Məhkəmə qərarları › İş №2(103)-968/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-968/2024

23.01.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-968/2024 23.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi və sair tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, hazırki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 26 oktyabr 2023-cü il tarixli qətnamədən Cavabdeh verdiyi apellyasiya şikayətinə əsasən işə, İddiaçı və Cavabdeh nümayəndəsi X2 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat

1. İddiaçı cavabdeh Birliyə qarşı iddia ərizəsi və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 53-cü maddəsinə əsasən verilmiş “iddia tələbinin həcminin azaldılması barədə” ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Birlik tərəfindən əlavə sərfiyyat kimi ona əsasız olaraq hesablanmış 4.140,20 manat məbləğində borcun silinməsi və borca görə ondan qeyri-qanuni tutulmuş 7 manat pulun Birlikdən tutularaq ona geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, M.Hüseynzadə küçəsində yerləşən 10 saylı fərdi yaşayış evində qeydiyyatda olmaqla yaşayır. Həmin ev cavabdeh Birlik tərəfindən təbii qazla təchiz olunur və bununla bağlı evdən kənarda, yəni küçədə qaz sayğacı quraşdırılmışdır (abonent kodu: **********00085). İddiaçı, istehlak etdiyi təbii qazın dəyərini sayğaca uyğun olaraq ödəmiş, Birliyə borcu olmamışdır. 2015-ci ilə qədər Nardaran qəsəbəsinə təbii qazın fasilələrlə verilməsi, hətta verilməməsi səbəbindən qəsəbə sakinləri arasında narazılıqlar yaranmış və ödənişlər mütəmadi kəsilmişdir. Bu səbəbdən cavabdeh Birlik tərəfindən kənd sakinlərinin barəsində əsassız cərimə aktları tərtib edilmişdir ki, həmin aktlar əsasında şişirdilmiş borclar yaranmışdır. xx.xx.2015-ci il tarixdə Nardaran sakinlərinin təbii qaza görə Birliyə olan borcları Azərbaycan Respublikasının Prezidenti tərəfindən silinmişdir. xx.xx.2016-cı il tarixdən başlayaraq Nardaran qəsəbəsində yenidən qaz sayğacları quraşdırılmış və o cümlədən iddiaçıya məxsus evdə xx.xx.2016-cı il tarixdə yeni İTRON tipli, G-4 markalı, 1402AZ**********50 nömrəli sayğac quraşdırılmış, 03026194 nömrəli plomb vurmuş, iddiaçının ünvanına **********00010 nömrəli abonent kodu verilmiş, “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* nömrəli akt tərtib edilmiş və həmin ünvanda yalnız PQ-4 qaz plitəsindən istifadə olunan cihaza dair iddiaçı ilə cavabdeh Birlik arasında “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə” müqavilə bağlanmışdır. Cavabdeh Birliyin əməkdaşları xx.xx.2016-cı il tarixdə guya iddiaçının təbii qazdan qeyri-qanuni istifadə etməsini aşkarlamış, iddiaçının iştirakı olmadan ******* nömrəli akt tərtib etmiş və heç bir sübut təqdim etmədən iddiaçıya 170,90 manat məbləğində əsassız borc hesablamışlar. Qaz sayğaclarının işlək vəziyyətdə olması, sayğacların elektron hissəsinin, kart oxuyucularının, batareya səviyyəsinin, sayğaclarda olan proqram təminatının düzgün işləməsini yoxlamaq məqsədi ilə xx.xx.2018-ci il tarixdən başlayaraq cavabdeh Birlik əhali üçün quraşdırılmış həmin sayğaclara profilaktik baxış keçirməsini nəzərdə tutduğundan iddiaçının iştirakı olmadan onun evində də quraşdırılmış 1402AZ**********50 nömrəli qaz sayğacına baxış keçirmiş, xx.xx.2018-ci il tarixdə yeni, İTRON tipli, G-4 markalı, 1802AZ**********80 nömrəli sayğac quraşdırılmış, 12765594 nömrəli plomb vurulmuş, akt tərtib edilməmiş, Birlik ilə iddiaçının arasında müqavilə bağlanmamışdır. Akt birtərəfli qaydada tərtib edilmiş, iddiaçıya təqdim olunmamış və iddiaçı həmin aktı imzalamamışdır. İddiaçının imzalamadığı həmin akt etibarlı sayıla bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydalarına” əsasən sayğaca baxış istehlakçının iştirakı ilə keçirilməli və iki nüsxədən ibarət akt tərtib olunaraq bir nüsxəsi istehlakçıya verilməlidir. Təbii qazdan sayğacdan kənar hər hansı bir vasitə ilə qeyri-qanuni istifadə edilmişdirsə, küçədəki qaz kəmərinə birləşmə olmalıdır. Həmin birləşmə qaynaq vasitəsi ilə yarandığından hər bir halda əsas qaz kəmərində qaynaq izləri qalır. Bu səbəbdən iddiaçının ünvanına yerində baxış keçirilməsi zərurəti yaranır. Birlik tərəfindən tərtib edilmiş və iddiaçı tərəfindən məhkəməyə təqdim olunan hesablama sənədlərindən görünür ki, iddiaçı, PQ-4 qaz plitəsindən istifadəyə uyğun olaraq 2023-cü ilin may ayına qədər hər ay ödənişlər etmişdir. 2016-cı ildən 2023-cü ilə qədər 2.414 kub metr qaz sərfiyyatına görə 313 manat ödəniş etmiş və qeyri-qanuni yüklənmiş borca görə iddiaçıdan 61,50 manat pul tutulmuşdur. Fiziki şəxslərin evlərinə quraşdırılmış qaz sayğaclarının qorunmasına, işçi vəziyyətdə saxlanılmasına və qaz kəmərlərinin təhlükəsizliyinə görə qaz paylayıcısı cavabdehlik daşıyır. Eyni zamanda qanunvericilikdə qaz sayğacının dövlət yoxlamasından keçirilməsi, dəyişdirilməsi, quraşdırılması və qaz kəmərlərinə nəzarət edilməsi qaz paylayıcısı tərəfindən həyata keçirilməsi nəzərdə tutulmuşdur. Bundan əlavə iddiaçı tərəfindən qaz sayğacına və küçədəki qaz kəmərinə müdaxilə olunmasına dair cavabdeh Birliyin heç bir sübutu yoxdur. İmzasız və qeyri-qanuni tərtib edilmiş akt isə abonentə məxsus fərdi yaşayış evində təbii qazdan sayğacdan kənar qanunsuz istifadə olunması faktının sübut edilməsi demək deyildir. Bundan əlavə nəzərə alınmalıdır ki, sayğac və qaz xətti abonentin yaşadığı evin həyətində deyil, küçədə yerləşir. b) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

3. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə ilə iddianın təmin edilməsini qət etmişdir.

4. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı istehlakçı kimi qanunsuz olaraq qazpaylayıcı şəbəkəyə qoşularaq, qazdan istifadə etmədiyindən, bununla da, qazpaylayıcısı olan istehsalçıya zərər vurmadığından cavabdeh qarşısında məsuliyyət daşımır və qazpaylayıcısı zərərin ödənilməsini iddiaçıdan tələb etməkdə haqlı deyildir. Odur ki, iddia əsaslıdır, itirilmiş qazın bərpası məqsədilə cavabdeh tərəfindən iddiaçının abunə koduna hesablanmış 4.140,20 manat borcun silinməsi barədə iddia tələbi təmin edilməli, məhkəməyə təqdim edilmiş sənədlər üzrə mövcud olan 4.140,20 manat borc abonentin hesabından silinməlidir. Məhkəmə baxışı zamanı həmçinin müəyyən edilmişdir ki, cavabdeh Birlik tərəfindən iddiaçıya borc kimi yazılan cərimənin ödənilməsi üçün iddiaçının abonent hesabına yüklədiyi məbləğlərdən tutulmaların aparılması və bu məbləğlərin əsassız hesablanmış borcun silinməsinə yönəlmiş hərəkətləri də yolverilməzdir. Odur ki, iddia bu hissədə də təmin edilməli, cavabdehin iddiaçının abonent hesabından tutduğu 7 manat məbləğində pul vəsaiti iddiaçıya geri qaytarılmalıdır c) apellyasiya şikayəti barədə məlumat

5. Cavabdeh Birlik həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxmış Rayon Məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlməmiş, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Belə ki, Birliyin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən iddiaçı tərəfindən özünə sərf etdiyi tərzdə təbii qazdan istifadə etməsi, yəni təbii qazı talaması faktı aşkar olunmuş, aşkar olunmuş fakt Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş aktlarla rəsmiləşdirilmişdir. Nəticədə müəyyən olunmuşdur ki, abonentin təqsirli hərəkətləri nəticəsində Birliyə 4.147,20 manat məbləğində maddi ziyan dəymişdir. Həmin borcun silinməsi üçün əsas yoxdur. Lakin işə baxmış Rayon Məhkəməsi bu halları nəzərə almamış, təqdim edilmiş sübutları düzgün qiymətləndirməmiş, maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, əsassız və qanunsuz qətnamə qəbul etmişdir. d) iş üzrə tərəflərin apellyasiya baxışı iclasında iştirakı barə məlumat

7. Apellyasiya baxışında iştirak etmiş cavabdeh Birliyin nümayəndəsi apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat verdi.

8. İddiaçı apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin əsaslarına, habelə iddia ərizəsinin məzmununa uyğun izahat verdi. e) işdə olan sənədlər barədə məlumat

9. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* №-li aktdan görünür ki, iddiaçıya məxsus ünvanda abonentin sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etdiyi müəyyən edilmişdir.

10. Birlik tərəfindən tərtib edilmiş “Dəymiş ziyanın bərpasına dair” xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, yuxarıda qeyd edilən akta əsasən aparılmış hesabat nəticəsində müəyyən edilmişdir ki, itirilmiş təbii qazın həcmi 34.560 kub metr təşkil edir.

11. İddiaçının adına tərtib edilmiş “Abonentin saldosundan” və işdə olan digər sənədlərdən görünür ki, yuxarıda qeyd edilən akta və tələbnaməyə əsasən iddiaçıya əlavə sərfiyyat kimi 4.147,20 manat məbləğində borc hesablanmışdır.

12. İş materiallarına əlavə edilmiş abonentin “Gasrep” sistemi vasitəsilə verilmiş hesabdan çıxarışından görünür ki, borcun hesablandığı 2023-cü ilin mart ayından 2023-cü ilin aprel ayınadək borca görə abonentin hesabından 7 manat məbləğində tutulmalar aparılmışdır.

13. Rayon Məhkəməsi tərəfindən mülki iş üzrə sayğacdan kənar qazdan qeyriqanuni istifadə halının olub-olmamasının aydınlaşdırılması məqsədilə ekspertiza təyin edilmiş, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, ekspertə təqdim edilmiş qaz sayğacının və borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan zədə aşkar edilməmiş, qaz sayğacından kənar xətlərin çəkilməsi müşahidə edilməmişdir. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

14. Göstərilənləri, nəzərə alan Məhkəmə mövcud mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (maddə 21.1.). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2.). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir) (maddə 1096.1.). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2.).

15. “Qaz təchizatı” haqqında Azərbaycan Respublikası Qanununun tələblərinə görə, qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir (maddə 11.6.). Bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir (maddə 13.8.). Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir (maddə 13-8-1.).

16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 №-li Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydalarının” tələblərinə görə, qaz sayğacı ilə təsdiq edilmə, onun quraşdırılması və dəyişdirilməsi fıziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir (bənd 4.2.). Qaz sayğaclarının növbəti dövlət yoxlamasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir (bənd 4.5.). Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafıq örtüklə örtülməli (fıziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır (bənd 4.7.). Fıziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar (bənd 4.8.). Zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucusu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir (bənd 4.9.).

17. MPM-in 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

18. Göstərilənləri nəzərə alan Məhkəmə qeyd edir ki, cavabdeh Birliyin əməkdaşlarının tərtib etdikləri və yuxarıda qeyd edilən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktda sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edilməsi qeyd edildiyindən, Birlik, yuxarıda qeyd edilən maddi hüquq normaların tələblərinə əsasən, istehlakçının (hazırki halda – iddiaçının) təbii qazın talanmasında təqsirli olmasını müvafiq icra hakimiyyəti orqanının və ya məhkəmənin qüvvəyə minmiş qərarının mövcudluğu ilə sübuta yetiriməli və ona (Birliyə) dəymiş zərərin əvəzinin ödənilməsini tələb etməlidir. Lakin Birlik iddiaçının təbii qazdan qeyri-qanunu istifadə etməsi, yəni təbii qazın talamasını sübuta yetirilmədən yuxarıda qeyd edilən məbləğində zərərin ödənilməsini iddiaçıdan tələb etmişdir.

19. Nəzərə alınsa ki, iddiaçının təbii qazdan qeyri-qanunu istifadə etməsini təsdiq edən hər hansı sübut cavabdeh Birlik tərəfindən məhkəmələrə təqdim edilməmişdir, o zaman müəyyən edilir ki, Rayon Məhkəməsi iddianı təmin etməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri əsassızdır və formal xarakter daşıyır.

20. Odur ki, apellyasiya baxışının nəticələrini nəzərə alan, MPM-nin 384-ci maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən və MPM-nin 119, 392, 393, 402ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə QƏT ETDİ:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 26 oktyabr 2023-cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar