Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9641/2021 03.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, üçüncü şəxs Maraqlı şəxs ASC-nin nümayəndəsi Mansur Osmanovun və üçüncü şəxs Süleyman Ələkbərovun vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “mənzilin təhvil verilməsi, mənzil üzərində sahiblik və istifadə hüququnun tanınması barədə” iddiasına dair mülki iş üzrə Yasamal Rayon Məhkəməsinin 27.09.2018-ci il tarixli qətnaməsindən üçüncü şəxs Maraqlı şəxs ASC-nin apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, cavabdeh “X7” MMC-yə aid olan, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, 1 №-li yaşayış binasının 21-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 96,3 kv.m olan 3 otaqlı 158 №-li mənzil tərəflərin arasında bağlanmış 14.03.2012-ci tarixli müqavilədə göstərilən şərtlərlə iddiaçıya təhvil verilsin, mənzil üzərində iddiaçının sahiblik və istifadə hüququ tanınsın. Qətnamə ilə qət olunub ki, iddia təmin edilsin, həmin mənzil iddiaçıya təhvil verilməklə mənzillə bağlı iddiaçıya maneələrin törədilməsi cavabdehə qadağan edilsin. Apellyasiya şikayərində tələb olunub ki, qətnamə ləğv edilsin. Apellyasiya icraatı zamanı X2 iddiaçının tərəfində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi tanınmışdır. Belə ki, 08.05.2019-cu il tarixdə həmin mənzilə dair iddiaçı X3 ilə üçüncü şəxs X1 arasında ilkin müqavilə bağlanmış, müqaviləyə əsasən tərəflər gələckdə mənzilə dair alqı-satqı müqaviləsi bağlamağı öhdələrinə götürmüşlər. Məhkəmə iclasında iştirak edən, cavabdehin tərəfində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs ASC-nin nümayəndəsi Mansur Osmanov apellyasiya şikayətinin əsaslı olduğunu, iddiaçının tərəfində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Süleyman Ələkbərovun vəkili və nümayəndəsi Vəkil isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işin həlli ilə bağlı aşağıdakəları qeyd edir. İddiaçı ilə cavabdehin arasında bağlanmış 14.03.2012-ci il tarixli, 191 №-li müqaviləyə görə cavabdeh Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, 1 №-li yaşayış binasının 21-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 96,3 kv.m olan 3 otaqlı 158 №-li mənzili iddiaçının mülkiyyətinə verməyi, iddiaçı isə mənzilə görə cavabdehə 48.150 manat ödəməyi öhdəsinə götürüb. Lakin bu müqavilədən əvvəl – 02.06.2010-cu ildə cavabdeh ilə üçüncü şəxs Maraqlı şəxs ASC-nin arasında iqtisadi mübahisəyə dair iş üzrə barışıq sazişi bağlanıb, həmin müqaviləyə əsasən cavabdeh üzərinə öhdəlik götürüb ki, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, 21 mərtəbəli yaşayış binasının “A” blokunun 21-ci mərtəbəsində yerləşən, hər birinin ümumi sahəsi 96,3 kv.m olan 2 mənzili heç bir şərt qoymadan Maraqlı şəxs ASC-nin istifadəsinə və sərəncamına verir. Həmin saziş Bakı Apellyasiya Məhkəməsinin 13.08.2010-cu il tarixli qərardadı ilə təsdiq olunub. Göründüyü kimi, eyni mənzilə dair 2 müqavilə bağlanıb. Üçüncü şəxs Maraqlı şəxs ASC-nin müqaviləsi zaman etibarilə daha əvvəl bağlanıb. Həmin müqavilərin fərqi ondan ibarətdir ki, üçüncü şəxs Maraqlı şəxs ASC-nin müqaviləsində mənzilin nömrəsi qeyd olunmayıb, iddiaçının müqaviləsində isə mənzilin nömrəsi (158 №-li mənzil) qeyd olunub. Lakin bu fərq mənzillərin fərqli mənzil olmasını təsdiq etmir. Belə ki, Maraqlı şəxs ASC-nin müqaviləsi binanın 21-ci mərtəbəsində yerləşən, hər birinin ümumi sahəsi 96,3 kv.m olan 2 mənzilə dair bağlanıb. Həmin mərtəbədə sahəsi 96,3 kv.m olan 3-cü mənzilin olması müəyyən edilmir. Bu isə onu təsdiq edir ki, iddiaçı ilə bağlanmış müqavilənin predmeti olan mənzil (21-ci mərtəbədə yerləşən, sahəsi 96,3 kv.m olan 158 №-li mənzil) Maraqlı şəxs ASC ilə bağlanmış müqavilənin predmeti olan mənzillərdən (21-ci mərtəbədə yerləşən, sahəsi 96,3 kv.m olan 2 mənzildən) biridir. Mənzil dövlət reyestrində qeydiyyatdan keçmədiyinə görə iddiaçının müqaviləsindəki nömrə (158 №-si) mənzilin rəsmi ünvanını bildirmir. İddiaçının müqaviləsi daha sonra bağlandığına görə həmin müqavilənin predmetinin Maraqlı şəxs ASC ilə bağlanmış müqavilənin predmeti ilə eyni olmadığını sübut etmə vəzifəsi iddiaçının üzərinə düşür. Lakin iddiaçı bunu sübut edə bilmir, ona görə də hesab olunur ki, hər iki müqavilənin predmeti eynidir. Belə vəziyyətdə iddia təmin oluna bilməz. Çünki 1-ci müqavilə daha əvvəl bağlanıb, həmin müqavilə ləğv edilmədən 2-ci müqavilənin bağlanması qanunsuz olmuşdur. Mülki Məcəllənin 399.1-ci maddəsinə görə müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 1-ci müqavilənin məcburiliyi onu nəzərdə tutur ki, cavabdeh müqavilənin predmeti olan mənzilə dair başqa şəxslə - iddiaçı ilə müqavilə bağlaya bilməz. Lakin cavabdeh 399.1-ci maddənin tələbini pozmuş, qüvvədə olan müqavilənin məcburiliyinə əməl etməmişdir. Mülki Məcəllənin 337.1-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. 2-ci müqavilə bağlanarkən Mülki Məcəllə ilə müəyyənləşdirilmiş, yuxarıda qeyd olunan şərt pozulduğundan 2-ci müqavilə əhəmiyyətsiz əqd olaraq etibarsız sayılır. İddia tələbi əhəmiyyətsiz əqdə əsaslandığından təmin oluna bilməz. İddiaçının müqaviləsi əhəmiyyətsiz olduğuna görə onun 08.05.2019-cu il tarixdə üçüncü şəxs Süleyman Ələkbərov ilə bağladığı ilkin müqavilə də əhəmiyyətsizdir. Beləliklə, birinci instansiya məhkəməsi işin hallarını düzgün müəyyən etmədiyindən və maddi hüquq normasını pozduğundan qətnamə ləğv edilməli və iddia rədd olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Üçüncü şəxs Maraqlı şəxs ASC-nin apellyasiya şikayəti təmin olunsun. Hazırkı iş üzrə Yasamal Rayon Məhkəməsinin 27.09.2018-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh MMC-yə qarşı “mənzilin təhvil verilməsi, mənzil üzərində sahiblik və istifadə hüququnun tanınması barədə” iddiası rədd olunsun. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-9641/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9641/2021
03.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver