Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9609/2021 24.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), İbayev Vəfaddin Ələm oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Şadiyev Namiq Ənvər oğlunun katibliyi ilə, İddiaçı İqoryevnanın Cavabdeh MTK-ya qarşı “öhdəliklərin icra edilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 28 iyul 2021-ci il tarixli qərardadından iddiaçının verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Cavabdeh MTK-ya qarşı “öhdəliklərin icra edilməsi tələbi barədə” iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, onunla MTK arasında bağlanmış 24.07.2014cü il tarixli müqaviləyə əsasən ünvan 1 ünvanında inşa edilən çoxmərtəbəli yaşayış və avtodayanacaq kompleksində 4-cü mərtəbəsində 1 avtomobil üçün qaraj kimi nəzərdə tutulmuş 167 saylı sahənin ona təhvil verilməsi öhdəliyinin cavabdeh MTK-nın üzərinə qoyulması və 20 ay müddətinə qarajdan istifadə mümkün olmadığından digər qaraj yeri üçün onun tərəfindən ödənilmiş məbləğin əvəzi olaraq 400 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödədiyi dövlət rüsumunun əvəzi olaraq 30 manat, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün aldığı hüquqi xidmətlərə görə çəkdiyi xərcin əvəzi olaraq 510 manat məbləğində pulun cavabdeh MTK-dan onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda, iddiaçı “iddianın təmini tədbirinin görülməsi barədə” ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, qeyd edilən mülki işə mahiyyəti üzrə baxılıb müvafiq yekun məhkəmə aktının qəbul edilməsinədək cavabdeh MTK-nın tərəfindən ünvan 1 ünvanında inşa edilən çoxmərtəbəli yaşayış və avtodayanacaq kompleksində 4-cü mərtəbəsində aparılan təmirin dərhal dayandırılaraq qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. “İddianın təmini tədbirinin görülməsi barədə” ərizəyə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 03.03.2021-ci il tarixli qərardadla ərizənin qismən təmin edilməsini, cavabdeh MTK tərəfindən yuxarıda qeyd edilən ünvanında inşa edilən çoxmərtəbəli yaşayış və avtodayanacaq kompleksində 4-cü mərtəbəsində yerləşən 1 avtomobil üçün nəzərdə tutulmuş qarajda təmir-tikinti işlərinin həyata keçirilməsinin MTK-ya qadağan edilməsini qərara almışdır. Cavabdeh MTK həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək, qərardadın ləğv olunması və “iddianın təmini tədbirinin görülməsi barədə” ərizənin təmin olunmaması barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, təmir-tikinti işlərinin həyata keçirilməsinin MTKya qadağan edilməsini qərara alarkən nəzərə almamışdır ki, MTK, onunla alıcı qismində müqavilələr bağlamış şəxslər, o cümlədən iddiaçı qarşısında, bağlanmış müqavilələr üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir. Belə olan halda tikinti işlərinin aparılmasına qadağa qoyulması MTK-nın gələcəkdə məsuliyyətinin yaranmasına səbəb ola bilər. Şikayətinə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 28.04.2021-ci il tarixli qərardadla şikayətini təmin edilməsini, özü tərəfindən qəbul edilmiş 03.03.2021-ci il tarixli qərardadın ləğv edilməsini və “iddianı təmin etmə tədbirinin görülməsi barədə” iddiaçının ərizəsinin təmin edilməməsini qərara alınmışdır. İddiaçı qeyd edilən bu qərardaddan Rayon Məhkəməsinə şikayət verərək qərardadın ləğv edilməsini və 03.03.2021-ci il tarixli qərardaddan cavabdeh MTK-nın verdiyi şikayətin təmin edilməməsini xahiş etmişdir. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 08.05.2021-ci il tarixli qərardadı ilə şikayəti təmin etməmiş və baxılması üçün şikayəti, mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. İddiaçının şikayətinə baxmış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi 09.06.2021-ci il tarixli qərardad ilə iddiaçının şikayətinin qismən təmin edilməsini, Rayon Məhkəməsinin 28.04.2021-ci il tarixli qərardadının ləğv edilməsini, Rayon Məhkəməsinin 03.03.2021-ci il tarixli qərardadından cavabdeh MTK tərəfindən verilmiş şikayətə yenidən baxılması üçün mülki işin Rayon Məhkəməsinə göndərilməsini qərara almışdır. MTK tərəfindən verilmiş şikayətə yenidən baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 28.07.2021-ci il tarixli qərardadla şikayətin təmin edilməsini, özü tərəfindən qəbul edilmiş 03.03.2021-ci il tarixli qərardadın ləğv edilməsini və “iddianı təmin etmə tədbirinin görülməsi barədə” iddiaçının ərizəsinin təmin edilməməsini qərara alınmışdır. İddiaçı həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək qərardadın ləğv edilməsini və 03.03.2021-ci il tarixli qərardaddan cavabdeh MTK-nın verdiyi şikayətin təmin edilməməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Rayon Məhkəməsi işin hallarını təhrif edilmiş şəkildə qeyd etmişdir. Belə ki, məhkəmə müayinə protokoluna istinad edərək qeyd etmişdir ki, MTK tərəfindən inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən avtodayanacaq kompleksinə iş üzrə tərəflərin iştirakı ilə baxış keçirilmiş və müəyyən edilmişdir ki, həmin mərtəbədə MTK tərəfindən bütövlükdə təmir-tikinti işləri aparılır, bütün mərtəbəni əhatə edən divarda pəncərələr quraşdırılır. İddiaçının iddia etdiyi 167 saylı qaraj həmin mərtəbədə sahənin ortasında yerləşir, digər zala keçidi məhdudlaşdırır. İddiaçı avtomobilini avtodayanacaqda saxladığını və bununla bağlı yanvar ayında 5 ay üçün 100 manat ödədiyini bildirmişdir. Məhkəmə mübahisəli qarajın yerləşdiyi mərtəbədə təmir-tikinti işlərinin dayandırılması nəticəsində cavabdeh MTK tərəfindən müqavilələr üzrə götürülmüş öhdəlikərin icra edilməsinin qarşısı alındığını vurğulayır. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 19.08.2021-ci il tarixli qərardadı ilə şikayəti təmin etməmiş və baxılması üçün şikayəti, mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra - Məhkəmə) şikayəti və iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının şikayəti təmin edilməli, 28.07.2021-ci il tarixli qərardad ləğv edilməli, eyni zamanda cavabdeh MTK tərəfindən 03.03.2021-ci il tarixli qərardaddan verilmiş şikayət qismən təmin edilməli, həmin qərardad mübahisəli qeyri-yaşayış sahəsində tikinti işlərinin aparılmasına qadağa qoyulması hissəsində ləğv edilməlidir. Belə ki, “iddianı təmini tədbirinin görülməsi barədə” ərizəyə baxmış Rayon Məhkəməsi ərizədə qeyd edilənlərdən kənara çıxmış, ərizədə qeyd edilməyən iddianın təmini təbirini də görmüşdür. “İddianı təmini tədbirinin görülməsi barədə” ərizədən də görünür ki, iddiaçı mübahisəli qeyri-yaşayış sahəsində aparılan təmirin dayandırılmasını xahiş etmiş, lakin Rayon Məhkəməsi cavabdeh MTK-ya həm təmir, həm də tikinti işlərinin həyata keçirilməsini qadağan etmişdir. Göstərilənləri nəzərə alan Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 157-ci maddəsinə görə, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir (maddə 157.1). Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir (maddə 157.2). MPM-nin 158-ci maddəsinin mənasına görə, cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq, müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək, mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək və s. iddianı təmin etmək üçün tədbirlərə aiddir. Mülki prosessual qanunvericiliyin mənasına görə iddianın təmin edilməsi məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə görülən və gələcəkdə qətnamənin icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilən halların yaranmasının qarşısının alınmasına yönəlmiş prosessual tədbirdir. İddianın təmini tədbirinin həyata keçirilməsi məhkəmənin təşəbbüsü ilə deyil, yalnız iş üzrə tərəfin ərizəsi əsasında həyata keçirilir İddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı mübahisəli qeyriyaşayış sahəsinin təhvil verilməsi öhdəliyinin cavabdeh MTK-nın üzərinə qoyulmasını xahiş edir. İddiaçı ərizədə qeyd etmişdir ki, iddiaçı təmir işi ilə razılaşmır və dərhal qarajın təhvil verilməsini tələb edir. Məhkəmə hesab edir ki, mübahisəli qeyri-yaşayış sahəsinin üzərində təmir işlərinin görülməsinin qarşısı alınmalıdır. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi mübahisəli qeyriyaşayış sahəsinin üzərində təmir işlərinin görülməsinin qadağan edilməsi hissəsində düzgün nəticəyə gəlsə də, tikinti işlərinin qadağan edilməsi ilə bağlı yanlışlığa yol vermişdir. Göstərilənlərə əsasən və MPM-nin 398.0.3-cü maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq Məhkəmə hesab edir ki, iddiaçının verdiyi şikayət təmin edilməli, barəsində şikayət verilmiş qərardad ləğv edilməli, cavabdeh MTK-nın 03.03.2021-ci il tarixli qərardaddan verdiyi şikayət qismən təmin edilməli, mübahisəli qeyriyaşayış sahəsində tikinti işlərinin həyata keçirilməsinin qadağan edilməsi hissəsində həmin qərardad ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Məhkəmə QƏRARA ALDİ: İddiaçı İqoryevnanın şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 28 iyul 2021-ci il tarixli qərardad ləğv edilsin. Cavabdeh MTK-nın Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 03 mart 2021-ci il tarixli qərardadından verdiyi şikayət qismən təmin edilsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 03 mart 2021-ci il tarixli qərardadı qismən, yəni ünvan 2 ünvanında inşa edilən Cavabdeh çoxmərtəbəli yaşayış və avtodayanacaq kompleksində 4-cü mərtəbəsində 1 avtomobil üçün qaraj kimi nəzərdə tutulmuş 167 saylı qeyri-yaşayış sahəsində tikinti işlərinin həyata keçirilməsinin MTK-ya qadağan edilməsi hissəsində ləğv edilsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 03 mart 2021-ci il tarixli qərardadı qalan hissədə, yəni ünvan 2 ünvanında inşa edilən Cavabdeh çoxmərtəbəli yaşayış və avtodayanacaq kompleksində 4-cü mərtəbəsində 1 avtomobil üçün qaraj kimi nəzərdə tutulmuş 167 saylı qeyri-yaşayış sahəsində təmir işlərinin həyata keçirilməsinin MTK-ya qadağan edilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilmir.
Məhkəmə qərarları › İş №2(103)-9609/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9609/2021
24.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver