Məhkəmə qərarları › İş №2(103)-9748/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9748/2021

20.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9748/2021 20.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi ilə, Ərizəçi iştirakı ilə Ərizəçi (maraqlı şəxslər Maraqlı şəxs1 və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti) «torpaq sahəsinin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi» ərizəsinə dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1441/2021 saylı, 02 avqust 2021-ci il tarixli qətnaməsindən ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Ərizəçi (maraqlı şəxslər Maraqlı şəxs1 və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti) «torpaq sahəsinin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi» barədə ərizə ilə məhkəməyə müraciət edərək, arxiv arayışında torpaq sahəsi ayrılmış şəxslər siyahısında 0.08 ha torpaq sahəsinin ayrılması barədə 216 torpağın sıra nömrəsi ilə qeyd edilmiş torpaq sahəsinin ona, yəni Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Abşeron rayon XDS İKnın 28 avqust 1991-ci il tarixli, 176 saylı qərarına əsasən, Yeni-Bakı broyler fabrikində işləyən ona fərdi ev tikmək üçün 0,08 ha hesabı ilə torpaq sahəsi ayrılması haqqında qərar qəbul edilmişdir. Bununla bağlı Əmək kollektivi şurasının və həmkarlar ittifaqı komitəsinin 17 may 1991-ci il tarixli 7 saylı, 19 iyul 1991-ci il tarixi 8 saylı qərarları, 10 iyul 1991-ci il tarixli 48 saylı və 19 iyul 1991-ci il tarixli 30 saylı qərarları qəbul edilmişdir. Hətta həmin qərarla sözügedən torpaq sahəsi üzərində ona fərdi yaşayış evi tikintisinə icazə verilmişdir. Sözügedən qərarda ona məxsus məlumatlar (ad,soy ad, ata adı) düzgün göstərilsə də, arxiv məlumatında yanlışlıqla ata adı “Rəşid” kimi göstərilmişdir. Bu barədə 08 oktyabr 2020-ci il tarixli, F-704 saylı imtina məktubu ilə bildirilmişdir ki, torpaq sahəsi ayrılmış şəxslər arasında onun deyil Ərizəçi Rəşid oğlunun adına 0,08 ha torpaq sahəsi qeyd edilmişdir. Həmin yanlışlığın düzəldilməsi üçün Abşeron Rayon Dövlət Arxiv İdarəsinə müraciət etsə də, şifahi formada məhkəmə qaydasında həll edilməli olduğu tövsiyə edilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1441/2021 saylı 02 avqust 2021ci il tarixli qətnaməsi ilə ərizə təmin edilməmiş və ödənilmiş 10 manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilmişdir. Qətnamədən ərizəçi apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, şikayətini ərizəsinin məzmununa uyğun əsaslandırmaqla yanaşı bildirmişdir ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi, ərizəsinin məzmuna izahat verərək əlavə olaraq bildirdi ki, ona ayrılmış torpaq sahəsində 1992-ci ildən ev tikərək, fasiləsiz olaraq orada yaşamışdır və bununla bağlı qəsəbə nümayəndəliyindən arayış da əldə etmişdir. Hazırda isə çıxarış almaq istəsə də torpaq sahəsinin ona məxsus olmaması əsası ilə imtina edilir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iş üzrə maraqlı şəxslərin nümayəndələri məhkəmə iclasına gəlməmişlər, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti bunun səbəbləri barədə məlumat verməmiş, digər maraqlı şəxs - Maraqlı şəxs1 məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsi barədə məhkəməyə məktub ünvanlamışdır. Məhkəmə kollegiyası işə maraqlı şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası ərizəçinnin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci hissəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki halda maraqlı şəxsin apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən kollegiya qətnamənin əsaslılığını tam yoxlayır. İş materiallarında olan 08.10.20-ci il tarixli F-704 nömrəli arxiv arayışının məzmunundan görünür ki, Abşeron rayon XDS İK-nın 28 avqust 1991-ci il tarixli, 176 saylı qərarı ilə vətəndaşlara fərdi ev tikmək üçün həyətyanı torpaq sahəsi ayrılmışdır. Həmin qərarla torpaq sahəsi ayrılmış şəxslər siyahısında Ərizəçi adı aşkar edilməmişdir. Lakin həmin qərarda Ərizəçi Rəşid oğlu adına 0.08 ha torpaq sahəsi 218 torpağın sıra nömrəsi ilə qeyd edilmişdir. İş materiallarında olan 28 avqust 1991-ci il tarixli Azərbaycan Respublikası Abşeron Rayon XDS İcraiyyə Komitəsinin 176№ li Qərarından çıxarışın məzmunundan aydın olur ki, Yeni-Bakı broyler fabrikində işləyən Ərizəçi 216 № li fərdi yaşayış evi tikmək üçün 0,08 ha hesabı ilə torpaq sahəsi ayrılması haqqında fabrikin əmək kollektivi şurasının və həmkarlar ittifaqı komitəsinin 17 may 1991-ci il tarixli 7№ li 19 iyul 1991-ci il 8№ li qərarları 10 iyul 1991-ci il tarixli 30 №li əmrləri nəzərə alınması, həmin torpaqda vətəndaşa fərdi yaşayış evinin tikintisi üçün icazə verilməsi qeyd edilmişdir. İş materiallarında olan 18.06.1991-ci il tarixli arayışın məzmunundan aydın olur ki, Yeni-Bakı Broyler fabrikinin işçisi Ərizəçi Azərbaycan SSR Nazirlər Sovetinin 23 oktyabr 1991-ci il tarixli 489 № li və fabrikin Həmkarlar İttifaqı Komitəsinin 17 may 1991-ci il tarixli 7№ li qəaraına əsasən fabrik üçün ayrılmış torpaq sahəsindən fərdi yaşayış evi tikmək üçün 216 № li torpaq sahəsi ona verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə görə məhkəmə xüsusi icraat qaydasında həmçinin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. İş materiallarından göründüyü kimi, ərizəçi müvafiq torpaq sahəsinin ona məxsus olmasına əsas verən sənədlə bağlı uyğunsuzluqla əlaqədar mübahisə olduğundan, həmin torpaq sahəsinin ona məxsus olması faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə mürciət etmişdir. Lakin iş materiallarında olan Abşeron rayonu Dövlət Arxiv İdarəsi tərəfindən verilmiş məktub əsasında müvafiq qərarla torpaq sahəsi ayrılmış şəxslərin siyahısında Ərizəçi adının aşkar edilmədiyi, habelə həmin qərarda 0,08 ha torpaq sahəsinin Ərizəçi Rəşid oğlunun adına 218 sıra nömrəsi ilə ayrıldığının qeyd edildiyi müəyyən edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, ərizəçi mübahisə predmeti olan torpaq sahəsinin ona məxsus olmasına dair sübutetmə vasitəsi qismində məhz müvafiq 176 № li Qərara istinad etsə də, Arxiv İdarəsində həmin Qərarda onun adına 216 nömrə ilə torpaq sahəsinin ayrılmasına dair heç bir məlumatın aşkar olunmadığı qeyd edilmişdir. Göründüyü kimi ərizəçi tərəfindən həmin halın müəyyən edilməsinə dair başqa hər hansı sübut təqdim edə bilməmişdir, həmçinin məhkəmə araşdırması zamanı mübahisə predmeti olan torpaq sahəsinin məhz qeyd edilən 216 sıra nömrəsi ilə ərizəçiyə məxsus olması faktının müəyyən edilməsi mümkün olmamışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin əsassız olmaqla, təmin edilməməsi barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. “Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi müddəaları haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 fevral 2003-cü il tarixli qərarının 3-cü bəndində göstərilir ki, torpaq sahəsi ilə əlaqədar mübahisələrə baxıldıqda hər şeydən əvvəl torpaq sahəsinin hüquqi statusu müəyyən edilməli, buna müvafiq olaraq müdafiə tədbirləri seçilməlidir. 09 noyabr 1991-ci il tarixli Köhnə Torpaq Məcəlləsinin 7-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaq xalq deputatları Sovetlərinin ixtiyarındadır və onlar torpaq barəsində öz səlahiyyətləri dairəsində sərəncam verirlər. Xalq deputatları Sovetləri qanunla müəyyən edilmiş hallarda torpaq sahələrini bu Məcəllənin 20-ci maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş torpaq sahələri istisna olmaqla, vətəndaşların, kolxozların, sovxozların və digər dövlət, kooperativ, ictimai kənd təsərrüfatı müəssisələrinin, idarələrinin və təşkilatlarının eləcə də digər hüquqi şəxslərin xüsusi mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə verirlər. Həmin Məcəllənin 11-ci maddəsinə əsasən bu Məcəllə qüvvəyə minənədək vətəndaşların qanuni istifadəsində olmuş həyətyanı sahə, fərdi mənzil, fərdi bağ və fərdi qaraj tikintisi üçün torpaq sahələri onların xüsusi mülkiyyətinə keçirilir. Həmin Məcəllənin 30-cu maddəsinə əsasən torpaq üzərində mülkiyyət hüququ, torpağa sahiblik və torpaqdan daimi istifadə hüquqları rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən verilən dövlət aktı ilə rəsmiləşdirilir. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilir. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası qanununun 9-cu maddəsinə əsasən isə vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. «Torpaq islahatı haqqında» Qanunun 10-cu maddəsinin 5-ci və 6-cı hissələrinə görə fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli 534 nömrəli fərmanı ilə təsdiq edilmiş «Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələri, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamənin 1-ci maddəsinə əsasən fərdi yaşayış evlərinin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin əsasnamənin 2-ci maddəsinə əsasən göstərilən torpaqları öz mülkiyyətinə keçirmək üçün vətəndaşlar ərizə ilə müraciət edirlər. Ərizəyə vətəndaşların fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqların onların qanuni istifadəsinə və ya icarəsinə verilməsini təsdiq edən sənədin surəti əlavə edilməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66.1-ci maddəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.5-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri və 88.0.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.5-ci maddəsinə əsasən 2006cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri və 139-1.1.8-ci maddəsinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Məhkəmə kollegiyası ərizənin, eləcə də apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, iş materiallarında olan 08.10.2020-ci il tarixli F-704 nömrəli arxiv arayışının məzmunundan görünür ki, ərizəçinin istinad etdiyi müvafiq qərarla həqiqətəndə vətəndaşlara fərdi ev tikmək üçün həyətyanı torpaq sahəsi ayrılmışdır, lakin həmin həmin qərarla torpaq sahəsi ayrılmış şəxslər siyahısında Ərizəçi adı aşkar edilməmişdir. Həmçinin həmin qərarda Ərizəçi Rəşid oğlu adına 0.08 ha torpaq sahəsi 218 torpağın sıra nömrəsi ilə qeyd edilmişdir. Göründüyü kimi iddiaçı ata adı ilə bağlı uyğunsuzluq olmasını qeyd etsə də, həmçinin torpaq sahəsinin sıra nömrəsinin də fərqli olması müəyyən edilmişdir. Buna görə də kollegiya hesab edir ki, apellyasiya şikayətində irəli sürülənlər formal mülahizələrdir; Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən isə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT E T D İ: Ərizəçi apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1441/2021 saylı, 02 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Vəfaddin İbayev Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar