Məhkəmə qərarları › İş №2(103)-9629/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9629/2021

21.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9629/2021 21.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Əsgərovun sədrliyi və məruzəsilə, Azad Nizam oğlu İmanov və İkram Sabir oğlu Şirinovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı ASC-nin nümayəndələri Nümayəndə1 və X1 iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 avqust 2021-ci il tarixli 2(006)-5501/2021 saylı qərardadından İddiaçı ASC tərəfındən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı ASC Cavabdeh qarşı «əsassız varlanma nəticəsində əldə olunmuş vəsaitin geri qaytarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 avqust 2021-ci il tarixli, 2(006)- 5501/2021 saylı qərardadı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı «əsassız varlanma nəticəsində əldə olunmuş vəsaitin geri qaytarılması» tələbinə dair iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. İddiaçı ASC tərəfindən həmin qərardaddan şikayət verilərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 avqust 2021-ci il tarixli, 2(006)-5501/2021 saylı qərardadının ləğv edilməsi və şikayətin təmin edilərək, işin icraata qəbul edilməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qərardad qəbul edərkən qanuvericiliyin tələblərini pozmuşdur. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin 23.1-ci bəndində “yaranmış mübahisələr danışıqlar yolu ilə həll edilmədikdə, tərəflərin mübahisəni həll etmək üçün Bakı şəhər məhkəmələrinə müraciət edə bilmələri” göstərilmişdir. Odur ki, Bakı şəhəri 03 avqust 2021-ci il tarixli, 2(006)-5501/2021 saylı qərardadı ləğv edilməli, işin icraata qəbul edilməsi barədə qərardad qəbul edilməlidir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27 avqust 2021-ci il tarixli qərardadı ilə şikayətin təmin olunmaması və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyasının iclasında İddiaçı ASC-nin nümayəndələri Nümayəndə1 və X3 şikayəti müdafiə edərək, təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası izahatları dinləyib, işin materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 avqust 2021-ci il tarixli, 2(006)-5501/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2-ci maddəsinə əsasən iddia ərizəsində ərizənin verildiyi məhkəmənin adı, işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları; iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehlərə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu, nəzərdə tutulmuşsa, cavabdehlərlə mübahisənin məhkəməyə qədər (pretenziya) qaydada nizama salınmasına riayət edilməsinə dair məlumat; ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. Kollegiya qeyd edir ki, iddiaçı tərəfindən məhkəməyə verilmiş iddia ərizəsində Cavabdeh qismində göstərilsə də, iş materiallarına sonuncunun şəxsiyyətini təsdiq edən hər hansı bir sənəd əlavə edilməməklə, iddiaçı iddia ərizəsinin forma və məzmununa düzgün riayət etməmişdir. Həmçinin qeyd edilən iddia ərizəsi və ona əlavə edilən sənədlər görünür ki, Cavabdeh xarici ölkənin vətəndaşıdır (əcnəbidir). Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında 15 gündən artıq müvəqqəti olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Kollegiya qeyd edir ki, iş materiallarından göründüyü kimi, İddiaçı iddia ərizəsində Cavabdeh Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alındığı ünvanına dair hər hansı bir sənədi məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Habelə kollegiya qeyd etməyi zəruri hesab edir ki, iddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı aidiyyət qaydalarına riayət etməmişdir. Belə ki, iddia ərizəsindən görünür ki, iddiaçı iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciətini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 36.1-ci maddəsinə istinad edərək əsaslandırmışdır. Habelə iddiaçı iddia ərizəsində qeyd etmişdir ki, yaşayış yeri məlum olmayan, yaxud Azərbaycan Respublikasında yaşayış yeri olmayan cavabdehə iddia onun əmlakının olduğu yerə görə və ya məlum olan axrıncı yaşayış yerinə görə verilə bilər. Cavabdeh bankdan əmlakı – plastik kartı qəbul etmişdir və əmlakın məxsus olduğu plastik kart banka məxsusdur. Bankın hüquqi adresi Nəsimi rayonu ərazisində yerləşdiyi üçün qeyd olunan iş Nəsimi Rayon Məhkəməsinin yuisdiksiyasına aiddir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 36.1-ci maddəsinə əsasən yaşayış yeri məlum olmayan, yaxud Azərbaycan Respublikasında yaşayış yeri olmayan cavabdehə iddia onun əmlakının olduğu yerə görə və ya məlum olan axırıncı yaşayış yerinə görə verilə bilər. Kollegiya hesab edir ki, müqavilə əsasında cavabdehə verilmiş plastik kart özlüyündə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 36.1-ci maddəsində nəzərdə tutulmuş əmlakı ifadə etmir. Ona görə də kollegiya hesab edir ki, hazırki iddia tələbinin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində baxılması üçün hər hansı bir əsas (sübut) yoxdur. Bununla da, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 avqust 2021-ci il tarixli, 2(006)-5501/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1, 400 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı ASC tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 avqust 2021-ci il tarixli, 2(006)-5501/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov İkram Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar