Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9766/2021 27.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlərdən Azad Nizam oğlu İmanovun sədrliyi, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı və onun vəkili Qədirov Qədir Nizam oğlunun, Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil1, Tərcüməçilər Qasımov Fərid Əflatun oğlunun və Allahverdiyev Fuad Zahid oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1526/2021 saylı 08 iyul 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “renta müqaviləsin ləğv edilməsi, maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzil onun mülkiyyətindədir. Uzun illərdir ki, yüksək təzyiq və ürək çatışmamazlığı xəstəliyindən əziyyət çəkir. Son 3-4 ildə isə sərbəst hərəkət edə bilmir. Bu səbəbdən xəstəliyi ilə bağlı müalicə ala, gündəlik ərzaqlarını almaq üçün hətta mağazaya gedə bilmir. Cavabdeh vəd etmişdir ki, ona həm maddi, həm də mənəvi köməklik edəcək, onu müalicə almaq üçün tez-tez həkim müayinəsinə aparacaq, zəruri olan gündəlik ərzaqları alacaqdır. Cavabdeh bildirmişdir ki, onun üçün etdiklərinin müqabilində onunla notariat ofisinə gedib vəsiyyətnamə verməlidir. Notariat ofisinə getdikdən sonra ona aydın olmuşdur ki, cavabdeh onunla renta müqaviləsi bağlamışdır. Cavabdehə inanaraq pensiya kartını da ona vermişdir. Müqavilə bağladıqdan sonra ilk ayda cavabdeh onunla maraqlansa da, sonrakı aylarda cavabdeh ayda 1 dəfə, bəzən isə ayda 2 dəfə yaşadığı mənzilə gəlmişdir. O, hətta lazım olan gündəlik ərzaqları da alıb verməmişdir. Cavabdehə xəstəliyi ilə əlaqədar onu həkim müayinəsinə aparmağını xahiş etsə də, cavabdeh qəti şəkildə bundan imtina etmişdir. Çox vaxt onun pensiyasının bir qismini mənimsəmişdir. Cavabdehlə aralarında 2 ildən artıq müddətdir ki, müqavilə bağlanmasına baxmayaraq cavabdeh bir dəfə də olsun mənzilin təmizlənməsinə təşəbbüs göstərməmişdir, o, əziyyətlə olsa da mənzili özü təmizləyir. Cavabdehlə aralarında bağlanmış müqavilənin şərtlərini kobud şəkildə pozmuşdur, 08 oktyabr 2018-ci il tarixli renta müqaviləsinin 4-cü bəndinə əsasən renta ödəyicisi renta alan sağ olduğu müddətdə (ömürlük) ona maddi, mənəvi dəstək olmağa, yaşayış tələbatını ödəməyi, ərzaq, məişət əşyaları, geyimlə müəyyən istirahətlə təmin etməyi, tibbi müayinədən keçirməyi, yaşayış mənzilinin təmizliyinə baxmağı, mənzilin kommunal xərcələrini ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 12-ci bəndinə əsasən “renta ödəyicisi renta müqaviləsini əhəmiyyətli dərəcədə pozduqda renta alan renta ödəyicisindən rentanı satın almağı və ya müqaviləni ləğv etməyi və zərərin əvəzini ödəməyi tələb edə bilər”. Həmin müqavilənin 15-ci bəndinə əsasən “bu müqaviləyə dəyişikliklər və əlavələr olunması, eləcə də ləğv edilməsi tərəflərin yazılı razılığı əsasında, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həyata keçirilir”. Hesab edir ki, cavabdeh müqavilə şərtlərinin heç birinə riayət etmir. Əlavə olaraq bildirmək istəyir ki, cavabdeh onun yüksək təzyiqdən əziyyət çəkdiyini bildiyi üçün son zamanlar gecə saatlarında öyrətdiyi insanlar qəsdən onun mənzilinin qapısını döyürlər. Bu səbəbdən o, gecələr normal yata bilmir və bu onun səhhətinə pis təsir edir. Bu məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə də müraciət etmişdir. Bunları nəzərə alaraq, onunla Cavabdeh arasında bağlanmış 08 oktyabr 2018-ci il tarixli renta müqaviləsinin ləğv edilməsi, ona vurduğu maddi ziyana görə 5000 manat, mənəvi ziyana görə 10.000 manat pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1526/2021 saylı 08 iyul 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassız olduğundan ləğv edilməli və iddia təmin edilməlidir. İlk növbədə, ünvan 1 ünvanında yerləşən mənzil onun mülkiyyətindədir. Uzun illərdir ki, yüksək təzyiq və ürək çatışmazlığı xəstəliyindən əziyyət çəkir. Son 3-4 ildə isə sərbəst hərəkət edə bilmir. Bu səbəbdən xəstəliyi ilə bağlı müalicə ala bilmir, gündəlik ərzaqlarını almaq üçün hətta mağazaya gedə bilmir. Cavabdeh ona vəd etmişdir ki, o həm maddi, həm də mənəvi köməklik edəcək, məni müalicə almaq üçün tez-tez həkim müayinəsinə aparacaq, ona zəruri olan gündəlik ərzaqları alacaqdır. Cavabdeh bildirmişdir ki, onun üçün etdiklərinin müqabilində ondan onunla notariat ofisinə gedib ona vəsiyyətnamə verməlidir. Notariat ofisinə getdikdən sonra ona aydın olmuşdur ki, cavabdeh onunla Renta müqaviləsi bağlamışdır. O, cavabdehə inanaraq pensiya kartını da cavabdehə vermişdir. Müqavilə bağladıqdan sonra ilk ayda cavabdeh onunla maraqlansa da, sonrakı aylarda cavabdeh ayda 1 dəfə, bəzən isə ayda 2 dəfə yaşadığı mənzilə gəlirdi. O, hətta ona lazım olan gündəlik ərzaqları da alıb ona vermirdi. O cavabdehə onu xəstəliyi ilə əlaqədar həkim müayinəsinə aparmağını xahiş etss də, o, qəti şəkildə bundan imtina etmişdirdi. Çox vaxtlarda pensiyasının bir qismini mənimsəyirdi. Cavabdehlə aralarında2 ildən artıq müddətdir ki, müqavilə bağlanmasına baxmayaraq cavabdeh bir dəfə də olsun mənzilin təmizlənməsinə təşəbbüs göstərməmişdir. Əziyyətlə də olsa mənzili özü təmizləmişdir. Cavabdeh aralarında bağlanmış müqavilənin şərtlərini kobud şəkildə pozmuşdur. Cavabdehlə aralarında bağlanmış 08.10.2018-ci il tarixli Renta Müqaviləsinin 4-cü bəndinə əsasən “renta ödəyicisi renta alan sağ olduğu müddətdə (ömürlük) ona maddi, mənəvi dəstək olmağa, onun yaşayış tələbatını ödəməyi, ərzaq, məişət əşyaları, geyimlə müəyyən istirahətlə təmin etməyi, tibbi müayinədən keçirtməyi, yaşayış mənzilinin təmizliyinə baxmağı, mənzilin kommunal xərcələrini ödəməyi öhdəsinə götürür'’. Həmin müqavilənin 12-ci bəndinə əsasən “renta ödəyicisi renta müqaviləsini əhəmiyyətli dərəcədə pozduqda renta alan renta ödəyicisindən rentanı satın almağı və ya müqaviləni ləğv etməyi və zərərin əvəzini ödəməyi tələb edə bilər”. Həmin müqavilənin 15-ci bəndinə əsasən “bu müqaviləyə dəyişikliklər və əlavələr olunması, eləcə də ləğv edilməsi tərəflərin yazılı razılığı əsasında, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həyata keçirilir”. Birinci instansiya məhkəməsi qətnamədə işin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş və iş üzrə düzgün araşdırma aparmamışdır. Hazırki mübahisə onunla cavabdeh arasında bağlanmış 08 oktyabr 2018-ci il tarixli “Renta Müqaviləsi”nin tələblərinə cavabdeh tərəfindən riayət edilməməsi ilə bağlıdır. Müqaviləyə əsasən cavabdeh üzərinə götürdüyü öhdəliklərdən yalnız birini yerinə yetirmiş, yəni ona hər ay 200 manat məbləğində pul vermişdir. Müqavilə şərtlərin əsasən cavabdeh mənəvi dəstək olmağa, onun yaşayış tələbatını ödəməyi, ərzaq, məişət əşyaları, geyimlə müəyyən istirahətlə təmin etməyi, tibbi müayinədən keçirtməyi, yaşayış mənzilinin təmizliyinə baxmağı, mənzilin kommunal xərcələrini ödəməyi öhdəsinə götürmüşdü. Cavabdeh isə ayda bir dəfə onun yaşadığı mənzilə gələrək ona 200 manat pul vermiş və bununla da cavabdeh öz işini bitmiş hesab etmişdir. Müqavilə bağlandıqdan sonra cavabdeh bir dəfə də olsun onu həkim müayinəsinə aparmamış, yaşadığı mənzilin təmizlənməsi üçün heç bir iş görməmiş, onun təmiz hava almağı üçün yaşadığı binanın qarşısına belə düşürməmişdir. Cavabdehin niyyəti hər ay ona 200 manat ödəməklə və onu illərlə yaşadığı mənzildə baxımsız vəziyyətdə saxlamaqla onun ölümlünü tezləşdirərək onun mənzilini ələ keçirmək olmuşdur. Əlavə olaraq bildirir ki, cavabdeh bu üsulla Bakı şəhərində bir neçə mənzil ələ keçirmişdir. Bildirir ki, 2021-ci il yanvar ayından etibarən cavabdeh onun yaşadığı mənzilə gəlməmiş və ümumiyyətlə müqavilənin heç bir şərtinə riayət etməmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı və onun vəkili Qədirov Qədir Nizam oğlu apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. İddiaçı əlavə olaraq bildirdi ki, cavabdehə qarşı iddia tələbi irəli sürməsinin əsas səbəbi onun gecə saatlarında evinin qapısının 5-6 gün döyməsi olub. Məhkəmə kollegiyasının iclasında Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1526/2021 saylı 08 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir. Belə ki, iş materiallarında olan İddiaçı (renta alan) ilə Cavabdeh (renta ödəyicisi) arasında bağlanmış və Bakı şəhəri 52 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiqlənməklə, reyestrdə 4-Ə-911 nömrə ilə qeyd edilmiş “Renta müqaviləsi”nin surətindən görünür ki, “ “Renta alan” ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 43.6 kv/m olan mənzili “renta ödəyicisinin” mülkiyyətinə verir. Renta üçün özgəninkiləşdirilən əmlakı “Renta alan” “Renta ödəyicisi”nin mülkiyyətinə pulsuz verir. “Renta ödəyicisi”, “renta alan” sağ olduğu müddətdə (ömürlük) ona maddi, mənəvi dəstək olmağı, onun yaşayış tələbatını ödəməyi, ərzaq, məişət əşyaları, geyimlə, müəyyən istirahətlə təmin etməyi, tibbi müayinədən keçirməyi, yaşayış mənzilinin təmizliyinə baxmağı, mənzilin kommunal xərclərini ödəməyi öhdəsinə götürür. Rentanın satınalma qiyməti 65.000 manat müəyyən edilir.”; İş materiallarında olan Bakı şəhəri Nəsimi RPİ-nin 19-cu polis şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Nizami Hüseynov tərəfindən verilmiş arayışın surətindən görünür ki, İddiaçı 10 avqust 2020-ci il tarixdə “102” xidmətinə müraciət etmiş və onun müraciəti araşdırılaraq ona cavab məktubu verilmişdir; İş materiallarında olan Bakı şəhəri Nəsimi RPİ-nin 19-cu polis şöbəsinin təhqiqatçısı Elxan Qasımov tərəfindən qəbul edilmiş 21 mart 2021-ci il tarixli qərarın surətindən görünür ki, İddiaçı 11 mart 2020-ci il tarixli müraciəti əsasında toplanmış materiallar üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır; İş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 12 iyun 2020-ci il tarixli 2(007)-640/2020 saylı qərardadının surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı “renta müqaviləsinin ləğvi” tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına, iddiaçının iddia tələbindən imtina etməsi barədə xahişi nəzərə alınaraq xitam verilmişdir; İş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hazırki 2(007)- 1526/2021 saylı iş üzrə 02 mart 2021-ci il tarixli qərardadından görünür ki, İddiaçı Cavabdeh qarşı “renta müqaviləsinin ləğvi, vurulmuş maddi və mənəvi zərərə görə pul” tələbinə dair mülki iş üzrə icraata məhkəmənin 12 iyun 2020-ci il tarixli qərardadı ilə eyni tərəflər arasında eyni predmet barəsində eyni əsaslarla işə baxıldığından “renta müqaviləsinin ləğv edilməsi” hissəsində xitam verilmişdir; İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 may 2021-ci il tarixli, 2(103)-5001/2021 saylı qərardadından görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli 2(007)-1526/2021 saylı qərardadından iddiaçının verdiyi şikayət qismən təmin edilmiş, qərardad əvvəllər iddiaçının ömürlük renta müqaviləsinin ləğv edilməsi barədə iddiasından imtina etməsinin, həmin müddətdən sonra da yenidən müqavilənin ləğv edilməsi barədə iddia qaldırmasını istisna etmədiyi əsası ilə ləğv edilərək mülki iş, baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; 399.1-ci maddəsinə görə müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur; 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır; 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür; 421.2-ci maddəsinə əsasən tərəflərin birinin tələbi ilə müqavilə yalnız digər tərəfin müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə mərhum olur; 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 864.1-ci maddəsinə əsasən renta müqaviləsinə görə bir tərəf (renta alan) əmlakı digər tərəfin (renta ödəyicisinin) mülkiyyətinə verir, renta ödəyicisi isə alınmış əmlakın müqabilində renta alana vaxtaşırı müəyyən pul məbləği şəklində renta ödəməyi öhdəsinə götürür; 864.2-ci maddəsinə görə renta müqaviləsinə görə rentanı müddətsiz ödəmək (daimi renta) və ya renta alanın ömrü boyu ödəmək (ömürlük renta) vəzifəsinin müəyyənləşdirilməsinə yol verilir; 879.1-ci maddəsinə əsasən renta ödəyicisi ömürlük renta müqaviləsini əhəmiyyətli dərəcədə pozduqda renta alan renta ödəyicisindən rentanı satın almağı və ya müqaviləni ləğv etməyi və zərərin əvəzini ödəməyi tələb edə bilər; 879.2-ci maddəsinə əsasən əgər ömürlük renta ödənilməsi üçün mənzil, yaşayış evi və ya başqa əmlak pulsuz özgəninkiləşdirilmişdirsə, renta ödəyicisi müqaviləni əhəmiyyətli dərəcədə pozduqda renta alan həmin əmlakın qaytarılmasını və onun dəyərinin rentanın satınalma qiyməti ilə əvəzləşdirilməsini tələb edə bilər. Mülki qanunvericiliyə əsasən müqavilə tərəflərin arasında hüquq və vəzifələrin yaranması, dəyişdirilməsi və xitam edilməsi üçün qanuni əsas olmaqla, mülki dövriyyə iştirakçıları arasında münasibətlərin tənzimlənməsində və mübahisələrin həlli zamanı müəyyənliyinin təmin olunmasında xüsusi qüvvəyə malikdir. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). İşin faktiki hallarından müəyyən olunur ki, burada, sübutetmə yükü üzərinə düşməsinə baxmayaraq, iddiaçı cavabdehin müqavilə öhdəliklərinə əməl etməməklə müqavilənin şərtlərini pozduğunu, buna görə də sözügedən müqavilənin 4, 12 və 15-ci bəndlərini əsas gətirməklə, müqavilənin ləğv edilməsini xahiş etmişdir. Lakin, məhkəmə araşdırması zamanı iddiaçının ərizəsində göstərdiyi hallar sübuta yetirilməmiş, cavabdehin renta ödəyicisi kimi ömürlük renta müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozması hallarına yol verməsi hazırki araşdırma zamanı öz təsdiqini tapmamışdır, iddiaçı isə bunun əksini təsdiq edən dəlillərini məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, tərəflər arasında bağlanmış 08 oktyabr 2018-ci il tarixli renta müqaviləsinin: 4-cü bəndinə əsasən, renta ödəyicisi renta alan sağ olduğu müddətdə (ömürlük) ona maddi, mənəvi dəstək olmağa, yaşayış tələbatını ödəməyi, ərzaq, məişət əşyaları, geyimlə müəyyən istirahətlə təmin etməyi, tibbi müayinədən keçirməyi, yaşayış mənzilinin təmizliyinə baxmağı, mənzilin kommunal xərclərini ödəməyi öhdəsinə götürür; 12-ci bəndinə əsasən, renta ödəyicisi renta müqaviləsini əhəmiyyətli dərəcədə pozduqda renta alan renta ödəyicisindən rentanı satın almağı və ya müqaviləni ləğv etməyi və zərərin əvəzini ödəməyi tələb edə bilər; 15-ci bəndinə əsasən, bu müqaviləyə dəyişikliklər və əlavələr olunması, eləcə də ləğv edilməsi tərəflərin yazılı razılığı əsasında, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həyata keçirilir. Məhkəmə araşdırması zamanı Cavabdeh iddiaçının ərizəsində və apellyasiya şikayətində göstərdiklərinin həqiqətə uyğun olmadığını, qeyd olunan müqavilənin 4-cü bəndində nəzərdə tutulmuş öhdəliklərinə tam şəkildə əməl etdiyini, yəni iddiaçıya hər ay onun kartından çıxardığı təqaüd pulundan əlavə 200 manat maddi yardım etdiyini, səhhətində problem yarandığı hallarda dəfələrlə iddiaçıya həkimə getmələrini təklif etdiyini, lakin sonuncunun bundan imtina etdiyini, özünün mənzilin təmizlik işlərini görülməsini təmin etdiyini, o cümlədən mütəmadi olaraq iddiaçıya ərzaq aldığını və kommunal xərclərini ödədiyini bildirmiş, bunu təsdiq edən sübut qismində ödəniş qəbzlərini təqdim etmişdir. Belə ki, cavabdeh tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsində yerləşən “Neptun” marketə məxsus çeklərə, ödəniş terminallarının qəbzlərinə, o cümlədən "xxxx" MMC-yə məxsus qəbzlərə nəzər yetirdikdə, iddiaçının müqavilənin bağlandığı tarixdən hazıradək mütəmadi olaraq ərzaq və digər məhsulları alması, o cümlədən qeyd olunan mənzilin kommunal xərclərini ödəməsi və müxtəlif dərman preparatlarını alması sübuta yetirilir, hansı ki, məhkəmə iclasında verilmiş suallara cavab olaraq iddiaçının özü də qeyd olunan çek və ödəniş qəbzlərinə münasibətdə cavabdehin mütəmadi ona bazarlıq etməsini, kommunal və digər daima xərcləri ödəməsini etiraf etmiş, cavabdehin müqavilənin şərtlərini hansı formada pozduğuna dair isə mötəbət sübut təqdim edə bilməmiş, iddianın əsasının nədən ibarət olmasını əsaslandıra bilməmişdir Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki qanunvericiliyə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya zərər vurulmasına səbəb olan təqsirli, hüquqazidd əməldir. Bunun nəticəsində yaranmış öhdəlikdə delikt törətmiş zərərvuran və zərərçəkmiş şəxs iştirak edir. Mülki hüquq pozuntusunun yaranmasında nəzərdə tutulan hüquqazidd əməl dedikdə mülki qanunvericiliyin normalarını pozan hərəkət və ya hərəkətsizlik anlaşılır. Eləcə də delikt törətmiş şəxsin əməli təqsirli olmalıdır. Təqsirli əməl isə şəxsin qəsdi və ya ehtiyatsızlığı nəticəsində yaranır. Mülki prosessual qanunvericiliyə görə, mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Göründüyü kimi, qətnamə çıxarıldıqda hakim mülki iş üzrə toplanmış, həmin iş üzrə əhəmiyyət kəsb edən, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq və ya inkar edən, işin düzgün həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. İş üçün əhəmiyyəti olan hallar dedikdə isə hər bir tərəfin öz tələblərinin və ya etirazlarının əsası kimi istinad etdiyi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq və ya rədd olunan hallar başa düşülür. Qanunvericilik mülki işə baxılmasını və çıxarılan qətnaməni tələblə, həmin tələbi müəyyən edən hallarla və bu halları təsdiq edən sübutlarla məhdudlaşdırır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, renta müqaviləsinin ləğv edilməsinin mühüm şərti renta ödəyicisinin ömürlük renta müqaviləsini əhəmiyyətli dərəcədə pozduğu anla əlaqələndirilir. Hansı ki, iddiaçı bu əhəmiyyətli dərəcədə pozuntunu təsdiq edəcək sübutunu, eləcə də cavabdehdən 5000 manat məbləğində maddi ziyan tutulmasını tələb etsə də, bu maddi ziyanın yaranmasının əsasları, hesablanma qaydaları, xüsusən maddi ziyanın yetirilməsində cavabdehin təqsirliliyi ilə bağlı müvafiq sübutlar təqdim edilməmiş, iddia tələbini və apellyasiya şikayətini əsaslandırmamışdır. Əksinə, məhkəmə iclaslarında müəyyən edilmişdir ki, renta müqaviləsinin tərəfi olan cavabdeh renta müqaviləsinin şərtlərinə, bundan irəli gələn öhdəliklərinə, onların yerinə yetirilməsinə əməl etmişdir. Belə olan halda məhkəmə haqlı olaraq hesab etmişdir ki, iddia həmin hissədə təmin edilməməlidir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli Qərarının 2-ci bəndinin 3-cü abzasında göstərilir ki, mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü biruzə verə bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, iddiaçı digər iddia tələbləri ilə yanaşı ona mənəvi ziyan vurulması ilə bağlı da iddia qaldırmış, mənəvi ziyanın həcmini 10.000 manat həddində müəyyən etmişdir. Nəzərə alınmalıdır ki, iddiaçının qənaətinə görə mənəvi ziyan məhz renta müqaviləsinin şərtləri pozulmaqla maddi ziyanın yetirilməsi ilə bağlı olmuşdur və bundan irəli gəlmişdir, törəmə tələb hesab olunur. Hansı ki, həmin maddi ziyanla bağlı iddia tələbinin əsassız olması və təmin edilməli olmaması məhkəmə iclasında müəyyən edilmişdir. İddiaçı digər tələbində olduğu kimi özünə mənəvi ziyan vurulmasına dair də məhkəməyə heç bir əsaslı və mötəbər sübut təqdim edə bilməmişdir. Belə olan halda, məhkəmə haqlı olaraq hesab etmişdir ki, mənəvi ziyanla bağlı iddia tələbi də təmin edilməməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur; 76.2-ci maddəsinə görə bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir; 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır; 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə cavabdehin vəsatəti əsasında dindirilmiş şahid qismində dindirilmiş Vəliyeva Mehparə Hacıağa qızının ifadəsini, cavabdehin irəli sürdüyü dəlilləri təsdiq edən sübut qismində qəbul edərək, haqlı olaraq qeyd etmişdir ki, iddiaçı daha əvvəl də müvafiq şəxslərlə renta müqaviləsi bağlamış və ya belə növdə müqavilənin şərtlərinə uyğun olaraq müxtəlif şəxslərlə razılığa gəlmiş, lakin sonradan məhz iddiaçının özünün təşəbbüsü ilə onlar arasındakı müqavilə, razılıq şərtləri pozulmuş, onun sağ olduğu müddətdə (ömürlük) ona maddi, mənəvi dəstək olmağı, yaşayış tələbatını ödəməyi, ərzaq, məişət əşyaları, geyimlə müəyyən istirahətlə təmin etməyi, tibbi müayinədən keçirməyi, yaşayış mənzilinin təmizliyinə baxmağı, mənzilin kommunal xərcələrini ödəməyi öhdəsinə götürən şəxslərlə münasibətlərinə son qoymuşdur. Bunun özü də onun göstərir və təsdiq edir ki, mübahisələndirilən renta müqaviləsinin mənasını, məqsədlərini özündə ehtiva edən şərtləri cavabdehin təqsirli hərəkətləri nəticəsində pozulmamış, məhz iddiaçının özünün qərarsızlığı, müqavilə tərəfi olan cavabdehə şübhə ilə yanaşması onun hazırki iddia ilə məhkəməyə müraciət etməsinə səbəb olmuşdur. Hansı ki, məhkəmə iclasında təkzibolunmaz sübutlarla müəyyən və təsdiq edilmişdir ki, iddia tələbinin hər hansı hüquqi əsası yoxdur, ümumilikdə əsassız olan iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(004)-2474/2021 saylı 08 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1526/2021 saylı 08 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-9766/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9766/2021
27.10.2021 · Müqavilələrin ləğv edilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mənəvi zərərin ödənilmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver