Məhkəmə qərarları › İş №2(103)-9634/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9634/2021

12.10.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9634/2021 12.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X6 oğlunun katibliyi, İddiaçının nümayəndəsi (vəkili) X2, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “əsassız hesablanmış borcun silinməsi və zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 22 iyul 2021-ci il tarixli, 2(006)-3859/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra, iddiaçı) cavabdeh "xxxx" ASC-yə (bundan sonra, cavabdeh) qarşı “əsassız hesablanmış borcun silinməsi və zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən əsassız hesablanmış 2559,39 manat borcun silinməsi, habelə cavabdeh tərəfindən vurulmuş 350 manat məbləğində zərərin əvəzi, 160 manat məbləğində pozulmuş hüquqlarının bərpa edilməsi üçün vəkilə ödənilən vəsait və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 540 manatın cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı, iddia tələbini onunla əsaslandırmışdır ki, 30.03.2021-ci il tarixdə cavabdehin əməkdaşları tərəfindən iddiaçıya məxsus mənzilə quraşdırılmış sayğaca baxış keçirilmiş və tərtib edilmiş 021782 saylı aktda göstərilmişdir ki, sayğacın dövlət və alt qapaq möhürləri şübhəlidir, xətdən yük keçməsinə baxmayaraq, sayğacın baxış tablosu oxunmur, impuls lampası vurmur, sayğac sxemindən keçən yükü tam qeyd etmir. Akt tərtib edildikdən sonra mənzilə quraşdırılmış sayğac çıxarılaraq, yenisi ilə əvəz edilmiş və 06.04.2021-ci il tarixli bildiriş xəbərdarlıqla 2559,39 manat əlavə sərfiyyat hesablanmışdır. Lakin onun tərəfindən sayğaca müdaxilə edilməmişdir, eyni zamanda tərtib edilmiş aktın özündə də sayğacda müdaxilə əlamətlərinin müəyyən edilməsi barədə hər hansı qeyd mövcud deyildir. Çünki tərəfindən sayğaca heç bir müdaxilə edilməmiş, habelə sayğacdan kənar heç bir xətt mövcud olmamışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 22 iyul 2021-ci il tarixli, 2(006)-3859/2021 saylı qətnaməsi ilə (hakim Rəşid Səmədov) cavabdeh tərəfindən 30.03.2021-ci il tarixdə tərtib edilmiş NDM № 021782 saylı aktın ləğv edilməsi, həmin akt əsasında hesablanmış 2547,18 manat cərimənin iddiaçının abunə hesabından (abunə kodu **********80001) silinməsi, cavabdehdən 160 manat məbləğində pozulmuş hüquqlarının bərpa edilməsi üçün çəkilmiş məhkəmə xərci kimi vəkilə ödənilən vəsait və ödənilmiş dövlət rüsumunun 20 manat hissəsinin əvəzi olmaqla, cəmi 180 manatın alınaraq iddiaçıya verilməsi, ödənilmiş dövlət rüsumunun 10 manat hissəsinin iddiaçıya aid edilməsi, iddianın qalan hissədə rədd olunması qət edilmişdir. Cavabdeh, qeyd edilən qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın rədd olunması barədə yeni qətnamə edilməsini xahiş etmiş və şikayətini məhkəmə tərəfindən maddi və prosessual hüquq normalarının pozulması, işin faktiki hallarına düzgün hüquqi qiymət verilməməsi, təqdim edilmiş sənədlərdə göstərilənlərin təhrif edilməsi və s. kimi əsaslandırımışdır. İzahatlar, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, məhkəmə kollegiyasından şikayətin təmin olunmasını xahiş etmiş və suallara cavab olaraq bildirmişdir ki, sözügedən ünvan faktiki olaraq anbar kimi istifadə olunmaqla qeyri-yaşayış sahəsidir və sayğac sahədən kənarda yerləşir. Sayğac dəyişdirilərəkən idarənin əməkdaşları tərəfindən müdaxilə aşkar edilib, aktda yazılan sayğacın dövlət və alt qapaq möhürləri şübhəli olması isə qüsurlu şəkildə ifadə olunmuşdur. Borcun hesablanması qaydası “Elektrik enerjisindən istifadə Qaydaları”nda konkret şəkildə göstərilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi isə, apellyasiya şikayətinə etiraz edərək, iddia ərizəsində göstərilənlərə və birinci instansiya məhkəməsində verdiyi izhata uyğun izahat vermiş, məhkəmə kollegiyasından şikayətin təmin olunmamasını xahiş etmiş və suallara cavab olaraq bildirmişdir ki, iddiaçıya məxsus sözügedən ünvan bağ evidir. Cavabdeh tərəfindən borcun əsası kimi istinad olunan akt iddiaçının və ya onun ailə üzvlərinin iştirakı olmadan kənar şəxs cəlb edilməklə tərtib olunmuşdur. HÜQUQİ MƏSƏLƏLƏR : Qeyd edilməlidir ki, iddia ərizəsi qismən təmin olunmuş, iddiaçı qətnaməni mübahisələndirməmişdir. Bu səbəbdən də, məhkəmə kollegiyası, məhz cavabdehin apellyasiya şikayəti həddində birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərək, hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyi). Məhkəmə kollegiyası, məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan № 021782 saylı, 30 mart 2021-ci il tarixli aktından görünür ki, "xxxx" ASC-nin əməkdaşları tərəfindən ünvan 1 ünvanında quraşdırılmış elektrik sayğacına baxış keçirilərkən məlum olmuşdur ki, sayğacın dövlət və alt qapaq möhürləri şübhəlidir, xətdən yük keçməsinə baxmayaraq, sayğacın baxış tablosu oxunmur, impuls lampası vurmur, sayğac sxemindən keçən yükü tam qeyd etmir, Xətdən axan yük Pfak-4 kvt (dörd) P say - 0 kvt (sıfır) Naqillər en kəsiyinin sahəsi S=4 x komp aliminiyum naqilləri. İşdə olan "xxxx" ASC-nin 30.04.2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, **********80001 nömrəli kod üzrə elektrik msenerji hesabatı haqqında abunə vərəqi təhlil olunarkən məlum olmuşdur ki, 30.03.2021-ci il tarixdə satışa nəzarət idarəsinin əməkdaşları tərəfindən “Elektrik enerjisindən istifadə Qaydaları”na riayət olunmasının vəziyyəti yoxlanılarkən, mənzilə məxsus elektrik sayğacında qüsur (sayğacın dövlət və alt qapaq möhürləri şübhəlidir, sayğac sxemdən keçən yükü tam qeyd etmir) aşkar edilmiş, nümayəndə Əliyev Şabanın iştirakı ilə NDM 021782 nömrəli akt tərtib edilmiş, 24458 kVt.s - 2547,18 manat dəyərində ödəniş sənədi hazırlanmışdır. Aktda qeyd edilən qüsur Sayğac quraşdırma və uçota nəzarət idarəsinin 31.03.2021-ci il tarixli 213494 nömrəli protokolu ilə (A261130547 nömrəli elektrik hesabat sayğacın ayrı-ayrı fazaları işləmir, sayğac yararsızdır) təsdiqlənmişdir. Abunə haqqında bildiriş vərəqinin təhlili də təsdiq edir ki, akta görə təqdim edilmiş ödəniş sənədi tarif fərqi nəzərə alınmaqla aktda qeyd edilən yükə (Pfak=4 kVt) müvafiq “Elektrik enerjisindən istifadə Qaydaları”nın tələblərinə uyğun aparılmışdır. İşdə olan 58723 nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına160 manat məbləğində pul köçürülmüşdür. Kollegiya aşağıdakılara əsasən hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya akt üzrə hesablanmış 2547,18 manat borcun silinməsi əsaslı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.02.2005-ci il tarixli, 18 saylı Qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 1.3-cü bəndinə əsasən, enerjitəchizatı müəssisəsi ilə abonent arasında elektrik enerjisinin alqısatqı müqaviləsi bağlanmalıdır. Bu müqaviləyə elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhədi və tərəflərin istismar məsuliyyəti aktı əlavə edilir. Həmin Qaydaların 8.17-ci bəndində göstərilir ki, istehlakçının (məişət abonenti istisna olmaqla) təqsirindən hesablaşma uçot cihazları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda və s.) uçot cihazlarının qoşulma sxemləri pozulduqda, uçot cihazlarından kənar özbaşına yük qoşulduqda enerjitəchizat müəssisəsi onu elektrik şəbəkəsindən açmalı, elektrikqəbuledicilərin qoyulmuş gücü və hesablaşma elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən istehlakçının (məişət abonenti istisna olmaqla) işləmə saatlarına görə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində yenidən hesablaşma aparılmalıdır. Yuxarıda qeyd edilən normanın pozulması üçün istehlakçının təqsirindən hesablaşma uçot cihazının zədələnməsi, uçot cihazlarının qoşulma sxemlərinin pozulması, uçot cihazlarından kənar özbaşına yükün qoşulması faktı aşkar olunmalıdır. Həmçinin, hüquq norması elektrik enerjisi istehlakçısının elektrik enerjisindən istifadə qaydalarının pozulmasında məsuliyyətini, aşkar olunmuş pozuntularda istehlakçının təqsiri olması ilə şərtləndirmişdir. Yəni baş vermiş pozuntuya görə o halda istehlakçı məsuliyyət daşıyır ki, pozuntu istehlakçının təqsirli hərəkətlərinin nəticəsi olaraq əmələ gəlsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Mübahisələndirilən aktdan göründüyü kimi, akt tərtib olunarkən qanunvericiliyin tələblərinə riayət olunmamış, istehlakçının hüquqları pozulmuş, həmçinin abunəçinin və iki nəfər hal şahidinin iştirakı təmin edilməmiş, sonuncular tərəfindən imzalanmamışdır. Ümumiyyətlə akta imza edən Şaban Əliyevin kim olması, iddiaçının ailə üzvlərinə aidiyyəti və s. barədə hər hansı qeyd də aparılmamışdır. İddiaçı isə həmin şəxsin onun ailə üzvlərinə aid olmamasını, kənar şəxs olmasını bildirmişdir. Eyni zamanda, işdən görünür ki, sayğac iddiaçıya məxsus yaşayış sahəsindən kənarda quraşdırılmışdır. Qaydaların 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edilir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalanmaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur Qaydaların 7.6-cı bəndinə əsasən hesablaşma elektrik sayğıcının zədələnməsinin laboratoriya şəraitində araşdırılması tələb olunduqda, enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. Qaydaların 8.16-cı və 8.17-ci bəndlərinin tələblərindən göründüyü kimi, qüsurların yaranmasında istehlakçının təqsirli olub-olmamasının müəyyənləşdirilməsi yenidən hesablaşma aparılması üçün mühüm əhəmiyyət kəsb edir. Qaydaların 9.20-ci bəndində fors-major hadisələri, kənar şəxslərin düzgün olmayan hərəkətləri (səhvən birləşdirmə, açma və keçirmə, hava elektrik verilişi xətlərinin naqillərinin üzərinə kənar əşyaların atılması, hava və kabel verilişi xətlərinin mexaniki zədələnməsi və s. nəticəsində) baş vermiş qəzalarla əlaqədar istehlakçı dəymiş ziyana görə enerjitəchizatı müəssisəsi qarşısında məsuliyyət daşımır. Qanunvericiliyin qeyd edilən normalarında göstərilən halların araşdırılması bilavasitə enejitəchizatı müəssisənin üzərinə düşür. Lakin, cavabdehin əməkdaşları yoxlama zamanı aktda göstərilən qüsurların yaranmasına şübhələr olduğunu bildirməklə, həmin qüsurların yaranıb-yaranmadığını, müsbət halda isə hansı səbəbdən yaranmasını müəyyən etmədən, əsassız olaraq bunun bilavasitə iddiaçının təqsirli hərəkəti nəticəsində baş verməsi nəticəsinə gəlmişlər. İstehlakçının təqsirinin olmaması isə onun belə məsuliyyətə cəlb olunmasını istisna edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinin tələblərinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır. Göründüyü kimi, delikt məsuliyyətini müəyyən edən normalar mülki hüquq pozuntusu üçün məsuliyyətin əsası kimi ziyanvuranın hüquqa və ya qanuna zidd hərəkəti və ziyanvuranan təqsirli olmasını əsas şərt kimi müəyyən etmişdir. Belə ki, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur və ilkin olaraq zərər hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə vurulmalıdır. Digər şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Həmin şərtlərdən hər hansı birinin mövcud olmaması mülki hüquqi məsuliyyəti istisna edir. Məhkəmə araşdırması zamanı cavabdeh tərəf aktda qeyd olunmuş pozuntunun iddiaçının təqsirli hərəkəti nəticəsində yaranmasını, bu sahədə sonununun hüquqa zidd davranışını və həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqənin olması sübut edə bilməmişdir. Göründüyü kimi, məhkəmə araşdırması zamanı cavabdeh etirazının əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.2-ci maddəsinə əsasən, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən normalarını nəzərə alaraq, hesab edir ki, qətnamə yoxlanılan hissədə əsaslı və qanunidir, şikayətin dəlilləri formal mülahizələrə əsaslanmaqla, həmin hissədə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. MPM-in 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “əsassız hesablanmış borcun silinməsi və zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 22 iyul 2021-ci il tarixli, 2(006)-3859/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 22 iyul 2021-ci il tarixli, 2(006)- 3859/2021 saylı qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar