Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-963/2022 10.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Mehdiyeva Mənsurə Ənvər qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “aktın etibarsız hesab edilməsi və qanunsuz olaraq qəbul edilmiş akta əsasən hesablanmış cərimənin silinməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 26.04.2021-ci il tarixli, 2(006)- 2421/2021 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “aktın etibarsız hesab edilməsi və qanunsuz olaraq qəbul edilmiş akta əsasən hesablanmış cərimənin silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum Məzlum Əmirovun adına olan **********B0000 saylı abunə kodlu, **********85 işıq sayğacına qanunsuz olaraq tərtib edilmiş 06.01.2021-ci il tarixli, 021043 saylı aktın etibarsız hesab olunması, qanunsuz olaraq yazılmış akta əsasən hesablanmış 810 (səkkiz yüz on manat) manat cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə ilə müraciət edərək, mərhum Məzlum Əmirovun adına olan **********B0000 saylı abunə kodlu, **********85 işıq sayğacına qanunsuz olaraq tərtib edilmiş 06.01.2021-ci il tarixli, 021043 saylı aktın etibarsız hesab olunması, qanunsuz olaraq yazılmış akta əsasən hesablanmış 814,97 (səkkiz yüz on dörd manat doxsan yeddi qəpik) manat cərimənin silinməsi və vəkil ilə müqavilə bağlayaraq ödədiyi 150 (yüz əlli) manat pulun cavabdeh "xxxx" ASC-dən tutularaq, İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Xanlar küçəsi 80 saylı fərdi yaşayış evində qeydiyyatda olmaqla bərabər ailə üzvləri ilə birlikdə həmin evdə yaşayır. Qeyd olunan fərdi yaşayış evi onun mərhum atası X3 1967-ci ildən texniki pasport əsasında məxsus olmuşdur. Həmin fərdi yaşayış evinin ayrıca mülkiyyət sənədi olmamışdır. Həyətdə 3 ev var. X5 ölmüş və ona 19.05.1987-ci il tarixdə 253 saylı ölüm haqqında şəhadətnamə verilmişdir. Atası öləndən sonra həmin fərdi yaşayış evində anası yaşamışdır. O da, yaşlı qadın olduğundan çox vaxt onunla birlikdə həmin həyətdə tikdiyi fərdi yaşayış evində qalır. Atasına məxsus evin bütün kommunal xərcləri, xüsusilə elektrik enerjisindən istifadəyə görə yaranmış sərfiyyatın pulu həmişə onun tərəfindən vaxtlı-vaxtında ödənilmişdir. Sonuncu dəfə 02.12.2020-ci il tarixdə 10 manat smart karta pul yüklədikdən sonra həmin kartı sayğaca taxanda sayğac kartı oxuya bilmədi. O da ödəniş qəbzini atmayaraq əraziyə baxan Ayaz adında "xxxx" ASC-nin işçisinin ***-***-**-** saylı mobil telefonuna zəng edərək ondan gəlib kartın işləyibişləmədiyini yoxlamasını xahiş etmişdir. Ayaz da gəlib yanlarında 3 dəfə kartı sayğaca əlavə edərək işləmədiyini gördükdən sonra öz idarələrinə zəng vuraraq Suraxanı rayon İşıq İdarəsinə onların ərazinin nəzarətçisinə bu barədə məlumat vermişdir. Onlar Ayaza bildirmişlər ki, müvəqqəti 3-4 günlük işığı birləşdirib getsin. Ayaz da onların dediyi kimi edib işığı birləşdirmişdir. Onlar 3 gün ərzində yeni sayğac gətirib quraşdıracaqlarını bildirmişlər. Onlar bilməmişlər ki, Ayaz həmin sayğacı necə işlək vəziyyətə gətirib evə elektrik enerjisinin verilişməsini bərpa etmişdir. Amma yanlarında öz idarələri ilə telefonla əlaqə saxladığının şahidi olmuşlar. 3 gün keçməmiş, "xxxx" ASC-nin işçiləri özləri gəlib sayğaca baxış keçirmiş və sayğacın xarab olduğunu görüb getmişlər. Sonradan gətirib yeni sayğac qoyduqdan sonra ona bildirmişlər ki, xarab sayğacı laboratoriyada yoxlayıb məlumat verəcəklər. Lakin ondan sonra heç bir məlumat verilməmişdir. Sonradan bilmişdir ki, cavabdeh "xxxx" ASC-nin əməkdaşları tərəfindən 06.01.2021-ci il tarixdə 021043 saylı akt tərtib edilmiş və həmin 06.01.2021-ci il tarixli 021043 saylı aktda qeyd olunmuşdur ki, guya yuxarıda qeyd etdiyi fərdi yaşayış evinə aid **********B0000 abunə kodlu işıq sayğacının giriş faza ovasından bir başa qoruyucu avtomata kənar xətt qoşulmuşdur, sayğacın alt örtük qapağının möhürü yerində olmamışdır. Sayğaca giriş faza xəttinin çıxışa birbaşa qoşulması aşkar edilmişdir. Yəni, sayğaca müdaxilə olunmuşdur. 06.01.2021-ci il tarixli, 021043 saylı Akt tamamilə əsassızdır və qanunsuz olduğundan etibarsız hesab edilməlidir. Belə ki, birincisi ona məxsus mənzilin sayğacına tərəfindən hər hansı bir müdaxilə edilməmişdir. "xxxx" ASC-nin işçisi Ayaz adlı şəxsə məlumat verdikdən sonra tərəfindən həmin sayğaca nə yaxın getməmiş, nə də hər hansı bir müdaxilə etməmişdir. Ondan bir neçə gün sonra cavabdehin işçiləri əraziyə gələrək özləri yeni sayğac quraşdırıb köhnə sayğacı isə çıxardaraq kart ilə birlikdə özləri aparmışdılar. Həmin sayğaca hər hansı bir müdaxilə olmamışdır. Yeni sayğac quraşdırıldıqdan sonra 1987-ci ildən ölmüş şəxsin adına akt və cərimə yazılması gülünc bir vəziyyətdir. Aktın surətini "xxxx" ASC-nin əməkdaşlarından fevral ayında almışdır. Akt nə onun, nə də onun ailə üzvlərindən heç kimin iştirakı olmadan tərtib edilmişdir. Bunları əks etdirən hər hansı bir foto və ya video görüntü yoxdur. Bundan başqa onun atası öldükdən sonra anası çox vaxt onunla qalır deyə, ata evini uşaqları hərdən gedib uşaqlar silib təmizləyib havasını dəyişirlər. O evdə daimi yaşayış evindən elektrik enerjisi sərfiyyatı da mütəmadi sərf edilməmişdir. Əgər həmin sayğaca bir müdaxilə edilibsə də, "xxxx" ASC-nin öz işçiləri tərəfindən edilmişdir. Buna cavabdehlik daşımamalıdır. Çünki sayğac mənzilində deyil, mənzilindən çöldə yerləşir. Hər kəs üçün nəzərdə tutulan ümumi istifadədə olan yerdə quraşdırılmışdır. Ona pislik etmək niyyəti olan və ya pislik etmək istəyən istənilən şəxs sayğacına rahat şəkildə müdaxilə edə bilər. Bundan əlavə, cavabdeh təşkilatın işçiləri tərəfindən hər ay onun yaşadığı ünvandakı elektrik sayğacı yoxlanılmış və orada heç bir qüsur aşkar edilməmişdir. Beləliklə, bütün bunlara görə, yəni etmədiyi bir əmələ görə nə onun, nə də mərhum atasının məsuliyyət daşıması absurd və gülüncdür. Digər tərəfdən cavabdeh tərəfindən 06.01.2021-ci il tarixli, 021043 saylı Akt qanunvericiliyin tələblərinin pozulması ilə tərtib edilmişdir. Belə ki, həmin aktda göstərildiyi kimi aktı "xxxx" ASC-nin əməkdaşları tərtib edərək imzalamışlar. Halbuki, qanunvericiliyin tələblərinə görə akt enerji təchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və 2 nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Aktdan göründüyü kimi onu bir nəfər belə hal şahidi imzalamamışdır. Bundan başqa, həmin akt ümumiyyətlə ondan xəbərsiz, iştirakı təmin edilmədən tərtib olunmuşdur ki, bir məişət abonenti kimi izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək hüququndan da məhrum olunmuşdur. Bu hallar isə cavabdehin əməkdaşlarının ona qarşı qərəzli olmasını bir daha sübut etmiş olur. Eyni zamanda cavabdeh təşkilata aktın etibarsızlığı və borcun əsassız hesablanması ilə bağlı müraciətlər etsə də, müraciətləri cavabsız qalmış, cavabdehin nümayəndələri isə dəfələrlə gəlib onun işığını kəsəcəkləri ilə hədələmişlər. Buna görə də hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 26.04.2021-ci il tarixli, 2(006)-2421/2021 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, “Məzlum Əmirovun adına olan **********B0000 saylı abunə kodlu, **********85 işıq sayğacına qanunsuz olaraq tərtib edilmiş 06.01.2021-ci il tarixli, 021043 saylı aktın etibarsız hesab olunması, qanunsuz olaraq yazılmış akta əsasən hesablanmış 814,97 (səkkiz yüz on dörd manat doxsan yeddi qəpik) manat cərimənin silinməsi və vəkil ilə müqavilə bağlayaraq ödədiyi 150 (yüz əlli) manat pulun cavabdeh "xxxx" ASC-dən tutularaq, İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26.04.2021-ci il tarixli, 2(006)-2421/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarına düzgün hüquqi qiymət verilməməsi, təqdim edilmiş sənədlərdə göstərilənlərin təhrif edilməsi "xxxx" ASC-nin qanuni mənafeyinin pozulmasına səbəb olan sözügedən qətnamənin qəbul edilməsi ilə müşayiət olunmuşdur. Belə ki, 06.01.2021-ci il tarixdə "xxxx" ASC-nin əməkdaşları abonent İddiaçı məxsus ünvanda quraşdırılmış elektrik sayğacına baxış keçirmiş, baxış zamanı "fərid yaşayış evinin elektrik sayğacının giriş faza yuvasından birbaşa qoruyucu avtomata kənar xətt çəkilmişdir” qüsurunun aşkar olunması səbəbilə NDQ № 021043 nömrəli akt tərtib edilmiş, sonradan "xxxx" ASC-nin Əhali İstehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair Satış sahələri üzrə və Texniki sahələr üzrə tələblər barədə qərarla itirilmiş elektrik enerjisinin əvəzi olaraq 7409 kvt/saat olmaqla, 814,97 manat məbləğində borc iddiaçının nömrəli **********B0000 abunə koduna daxil edilməklə ödənilməsi barədə bildiriş göndərilməsi müəyyən olunmuşdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. İş materiallarında olan "xxxx" ASC-nin 06 yanvar 2021-ci il tarixli abunə haqqında çıxarışdan görünür ki, abunə kodu **********B0000 olan sayğacın 814,97 manat enerji haqqı borcu olduğu qeyd edilmişdir. "xxxx" ASC-nin Nəzarət Departamenti Satışa Nəzarət İdarəsi abunə kodu olan 06.01.2021-ci il tarixli, 021043 saylı akt tərtib etmişdir, həmin aktda pozuntu “EEİQ-na uyğun olaraq baxış keçirən zaman məlum oldu ki, fərdi yaşayış evinin elektrik sayğacının giriş faz yuvasından birbaşa qoruyucu avtomatakənar xətt verilmişdir.” kimi qeyd edilmişdi. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq edilmiş “Elektrik enejisindən istifadə Qaydaları”nın 1.2-ci bəndinə əsasən, bu Qaydalar “Enerji resurslarından istifadə haqqında”, “Elektroenergetika haqqında”, “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerji təchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu qaydaların icrası tabeliyindən mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq, dövlət elektroenergetika müəssisəsi, enerji təchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. Həmin Qaydaların 7.6-cı bəndinə əsasən enerji təchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerji təchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. Həmin Qaydaların 8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Həmin Qaydaların 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Həmin Qaydaların 10.14-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi dəymiş ziyan haqqında istehlakçıdan daxil olmuş müraciətə on gündən gec olmayaraq baxır və bu Qaydalara uyğun olaraq istehlakçıya ödəniş ödəyir. Həmin Qaydaların 10.17-ci bəndinə əsasən enerji təchizatı müəssisəsi sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisinin alqı-satqı müqaviləsində müəyyən edilmiş göstəricilərin və rejimlərin yerinə yetirilməsinə, satın alınmış elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin «Dövlət Enerjinəzarət» İdarəsinin səlahiyyətli nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə cavabdehlik daşıyır. İşin hallarından və qanunvericiliyin yuxarıda qeyd edilən normalarından belə qənaətə gəlmək olur ki, cavabdehin nümayəndələri tərəfindən akt tərtib edilərkən “Elektrik enerjisindən istifadə qaydaları”nın tələbləri pozulmuşdur. Belə ki, akt yalnız cavabdehin əməkdaşları tərəfindən imzalanmış, aktın tərtib edilməsi zamanı iddiaçının (abonentin), eləcə də hal şahidlərinin iştirakı təmin edilməmişdir. Eyni zamanda, akt iddiaçının atasının adına tərtib edilmişdir. Lakin iş materiallarında olan 253 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, Məzlum Əmir oğlu 19.05.1987-ci il tarixdə vəfat etmişdir. Bundan başqa, sayğacda aşkar edilmiş qüsurların məhz iddiaçı tərəfindən yol verilmiş qanun pozuntuları nəticəsində baş verməsinə dair hər hansı sübut cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir, bununla da, tərtib edilmiş akt etibarlı olmamışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə əsaslı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 26.04.2021-ci il tarixli, 2(006)-2421/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu onu ödəmiş şəxsin özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-963/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-963/2022
10.02.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver