Məhkəmə qərarları › İş №2(103)-9721/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9721/2021

01.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9721/2021 01.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının vəkili Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2-yə qarşı “lizinq müqaviləsi üzrə hesablanmış lizinq ödənişlərinin ödənilməsi və lizinq obyektinin qaytarılması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 10 mart 2021-ci il tarixli 2(007)-37/2021 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı MMC cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 54371,77 ABŞ Dollarının ödəniş gününə Azərbaycan manatı ilə məzənnəsinə uyğun borc məbləğinin və məhkəmədə işə baxılması ilə bağlı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manatın tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı MMC iddianın həcminin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək göstərmişdir ki, cavabdehlərdən Cavabdeh3 vəfat etmişdir və bunu nəzərə alaraq, ona aid iddia tələblərindən imtina edirlər. Bununla yanaşı, iddia ərizəsi məhkəməyə verilən gündən cavabdeh müəyyən məbləğdə ödənişlər etmiş və hazırda onun müəssisələrinə əsas borcu 19695,32 ABŞ dolları, gecikdirilməyə görə yaranmış cəriməsi isə 38337,79 ABŞ dolları təşkil edir. Cavabdeh lizinq ödənişlərini ödəməməsinə baxmayaraq, ona təhvil verilmiş Shacman 8x4 markalı, **********8 mühərrik nömrəli, LZGCR2R64BX081836 ban nömrəli özüboşaldan maşını onlara təhvil verməkdən imtina edir. Halbuki, cavabdehlə bağlanmış lizinq müqaviləsinin 20.1-ci maddəsində də qeyd edilir ki, defolt halında (lizinq ödənişlərini 2 ardıcıl ay üçün ödənilməməsi) lizinq verən lizinq obyektini geri almaq hüququna malikdir. Yuxarıda qeyd olunanlara əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2MMC-dən müştərək qaydada iddiaçının xeyrinə əsas borc üzrə 19695,32 ABŞ dolları, gecikdirilməyə görə yaranmış cərimə olaraq 38337,79 ABŞ dolları, məhkəmədə işə baxılması ilə bağlı iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənişmiş 30 manatın tutulması, Cavabdeh1 Shacman 8x4 markalı, **********8 mühərrik nömrəli, LZGCR2R64BX081836 ban nömrəli özüboşaldan maşının alınıb onlara təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC məhkəməyə Azərbaycan Respublikasının 53-cü maddəsinə uyğun olaraq iddia həcminin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək qeyd etmişdir ki, iddia ərizəsi məhkəməyə təqdim edildikdən sonra, cavabdeh 300 ABŞ dolları (500 manat ekvivalent) ödəniş etmişdir. Beləliklə, cavabdehdən lizinq obyekti olan yük maşının alınması ilə yanaşı, 16695 ABŞ dolları əsas borc, 3000 ABŞ dolları isə lizinq mükafatının, habelə 28994 ABŞ dolları cərimənin tutulub İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 10 mart 2021-ci il tarixli 2(007)-37/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 01 mart 2012-ci il tarixli, 12/379 saylı lizinq müqaviləsinə əsasən 16695 ABŞ dolları əsas, 3000 ABŞ dolları mükafat, 23594,67 ABŞ dolları cərimə, ümumilikdə 43289,67 ABŞ dolları borcun Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş manat məzənnəsi ilə və ödənilmiş 26,70 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması, ödənilmiş dövlət rüsumunun 3,30 manatın iddiaçıya aid edilməsi, Lizinq obyekti olan “Shacman 8x4” markalı özüboşaldan Cavabdeh1 geri alınaraq, İddiaçı MMC-yə təhvil verilməsi, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri olan 150 manat məbləğində pulun 16,6 manatının İddiaçı MMC-dən və 133,40 manatının Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən Cavabdeh1 apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 vəsatət göndərərək, iddiaçı və cavabdeh hüquqi şəxs olduğundan və lizinq müqaviləsi gəlir əldə etmək məqsədi ilə bağlanıldığından mülki işin aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Kollegiyanın iclasında iştirak edən iddiaçının vəkili məsələnin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. İşə baxılmasının vaxtı və yeri barədə lazimı qaydada məlumatlandırılmış cavabdehlər məhkəməyə gəlmədiyindən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin olunmalı, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 10 mart 2021-ci il tarixli 2(007)-37/2021 saylı qətnaməsi ləğv edilməli, mülki iş baxılması üçün aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli 10 nömrəli Qərarının 12 və 13-cü bəndlərində qeyd edilir ki, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Həmin Qərarda həmçinin qeyd olunmuşdur ki, MPM-in 418.4.9 və 418.5-ci maddələri ilə işin məhkəmə aidiyyəti üzrə düzgün baxılmaması kobud prosessual pozuntu kimi apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi əsası kimi nəzərdə tutulduğundan, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən MPM-in 384 və 387-ci maddəsində məhkəmə aidiyyətinin pozulması əsası ilə qətnamənin ləğv edilərək aidiyyəti üzrə göndərilməsi ilə bağlı konkret müddəaların nəzərdə tutulmadığına istinad etməklə, məhkəmə aidiyyəti məsələsinə qiymətin verilməməsi mümkünsüzdür. Bununla bağlı apelyasiya instansiyası məhkəmələrinə izah edilir ki, işin birinci instansiya məhkəməsi tərəfindən məhkəmə aidiyyəti üzrə səhvən baxıldığının müəyyən edildiyi halda, apelyasiya məhkəməsi MPM-in 387.2.1-ci maddəsinə istinad etməklə qətnaməni ləğv etməli və MPM-in 365-ci maddəsindən çıxış etməklə MPM-in 32.4-cü maddəsini rəhbər tutub işin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul etməlidir. MPM-in 32.5-ci maddəsinə əsasən həmin qərardadlardan şikayətin verilməsi nəzərdə tutulduğundan, apelyasiya instansiyası məhkəmələri işin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qəbul etdikləri qərardadlardan tərəflərin kassasiya instansiyası məhkəməsinə şikayət vermək hüquqlarının olduğunu da nəzərdən qaçırmamalıdırlar. Kollegiya əvvəla qeyd edir ki, iddiaçı ilk öncə cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, daha sonra isə iddia tələbinin həcmini azaldaraq cavabdehlərdən Cavabdeh3 vəfat etməsinin məlum olduğunu nəzərə alaraq, sonuncuya aid iddia tələblərindən imtina etdiklərini bildirmişdir. Kollegiya qeyd edir ki, iddia ərizəsinə əlavə edilmiş DİN BPQMİ-nin MAPS arayışından görünür ki, Cavabdeh3 26.05.2014-cü ildə, yəni hazırki iddia ilə məhkəməyə müraciət etməmişdən uzun müddət əvvəl vəfat etmişdir. Ölmüş şəxsə qarşı məhkəmədə iddia qaldırmaq isə yolverilməzdir. Digər cavabdehlər isə Cavabdeh1 və Cavabdeh2-dir. AZEMİS Elektron məhkəmə sistemindən çıxarışdan görünür ki, Cavabdeh1 fiziki şəxsin vergi uçotu haqqında ********** nömrəli aktiv VÖEN əsasında fəaliyyət göstərir və həmin VÖEN 24.06.2008-ci il tarixdə verilmişdir və fəaliyyət istiqaməti «avtomobillərin daşınması»ndan ibarətdir. Göründüyü kimi, Cavabdeh1 fərdi sahibkar statusu əldə edən fiziki şəxs olmaqla, iddiaçı ilə aralarında yaranan hüquq münasibətləri xarakterinə görə sahibkarlıq fəaliyyətindən irəli gələn münasibətlərə uyğun gəlir. İddiaçı və Cavabdeh2 isə hüquqi şəxslərdir. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olduğundan hazırkı mülki işə Bakı Kommersiya Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 387.2.1-ci maddəsinə görə işə, buna baxmağa hüququ olmayan hakim tərəfindən baxılmışdırsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 32.5, 387.2.1, 397-398 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apelyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 10 mart 2021-ci il tarixli 2(007)-37/2021 saylı qətnaməsi ləğv edilsin. Mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar