Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-969/2023 03.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Günay Axundova və İkram Şirinovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçının vəkili və nümayəndəsi Nümayəndə1, cavabdehin vəkili və nümayəndəsi Ağaveys Şahverdinin iştirakı ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı “artıq ödənilmiş pulun qaytarılması barədə” iddiasına dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Münasibətlər: Mübahisə Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, ev № 32M-də yerləşən 10 №-li mənzillə bağlıdır (bundan sonra – mənzil). Mənzil iddiaçıya məxsusdur. İddiaçı mənzili xx.xx.2017-ci il tarixli müqavilə əsasında cavabehdən əldə edib və mülkiyyət hüququ xx.xx.2021-ci il tarixdə dövlət reyestrində qeydə alınıb. Müqavilədə mənzilin ümumi sahəsi 135,5 kv.m, reyestr çıxarışında isə 120,40 kv.m göstərilib. İddiaçı mənzili əldə etmək üçün cavabdehə 108.400 manat ödəyib. Belə ki, müqavilədə mənzilin 1 kv.m-nin qiyməti 800 manat, mənzilin sahəsi isə 135,5 kv.m göstərildiyinə görə mənzilin qiyməti kimi 108.400 manat (135,5 kv.m x 800 manat) ödənilib. İddiaçı hesab edir ki, 12.800 manat artıq ödənilib. Belə ki, reyestr qeydinə görə mənzilin ümumi sahəsi 120,40 kv.m-dir. Müqavilədə mənzilin 1 kv.m-nin sahəsi 800 manat müəyyən edildiyinə görə 96.320 manat ödənilməlidir. Ödənilmiş 108.400 manat ilə 96.320 manatın arasındakı fərq 12.800 manat (108.400 manat - 96.320 manat) təşkil edir. Tələb və onun həlli: İddia ərizəsində tələb olunub ki, artıq ödənilmiş 12.080 manat cavabdehdən alınaraq iddiaçıya qaytarılsın. Qətnamə ilə qət olunub ki, iddia təmin edilməsin. Şikayət və izahatlar: Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin edilsin. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinin əsaslı olduğunu, cavabdehin vəkili və nümayəndəsi Ağaveys Şahverdi isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Qətnamənin yoxlanılması: Birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün müəyyən etmədiyinə və maddi hüquq normasını səhv tətbiq etdiyinə görə qətnamə ləğv edilməli və iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Mənzilin qüsuru: Mənzilin sahəsinin müqavilədə göstərilən sahədən az olması mənzilin (əşyanın) qüsuru sayılır. Belə ki, alqı-satqı zamanı “qüsurlu əşya vermə” deyildikdə alqı-satqı müqaviləsinin predmetinin müqaviləyə uyğun gəlməməsi başa düşülülür. Müqavilədə mənzilin ümumi sahəsi 135,5 kv.m göstərilsə də, mənzilin ümumi sahəsi 120,40 kv.m-dir. Bu isə o deməkdir ki, müqavilənin predmeti müqaviləyə uyğun gəlmir. Qüsurun təsdiqi: Mənzilin qüsurlu olması, yəni mənzilin sahəsinin müqavilədə göstərilən sahədən az olması iş üzrə keçirilmiş məhkəmə-mühəndis ekspertizasının xx.xx.2022-ci il tarixli 10/3535 №-li rəyi ilə təsdiq olunur. Rəyə görə, mənzilin faktiki ümumi sahəsinə arakəsmə divarlarının yerləşdiyi sahə, şaxtaların yerləşdiyi sahə və balkonların (eyvanın) sahələri (azalma əmsalı tətbiq olunmadan) daxil edilməklə hesablandıqda mənzilin sahəsi 135,5 kv.m, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Kollegiyasının xx.xx.2012-ci il tarixli 07 №-li qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması Qaydaları”na əsasən hesablandıqda isə 120,4 kv.m təşkil edir. Belə mübahisələr “mənzil sahəsi” və “qiymət” anlayışları nəzərə alınmaqla həll edilməlidir. Mənzilin sahəsinin hesablanma qaydasını dövlət təyin edir və müqavilə azadlığı tərəflərə həmin qaydaları dəyişmək hüququ vermir. Mənzilin ümumi sahəsi 120,4 kv.m-dir, bu, ekspert rəyi ilə dövlətin təyin etdiyi qaydalara əsasən müəyyən olunub. Qiyməti müəyyən etməkdə isə tərəflər azaddır. Belə ki, Mülki Məcəllənin 398.1ci maddəsinə görə, müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Müqavilədən görünür ki, tərəflər qiyməti mənzilin sahəsinə görə müəyyənləşdiriblər (bənd 2.2.1). Əgər tərəflər müqavilədə qeyd etsəyidilər ki, qiymət mənzilin sahəsinə görə deyil, başqa qaydada (faktiki sahəyə görə, tikintialtı sahəyə görə və s.) hesablanır, belə halda qiymət tərəflərin razılaşdırdığı qaydaya əsasən müəyyən edilməli idi. Lakin müqavilədə belə qayda müəyyən edilməyib, əksinə, qiymət müəyyən edilərkən “mənzil sahəsi” anlayışından istifadə olunub. Mənzilin sahəsi dövlətin qaydalarına əsasən təyin edildiyinə görə qiymət də mənzilin sahəsinə, yəni 120,4 kv.m-ə əsasən müəyyən edilməlidir. O cümlədən bu zaman azalma əmsalı nəzərə alınmalıdır. Çünki “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması Qaydaları”nın 3.8-ci bəndinə görünür ki, mənzilin ümumi sahəsi hesablanarkən azalma əmsalı tətbiq edilir. Ekspert rəyi verilərkən azalma əmsalı tətbiq edilib. Əgər azalma əmsalı nəzərə alınmasa, bu hal mənzilin sahəsinin hesablanmasına dair dövlətin təyin etdiyi qaydaların dəyişdirilməsi sayılacaq. Müqavilə tərəflərinin və ya məhkəmənin həmin qaydaları dəyişmək hüququ yoxdur. Qüsurun aradan qaldırılma forması: Mülki Məcəllənin 587.1.1-ci maddəsindən görünür ki, əşya qüsurlu olduqda alıcı alış qiymətin mütənasib olaraq azaldılmasını tələb edə bilər. Hazırkı işdə iddiaçı (alıcı) alış qiymətinin əskik sahəyə mütənasib olaraq azalmasını, yəni mənzilin qiyməti kimi ödənilmiş pulun bir hissəsinin (12.800 manatın) geri qaytarılmasını tələb edir. Qüsurun bu formada qaradan qaldırılması qanuna uyğundur. Qüsurun aradan qaldırılma müddəti: Mülki Məcəllənin 589.1-ci maddəsinə görə, əgər alqı-satqı müqaviləsi ilə ayrı qayda müəyyənləşdirilməyibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri bu şərtlə irəli sürə bilər ki, həmin qüsurlar bu maddədə müəyyənləşdirilmiş müddətdə aşkar edilsin. Məcəllənin 589.2-ci maddəsinə görə, əgər əşya üçün qarantiya və ya yararlılıq müddəti müəyyənləşdirilməyibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri həmin əşyanın alıcıya verildiyi gündən 2 il ərzində və ya alqı-satqı müqaviləsi ilə nəzərdə tutulmuş daha uzun müddətdə irəli sürə bilər. İddiaçı həmin müddəti ötürməyib. Belə ki, tərəflərin arasında mənzillərin təhvil-təslimi barədə sənəd tərtib olunmayıb. Əgər belə sənəd tərtib olunsayıdı və mənzilin sahəsi bu sənəddə qeyd olunsayıdı, deyilə bilərdi ki, təhvil-təslim zamanı iddiaçı ona verilən mənzilin sahəsini bilib. Ona görə də 2 illik müddətin axımı mülkiyyət hüququnun reyestrə qeydə alındığı gündən hesablanır. Başqa sübutlar olmadığına görə, 589-cu maddənin məqsədləri baxımından məhz həmin gün mənzilin alıcıya verildiyi gün hesab olunur. O cümlədən mənzilin sahəsinə dair məlumat həmin gün reyestrdə qeydə alınıb, bununla da alıcı (iddiaçı) ona hansı ölçüdə mənzil verildiyini bilib. Reyestr qeydi xx.xx.2021-ci il tarixdə aparılıb, iddiçı bu tarixdən hesablanmaqla 2 illik müddəti ötürmədən – xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edib. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin olunsun. Hazırkı iş üzrə Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İddia təmin olunsun. Cavabdeh MTK-dan 12.080 (on iki min səksən) manat alınaraq İddiaçı verilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 126,64 manat, apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 63,12 manat, cəmi 189,76 (yüz səksən doqquz tam yüzə yetmiş altı) manat Cavabdeh MTK-dan alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-969/2023
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-969/2023
03.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver