Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-97/2022 28.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “müqavilə öhdəliyinin pozulmasına görə təzminat ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25 fevral 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən müqavilə öhdəliyinin pozulması nəticəsində ödəməli olduğu təzminat qismində 12 000 (on iki min) manatın, əldən çıxmış fayda qismində 6000 (altı min) manatın, yəni ümumilikdə 18 000 (on səkkiz min) manatın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, cavabdehlə arasında 18 may 2018-ci il tarixdə bu müqavilənin ayrılmaz hissəsi olan Əlavə-1-də göstərilən avadanlıqların icarəyə verilməsi məqsədilə 1805/1 saylı icarə müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən o, Əlavə 1-də göstərilən tibbi avadanlıqları cavabdehə icarəyə verməyi, cavabdeh isə avadanlığın icarə haqqını, yəni aylıq 1000 (bir min) manatı hər ayın 5-i tarixindən gec olmayaraq ödəməyi öhdəsinə götürmüş, müqavilənin imzalandıqdan sonra üç il (36 ay) müddətində qüvvədə olması müəyyənləşdirilmişdir. İcarə müqaviləsinin predmetini təşkil edən avadanlıqlar cavabdehin rəhbərlik etdiyi ona məxsus Sumqayıt Diaqnostika Mərkəzində quraşdırılaraq cavabdehin istifadəsinə verilmişdir. Əlavədə qeyd olunan avadanlıqlardan görünür ki, bunlar tibbi avadanlıqlardır və xəstələrə diaqnostik xidmətlərin göstərilməsi üçün nəzərdə tutulmuşdur. Şəxsi vəsaiti hesabına bu avadanlıqları cavabdehə etibar etdiyindən almış və Mərkəzi bütün zəruri aparatlarla təchiz etmişdir. Buna baxmayaraq cari ilin may ayında cavabdeh avadanlıqların qaytardığını bildirərək icarə haqqı ödəməkdən imtina etmişdir. Halbuki icarə müqaviləsində müqavilə şərtini pozan tərəfin 12 aylıq müqavilədə göstərilmiş icarə haqqını birdəfəlik təzminat olaraq digər tərəfə ödəməyi öhdəsinə götürdüyü təsbit olunmuşdur. Beləliklə cavabdeh icarə müqaviləsinin şərtlərini pozaraq ona külli miqdarda zərər vurmuş, Diaqnostik Mərkəzin işi iflic olmuş, əksər işçilər cavabdehlə birlikdə işdən çıxmış, avadanlıqlar istifadəsiz qalmışdır. Cari ilin may ayından etibarən cavabdeh avadanlıqlardan istifadə etməkdə davam etsəydi hər ay 1000 (min) manat icarə haqqı ödəyəcəkdi. Beləliklə, müqavilədən şifahi imtinadan sonra, yəni 2019-cu ilin may ayından etibarən əldən çıxmış fayda hesab olunmalı məbləğ 6000 (altı min) manat müəyyən edilməlidir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25 fevral 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin olunmuş, Cavabdeh 12 000 manatın və 20 manat dövlət rüsumunun əvəzinin İddiaçı xeyrinə tutulması qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini məhkəmənin maddi və prosessual hüquq normalarını, eləcə də ədalətli məhkəmə araşdırmasına olan hüququnu pozması, işə iştirakı olmadan baxması, tərəflər arasında etibarlı müqavilə münasibətlərinin olmadığını nəzərə almadığı, işin icraatını dayandırmalı olduğu halda bununla bağlı vəsatətini təmin etmədiyi arqumentləri ilə əsaslandırmışdır. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin olunmasını xahiş etmiş, məhkəmə iclasılarında iştirak edən iddiaçının nümayəndəsi isə şikayətin əsassız olduğunu bildirmişdir (iddiaçının nümayəndəsi hazırkı məhkəmə iclasına gəlməyərək göndərdiyi ərizədə prosesin təxirə salınmasını xahiş etsə də, kollegiya işin hallarını və onun əvvəlki iclasda iştirak edərək mövqeyini bildirdiyini nəzərə almaqla işə baxılmasını mümkün hesab etmişdir). Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın qismən təmin olunması ilə bağlı hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünkü qətnaməni iddiaçı mübahisələndirməmiş, cavabdeh isə yazılı apellyasiya şikayətində qətnamənin ləğvini xahiş etsə də, şikayətin mahiyyətindən aydın olur ki, onun iradə ifadəsi qətnamənin yalnız iddianın qismən təmin edilməsi ilə bağlı hissədə ləğvinə yönəlmişdir. Başqa sözlə, iddia tələbinin təmin olunmayan hissəsi apellyasiya baxışının predmeti deyildir. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya baxışının həddi ilə bağlı gəldiyi qənaət çərçivəsində məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməyərək birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən olunmuş hallarına görə, tərəflər arasında 18.05.2018-ci il tarixdə müqavilə bağlanmış, müqaviləyə əsasən İddiaçı müqavilənin ayrılmaz hissəsi olan Əlavə 1də göstərilən avadanlıqları Cavabdeh icarəyə verməyi, Cavabdeh isə avadanlığın icarə haqqını, yəni aylıq 1000 (bir min) manatı hər ayın 5-i tarixindən gec olmayaraq ödəməyi öhdələrinə götürmüş, müqavilənin imzalandıqdan sonra üç il (36 ay) müddətində qüvvədə olması, müqavilə şərtini pozan tərəfin 12 aylıq icarə haqqını birdəfəlik təzminat olaraq ödəyəcəyi müəyyənləşdirilmişdir. İddiaçının irəli sürdüyü faktiki hal ondan ibarətdir ki, Cavabdeh müqavilənin icrasından birtərəfli qaydada imtina edərək icarə haqqını ödəməyəcəyini bildirmişdir və buna görə də müqavilə şərtinə uyğun olaraq 12 aylıq icarə haqqı məbləğində təzminat ödəməlidir. Kollegiya qeyd edir ki, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?. Bu mənada kollegiyanın qənaətinə görə, İddiaçı iddia tələblərinin qanuni əsası kimi mülki qanunvericiliyin icarə (kirayə) müqaviləsi, habelə öhdəliklərin icrası və müqavilənin ləğvi ilə bağlı müddəaları nəzərdən keçirilə bilər; belə ki, Mülki Məcəllənin 675ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür; 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə görə isə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla içra edilməsi) başa düşülür. Kollegiya hesab edir ki, iddiaçının hazırkı apellyasiya baxışının predmetini təşkil edən tələbinə münasibətdə irəli sürdüyü faktiki hallar onun həmin tələbinin qanuni əsasının dispozitiv əlamətləri ilə uzlaşmaqdadır və birinci instansiya məhkəməsi həmin hissədə müvafiq nəticəyə gəlməkdə haqlı olmuşdur. Nəzərə alınmalıdır ki, mülki qanunvericiliyin müddəalarına görə, müqavilənin ləğv edilməsi üç halda mümkündür; bunlardan birincisi Mülki Məcəllənin 421.1-ci maddəsində təsbit edilən tərəflərin könüllü razılaşmasıdır – hansı ki, hazırki halda bu hal istisna olunur, çünki tərəflərin razılaşması yoxdur. İkinci hal Mülki Məcəllənin 421.2-ci maddəsində müəyyən olunmuş digər tərəfin müqaviləni əhəmiyyətli dərəcədə pozduğunun sübuta yetirildiyi hal, üçüncü hal isə Mülki Məcəllənin 422-ci maddəsində təsbit olunmuş şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar müqavilənin ləğv edilməsi halıdır ki, həmin halların mövcudluğu zamanı müqavilə, müvafiq iddia tələbinə baxan məhkəmə tərəfindən ləğv oluna bilər. İşin hallarından görünür ki, tərəflər arasında bağlanmış müqavilənin ləğv olunması barədə məhkəmə qərarı da mövcud deyildir. Tərəflər arasında etibarlı müqavilə münasibətlərinin olmadığı barədə apellyatorun irəli sürdüyü dəlilə münasibətdə kollegiya qeyd edir ki, onun “müqavilənin etibarsız hesab olunması” predmetli iddia tələbi Sumqayıt şəhər Məhkəməsinin 29.07.2021-ci il tarixli qətnaməsi ilə rədd edilmiş, həmin qətnamə yuxarı intansiya məhkəmələri tərəfindən qüvvədə saxlanılmışdır. İşə iştirakı olmadan baxıldığı barədə apellyatorun apellyasiya şikayətinin dəlili isə iş materialları ilə təkzib olunur. Belə ki, iş materiallarından görünür ki, cavabdehə məhkəmə prosesi barədə məlumat verilmiş, onun nümayəndəsi (vəkili) məhkəmə iclasında iştirak etmiş, hətta icraatın dayandırılması barədə vəsatət də vermişdir. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mübahisələndirilən hissədə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə mahiyyətcə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz. Eyni zamanda kollegiya hesab edir ki, məhkəmə xərcləri Mülki Prosessual Məcəllənin 119-cu maddəsinin tələblərinə uyğun bölüşdürülmüşdür, apellyasiya baxışı zamanı yaranmış xərclər isə cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-769/2020 saylı iş üzrə qəbul etdiyi 25 fevral 2020-ci il tarixli qətnamə mübahisələndirilən hissədə, yəni iddianın qismən təmin olunaraq Cavabdeh 12 000 manatın və 20 manat dövlət rüsumunun əvəzinin İddiaçı xeyrinə tutulması hissəsində dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu Cavabdeh aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-97/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-97/2022
28.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver