Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-975/2025 22.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MTK-ya qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-975/2025 (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X5 və X3 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-496/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə 22 yanvar 2025-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Cavabdeh MTK-ya qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 125,64 kv.metr göstərilmiş 3 otaqlı mənzil üçün artıq ödənilən 16940 manat (16,94X1000=16940) məbləğində pulun, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 58, M19, m2 ünvanında yerləşən ümumi sahəsi 125,64 kv.metr göstərilmiş 3 otaqlı mənzil üçün artıq ödənilən 19954 manat (18,14x1100=19.954) məbləğində pulun və ödənilmiş 201 manat dövlət rüsumunun Cavabdeh MTK-dan alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh MTK-dan daxili və ipoteka krediti olmaqla iki mənzil almışdır. Belə ki, birinci mənzili İddiaçı Cavabdeh MTK ilə xx.xx.2018-ci il tarixdə bağlanmış 0900 nömrəli alqı-satqı müqaviləsi əsasında almışdır. Müqavilənin predmeti isə ondan ibarət olmuşdur ki, Cavabdeh MTK (satıcı) inşa etdiyi ona məxsus olan, ünvan 3 ünvanında yerləşən 3 otaqlı, tam, yəni ümumi sahəsi 125,64 kvadratmetr olan, 125.640 manat dəyərində mənzili iddiaçının mülkiyyətinə verməli, iddiaçı isə qarşılığında həmin mənzilin dəyərinin 50.256 manat pulunu ilkin ödəniş kimi həyata keçirməli, qalan 75.384 manat həcmində pulu müqavilənin imzalandığı gündən 36 ay ərzində müqaviləyə edilən aylıq ödəniş qrafiki üzrə bərabər hissələrə bölməklə ödəməlidir. Müqavilə üzrə mənzilin hər kvadrat metrinin qiyməti ƏDV daxil olmaqla 1.000 manat təşkil etmişdir. Tərəflər arasında bağlanmış Müqaviləyə əsasən mənzilin pay dəyəri tam olaraq vaxtlı-vaxtında iddiaçı tərəfindən ödənilmiş və müqavilə üzrə öhdəliklər tam şəkildə yerinə yetirilmişdir. Lakin mənzilə iddiaçı çıxarış alan zaman ona məlum olmuşdur ki, cavabdehə tam ödəniş etməsinə baxmayaraq öhdəliyə uyğun olaraq mənzil ona təhvil verilməmiş, mənzilin isə ümumi sahəsini 108,70 kv.metr təşkil etmişdir. Halbuki həmin müqavilənin 1.7ci bəndinə əsasən göstərilən mənzilin tam sahəsinin 125,64 kvadratmetr olduğu göstərilmişdir. Göründüyü kimi, iddiaçı müqavilənin tələblərini tam olaraq icra etsədə cavabdeh müqavilənin 1.7-ci bəndini kobud şəkildə pozaraq müqavilədə nəzərdə tutulmuş ölçüdən az sahədən ibarət mənzili (125,64-108,70=16,94) ona təhvil vermişdir. Müqavilənin 1.8-ci bəndində mənzilin yaşayış sahəsinin 64,23 kvadratmetr olduğu göstərildiyi halda AR ƏMDK-nin yanında DƏDRX 1 saylı Bakı Ərizi İdarəsi tərəfindən təqdim olunmuş texniki pasportda mənzilin yaşayış sahəsinin 57,2 kvadratmetr olduğu müəyyən edilmişdir. Bununla iddiaçıya cavabdeh tərəfindən birinci aldığı mənzilə (ünvan 1) münasibətdə 16940 manat (16,94X1000=16940) məbləğində maddi ziyan vurulmuşdur. Bundan əlavə ikinci mənzil ilə bağlı qeyd olunur ki, İddiaçı ilə "xxxx" ASC və Cavabdeh MTK arasında üçtərəfli müqaviləsi bağlanmışdır. İkinci bağlanan müqavilənin predmeti ondan ibarətdir ki, Cavabdeh MTK (satıcı) inşa etdiyi ona məxsus olan, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 58, M19, m2 ünvanında yerləşən 3 otaqlı, ümumi sahəsi 125,64 kvadratmetr olan 138.204 manat dəyərində mənzili iddiaçının mülkiyyətinə verməli, qarşılığında isə həmin mənzilin dəyərinin 28.204 manat məbləğində hissəsi iddiaçı tərəfindən tərəfindən, qalan 110.000 manat məbləğində hissəsi isə "xxxx" ASC (Kreditoripoteka saxlayan) ilə aralarında bağlanmış 047-18/İ saylı kredit müqaviləsi üzrə "xxxx" ASC (Kreditor-ipoteka saxlayan) tərəfindən iddiaçıya ayrılmış 300 ay müddətinə illik 7 faiz olmaqla kredit hesabına satıcıya ödənilməli və qarşılığında həmin əmlak ipoteka ilə yüklü edilməli idi. Tərəflər arasında bağlanmış Müqaviləyə əsasənmənzilin pay dəyəri tam ödənilmişdir. İddiaçı tərəfindən müqavilə üzrə öhdəliklər tam yerinə yetirilmiş və kredit məbləği hazırda ödənilməkdədir. Lakin bu yaxınlarda iddiaçı mənzilə çıxarış alan zaman ona məlum olmuşdur ki, cavabdehə tam ödəniş edilməsinə baxmayaraq öhdəliyə uyğun olmayan 107,50 kv.metr sahəli mənzil təhvil verilmişdir. Belə ki, müqavilə şərtlərinə uyğun olaraq iddiaçının yaşadığı, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 58, M19, m2 saylı mənzilin sahəsi 125,64 kvadratmetr deyil, 107,50 kvadratmetrdir. Yəni mövcud olmayan 18,14 kvadratmetr mənzil sahəsi üçün iddiaçıdan 19.954 manat pul vəsaitini artıq alınmışdır. İddiaçının aldığı mənzilin müqavilə üzrə bir metr kvadratı təxminən 1100 manat təşkil edir (138.204,00:125,64=1100). Faktiki təhvil verilən mənzil 107,50 kvadratmetr olduğundan cavabdeh iddiaçıdan 18,14 kvadratmetr sahənin dəyərini artıq almaqla ümumilikdə ona 19.954 (18,14x1100=19.954,00) manat məbləğində maddi ziyan vurmuşdur. Həmçinin həmin pul vəsaitini 25 illik kredit vasitəsilə aldığını hesab etsək ona dəymiş ziyanın daha da artacağı istisna olunmur. Halbuki, həmin müqavilənin 1.2-ci bəndinə əsasən göstərilən mənzil 3 otaqdan ibarət olmaqla, mənzilin ümumi sahəsi 125,64 kvadratmetr olması göstərilmişdir. Göründüyü kimi, bir daha cavabdeh müqavilənin 1.2-ci bəndinin tələblərini kobud şəkildə pozaraq müqavilədə nəzərdə tutulmuş ölçüdən az sahəli mənzili təhvil vermişdir. Yəni cavabdeh ikinci müqavilə üzrədə öhdəliklərinə əməl etməmiş və nəticə də iddaçının hüquqlarımı pozmuş, olmayan ölçüyə görə artıq pul vəsaiti alınmış nəticədə ona küllü miqdarda maddi ziyan vurmuşdur. İddiaçı qeyd olunan məsələni aydınlaşdırmağa çalışmış, lakin cavabdeh üzərinə götürdüyü öhdəliyi icra etməkdən yayınmışdır. Beləliklə, müəyyən olunur ki, cavabdeh iddiaçıya, 1. ünvan 3 ünvanında yerləşən 3 otaqlı mənzilə münasibətdə 16940 manat (16,94X1000=16940) məbləğində maddi ziyan; 2. Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 58, M19, m2 saylı 3 otaqlı mənzilə münasibətdə19954 manat (18,14x1100=19.954,00) maddi ziyan vurmuşdur.
3. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-496/2024 saylı, xx.xx.2024cü il tarixli qətnaməsi ilə (hakim Ülkər Xəlil) iddianın qismən təmin olunması, Cavabdeh MTK-dan 30114 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 180 (bir yüz səksən) manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi iddianın qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun qalan hissədə İddiaçı özünə aid edilməsi, aparılmış ekspertiza tədqiqatı ilə bağlı 50 manat ekspertiza xərcinin Cavabdeh MTK-dan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.
4. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2, 752.1, 762.2, 762.3, 776.1-ci madəlləri, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2, 59.3-cü madəlləri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1, 14.2, 77.1, 119.1, 217.1, 217.4, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
b) Apellyasiya şikayətinin dəlilləri
5. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd olunmasını xahiş etmişdir.
6. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı ilə müqavilə bağlandığı zaman ona ünvan 4 ünvanında yerləşən mənzilin faktiki sahəsinə uyğun təqdim edilmiş, faktiki sahəsi 125,64 kv.m.olan mənzilin tam sahəsinə uyğun alqı-satqı müqaviləsi bağlanmışdır. İddiaçı müqavilə tərəfi olaraq müqavilə öhdəliklərini qəbul etmiş, daha sonra isə mübahisələndirmişdir. Hesab edirlər ki, iddiaçı müqavilə tərəfi olaraq öhdəliklərini qəbul etməsinə baxmayaraq, müqavilə öhdəliklərini mübahisələndirməklə kobud pozuntulara yol vermişdir. Bağlanmış müqaviləyə dair müddəlar məhkəmə qətnaməsi ilə nəzərə alınmadığı üçün Mülki Məcəllənin müqavilə azadlığına dair müddəarı ehtiva edən normada pozuntuya yol verilmişdir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
7. İddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə qarşı etiraz təqdim edərək təmin olunmamasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, tərəflər arasında iki müqavilə olmuş, onlardan biri alqı-satqı, digəri isə podrat müqaviləsi olmuşdur. İddiaçı tərəfindən mənzillərə çıxarış alınarkən müqavilələrlə nəzərdə tutulan ölçülərdən fərqli sahələr olduğu məlum olmuşdur.
e) Proses iştirakçılarının izahatı
8. Apellyasiya baxışında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini qəbul etməyərək təmin edilməməsini xahiş etmişdir.
9. Cavabdehin nümayəndəsi və vəkili məhkəməyə ərizə ünvanlayaraq eyni tarixdə Bakı şəhərində olmaması ilə əlaqədar məhkəmə iclasını təxirə salınmasını xahiş etmişdir.
10. İşin halları, həmçinin prosesin təxirə salınmasını xahiş edən nümayəndə və vəkilin ərizəsində qeyd etdiyi halla bağlı hər hansı sübut təqdim etməməsi, eləcə də şikayətə işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmasının mümkünlüyü nəzərə alınaraq məhkəmə kollegiyası tərəfindən Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəfin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
11. Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
12. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
13. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
14. Maddə 577.1. Alıcıya verilməli əşyaların miqdarı alğı-satqı müqaviləsində müvafiq ölçmə vahidləri ilə və ya pulla ifadə olunur. Əşyaların miqdarı haqqında şərt müqavilədə onun müəyyənləşdirilməsi qaydasının təyin edilməsi yolu ilə razılaşdırıla bilər.
15. Maddə 578.1. Satıcı alğı-satqı müqaviləsini pozaraq alıcıya müqavilədə müəyyənləşdirildiyindən az miqdarda əşya verdikdə, alıcı, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, çatışmayan miqdarda əşya verilməsini tələb edə bilər və ya verilmiş əşyadan və onu ödəməkdən imtina edə bilər, əşya ödənilmiş olduqda isə ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər.
16. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
17. Maddə 759.1. Sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir.
18. Maddə 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun;
19. Maddə 763.1. Əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər;
20. Maddə 765-ci maddəsinə görə, məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur.
21. Maddə 766. Sifarişçi müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra əlavə icranı qəbul etmədikdə və müqavilədən imtina etdiyini bildirmədikdə muzdun miqdarını qüsur məmulatın dəyərini nə qədər azaldırsa, o qədər azalda bilər.
22. Maddə 773. Əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir.
Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsi
23. Maddə 1. Azərbaycan Respublikasının şəhərsalma və tikinti qanunvericiliyi şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsaslarını, prinsiplərini, eləcə də dövlətin, bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin şəhərsalma və tikinti fəaliyyəti sahəsində hüquq və vəzifələrini müəyyən edir.
24. Maddə 59.2. Yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır;
25. Maddə 59.3. Yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
29. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
30. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
Apellyasiya baxışının hədləri
31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
32. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
33. Hazırda cavabdeh tərəfindən qətnamə iddianın təmin olunan hissəsində mübahisələndirildiyindən, qətnamə həmin hissədə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia isə qismən təmin edilməlidir.
35. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə maddi hüquq normaları düzgün tətbiq edilməmişdir ki, bu da qətnamənin ləğvinə səbəb olur.
36. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisəli mənzillərin hər ikisi üzrə bağlanmış müqavilələri podrat müqaviləsi hesab etsə və tərəflər arasında olan münasibətləri bütünlüklə podrat müqaviləsindən irəli gələn normalarla əlaqəli şərh etsə də, nəzərə almamışdır ki, həmin müqavilələrdən biri alqı-satqı müqaviləsi olmuş, tərəflər də bir-biriləri qarşısında məhz həmin müqavilədən irəli gələn öhdəliklər daşımışlar.
37. Belə ki, iş materiallarında olan Cavabdeh MTK ilə İddiaçı arasında xx.xx.2018ci il tarixdə, 0900 nömrəli müqaviləyə əsasən Cavabdeh MTK inşa edəcəyi Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, İ.Zülfüqarov küçəsinin kəsişməsindəki 2942A saylı məhəllədə blok T, mərtəbə 20, mənzil T02 ünvanında yerləşən 3 otaqlı, tam sahəsi 125,64 m2, yaşayış sahəsi 64,23, hər bir kvadratmetrinin qiyməti 1000 manat olmaqla, ümumi dəyəri 125640 manat olan mənzili iddiaçının mülkiyyətinə verməyi, iddiaçı isə 50256 manat ilkin ödəniş həyata keçirməklə ümumi dəyərinin qalan 75384 manat həcmində pulu 36 ay ərzində bu müqaviləyə əlavə edilən aylıq ödəniş qrafiki üzrə bərabər hissələrə bölünməklə ödəməyi öhdəsinə götürür.
38. Həmçinin Cavabdeh MTK ilə İddiaçı arasında xx.xx.2018-ci il tarixdə, 047-18/İ nömrəli mülkiyyət hüququ qabaqcadan alınmış mənzilin alqı-satqı və ipoteka müqaviləyə əsasən Cavabdeh MTK inşa edəcəyi Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 58, M19, m2 ünvanında yerləşən 3 otaqlı, ümumi sahəsi 125,64 m2, yaşayış sahəsi 64,23, ümumi dəyəri 138204 manat olan mənzili iddiaçının mülkiyyətinə verməyi, iddiaçı isə 28204 manat məbləğində olan hissəsini özü tərəfindən, 110000 manat məbləğində olan hissəsi isə İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış 29 iyun 2018-ci il tarixli, 047-18/İ nömrəli kredit müqaviləsinə əsasən "xxxx" ASC tərəfindən İddiaçı verilmiş kredit vəsaiti hesabına ödəməyi öhdəsinə götürür.
39. Birinci instansiya məhkəməsi adıçəkilən müqavilələrin hər ikisini podrat müqaviləsi adlandırsa da, xx.xx.2018-ci il tarixli, 047-18/İ saylı müqavilənin şərtlərini Mülki Məcəllənin 404-cü maddəsinin tələbləri baxımından təfsir etmədən, müqavilə üzrə tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə almadan, başqa sözlə, hazırki öhdəlik hüquq münasibətlərinin konkret olaraq hansı müqavilədən, yəni alqı-satqı və ya podrat müqavilələrindən irəli gəlib-gəlmədiyini araşdırmadan tərəflər arasında podrat münasibətlərinin olduğu və cavabdehin həmin müqavilənin şərtlərini pozaraq iddiaçıya müqavilədə müəyyənləşdirildiyindən daha az sahə verməsi qənaətinə gəlmişdir.
40. Halbuki həmin müqavilənin adından və predmetini təşkil edən şərtlərdən görünür ki, müqavilənin tənzimlədiyi münasibətlər podrat münasibətlərindən daha çox alqı-satqı münasibətlərinə uyğun gəlir. Belə ki, yuxarıda da qeyd edildiyi kimi həmin müqavilənin şərtlərinə əsasən cavabdeh satdığı mənzili tikinti işləri başa çatdıqdan sonra iddiaçıya təhvil verməyi, sonuncu isə mənzili qəbul edib razılaşdırılmış dəyərini cavabdehə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarındakı xx.xx.2018-ci il tarixli qəbzə əsasən 28204 manat ipoteka üzrə ilkin ödəniş İddiaçı tərəfindən ödənilmiş, xx.xx.2018-ci il tarixli, 047-18/İ nömrəli kredit müqaviləsinə əsasən "xxxx" ASC bu müqavilənin şərtlərinə uyğun olaraq İddiaçı məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətə, faizlər ödənilmək və təminatlılıq əsasında 110000 manat məbləğində illik 7% dərəcəsi ilə 300 ay müddətinə ipoteka krediti verilmiş və həmin məbləğ də mənzilin alınmasına yönəldilmişdir.
41. Qeyd edilməlidir ki, Mülki Məcəllənin 567-ci maddəsində alqı-satqı müqaviləsinin, 752.1-ci maddəsində isə podrat müqaviləsinin anlayışları verilmişdir. Alqısatqı müqaviləsinə görə, satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; Podrat müqaviləsində isə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Göründüyü kimi, alqı-satqı müqaviləsi üzrə öhdəlik satıcının alıcıya müqavilədə nəzərdə tutulan əşyanı məhz qeyd edilən ölçülərdə və miqdarda verilməsinən ibarətdir və bu keyfiyyətinə görə alqısatqı müqaviləsi digər müqavilələrdən, o cümlədən podrat müqaviləsindən fərqlənir.
42. Beləliklə, qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 0900 nömrəli müqavilə üzrə podrat münasibətləri, xx.xx.2018-ci il tarixli, 047-18/İ nömrəli müqavilə üzrə isə alqı-satqı münasibətlərindən irəli gələn normalar tətbiq edilməli və işə həmin normaların tələbləri əsasında baxılmalıdır.
43. İddianın əsaslılığına münasibətdə isə kollegiya aşağıdakıları qeyd edir.
44. Belə ki, yuxarıda adı çəkilən müqavilələrin hər ikisində iddiaçıya verilməli olan mənzillərin hər birinin ümumi sahəsinin 125,64 m2 təşkil etməli olması şərtləndirilmişdir. Hazırkı işdə iddiaçının iddiasının əsası ondan ibarətdir ki, cavabdeh tərəfindən ona müqavilə üzrə müəyyən edilmiş ölçüdən kiçik ölçüdə mənzillər təhvil verilmişdir.
45. Birinci instansiya məhkəməsi bu halı müəyyən etmək üçün ekspertiza təyin etmiş Azərbaycan Respublikası Ədliyyə X4 mərkəzi tərəfindən təqdim olunmuş xx.xx.2024-cü il tarixli, 10/972 nömrəli ekspert rəyinə əsasən müəyyən olunur ki, iddiaçının mülkiyyətində olan sözügedən mənzillərin ayrı-ayrılıqda hər birinin ümumi sahəsinin müvafiq azaldılma əmsalları tətbiq olunmadan, həmçinin bayır və ara divarlarının altı, şaxtalar nəzərə alınmadan 111,3 m2 təşkil edir.
46. Kollegiya qeyd edir ki, ekspertin rəyi sübut növlərindən biri kimi məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli hüquq normalarına uyğun şəkildə qiymətləndirilməlidir.
47. Bu zaman xüsusilə nəzərə alınmalıdır ki, təyinatı şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsaslarını, prinsiplərini, eləcə də dövlətin, bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin şəhərsalma və tikinti fəaliyyəti sahəsində hüquq və vəzifələrini müəyyən etmək olan Şəhərsalma və Tikinti Məcəlləsinin, buna müvafiq olaraq, tikinti obyektinin sahəsinin və həcminin hesablanmasına dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydaların hansı meyarlara görə mülki hüquq sahəsindəki müqavilə münasibətləri üzrə öhdəliklərə şamil edilməli olduğu əsaslandırılmalı, belə əsaslandırma tərəflərin bağladıqları müqavilə şərtləri nəzərə alınmaqla həyata keçirilməlidir.
48. Bu xüsusatla bağlı həmçinin nəzərə alınmalıdır ki, hesablamaların divarların çöl tərəfindən aparılması, habelə divarların altındakı sahələrin nəzərə alınması müvafiq olaraq sifarişçinin/alıcının mənafeyinə zidd olduğu kimi, mövcud olan balkon, teras və bu kimi digər sahələrin əmsallarla real ölçülərindən az həcmdə hesablanması da podratçının/satıcının mənafeyinə uyğun deyil.
49. Beləliklə, kollegiya iddiaçı ilə Cavabdeh MTK arasında bağlanmış müqavilələrin şərtlərini ekspert rəyləri ilə müəyyən olunan halla birlikdə qiymətləndirməklə belə nəticəyə gəlir ki, cavabdeh MTK iddiaçı qarşısındakı müqavilə öhdəliklərini tam olaraq icra etmiş sayıla bilməz.
50. Mülki Məcəllənin 577.1-ci maddəsinə əsasən alıcıya verilməli əşyaların miqdarı alğı-satqı müqaviləsində müvafiq ölçmə vahidləri ilə və ya pulla ifadə olunur. Əşyaların miqdarı haqqında şərt müqavilədə onun müəyyənləşdirilməsi qaydasının təyin edilməsi yolu ilə razılaşdırıla bilər.
51. Həmin Məcəllənin 578.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsini pozaraq alıcıya müqavilədə müəyyənləşdirildiyindən az miqdarda əşya verdikdə, alıcı, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, çatışmayan miqdarda əşya verilməsini tələb edə bilər və ya verilmiş əşyadan və onu ödəməkdən imtina edə bilər, əşya ödənilmiş olduqda isə ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər.
52. O cümlədən Mülki məcəllənin 766-cı maddəsinə əsasən sifarişçi müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra əlavə icranı qəbul etmədikdə və müqavilədən imtina etdiyini bildirmədikdə muzdun miqdarını qüsur məmulatın dəyərini nə qədər azaldırsa, o qədər azalda bilər.
53. Bu konteksdən çıxış edən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh MTK tərəflər arasında bağlanmış müqavilələr üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etmədiyindən mənzillərin müqavilə üzrə nəzərədə tutulmuş ölçüyə uyğun təhvil verilməyən hissəsinin dəyəri cavabdehdən tutulub iddiaçıya ödənilməlidir.
54. Ekspert rəyindən də göründüyü kimi cavabdeh MTK tərəfindən iddiaçıya təhvil verilən mənzillərin hər ikisinin faktiki ümumi sahəsi ilə müqavilədə nəzərdə tutulan sahə arasında 14,34 m2 fərq mövcuddur (125,64 – 111,3 = 14,34). Bu da onu deməyə əsas verir ki, dəymiş zərərin hesablanması zamanı 14,34 kv.metrlik fərq nəzərə alınmaqla iddiaçıya dəymiş zərərin məbləğinin həmin ölçü üzərindən hesablanması barədə birinci instansiya məhkəməsinin mövqeyi haqlı olmuşdur.
55. Belə ki, xx.xx.2018-ci il tarixli müqavilədə mübahisə predmeti olan mənzilin satış qiyməti 138204 manat, mənzilin ümumi sahəsinin isə 125,64 m2 olması göstərilmişdir və belə olan halda həmin mənzilin 1 kv.m-nin dəyəri 1100 manat təşkil edir (138204/125,64=1100). Həmçinin xx.xx.2018-ci il tarixli müqavilənin özündə mənzilin hər kvadrat metrinin 1000 manat olması qeyd olunmuşdur.
56. Kollegiya hesab edir ki, həmin məbləğlərin iddiaçı tərəfindən ödənilməsi işin mübahisəsiz halını təşkil etdiyindən (bunu təkzib edən hər hansı sübut da iş materiallarında aşkarlanmamışdır), xx.xx.2018-ci il tarixli müqavilə üzrə 14,34 kv.metr sahə üzrə hər kv.metr üçün 1100 manat hesablamaqla (14,34 x 1100) cəmi 15774 manat, xx.xx.2018-ci il tarixli müqavilə üzrə isə 14,34 kv.metr sahə üzrə hər kv.metr üçün 1000 manat hesablamaqla (14,34 x 1000) cəmi 14340 manat, ümumilikdə 30114 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə cavabdeh MTK-dan tutulmalıdır.
57. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən kollegiya hesab edir ki, şikayət qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia qismən təmin edilməlidir.
58. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
59. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
60. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.
61. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
62. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
63. Kollegiya hesab edir ki, apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş tərəfin özünə aid edilməlidir.
64. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-496/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddia qismən təmin edilsin. Cavabdeh MTK-dan 30114 (otuz min yüz on dörd) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 180 (bir yüz səksən) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş şəxsin özünə aid olunsun. Aparılmış ekspertiza tədqiqatı ilə bağlı 50 (əlli) manat ekspertiza xərci Cavabdeh MTK-dan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X2 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ22) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdıyev