Məhkəmə qərarları › İş №2(103)-970/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-970/2022

12.01.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-970/2022 12.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı Əliyeva (Dadaşova) Minaxanım Əli qızının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə İddiaçı Əliyeva (Dadaşova) Minaxanım Əli qızının cavabdehlər Cavabdeh1 və ünvan 2 qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi” tələbinə dair dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6045/2021 saylı, 28 sentyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Əliyeva (Dadaşova) Minaxanım Əli qızı cavabdehlər Cavabdeh1 və ünvan 2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.25 ha olan torpaq sahəsinə Bakı şəhəri 7 saylı notariat ofisi tərəfindən Cavabdeh1 adına verilmiş 28 yanvar 2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və qanun üzrə vərəsəlik şəhadətnaməsi əsasında sözügedən bağ sahəsinin 05 fevral 2021-ci il tarixdə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın ləğvi barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 61 saylı bağ sahəsi iddiaçının mərhum anası X6 mülkiyyətində olmuşdur. İddiaçının anası X12 11.01.2009-cu il tarixində vəfat etmiş və Xəzər rayon Qeydiyyat şöbəsi tərəfindən 13.01.2009-cu il qeydiyyat tarixli ölüm haqqında şəhadətnamə verilmişdir. İddiaçı 2007-ci il tarixindən etibarən Böyük Britaniya vətəndaşlığını qəbul etmişdir. İddiaçı 2007-ci il 03 oktyabr və 2008-ci ilin avqust ayında Bakıya gələrək anasının yanında qalmışdır. Eyni zamanda, iddiaçı anasının ölümü ilə əlaqədar Bakıya gələrək, valideyninin yas mərasimlərində iştirak etmişdir. O cümlədən, övladlıq borcunu yerinə yetirərək anasının qəbir daşının düzəldilməsi üçün xərc çəkmişdir. İddiaçı anasının vəfatından sonra qardaşı anasından qalmış torpağın bərabər qaydada hamının arasında, yəni 3 qardaş və 1 bacı arasında bölünəcəyini bildirmişdir. Hər dəfə soruşanda hələ də torpağın bölünmədiyini, bölünərsə iddiaçının da payının veriləcəyini bildirmişdir. Belə ki, iddiaçının qardaşı Cavabdeh1 heç kimə məlumat vermədən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.25 ha torpaq sahəsindən ibarət olan miras əmlakının qəbuluna dair 31 oktyabr 2019-cu il tarixdə 7 saylı xüsusi Notariat ofisinə ərizə ilə müraciət etmişdir. 28 yanvar 2021-ci il tarixdə isə ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş və nəzərdə tutulan miras əmlakın 1/1 hissədə tam pay hüquqları müəyyənləşdirilmişdir. Cavabdeh1 tərəfindən miras əmlakının qəbuluna dair ərizədə vərəsələr kimi iddiaçının mərhum qardaşları X13 və X23 qeyd olunmuşdur. Lakin qanuni vərəsə qismində iddiaçını göstərməmişdir. Göründüyü kimi, Cavabdeh1 tərəfindən qəsdən iddiaçının qanuni vərəsə qismində çıxış etməsi faktı 7 saylı Notariat ofisindən gizlədilmişdir və bunun nəticəsində iddiaçının hüquqları pozulmuşdur. Bundan əlavə, iş üzrə materiallardan da göründüyü kimi ünvan 1nin Cavabdeh1 adına sənədləşdirilməsi zamanı iddiaçının mərhum qardaşı X17 oğlu X18 və keçmiş həyat yoldaşı X3 razılığı alınsa da, faktiki nikahda olduğu həyat yoldaşının və qızının, o cümlədən mərhum X7 ailə üzvlərindən isə heç birinin razılıq ərizələri alınmamışdır. Yəni, həmin şəxslər də Cavabdeh1 tərəfindən gizlədilmişdir. İş materiallarında diqqət çəkən məqamlardan biri də X14 və X3 razılıq ərizələrinin hələ 10 fevral 2011-ci il tarixdə alınmasıdır. Bu bir daha göstərir ki, notariat kontoru iddiaçıya qarşı qərəzli olmuş, vərəsə kimi mövcudluğunu ümumiyyətlə araşdırmamışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6045/2021 saylı, 28 sentyabr 2021ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.25 ha olan torpaq sahəsinə Bakı şəhəri 7 saylı notariat ofisi tərəfindən Cavabdeh1 adına verilmiş 28 yanvar 2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında ünvan 1nə dair 05 fevral 2021-ci il tarixdə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın ləğv edilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin- iddianın təmin olunması hissəsində ləğv edilməsi və iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmiş, apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, uzun illər mübahisə edilən bağın sənədi olmamışdır, dəfələrlə mərhum qardaşının övladlarına və 2007-ci ildən Böyük Britaniya vətəndaşı olan bacısına bağın sənədərinin düzəldilməli olmasını bildirmişdir. Onlarda öz növbəsində imtina etmişlər və bağa ehtiyacları olmadıqlarını bildirmişdilər. 2019-cu ildə 7 saylı Notariat ofisinə müraciət edərək vərəsəliyi müəyyən edilməsini xahiş etmiş, Notariat ofisindən isə ona bildirdilər ki, sənədlər qaydasında deyil və sənədləri düzəltmək bir il vaxt apardı. Anası və atası rəhmətə getdikdən sonra mübahisə edilən bağ onun istifadəsindədir və faktiki olaraq vərəsəliyi qəbul etmişdir. Bu günə kimi həmin ərazidə nə işlər görülübsə onların xərcini çəkmişdir. Nə bacısı nə mərhum qardaşının övladları mübahisəli mülkin saxlanmasında nə də ki, sənədlərin düzəldilməsində heç bir yardım etməmişlər. Əksinə bildirmişlər ki öz istifadəndədir, özün də sənədləri düzəlt. Bundan başqa məhkəmə Mülki Məcəllənin 1243.2-ci maddəsinə əsaslanaraq onun hüququnu pozmuşdur. Çünki mərhum anası və atası rəhmətə getdikdən sonra mübahisə edilən bağ onun istifadəsindədir və iddiaçı tərəfindən hansı tarixlərdə Azərbaycana gəldiyinin və mirası faktiki olaraq qəbul etdiyi göstərilməmişdir. Həmçinin məhkəmənin hansı əsasla iddiaçının mirası qəbul etməsini müəyyən etməsi məlum deyil. Notariat ofisinə müraciət etməsindən isə iddiaçının xəbəri var idi. Amma çıxarışın olmaması və mübahisəli bağa çıxarış alınmalı olduğunu bildiyi üçün Azərbaycan Respublikasına gəlmirdi. Bununla yanaşı qeyd edilməlidir ki, iddiaçı vərəsə olduğunu bildirsə də 2007-ci ildən bu günə kimi mübahisəli ərazidə olmayıb və oradan istifadə etməyib. Həmdə ki iddiaçının Böyük Britaniyadan Azərbaycan Respublikasına hansı tarixlərdə gəlməsi müəyyən edilməmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, izahatında əlavə olaraq bildirdi ki, iddiaçı xarici ölkə vətəndaşı olsa da, anası vəfat edəndən sonra ölkədə olmuş, yas mərasimlərində iştirak etmişdir, lakin mübahisəli torpaq sahəsi ilə maraqlanmamış, mirasın qəbulu üçün hər hansı bir hərəkət etməyərək, mirası əmlakı nə faktiki olaraq qəbul etmiş nə də ki bu barədə notariusa ərizə verməmişdir. Həmçinin iddiaçı torpaq sahəsinin saxlanma xərclərində iştirak etməmiş və həmin sahənin sənədləşdirilməsi işlərində hər hansı təşəbbüs göstərməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Əliyeva (Dadaşova) Minaxanım Əli qızının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayəti ilə razılaşmayaraq izahatında bildirdi ki, iddiaçı xarici ölkə vətəndaşıdır, cavabdeh tərəf mirasla bağlı notariusa müraciət edən zaman iddiaçının adını vərəsələrin siyahısında göstərməmiş, notarius da bu barədə tədbir görməyərək, qanunsuz şəkildə vərəsəlik şəhadətnaməsi vermişdir. Halbuki iddiaçı anasının vəfatından əvvəl və sonra da ölkədə olmuş, torpaq sahəsi ilə maraqlanmışdır, hazırda isə cavabdeh tərəfin çəkdiyi xərclərin əvəzinin ödənilməsi də təmin edilə bilər. Hesab edir ki, apellyasiya şikayəti əsassızdır. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş digər cavabdehin nümayəndəsi məhkəməyə gəlmədiyindən, MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəfin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci hissəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən 13.10.2010-cu il tarixdə verilmiş AZ-İİ № 538016 saylı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X9 xx xxxxxxx 1959-cu ildə Bakı şəhərində anadan olmuş, atası X15, anası X10r. İş materiallarında olan 26.08.1969-cu il tarixdə verilmiş AZ № ******* saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 26 avqust 1953-cü ildə Bakı şəhərində anadan olmuş, atası X15, anası X10r. İş materiallarında olan 29.01.1982-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X15 14.12.1981-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan Əzizbəyov rayon VVADQ şöbəsi tərəfindən verilmiş 19.04.2007-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X23 19.04.2007-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan Əzizbəyov rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 06.01.2010-cu il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 11.01.2009-cu il tarixdə vəfat etmişdir. İş materiallarında olan 1 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş 18.02.2019-cu il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 08.08.2018-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan Cavabdeh1 ünvan 2 ünvanladığı 31.10.2019-cu il tarixli ərizədən görünür ki, ondan başqa vərəsələr kimi X13 və X23 göstərilmişdir. İş materiallarında olan Bakı şəhəri 7 saylı notariat ofisinin xüsusi notariusu X8 tərəfindən verilmiş 28 yanvar 2021-ci il tarixli «Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə»nin surətindən görünür ki, 11.01.2009-cu il tarixdə vəfat etmiş X6 vərəsəsiünvan 3 ünvanında qeydiyyatda olan qızı Cavabdeh1dur, o, miras əmlakdan 1/1 hissədə tam pay almalıdır. Həmin şəhadətnaməyə əsasən miras əmlak ünvan 1ndən ibarətdir. İş materiallarında olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 18.08.2021-ci il tarixli məktubundan görünür ki, İdarənin arxivində mövcud olan sənədlərə əsasən Şüvəlan qəsəbəsində yerləşən 0.25 hektar torpaq sahəsi olan 61 saylı bağ sahəsi keçmiş X1 və İstismarı Birliyi ilə bağlanılmış 29.03.1996-cı il tarixli, 5266 nömrəli müqavilə ilə X11 (sənəddə olduğu kimi) icarəyə verilmişdir. ünvan 1 ünvanında yerləşən 0.25 hektar torpaq sahəsi ********** qeydiyyat nömrəli ərizə və ərizə ilə təqdim edilən 29.03.1996-cı il tarixli 5266 nömrəli müqavilənin təsdiq edilmiş surəti, Bakı şəhəri, 7 saylı xüsusi notariat ofisindən verilmiş, Cavabdeh1 mərhum X6 vərəsəsi müəyyən edilməsi barədə 876 nömrəli, 07.11.2019-cu il tarixli məktub əsasında 05.01.2021-ci il tarixdə mərhum X6 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Daha sonra, Bakı şəhəri 7 saylı xüsusi notariat ofisində 28.01.2021ci il tarixdə reyestrdə 2V-37 nömrə ilə qeydə alınmış Qanun üzrə vərəsəlik şəhadətnaməsi əsasında sözügedən bağ sahəsi 05.02.2021-ci il tarixdə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və hazırda mülkiyyətindədir. İş materiallarında olan Bakı şəhəri 7 saylı Xüsusi Notariat Ofisinin 16.09.2021-ci il tarixli məktubundan görünür ki, 28 yanvar 2021-ci il tarixdə 2V-37 № ilə qeyd edilmiş reyestrdə 11 yanvar 2009-cu ildə vəfat etmiş mərhum X5 miras qalmış ünvan 1nə dair Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq vərəsə Cavabdeh1 faktiki miras əmlakı idarə etdiyinə görə və Bələdiyyə orqanından torpaq vergisinin onun tərəfindən uzun müddət ödənilməsi barədə rəsmi sənədin olması və digər sənədləri müəyyən etdikdən sonra vərəsə Cavabdeh1 tərəflərindən Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Notariat Ofisinə təqdim etdikləri sənədlərdə və “Elektron Notariat "avtomatlaşdırılmış İnformasiya sistemindən Çıxarışda şikayətçi X2 adı, soyadı qeyd edilmədiyi üçün, o vərəsə kimi nəzərə alınmamışdır və həmçinin Cavabdeh1 nümayəndəsi X16 notariat ofisinə vərəsəliyin qəbulu barədə yazdığı ərizədə X4 vərəsə kimi qeyd etməmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Belə ki, Mülki Məcəllənin 1243.1 və 1243.2-ci maddələrinin tələblərinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1246-cı maddəsində isə təsbit olunmuşdur ki, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Qanunun mənasına görə, mirasın qəbul edilməsi müddəti həm qanun üzrə, həm də vəsiyyət üzrə vərəsələrə aiddir. Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. İstər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə Mülki Məcəllənin 1246-cı maddəsində müəyyən edilmiş müddət ərzində mirası həm rəsmi, həm də qeyri-rəsmi üsulla qəbul edə bilər. Rəsmi üsulla vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirlir. Lakin iddiaçının mirası əmlakı qəbul etməsi iş materialları və işin halları ilə müəyyən olunmur. Çünki iddiaçı Mülki Məcəllənin 1246-cı maddəsində göstərilən müddətdə mirasın qəbul edilməsi barədə ərizə ilə notariat kontoruna müraciət etməmiş, həmçinin mirasın faktiki surətdə qəbul edilməsi ilə bağlı hər hansı hərəkətlər etməmişdir. Belə ki, iddiaçı mirası qəbul etmək üçün vaxtında təşəbbüs göstərməmiş, bu yöndə heç bir aktiv hərəkət etməmiş, bununla bağlı niyyəti əvvəldən mövcud olmamışdır; buna görə də onun mirası qəbul etməsi qənaətinə gəlmək mümkün olmadığı üçün Cavabdeh1 ünvan 2 ünvanladığı ərizəsində bacısı Əliyeva (Dadaşova) Minaxanım Əli qızını vərəsə kimi qeyd etməməsi Cavabdeh1 adına verilmiş 28 yanvar 2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi üçün əsas deyil, çünki iddiaçı nəinki mirası qəbul etməsi ilə bağlı məhkəməyə sübut təqdim etmiş, ümumiyyətlə iddia ərizəsində onun tərəfindən mirasın qəbul edilməsi hallarına istinad belə etməmişdir. Xüsusilə qeyd olunmalıdır ki, iddiaçı tərəfin izahatında göstərildiyi kimi iddiaçı anasının vəfatından əvvəl və sonra da ölkədə olmuş, torpaq sahəsinin mövcud olmasından məlumatlı olmuş, lakin X6 vəfat etməsindən iddia ərizəsinin verildiyi tarixədək 12 ilə yaxın müddətdə iddiaçı tərəf mirası qəbul etməmiş, anasının icarəsində olmuş bağ sahəsinin onun ölümündən sonra bu illər ərzində sənədləşdirilməsi ilə bağlı hər hansı təşəbbüs belə göstərməmiş, əksinə cavabdeh mübahisəli əmlakı faktiki qəbul etmiş və məhz onun müraciəti əsasında qeyd edilən əmlak X6 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bundan başqa iddiaçının mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddətin ötürülməsinin üzrlü hesab edilməsi barədə də müraciəti olmamışdır. Göründüyü kimi iddiaçı qanunla müəyyən edilmiş qaydada mirası qəbul etmədiyindən onun notariat ofisinə ünvanlanan ərizədə qanun üzrə vərəsə kimi qeyd edilməməsi vərəsəlik şəhadətnaməsinin etibarsızlığı üçün əsas olmamışdır. Həmçinin yuxarıda göstərildiyi kimi iddiaçı qanunla müəyyən edilmiş müddətdə mirası qəbul etmədiyi üçün iddia tələbi - Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında ünvan 1nə dair 05 fevral 2021-ci il tarixdə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın ləğv edilməsi hissəsində də əsassız olmuşdur. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməklə, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə isə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumlarının məbləğləri tərəflərin özlərinə aid olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6045/2021 saylı, 28 sentyabr 2021ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Əliyeva (Dadaşova) Minaxanım Əli qızının cavabdehlər Cavabdeh1 və ünvan 2 qarşı “ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.25 ha olan torpaq sahəsinə Bakı şəhəri 7 saylı notariat ofisi tərəfindən Cavabdeh1 adına verilmiş 28 yanvar 2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməsi və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında ünvan 1nə dair 05 fevral 2021-ci il tarixdə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarış ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsi, habelə apellyasiya şikayətləri üzrə ödənilmiş dövlət rüsumları onları ödəmiş tərəflərin özlərinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar