Məhkəmə qərarları › İş №2(103)-973/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-973/2021

02.03.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-973/2021 02.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Bakı şəhəri 21 saylı Notariat ofisinə qarşı müqavilənin etibarsız hesab edilməsi və dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16 sentyabr 2020-ci il tarixli 2(005)-2977/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh2 və 21 saylı Dövlət Notariat Kontoruna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 ilə onun arasında bağlanmış 17.12.2011-ci il tarixli razılaşma müqaviləsinin etibarsız hesab edilməsi və ona vurulmuş ******* manat məbləğində ziyanın əvəzinin təqsirkar şəxslərdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, Cavabdeh2 ilə onun arasında bağlanmış 17.12.2011-ci il tarixli razılaşma müqaviləsi təkid, hədə-qorxu və aldatma nəticəsində bağlanmış, müqavilə bağlanarkən notarius tərəfindən ona hüquqları izah olunmamış, müqavilədə qeyd olunan əmlakların mövcud olub-olmaması, həmin əmlakların kimin adına olması, həmin şəxsin əmlakı özgəninkiləşdirmək hüququnun olub-olmaması, o cümlədən əmlakların bir hissəsinin birgə nikah dövründə alınması, həmin əmlakların özgəninkiləşdirilməsi üçün həyat yoldaşının razılığının alınmalı olması araşdırılmamışdır. Razılaşma müqaviləsi cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində bağlandığından, Bakı Apellyasiya Məhkəməsinin 5 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə ondan alınaraq Cavabdeh2 ödənilməli olan ******* manat pul cavabdehlərdən alınaraq ona ödənilməlidir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16 sentyabr 2020-ci il tarixli 2(005)- 2977/2020 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını, iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin məzmunu iddia ərizəsinin məzmununa uyğun olmaqla işə baxılarkən maddi hüquq normalarının pozulması ilə əsaslandırılmışdır. Məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlmədiklərindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şıkayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16 sentyabr 2020-ci il tarixli 2(005)-2977/2020 saylı qətnaməsi iddiaçının apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan 17.12.2011-ci il tarixli razılaşma müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 ilə İddiaçı öz aralarında əmlak bölgüsü barədə razılığa gəlmişlər. Bu müqavilə notarial qaydada təsdiqlənmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8400/2018 saylı, 05.10.2018-ciu il tarixli qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 10.10.2018-ci il tarixli qətnaməsindən Cavabdeh2 apellyasiya şikayəti qismən təmin olunmuş və Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 3 mart 2017-ci il tarixli 2(103)-3441/2017 saylı qərardadı ilə siyahıya alınmış (üzərinə həbs qoyulmuş) və Bakı şəhəri Azadlıq prospekti 37, Azadlıq prospekti 22 və ünvan 1 ünvanlarında yerləşən 212137 ədəd---35077 çeşid, ******* manat dəyərində olan mal və məhsulların dəyərinin yarısı, yəni ******* manat məbləğində pulun İddiaçı alınaraq Cavabdeh2 ödənilməsi qət edilmişdir. İş materiallarında olan razılaşma müqaviləsinin ləğv edilməsinə dair ərizədən görünür ki, İddiaçı 21 saylı Dövlət Notariat Kontoruna və Cavabdeh2 həmin müqavilənin ləğvinə dair 10.06.2020-ci il tarixdə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 324.4-cü maddəsinə əsasən, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 354.2-ci maddəsinə əsasən, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, əqdin etibarsızlığı dedikdə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki-hüquqi münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd başa düşülür. Etibarsız əqd qanuna zidd xarakter daşıyır və bu keyfiyyətinə görə müəyyən neqativ nəticələrə səbəb ola bilər. Mülki Məcəllənin 339-cu maddəsində əqdin etibarsız sayıla bilməsinin altı müxtəlif əsasları müəyyən edilmişdir. Bu müxtəlif əsasların ümumi xüsusiyyətləri ondan ibarətdir ki, onların nəticəsində tərəflərin birinin iradəsinə zidd olaraq, mənafeyini ciddi şəkildə pozan, qarşı tərəfin iradəsinə uyğun olan və onun arzuladığı əqd bağlanır. Əslində tərəflərdən biri öz iradəsinə zidd bir əqdin bağlanmasına məcbur edilir. Bu isə mülki qanunvericiliyin bir sıra prinsiplərini, o cümlədən mülki hüquq subyektlərinin bərabərliyi, onların sərbəstliyi və təbii ki, müqavilə azadlığı prinsiplərinin kobud pozulmasıdır və belə əqdlər mübahisə edilən əqdlər qrupuna aid edilir. Ağır vəziyyətə düşmüş şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqdlər də mübahisələndirilən əqdlər kateqoriyasına aiddir. Belə əqdin etibarsız sayılması üçün digər tərəfin həmin şəxsin ağır vəziyyətə düşməsini bilməsi və bu haldan istifadə edərək əqdin bağlanmasına nail olması tələb olunur və belə əqdin bağlanması nəticəsində ağır vəziyyətə düşmüş şəxsin həm iradəsi, həm də mənafeyi ciddi şəkildə pozulmuş olur. İddia tələbi ilə bağlı məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, İddiaçı Cavabdeh2 ilə bağladığı 17 dekabr 2011-ci il tarixli razılaşma müqaviləsinin təkid, hədə və aldatma nəticəsində bağlandığını bildirsə də, bu barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Bundan əlavə, o, müqavilə bağlandıqdan 9 ilə yaxın müddət keçəndən sonra həmin müqavilənin etibarsız hesab edilməsi barədə məhkəmədə iddia qaldırmış, əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisələndirməmişdir. Halbuki, İddiaçı müqavilənin etibarsızlığı üçün gətirdiyi dəlillər, yəni müqavilənin etibarsız sayılmasına əsas verən hallar ona müqavilə bağlanarkən bəlli olmalı idi. O cümlədən İddiaçı bilməli idi ki, ər-arvadın birgə nikah dövründə əldə etdikləri daşınmaz əmlak barəsində əqd bağlanması üçün digər tərəfin notarial qaydada təsdiq olunmuş yazılı razılığı tələb olunur. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsinin 3-cü bəndinə əsasən, qanunu bilməmək məsuliyyətdən azad etmir. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, birgə nikah dövründə əldə olunmuş daşınmaz əmlak barəsində əqd bağlanarkən ər-arvaddan birinin razılığı alınmadığı təqdirdə, həmin əqd nəticəsində hüququ pozulmuş ər-arvad əqdi mübahisələndirə bilər. Konkret halda İddiaçı iddia ərizəsinin məzmunundan görünür ki, həmin kateqoriyadan olan daşınmaz əmlakların özgəninkiləşdirilməsi nəticəsində həyat yoldaşının hüquqları pozulmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddia həm əsassız olduğuna, həm də əqdlərin etibarsız hesab edilməsi üçün Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş 1 illik kəsici müddət keçdiyinə görə, birinci instansiya məhkəməsi iddianı rədd etməkdə haqlı olmuşdur. Cavabdehlərin hərəkətləri nəticəsində iddiaçıya maddi zərər dəyməsi sübuta yetirilmədiyinə görə, başqa bir qətnamə ilə müəyyən edilmiş ******* manat məbləğində pulun cavabdehlərdən alınaraq iddiaçıya ödənilməsi barədə iddia tələbi də əsassızdır. İddia tələbini bu hissədə də rədd etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Bu səbəbdən qətnamə qanuni və əsaslıdır, şikayətin dəlilləri onun ləğvi üçün əsas təşkil etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 402- 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16 sentyabr 2020-ci il tarixli 2(005)- 2977/2020 saylı qətnaməsi İddiaçı apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar