Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9636/2021 30.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Rasim Almuradovun, Cavabdeh "xxxx" MTK-nın nümayəndəsi Salman Əliyevin iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyətinə və "xxxx" MTK-ya qarşı «pul tələbinə dair» 2(006)-1461/2021 saylı mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 iyun 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyətinə və "xxxx" MTK-ya qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin Müştəri Xidmətləri Departamentinin 19.01.2018-ci il tarixli bildirişinin məzmunundan görünür ki, "xxxx" ASCnin Müştəri Xidmətləri Departamenti ilə İddiaçı arasında bağlanılmış 08 fevral 2016-cı il tarixli, 31-08-02-2016-AF-MA N-li təminatlı kredit müqaviləsinə əsasən İddiaçı 255.030 manat məbləğində kredit verilmişdir. Həmçinin, kredit müqaviləsinin təminatı kimi İddiaçı ilə "xxxx" MMC arasında 08 fevral 2016-cı il tarixli, ********* saylı müqavilə imzalanmışdır. Bu müqavilələrin şərtlərinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, 2-ci MKR, H.Əliyev küçəsi 3224-cü məhəllədə tikilməkdə olan bina 1, blok 2, mərtəbə 6, ümumi sahəsi 127,07 kvm olan 3 otaqlı 271 nömrəli mənzil iddiaçının və ailəsinin istifadəsinə verilmişdir. Həmçinin, iddiaçı aldığı mənzilə görə ilkin olaraq 30000 manat, daha sonra isə 45000 manat məbləğində, ümumilikdə 75000 manat məbləğində pul ödəmiş, lakin sonradan maddi vəziyyəti pisləşdiyi və gəlirləri azaldığı üçün həmin mənzilə görə 3 ay ödəniş edə bilməmişdir. Bu baxımdan iddiaçı ailəsi ilə birlikdə mənzildən çıxarılsa da, ödədiyi pulların böyük bir qismi ona qaytarılmamışdır. Belə ki, yuxarıda qeyd edilən məbləğin 26000 manat məbləği "xxxx" MMC tərəfindən iddiaçıya qaytarılsa da, 49000 manat məbləği qaytarılmamışdır. İddiaçı bununla bağlı tikinti şirkətinə müraciət etsə də, ona bildirilmişdir ki, yaranmış mübahisəyə görə iddiaçı cavabdeh "xxxx" ASC-yə müraciət etməlidir. Bu baxımdan iddiaçıya məxsus olan 49.000 manat məbləğində pul vəsaiti cavabdeh "xxxx" ASC-dən alınaraq iddiaçıya verilməlidir. Göstərilənlərə əsasən cavabdeh "xxxx" ASC-dən ümumilikdə 49000 manat və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Sonradan, İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehlər "xxxx" ASC-dən və "xxxx" MTK-dan ümumilikdə 49000 manat pulun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini və cavabdeh "xxxx" MTK-nın hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 322-ci maddəsinin əlamətləri mövcud olduğundan barəsində xüsusi qərardad çıxarılmaqla prokurora xəbər verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilib, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz, ədalətsiz və əsassız olduğundan ləğv edilməli, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. İddia tələbinin əsası kimi istinad etdiyi hallar sənədlərlə öz təsdiqini tapsa da, məhkəmə iddianı təmin etməmişdir. Birinci instansiya məhkəməsi qətnamə çıxararkən onun hüquqlarını kobud şəkildə pozmuşdur. Sənədlərlə sübut olunur ki, 49000 manat pul ona geri ödənilməmişdir. Yəni, onun pulu getmiş, mənzil də ondan alınmışdır. Belə olan təqdirdə, mənzil ondan alınırsa, pul vəsaiti geri qaytarılmalıdır. Qətnamənin təsviri hissəsində göstərilənlər əsaslandırıcı və nəticə hissəsi uyğun deyildir. Cavabdehin ona ödəmədiyi 49000 manat pulun faizə və borca silinməsi, bundan başqa mənzilin də ondan alınması qanunsuzdur. İddiaçının təmsilçisi apellyasiya baxışı zamanı apellyasiya şikayətini müdafiə edərək, təmin olunmamasını xahiş etdi. Cavabdeh "xxxx" MTK-nın nümayəndəsi apellyasiya baxışı zamanı apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını xahiş etdi. Hazırkı məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, digər cavabdeh "xxxx" ASC iclasda təmsil edilməmiş və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə həmin tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçını və cavabdehin nümayəndəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Birinci instansiya məhkəməsi iş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən etmişdir ki, "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 08.02.2016-cı il tarixli, ********* saylı mənzilin alqı-satqı müqaviləsinə əsasən, Cəmiyyət ünvan 1də tikilməkdə olan bina 1, blok 2, mərtəbə 6, 3 otaqlı, 271 nömrəli mənzili «alıcı»nın mülkiyyətinə təhvil verməyi, alıcı isə bunun qarşılığında Cəmiyyətə razılaşdırılmış pul vəsaitini müəyyən edilmiş müddət ərzində ödəməyi və müqavilə ilə nəzərdə tutulmuş işləri yerinə yetirməyi öhdəsinə götürmüşdür. Müqavilənin 4.2.8-ci bəndinə əsasən «Alıcı» tərəfdən bu müqavilənin şərtləri pozulduqda və ya "xxxx" ASC arasında imzalanmış mənzilin alışını nəzərdə tutan kredit müqaviləsi üzrə öz öhdəliklərini yerinə yetirmədikdə və yaxud lazımınca yerinə yetirmədikdə, bankın rəsmi bildirişi əsasında «Satıcı» birtərəfli olaraq bu müqaviləni ləğv edib mənzilin sahibi ola bilər. Bu halda «Satıcı» "xxxx" ASC və «Alıcı» arasında imzalanmış zaminlik müqaviləsindən irəli gələn «Alıcı»-nın öhdəliklərini yerinə yetirməlidir. "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış 08.02.2016-cı il tarixli, 31-08-02-2016- AF-MA saylı təminatlı kredit müqaviləsinə əsasən bank tərəfindən İddiaçı illik 8%-lə, 239 ay müddətinə 255030 manat məbləğində kredit verilmişdir. "xxxx" ASC ilə İddiaçı və "xxxx" MMC arasında bağlanmış 08.02.2016-cı il tarixli zaminlik müqaviləsinə əsasən zamin "xxxx" MMC borclu İddiaçı bank qarşısında kredit müqaviləsi üzrə öz öhdəliklərini vaxtında və lazımınca icra etmədikdə öhdəliklərin icrası üçün borclu ilə birgə məsuliyyət daşıması barədə öz üzərinə öhdəlik götürmüşdür. X1 notarial qaydada təsdiq edilmiş 09.02.2018-ci il tarixli ərizəsinin surətindən görünür ki, o, İddiaçı adına olan ünvan 1 ünvanda, «ünvan 2erləşən 3 otaqlı 271 saylı mənzildən və paydan imtina etməsinə razılıq vermişdir. Həmin mənzilin istənilən şəxsin adına sənədləşdirilməsi, dəyişdirilməsi və satılmasına heç bir etiraz etmir. Onun gələcəkdə bu mənzilə və MMC-yə qarşı heç bir iddası olmayacaqdır. İddiaçı 19.02.2018-ci il tarixli ərizəsinin surətindən görünür ki, o, ünvan 1də tikilməkdə olan bina 1, 2-ci blok, 6-cı mərtəbədə yerləşən 3 otaqlı 271 saylı mənzili ümumi sahəsi 127,07 m2 mənzildən və hüququndan imtina edir. Gələcəkdə göstərilən mənzil barəsində "xxxx" MTK-ya qarşı heç bir iddiası olmayacaqdır. "xxxx" ASC-nin 02.06.2021-ci il tarixli məktubundan görünür ki, bank ilə İddiaçı arasında bağlanmış 08.02.2016-cı il tarixli kredit müqaviləsinə əsasən, "xxxx" MMC-nin inşa etdiyi binalardan mənzilin alınması üçün 255030 manat məbləğində kredit rəsmiləşdirilmişdir. Borc alan kreditin ilk aylarından başlayaraq gecikmələr yaratmış, nəticədə müştəridən savayı, şirkətin nümayəndələri (zaminlik müqaviləsinə əsasən) də müxtəlif tarixlərində ödənişlər aparmışdırlar. 19.01.2018-ci il tarixində borc alana ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərilmişdir. Bildirişə əsasən borc alanın 19.01.2018-ci il tarixə ödəniş cədvəli üzrə 4,303.15 manat məbləğində gecikdirilmiş borc təşkil etmişdir. Ümumilikdə isə borc alanın 19.01.2018-ci il tarixə Bank qarşısında 249.279,17 manat, bundan 245.747,84 manat əsas borc, 3.531,33 manat isə faiz borcu təşkil etmişdir. Müvafiq kredit müqaviləsi üzrə 19.01.2018-ci il tarixinədək borc alan və şirkətin nümayəndələri tərəfindən ümumilikdə 45.380,18 manat, bundan 9.282,16 manat əsas borc, 36.098,02 manat isə faiz borcu ödənilmişdir. 17.02.2018-ci il tarixdə tərtib edilmiş 01/2018 saylı aktdan görünür ki, 08 fevral 2016-cı ildə ********* №-li payçı müqaviləsinə əsasən İddiaçı ünvan 1də tikilməkdə olan 1ci bina, 2-ci blok, 6-cı mərtəbə, 271 №-li, 3 otaqlı, 127,07 m2 mənzili ABB-dən kredit ilə əldə etmişdir. Payçı İddiaçı hazırki mənzilin ödənişlərini edə bilmədiyi üçün 19 yanvar 2018-ci il tarixdə ABB Premyer filialı tərəfindən təqdim olunmuş MKX-56 N-li bildirişə əsasən mənzil "xxxx" MTK-nın «Əcəmi» filialı tərəfindən təkrar satışa çıxarılmış və qarşılıqlı razılaşma əsasında 26.600 manat geri qaytarılmışdır. Hazırki məbləğin 26600 manatın 50 %-i, yəni 13300 manatı payçı İddiaçı həyat yoldaşı X2 17.02.2018-ci il tarixdə qayınatası X3 razılığı ilə verilir. Digər 13300 manat isə payçı İddiaçı özünə veriləcəkdir. 17.02.2018-ci il tarixdə tərtib edilmiş 01/2018 saylı aktdan görünür ki, 08 fevral 2016-cı ildə ********* №-li payçı müqaviləsinə əsasən ünvan 1də tikilməkdə olan 1-ci bina, 2-ci blok, 6-cı mərtəbə, 271 №-li, 3 otaqlı, 127,07 m2 mənzili ABB-dən kredit ilə əldə etmişdir. Payçı İddiaçı hazırki mənzil üçün ilkin ödəniş 28336 manat, ABB aylıq ödəniş 45200 manat, cəmi 75536 manat ödəmişdir. Payçı İddiaçı hazırki mənzil üçün ilkin ödəniş 28336 manat, ABB aylıq ödəniş 45200 manat, cəmi 73536 manat ödəmişdir. Payçı İddiaçı hazırki mənzilin ödənişlərini edə bilmədiyi üçün 19.01.2018-ci il tarixdə ABB Premyer filialı tərəfindən təqdim olunmuş MXK-56 №-li bildirişə əsasən mənzil "xxxx" MTK-nın «Əcəmi» filialı tərəfindən təkrar satışa çıxarılmış və qarşılıqlı razılaşma əsasında 26600 manat geri qaytarılmışdır. Payçı İddiaçı çatacaq 26600 manat məbləğdən 13300 manat atası X3 razılığı ilə həyat yoldaşı X4 tərəfindən götürülmüşdür. Qalıq 13300 manat isə payçı İddiaçı veriləcəkdir. Mənzil təhvil verilərkən mətbəx mebeli də geri qaytarılmış və mətbəx mebelinə olan borc 1000 manat mənzilin satış qiymətinə əlavə ediləcəkdir. Mətbəx mebelinin dəyəri 3200 manat idi. Hazırki iddia tələbi ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruridir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası MPM-nin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 323-1-ci maddəsinə əsasən daşınmaz əmlakın mülkiyyətçisi eyni zamanda ipoteka ilə təmin edilmiş tələbin şəxsi borclusu olmasa da, o, ipoteka saxlayana yalnız şəxsi borcluya məxsus olan qarşılıqlı tələb irəli sürə bilər; xüsusi olaraq bu pul öhdəliklərinin əvəzləşdirilməsi və tələbdən şikayətin verilməsi ilə bağlı qarşılıqlı tələblərdir. Bu, həmçinin mülkiyyətçinin ipoteka saxlayanın şəxsi borclusu olduğu hala da aiddir. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Mülki Məcəllənin 390.5-ci maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış 08.02.2016-cı il tarixli kredit müqaviləsinə əsasən, İddiaçı "xxxx" MMC-nin inşa etdiyi binalardan mənzilin alınması üçün 255030 manat məbləğində kredit verilmişdir. İddiaçı kredit borcunu ödəyə bilmədiyi üçün mənzili geri qaytarmışdır. İddiaçıya mənzil üçün ödənilmiş puldan 26000 manat məbləğində qaytarılmışdır. Hazırda iddiaçı qalan 49000 manat pulun cavabdehlər tərəfindən geri qaytarılmasını tələb edir. Göründüyü kimi, iddiaçı qeyd edilən mənzilin alınması üçün "xxxx" ASC-dən müvafiq məbləğdə kredit götürmüş və ödəniş cədvəlinə uyğun olaraq, vaxtında ödəmələri həyata keçirməmişdir. "xxxx" ASC İddiaçı ilə aralarında bağlanmış təminatlı kredit müqaviləsinin şərtlərinə uyğun olaraq sözügedən mənzilin alınması üçün 255030 manat məbləğində kredit vermiş və öhdəliyini tam olaraq icra etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının 19.01.2018-ci il tarixə Bank qarşısında borcu 249279,17 manat (bundan 245747,84 manat əsas borc, 3531,33 manat isə faiz) təşkil etmişdir. Müvafiq kredit müqaviləsi üzrə 19.01.2018-ci il tarixədək borc alan və şirkətin nümayəndələri tərəfindən ümumilikdə 45380,18 manat, bundan 9282,16 manat əsas borc, 36098,02 manat isə faiz borcu ödənilmişdir. Göründüyü kimi, iddiaçının tələb etdiyi 49000 manat pul vəsaiti onun banka olan əsas borcuna və faizə silinmişdir. Belə ki, iddiaçı ilə Bank arasında kredit müqaviləsi bağlanmışdır, həmin müqaviləyə əsasən iddiaçı İ.İbayev Bank qarşısında əsas borcu və faizi vaxtlı-vaxtında ödənilməsi öhdəliyini öz üzərinə götürmüşdür. Göstərilən müqavilə əsasında Bank onun üzərinə qoyulmuş öhdəliyi yerinə yetirmiş (mənzilin dəyərini tikinti şirkətinə ödəmişdir), iddiaçı isə öz öhdəliklərini yerinə yetirməmişdir. Birinci instansiya məhkəməsi yuxarıda qeyd olunanlara istinad edərək, iddiaçının tələbinin əsaslı olmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməməsi qənaətinə gələrkən haqlı olmuşdur. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına qanunvericlik normalarını tətbiq etməklə belə qənaətə gəlmişdir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə kollegiyası işin müəyyən edilmiş hallarını və qanunvericiliyin qeyd dilən tələblərini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv üçün əsas təşkil etmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31.01.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Yuxarıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 iyun 2021-ci il tarixli, 2(006)- 1461/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-9636/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9636/2021
30.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver