının ailə üzvlərindən Bankın xeyrinə tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi qət edilmişdir. Həmin qətnamədən Bankın verdiyi apellyasiya şikayətinə əsasən işə baxmış Sumqayıt Apelyasiya Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2018-ci il tarixli qətnamə ilə birinci instansiya məhkəməsinin qətnaməsinə əsasən Bankın xeyrinə tutulmalı olan məbləği dəyişdirərək 230.951,14 ABŞ dolları məbləğində müəyyən etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, qeyd edilən məhkəmə qərarların qəbul edilməsinə əsas iddiaçı ilə cavabdeh Banka arasında xx.xx.2015-ci il tarixdə bağlanmış və iddiaçının ağır maliyyə vəziyyətə düşməsinə zəmin yaratmış müqavilə olmuşdur. Həmin müqavilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339-cu maddəsinin tələblərinə zidd olduğu üçün etibarsız sayılmalıdır. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Əsasları iddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq qeyd edilir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Apellyasiya baxışı iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və apellyasiya şikayətinin, habelə iddia ərizəsinin məzmununa uyğun izahat verdi. İş üzrə cavabdeh olan Bank hazırki iş üzrə apellyasiya baxışı iclasının vaxtı və yeri haqqında lazımı qayada xəbərdar edilməsinə baxmayaraq məhkəmə baxışı iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə Bankın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-13856/2016 saylı iş üzrə qəbul etdiyi xx.xx.2016-cı il tarixli qətnamədən və işdə olan digər sənədlərdən görünür ki, hazırki iş üzrə iddiaçı ilə hazırki iş üzrə cavabdeh olan Bank arasında xx.xx.2007-ci il tarixdə 03L000000297 saylı “Kredit xətti müqaviləsi” bağlanmışdır. “Kredit xətti müqaviləsi” çərçivəsində isə Bank ilə iddiaçı arasında “Kredit razılaşmaları” bağlanmış və onlara əsasən Bank tərəfindən iddiaçıya kredit məbləğləri verilmişdir. İddiaçı tərəfindən etibarlılığı mübahisələndirilən “Kredit razılaşması” xx.xx.2015-ci il tarixdə bağlanmış və onun əsasında Bank tərəfindən iddiaçıya 211.800 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin qətnamədən görünür ki, Bank hazırki iş üzrə iddiaçıya və iddiaçının ailə üzvlərinə (zaminlərə) qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi və tələbin ipoteka predmetinə yönəldilməsi barədə” iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmiş və məhkəmə işə baxaraq qət etmişdir ki, Bankın iddiası qismən təmin edilsin, cəmi 228.798,54 ABŞ dolları məbləğində kredit borcu hazırki iş üzrə iddiaçıdan və iddiaçının ailə üzvlərindən (zaminlərdən) Bankın xeyrinə tutulsun, tutmanın ipoteka predmetinə yönəldilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2018 tarixli qətnaməsindən (İş № 2(105)-72/2018) görünür ki, Bankın verdiyi apellyasiya şikayətinə əsasən işə baxmış apellyasiya instansiya məhkəməsi Sumqayıt Məhkəməsinin qətnaməsinə əsasən Bankın xeyrinə tutulmalı olan məbləği dəyişdirərək 230.951,14 ABŞ dolları məbləğində müəyyən etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsindən hazırki iş üzrə iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2018-ci il tarixli qərarı (İş № 2(102)-8355/2018) ilə kassasiya şikayətini təmin etməmiş apellyasiya instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamışdır. İddiaçı bildirir ki, qeyd edilən məhkəmə qərarların qəbul edilməsinə əsas iddiaçı ilə cavabdeh Banka arasında xx.xx.2015-ci il tarixdə bağlanmış və iddiaçının ağır maliyyə vəziyyətində düşməsinə zəmin yaratmış müqavilə olmuşdur. O həmin müqaviləni Bankın əməkdaşlarının onu aldatması və onlar tərəfindən ona edilmiş təsirlər nəticəsində bağlanmışdır. Buna görə də, müqavilə Mülki Məcəllənin 339-cu maddəsinin tələblərinə zidd olduğu üçün etibarsız sayılmalıdır. Məhkəmə mövcud mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlilləri ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339-ci maddəsinə görə, hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər (maddə 339.1.). Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin (maddə 339.2.). Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin (maddə 339.3.). Əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır (maddə 339.4.). Məhkəmə, iddiaçının istinad etdiyi və yuxarıda qeyd edilmiş maddi hüquq normasının tələblərini nəzərə alaraq qeyd edir ki, iddiaçının göstərdiyi əsaslarla müqavilənin (sazişin, əqdin) etibarsız hesab edilməsi üçün iddiaçı sübut etməlidir ki, o, Bankın əməkdaşlarının onu aldatmaları və ona təsir etmələri nəticəsində müqaviləni bağlamışdır. Çünki MPM-nin tələblərinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddələr 14.2. və 77.1.). Lakin sübut etmə yükü üzərinə düşən iddiaçı bu halları təsdiq edə biləcək sübutları məhkəmələrə təqdim etməmişdir. Məhkəmə bildirir ki, əqd o zaman etibarsız hesab edilə bilər ki, Mülki Məcəllədə nəzərdə tutulmuş şərtləri pozmaqla bağlanmış olsun və məzmununda nəzərdə tutulmuş mülki hüquqi münasibətlərini yaratmasın. İşin faktiki hallarından isə müəyyən olunur ki, tam fəaliyyət qabiliyyətli olan iddiaçı cavabdeh Bank ilə xx.xx.2015-ci il tarixdə saziş bağlayarkən özünün sərbəst iradə ifadəsini nümayiş etdirmiş, sazişi imzalamışdır. Sazişin şərtləri kifayət qədər aydın və səlis şəkildə ifadə olunmuşdur. Mülki Məcəllənin 390.1-ci maddəsinə görə, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Odur ki, yuxarıda qeyd edilənləri nəzərə alan Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən mübahisələndirilən müqavilənin (sazişin) etibarsız hesab edilməsi üçün əsas yoxdur. İddia əsassızıdır. Rayon Məhkəməsi iddianı rədd etməklə iş üzrə qanuni, əsaslı və işin hallarına uyğun nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxxxx 2020-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar