Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-975/2022 25.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı nümayəndəsi Vəkil, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı bağışlama müqavilələrinin etibarsız hesab edilməsi və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğvi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 24 avqust 2021-ci il tarixli 2(008)-4254/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən mənzilin bağışlanmasına dair mərhum X4 ilə Cavabdeh1 arasında bağlanmış əqdin, habelə sonradan cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış bağışlama müqaviləsinin etibarsız hesab olunması və həmin mənzilə dair Cavabdeh2 adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, qardaşı Cavabdeh1 anaları X2 “Şizofreniya paranoid forma” xəstəliyindən əziyyət çəkməyindən və öz əməllərinin faktiki xarakterini dərk edə bilməməsindən istifadə edərək ünvan 1 ünvanında yerləşən mənzilin ona bağışlanmasına nail olmuş, daha sonra həmin mənzili oğlu Cavabdeh2 bağışlamış, sonuncunun adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. İddiaçı hesab edir ki, həmin əqdlər Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 338 və 339-cu maddələrinə əsasən etibarsız hesab edilməlidir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 24 avqust 2021-ci il tarixli, 2(008)- 4254/2021 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, iddiaçının mərhum anası Cəmilə Səfərova uzun müddət “Şizofreniya paranoid forma” xəstəliyindən əziyyət çəkməsinə baxmayaraq, birinci instansiya məhkəməsi əqd bağlanarkən onun öz hərəkətlərinin faktiki xarakterini dərk edib-etməməsini müəyyənləşdirmək məqsədilə məhkəmə psixiatrik ekspertizasının keçirilməsi barədə vəsatəti əsassız olaraq təmin etməmişdir. Məhkəmə ekspertiza keçirmədən, işi hərtərəfli araşdırmadan iddiaçının vərəsəliklə bağlı qanuni gözlənti hüquqlarını pozmuşdur. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini, cavabdehlərin nümayəndəsi X3 isə məhkəmədən şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, X5 ilə X2 rəsmi nikahından 1959-cu ildə Cavabdeh1 və 1963-cü ildə İddiaçı doğulmuşdur. 29 dekabr 1994-cü ildən Mirzə Səfərovun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzil onun 19 fevral 2000-ci ildə vəfatından sonra miras qalmışdır. Mərhumun övladları Vaqif və İddiaçılar miras əmlakdakı paylarından anaları Cəmilə Səfərovanın xeyrinə imtina etmiş və mənzilin onun mülkiyyətinə keçməsinə razılıq vermişlər. Bakı şəhəri 39 saylı Dövlət Notariat Kontoru tərəfindən verilmiş 16 sentyabr 2000-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən mənzil 19 oktyabr 2000-ci il tarixdə Cəmilə Səfərovanın adına qeydiyyatdan keçmiş, bu barədə ona qeydiyyat vəsiqəsi verilmişdir. Qeyd olunan ünvan 2 ünvanında yalnız X4 12 fevral 1993-cü il tarixdən qeydiyyatda olmuş və o özünə məxsus həmin mənzili Bakı şəhəri 39 saylı dövlət notariat kontoru tərəfindən təsdiq olunmuş 27 iyun 2003-cü il tarixli bağışlama müqaviləsinə əsasən oğlu Cavabdeh1 bağışlamışdır. 5 saylı Bakı “ASAN Xidmət” mərkəzində notariat kontorunda təsdiq edilmiş 16 sentyabr 2018-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən Cavabdeh1 ona məxsus olan, ünvan 2 ünvanında yerləşən mənzili oğlu Cavabdeh2 bağışlamış, Cəmilə Səfərova 15 sentyabr 2018-ci il tarixli ərizəsində mənzilin bağışlanmasına etiraz etmədiyini göstərmişdir. Həmin mənzil 19 sentyabr 2018-ci il tarixdə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır və halhazırda onun xüsusi mülkiyyətindədir. İddia ərizəsinin məzmunundan və iş materiallarından görünür ki, iddiaçı özünə məxsus olan evdə yaşamış və ünvan 3 ünvanında qeydiyyatda olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Həmin Məcəllənin 668.1.1-ci maddəsinə əsasən daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə bağışlama etibarlıdır. İş materiallarından görünür ki, İddiaçı Cavabdeh1 anasının “şizofreniya paranoid forma” xəstəliyindən əziyyət çəkməsindən və öz əməllərinin faktiki xarakterini dərk edə bilməməsindən, onları idarə etmək qabiliyyətinin olmamasından istifadə edərək mübahisə predmeti olan mənzili əvvəlcə öz adına, daha sonra isə bağışlama yolu ilə oğlu Cavabdeh2 adına rəsmiləşdirməsini iddia etsə də, öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 342.1-ci maddəsinə əsasən psixi pozuntu nəticəsində fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin bağladığı əqd etibarsızdır. Belə əqdin tərəflərindən hər biri aldıqlarının hamısını digər tərəfə eyni ilə qaytarmalı, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə onun dəyərini pulla ödəməlidir. Bundan başqa, əgər fəaliyyət qabiliyyətli tərəf digər tərəfin fəaliyyət qabiliyyəti olmadığını bilirdisə və ya bilməli idisə, ona dəymiş real zərərin əvəzini də ödəməlidir. Həmin Məcəllənin 346.1-ci maddəsinə əsasən, fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqd onun özünün və ya əqd bağlanması nəticəsində hüquqları və ya qanunla qorunan mənafeləri pozulmuş digər şəxslərin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, hər iki əqd, yəni Cəmilə Səfərovanın ona məxsus olan ünvan 2 ünvanında yerləşən ikiotaqlı mənzili oğlu Cavabdeh1 bağışlamasına dair Bakı şəhəri 39 saylı dövlət notariat kontoru tərəfindən təsdiq olunmuş 27 iyun 2003-cü il tarixli 4Ə-2/134 reyestr nömrəli müqavilə və həmin mənzili Cavabdeh1 oğlu Cavabdeh2 bağışlamasına dair 5 saylı Bakı “ASAN Xidmət” mərkəzində notariat kontorunda təsdiq edilmiş 16 sentyabr 2018-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab olunmaları, həmçinin onların hüquqi nəticəsi olan Cavabdeh2 adına verilmiş 19 sentyabr 2018-ci il tarixli Seriya RX ******* №-li çıxarışın ləğv edilməsi üçün hər hansı hüquqi əsaslar mövcud deyildir. Apellyatorun məhkəmə psixiatrik ekspertizası keçirilməsinə dair dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Cəmilə Məmməd qızı 1975-ci ildən “şizofreniya paranoid forma” xəstəliyindən əziyyət çəkməsinə, 1990-1995-ci illər ərzində müxtəlif vaxtlarda stasionar müalicədə olmasına baxmayaraq, 1956-cı ildən əmək fəaliyyətinə başlamış, müxtəlif təşkilatlarda fasiləsiz işləmiş, nümunəvi işçi olmuş,işlədiyi müəssisə tərəfindən peşəkarlığına görə dəfələrlə mükafatlandırılmış, işlədiyi “Balaxanıneft” X9 İdarəsindən 28 iyun 2002-ci ildə, yəni 63 yaşında Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin “d” bəndinə əsasən, tərəflərin iradəsindən asılı olmayan hal ilə əlaqədar işdən azad edilmişdir. X4 əmək fəaliyyətini sona çatdıraraq pensiyaya xəstəliyi ilə bağlı deyil, yaşa görə çıxmış, “dəqiqləşdirilməmiş bronxopnevmoniya” (ağ ciyərin iltihabı) xəstəliyindən 15 mart 2021-ci il tarixdə xəstəxanada vəfat etmişdir. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, bağışlama müqaviləsinin etibarsızlığı üçün əsaslar olmadığından, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 402- 403-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 24 avqust 2021-ci il tarixli, 2(008)- 4254/2021 saylı qətnaməsi İddiaçı apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-975/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-975/2022
25.01.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver