Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-962/2024 17.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iş üzrə (Açar sözlər:borcun silinməsi ) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X2 ibarət tərkibdə, Məmmədova Səyalı Əziz qızının katibliyi, cavabdehin nümayəndəsi (vəkili) X3 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 30 oktyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 17 yanvar 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Tərəflər arasında “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə bağlanmış, həmin müqaviləyə əsasən, iddiaçı cavabdehi təbii qazla təmin etmək, cavabdeh isə iddiaçı tərəfindən ona ötürülən təbii qazın dəyərini ödəməyi öhdəsinə götürmüşlər. Həmin müqavilə bağlandıqdan sonra iddiaçı təşkilatın əməkdaşları tərəfindən cavabdehin təbii qazdan sayğacdan kənar qeyriqanuni istifadə edilməsi aşkar edilmiş, bununla bağlı akt tərtib edilmiş, iddiaçıya akt əsasında 5.184 manat məbləğində borc hesablanmışdır. Hazırda iddiaçı 5.184 manat borcun əsassız hesablandığını bildirərək onun silinməsini tələb edir.
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 əməkdaşları tərəfindən hesablanmış 5.202,36 (beş min iki yüz iki manat otuz altı qəpik) manat borcun əsassız olduğu üçün silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
3. İddiaçı daha sonra xx.xx.2023-cü il tarixdə iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək 5184 manat borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ona əsassız olaraq borc yazılıb, Küçədə yerləşən sayğaca o, cavabdehlik daşıya bilməz.
5. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5175/23 saylı iş üzrə 30 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim A.Abdullayeva) iddia təmin edilərək 5.202,36 manat məbləğində borcun silinməsi, 72,03 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.
6. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, cavabdeh iddiaçının qaz xəttinə qanunsuz qoşulması barədə aktlar tərtib edərək bu hərəkətə görə istehlakçıya maddi ziyan hesablasa da, qanunsuz qoşulmanın mövcud olmasını sübuta yetirə bilməmişdir.
7. Məhkəmə öz mövqeyini “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3, 18, 26-cı, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6-cı bəndi, 13-cü maddəsinin 8-ci, Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X4”nın 1.3 və 1.4-cü bəndlərinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
8. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın rədd olunmasını xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, təqdim edilmiş sayğacların saldoları, aktlar, fotoşəkillər sübut qismində araşdırılmamış, onlardan istifadə edilməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında izahat verərkən apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi.
12. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Konstitusiyası
“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunu
13. Maddə 3. İstehlakçılar öz hüquqlarının və qanuni mənafelərininmüdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər.
14. Maddə 18. İstehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir.
15. Maddə 26. İstehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir.
“Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunu
16. Maddə 11, bənd 6. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqısatqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər X4 ilə tənzimlənir. X4 müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
17. Maddə 13, bənd 8. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X4”
18. Bənd 1.3 və 1.4. Qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir
19. Bənd 4.1. Qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, AİBNDA tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır.
20. Bənd 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.
21. Bənd 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Apellyasiya baxışının hədləri
22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
23. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən mübahisələndirildiyindən və iddia təmin edildiyindən qətnamənin əsaslılığı tam həcmdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini qismən əsaslı sayaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının təbii qazdan istifadəyə görə borcunun olmaması barədə düzgün nəticəyə gəlsə də, silinməli olan məbləğin həcmini müəyyən edərkən səhvə yol vermişdir.
25. Belə ki, iddiaçı ilkin tələbində 5.202,36 manat borcun silinməsini xahiş etmiş, daha sonra xx.xx.2023-cü il tarixdə iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək 5184 manat borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
26. Birinci instansiya məhkəməsi isə iddia tələbinin həcminin azaldılması barədə ərizəni nəzərə almadan 5.202,36 manat borcun silinməsini qət etmişdir.
27. Beləliklə, iddiaçı 5.202,36 manat borcun silinməsini tələb etmədiyi halda məhkəmə həmin məbləğdə borcun silinməsi barədə nəticəyə gəlməklə prosessual hüquq normalarının tələblərini pozmuşdur.
28. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə müvafiq olaraq hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Baxılan iş üzrə tələbdən kənara çıxmaq üçün müstəsna hallar yoxdur.
29. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi silinməli olan borcun məbləği hissəsində dəyişdirilməli və həmin məbləğ 5184 manat müəyyən edilməlidir.
30. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq olunmuş «X4»nın 4.2, 4.8, 4.9-cu maddələrinə müvafiq olaraq qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına həyata keçirilir. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir.
31. Baxılan iş üzrə iddiaçı fiziki şəxsdir. Cavabdeh məhz iddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edildiyi, qəsdən zərər yetirildiyi barədə heç bir sübut təqdim etməmiş, iddiaya etirazını öz əməkdaşları tərəfindən birtərəfli qaydada tərtib edilmiş rəy və aktlarla, subyektiv mülahizə və ehtimallarla əsaslandırmağa çalışmışdır. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
32. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cavabdeh “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13.8-1-ci maddəsinin tələblərinə uyğun olaraq qanunsuz qoşulma halları aşkar etdiyi təqdirdə bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim etməlidir.
33. Qanunun tələbinə əsasən istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.
34. Lakin işdən göründüyü kimi, iddiaçının sayğaca müdaxilə etməsi, bunun nəticəsi olaraq qazın talanmasında təqsirli olması sübuta yetirilmədən Cavabdeh iddiaçıdan vurulmuş zərərin ödənilməsini tələb etmiş, abonentin saldosuna həmin zərərin məbləğini daxil etmişdir.
35. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 30 oktyabr 2023-cü il tarixli qətnaməsi 5.202,36 manat məbləğində borcun silinməsi hissəsində dəyişdirilsin və silinməli olan borcun məbləği 5184 (beş min yüz səksən dörd) manat müəyyən edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.