Məhkəmə qərarları › İş №2(103)-978/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-978/2023

17.01.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-978/2023 17.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iş üzrə (Açar sözlər: borcun silinməsi) Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2670/2022 saylı, 28 sentyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. İddiaçı göndərilmiş bildiriş-xəbərdarlığa əsasən onun abonent hesabına 6125,76 manat borc hesablanmışdır.

2. İddiaçı xx.xx.2021-ci il tarixli dəymiş ziyana dair tələbnaməyə əsasən xx.xx.2021-ci il tarixli ******* nömrəli akt əsasında qaz işlədicilərindən PQ4- ün maksimal saatlıq qaz sərfi 1,2 m3 /saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün, Dəmir sobanın maksmmal saatlıq qaz sərfi 1.4 m3 /saat orta günlük iş rejimi 24 saat və hesabat muddəti 30 gün, QSSQ nin maksimal saatlıq qaz sərfi 2 m3 /saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 20 gun, İran sobasının maksimal saatlıq qaz sərfi 1,5 m3 /saat orta günlük iş relimi 24 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və ümumi 5400 m3 qaz itkisi hesablanmışdır.

3. İddiaçı barəsində xx.xx.2021-ci il tarixli ******* nömrəli sayğacsız təbii qazdan qeyri-qanuni istifadəyə görə akt tərtib edilmişdir.

4. xx.xx.2021-ci il tarixli ******* nömrəli akt əsasında aparılmış və hesabata əsasən PQ4-ün maksimal saatlıq qaz sərfi 1,2 m3 /saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün, Dəmir sobanın maksmmal saatlıq qaz sərfi 1.4 m3 /saat orta günlük iş rejimi 24 saat və hesabat muddəti 30 gün, QSSQ nin maksimal saatlıq qaz sərfi 2 m3 /saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 20 gun, İran sobasının maksimal saatlıq qaz sərfi 1,5 m3 /saat orta günlük iş relimi 24 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və ümumi 5400 m3 qaz itkisi hesablanmışdır.

Birinci instansiya məhkəməsində icraat:

5. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ona əsassız hesablanmış 6128,76 manatın silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Tələbdə göstərilir ki, cavabdehlə aralarında bağlanmış xx.xx.2022-ci il tarixli “Qazın alqı-satqısı barədə” müqaviləyə əsasən enerji ilə təmin edilir. Qaz istifadəsini ölçmə üçün G4 markalı smart kart tipli **********00198 sayğac çıxarılmışdır. Hazırda smart karta edilən ödənişdən tutmalar aparılır, iş materiallarında olan sənədlərdən o cümlədən şəxsi hesab vərəqəsindən görünür ki, cavabdeh onun evinə quraşdırılmış G4 markalı smart kart tipli 100A**********98 nömrəli sayğacdan hər ay dövrü olaraq göstəricilər götürmüş və istehlak edilmiş qaz haqqının ödənilməsi üçün qəbzləri iddiaçıya təqdim etmişdir.

7. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2670/2022 saylı, 28 sentyabr 2022-ci il tarixli qətnaməsi (hakim Zaur Tağıyev) ilə iddia tələbinin qismən təmin edilərək Cavabdeh tərəfindən İddiaçı **********00198 saylı abonent koduna hesablanmış 5907,96 manat məbləğində borcun silinməsi; iddianın qalan hissədə təmin edilməməsi; Cavabdehndən 30 (otuz) manat dövlət rüsumunun alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir.

8. Birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətini bununla əsaslandırmışdır ki, məhkəməyə abonentin qeyri-qanuni təbii qazdan istifadə etməsi ilə əlaqədar abonentə aktlar tərtib edilsə də, məhkəməyə yalnız iki akt təqdim edilmişdir. Belə ki, təqdim edilmiş tələbnamələrdən görünür ki, abonentə xx.xx.2021-ci il tarixli ******* nömrəli akt əsasında 5400 m3 qaz itkisi və xx.xx.2021-ci il tarixli ******* nömrəli akt əsasında 5400 m3 qaz itkisi hesablanmışdır. Lakin xx.xx.2021- ci il tarixli ******* nömrəli akt məhkəməyə təqdim edilməmişdir. Məhkəmə ilkin olaraq xx.xx.2021-ci il tarixli dəymiş ziyana dair tələbnamədən görünür ki, xx.xx.2021-ci il tarixli ******* nömrəli akt əsasında qaz işlədicilərindən PQ4- ün maksimal saatlıq qaz sərfi 1,2 m3 /saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün, Dəmir sobanın maksmmal saatlıq qaz sərfi 1.4 m3 /saat orta günlük iş rejimi 24 saat və hesabat muddəti 30 gün, QSSQ nin maksimal saatlıq qaz sərfi 2 m3 /saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 20 gun, İran sobasının maksimal saatlıq qaz sərfi 1,5 m3 /saat orta günlük iş relimi 24 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və ümumi 5400 m3 qaz itkisi hesablanmışdır. Hazırki iş üzrə tərtib edilmiş aktlar əsasında dəymiş zərərlərin hesablanması və iddiaçıdan tələb olunması mövcüd olduğundan, həmin aktların tərtib edilməsi və zərərin hesablanmasına əsas olmuş halların mövcudluğu və doğruluğu, o cümlədən həmin halların məhz abonent (iş üzrə iddiaçı) tərəfindən törədilməsini sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın, yəni cavabdehin üzərinə düşür. Məhkəmə araşdırması zamanı isə cavabdeh qurum tərəfindən sayğacdan kənar təbii qazdan istifadə olunması hallarına dair heç bir mötəbər sübutlar (məhkəmə tərəfindən sübutların təqdim edilməsinin təklif olunmasına baxmayaraq) məhkəməyə təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, xx.xx.2021-ci il tarixli ******* nömrəli akt üzrə aparılmış hesabatın həqiqiliyi ilə bağlı şübhə olduğundan həmin akt əsas götürülməklə aparılan hesabat məhkəmə tərəfindən qəbul edilməklə istinad edilə bilməz. Mülki iş üzrə məhkəməyə təqdim edilmiş xx.xx.2021-ci il tarixli ******* nömrəli akt əsasında aparılmış hesabata münasibətdə məhkəmə hesab edir ki, analoji işlər üzrə aparılmış hesabatlarla müqayisədə həddindən artıq yüksək götürülməklə hesabat aparılmışdır. Belə ki, aparılmış hesabatdan görünür ki, PQ4-ün maksimal saatlıq qaz sərfi 1,2 m3 /saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün, Dəmir sobanın maksmmal saatlıq qaz sərfi 1.4 m3 /saat orta günlük iş rejimi 24 saat və hesabat muddəti 30 gün, QSSQ nin maksimal saatlıq qaz sərfi 2 m3 /saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 20 gun, İran sobasının maksimal saatlıq qaz sərfi 1,5 m3 /saat orta günlük iş relimi 24 saat və hesabat müddəti 30 gün qəbul edilməklə aparılmışdır. Lakin məhkəmə hesab edir ki, qeyd edilən avadanlıqlar üzrə hesabatların 24 saat götürülməklə hesabatın aparılması məntiqə uyğun deyildir. Eyni zamanda anoloji işlər üzrə aparılmış hesabatlardan görünür ki, PQ4-ün maksimal saatlıq qaz sərfi 1,2 m3 /saat orta günlük iş rejimi 6 saat, QSSQ nin maksimal saatlıq qaz sərfi 2 m3 /saat orta günlük iş rejimi 8 saat, Dəmir sobanın maksmmal saatlıq qaz sərfi 1.4 m3 /saat orta günlük iş rejimi 18 saat müəyyən edilməklə hesabat aparılmışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, xx.xx.2021-ci il tarixli ******* nömrəli akt əsasında aparılmış hesabat PQ4-ün maksimal saatlıq qaz sərfi 1,2 m3 /saat orta günlük iş rejimi 6 saat, QSSQ nin maksimal saatlıq qaz sərfi 2 m3 /saat orta günlük iş rejimi 8 saat, Dəmir sobanın maksmmal saatlıq qaz sərfi 1.4 m3 /saat orta günlük iş rejimi 18 saat müəyyən edilməklə aparılmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçının yaşadığı ünvana qazdan istifadə ilə bağlı hesablanmış digər borclarla bağlı tərtib edilmiş aktlar məhkəməyə təqdim edilməmişdir. Qeyd edildiyi kimi həmin aktların tərtib edilməsi və zərərin hesablanmasına əsas olmuş halların mövcudluğu və doğruluğu, o cümlədən həmin halların məhz abonent (iş üzrə iddiaçı) tərəfindən törədilməsini sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın, yəni cavabdehin üzərinə düşür. Məhkəmə araşdırması zamanı isə cavabdeh qurum tərəfindən sayğacdan kənar təbii qazdan istifadə olunması hallarına dair heç bir mötəbər sübutlar (məhkəmə tərəfindən sübutların təqdim edilməsinin təklif olunmasına baxmayaraq) məhkəməyə təqdim edilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, hazırki halda iddiaçının təqsiri (hərəkət və hərəkətsizliyi) nəticəsində dəymiş zərərlərin cavabdeh tərəfindən sübuta yetirilmədiyindən aktlar üzrə hesablanmış zərərlər də istehlakçı tərəfindən ödənilə bilməz.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

9. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş edib şikayətində göstərir ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən qanunvericiliyin tələblərinə uyğun hazırlanmış aktlar iddiaçı tərəfindən Birliyə vurulmuş zərərləri sübut edir. Cavabdeh İB-nin əməkdaşları tərəfindən hazırlanmış aktlar qanunvericiliyin tələblərinə uyğun hazırlanmışdır və bir nüsxəsi abonentə təqdim edilmişdir. Abonentin həmin aktları imza etməkdən imtinası həmin aktların qanunsuz olduğuna dəlalət etmir. Bundan əlavə, əməkdaşları tərəfindən aktlar tərtib olunarkən çəkilən fotoşəkillərdə açıq-aşkar görünür ki, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulma mövcuddur. Həmçinin sözügedən abonentin qaz sayğacı tam işlək vəziyyətdə olmuşdur və heç bir nasazlıqdan söz açıla bilməz. Məhkəmə nədənsə iddiaçıdan sübut təqdim edilməsini tələb etməmiş və sübutsuz işə baxaraq əsassız qətnamə qəbul etmişdir. Məhkəmə iddiaçının sübuta söykənməyən mülahizəsini əsas götürmüşdür.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

10. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X2 apellyasiya şikayətinin dəlillərini müdafiə edib onun məzmununa uyğun izahat verdi, eləcə də yazılı izahatında göstərir ki, İddiaçı hazırki iddia tələbi ilə Xəzər Rayon Məhkəməsinə müraciət etməzdən 12 gün əvvəl ünvanında qaz sayğacı olmadan 08/2021-ci il tarixindən 06/2022-ci il tarixinə kimi təbii qazdan qeyri-qanuni istifadə etdiyinə görə Cavabdeh İB-yə vurmuş olduğu 6125,76 manat borcla xx.xx.2022-ci il tarixində Cavabdeh İB-də tanış edilmiş və borclu İddiaçı həmin borcu qəbul edərək borcun müəyyən müddət ərzində hissə-hissə tutulması üçün smart qaz kartına keçirilərək ödənişin təmin olunmasını öz öhdəsinə götürmüşdür. İddiaçı xx.xx.2022-ci il tarixində Cavabdeh İB-nin Bakı Regional Qazın Satışı Departamentinin rəisi Zamin Mehrəliyevin adına yuxarıdakı məzmunlu yazılı ərizəsi ilə müraciət etmişdir. xx.xx.2022-ci il tarixində tərəflər arasında ilk dəfə təbii qazın alqı-satqısına dair müqavilə bağlanmış, onun ünvanında ilk dəfə qaz sayğacı quraşdırılmışdır. Lakin borclu İddiaçı yazılı şəkildə qəbul etdiyi borcun ödənilməsi vədinə sadiq qalmayaraq 12 gün sonra borcun silinməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirmişdir ki, akt tərtib edilmiş evdə 2021-ci ildən ailəsi ilə birlikdə yaşayır. Evə qaz sayğacı quraşdırılana kimi o, təbii qazdan qeyriqanuni qoşularaq istifadə etmişdir. Bundan sonra, onun yaşadığı evə qaz sayğacı quraşdırılmışdır. Nəzərə alsa ki, iddiaçıya məxsus ünvana qaz sayğacı ilk dəfə xx.xx.2022ci il tarixində "xxxx" MMC podratçı təşkilatı tərəfindən quraşdırılmışdır, bu o deməkdir ki, iddiaçı 2021-ci il tarixindən 06/2022-ci il tarixinə kimi təbii qazdan qanunsuz istifadə etdiyini səmimi olaraq etiraf etmişdir. Lakin bununla belə, məhkəmə iddia tələbini rədd etmək əvəzinə öz qənaəti ilə iddianı qismən təmin edərək ümumi borcun 5907,96 manat hissəsini qanunsuz və əsassız olaraq silmiş, silmiş olduğu həmin məbləğin isə riyazi hesablama qaydasını qətnamədə əsaslandırmamışdır. Nəticədə MPM-in 76.2, 106.3 və 217-ci maddələrinin tələbləri məhkəmə tərəfindən kobud şəkildə pozulmuşdur. Məhkəmə hesab etmişdir ki, hazırki halda iddiaçının təqsiri (hərəkət və hərəkətsizliyi) nəticəsində dəymiş zərərlərin cavabdeh tərəfindən sübuta yetirilmədiyindən aktlar üzrə hesablanmış zərərlər də istehlakçı tərəfindən ödənilə bilməz. Məhkəmə unutmuşdur ki, iddiaçı tərəf 2021-ci il tarixindən onun ünvanında qaz sayğacı quraşdırılan tarixə kimi (xx.xx.2022-ci il tarixinə kimi) qazdan qeyri-qanuni istifadə etdiyini məhkəmə iclas zalında etiraf edib, həmin etirafedici izahatı ilə də Cavabdeh İB-ni bu faktları sübut etmə vəzifəsindən azad etmişdir. Nəticədə MPM-in 106.3-cü maddəsinin tələbləri məhkəmə tərəfindən pozulmuşdur İş materiallarına əlavə edilmiş və üzərində çəkilmə tarixi, saatı, koordinatları göstərilmiş fotoşəkillərdən müəyyən olunur ki, İddiaçı ona məxsus fərdi yaşayış evinin yaxınlığından keçən qazpaylayıcı qaz xəttinə qanunsuz qoşulmaqla ünvanına küstar üsulla özbaşına qaz xətti çəkmişdir.

11. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı məhkəmə iclasında iştirak etmir və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

12. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə(zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normaları pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0 və 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri:

14. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas olmasa da, dəyişdirilməsi üçün əsasdır.

15. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

16. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

17. Apellyasiya şikayətinin nəticə hissəsində qətnamənin tam ləğv edilməsi xahiş edilsə də, şikayətin məzmunundan görünür ki, apellyasiya şikayətinin obyektini iddia qismən təmin edildiyi üçün qətnamənin bir hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), yəni iddia tələbinin təmin edildiyi hissə predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilmiş hissəsində ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

18. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

19. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olsa da, yəni dispozisiya əlamətləri ilə uzlaşsa da, dəymiş zərərin məbləği hissəsində məhkəmənin gəldiyi nəticə düzgün olmamışdır.

20. Əvvəla, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə faktiki hallar yuxarıda qeyd olunan maddi hüquq normalarının dispozisiya şərtləri ilə qismən uzlaşır və cavabdehin etiraz və müdafiə hüquqlarına görə də tam aradan qalxmır.

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci bəndinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Tərəflər arasında qazın alqı-satqısına dair müqavilə bağlananədək, yəni 06 iyul 2022-ci ilədək iddiaçının qazdan sayğac olmadan istifadə etməsi işin mübahisəsiz halıdır. Düzdür, iddiaçı qeyd olunan ünvanda 2021-ci ildən yaşadığını bəyan edərək müqavilə bağlananadək 1 ay müddətində kənar xətdən istifadə etdiyini, əvvəl isə odun sobasından istifadə etdiyini göstərir. Lakin iddiaçının bu dəlili inandırıcı və ağlabatan sayıla bilməz. 22.Birinci instansiya məhkəməsi xx.xx.2021-ci il tarixli ******* nömrəli aktı əsas götürüb silinməsi tələb edilən 6128,76 manatdan 220,8 manat saxlamaqla 5907, 96 manatı silsə də, iddiaçının həmin tarixdən sonra 6 ay müddətində də qazdan sayğacsız istifadə etməsini nəzərə almamışdır. Belə ki, qeyd olunduğu kimi iddiaçı mübahisəli ünvanda yaşadığı vaxtdan sayğac quraşdırıldığı vaxtadək qazdan qanunsuz istifadə etmişdir. Demək, birinci instansiya məhkəməsinin bir ay ərzində 220,8 manat dəyərində qazdan qanunsuz istifadə etməklə zərər vurduğunu iddiaçı da qəbul etmişdir. Bu cür vəziyyətdə iddiaçının sayğac quraşdırıldığı tarixədək ən azından hər ay 200 manat olmaqla 6 ay müddətində qazdan qeyri-qanuni istifadə etməklə cavabdehə zərər vurması da təsdiq edilmiş olur.

23. Maddi zərər vurulması üçün təqsirli olaraq mülki hüquq pozuntusu törədilməli zərərçəkən şəxs bundan zərər çəkməli, həmçinin təqsirli şəxsin hərəkəti yaxud hərəkətsizliyi ilə vurulan zərərin arasında səbəbli əlaqə olmalıdır. İddiaçının cavabdehə zərər vurması açıq-aşkardır, lakin zərərin məbləği hissəsində məhkəmənin gəldiyi nəticə düzgün olmamışdır.

24. İddiaçı qazdan sayğacdan kənar istifadə etsə də itirilmiş təbii qazın dəyəri hesablanarkən hər hansı bir normativ hüquqi akta, hansısa qaydalara da istinad edilməmişdir. Bu cür hesablama üsulu ilə nəinki iddiaçının, ümumiyyətlə hansısa şəxsin cavabdehə hansısa miqdarda maddi ziyan vurmasını müəyyən etmək də mümkünsüzdür. Buna görə də iddiaçının qeyd olunan məbləğdə cavabdehə zərər vurması da inandırıcı və ağlabatan görünmür.

25. Göstərilənləri nəzərə alaraq apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2670/2022 saylı, 28 sentyabr 2022-ci il tarixli qətnaməsi qismən, yəni silinməli məbləğin cəmi hissəsində dəyişdirilməli və həmin məbləğ azaldılaraq 4707,96 (dörd min yeddi yüz yeddi manat doxsan altı qəpik) manat müəyyən edilməli, qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.

26. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.3, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Apellyasiya şikayəti qismən təmin edilsin. Mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2670/2022 saylı, 28 sentyabr 2022-ci il tarixli qətnaməsi qismən, yəni silinməli məbləğin cəmi hissəsində dəyişdirilsin və məbləğ azaldılaraq 4707,96 (dörd min yeddi yüz yeddi manat doxsan altı qəpik) manat müəyyən edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar