Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-978/2024 17.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: subroqasiya qaydasında pulun tutulması) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2, Cavabdeh iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-5798/2023 nömrəli, 18 oktyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İşin hallarından görünür ki, 15 may 2017-ci il tarixdə ünvan 1 ünvanında yerləşən "xxxx" MMC-yə məxsus qeyri-yaşayış sahəsindən yuxarı mərtəbədə yerləşən, Cavabdeh sahibliyində olan mənzildən suyun axıdılması nəticəsində "xxxx" ASC tərəfindən əmlak sığortası qaydasında sığortalanmış sözügedən qeyri-yaşayış sahəsinə maddi ziyan dəymişdir. Bu barədə "xxxx" MMC tərəfindən akt tərtib edilmişdir. Dəymiş ziyan 950 manat məbləğində qiymətləndirilmiş, həmin məbləğdən sığortaçının zərər məbləğindəki payı 850 manat müəyyən edilmişdir. Dəymiş ziyanın əvəzi olaraq 850 manat pul vəsaiti "xxxx" ASC tərəfindən "xxxx" MMC-yə ödənilmişdir.
2. İş materiallarına əlavə edilmiş "xxxx" MMC tərəfindən tərtib edilmiş aktdan görünür ki, "xxxx" MMC-yə və cavabdehə məxsus əmlaka baxış keçirilmiş, cavabdeh su axıdılmasının səbəbinin ona məxsus mənzilin mətbəxində paltaryuyan maşının su xəttinə birləşmə hissəsində yaranmış nasazlıq olduğunu bildirmiş, bu barədə akt tərtib edilmiş və "xxxx" MMC-nin direktoru, mühəndisi, santexniki, "xxxx" körpələr evinin direktoru akta imza atmışlar.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “subroqasiya qaydasında pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 850 manat pul vəsaitinin və dövlət rüsumu üçün ödənilmiş 30 manat məbləğin iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC tərəfindən BA715588 nömrəli Daşınmaz əmlakın icbari sığortası şəhadətnaməsi ilə 16 mart 2017 -15 mart 2018ci il müddətinədək sığortalanmış ünvan 1 ünvanında yerləşən "xxxx" MMC-də 15 may 2017-ci il tarixdə yuxarı mərtəbədə yerləşən, Cavabdeh sahibliyində olan mənzildən suyun axıdılması nəticəsində qeyd olunan qeyri-yaşayış sahəsinə maddi ziyan dəymişdir. Su basma hadisəsi "xxxx" MMC tərəfindən tərtib olunmuş aktda öz təsdiqini tapmışdır. Su basma nəticəsində vurulmuş ziyan 950 manat məbləğində müəyyən edilmiş, həmin zərərdən 100 manat azaldılma məbləği çıxılaraq "xxxx" ASC mənzilə vurulmuş ziyana görə qeyri-yaşayış sahəsinin sahibinə 850 manat məbləğində sığorta ödənişini etmişdir. Ödənilmiş 850 manat məbləğ qanunvericiliklə nəzərdə tutulmuş subroqasiya tələbi qaydasında cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
5. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-5798/2023 nömrəli, 18 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Aygün Həsənova) iddia tələbinin təmin edilməsi, Cavabdeh vurulmuş zərərə görə 850 (səkkiz yüz əlli) manat məbləğində sığorta ödənişinin və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir.
6. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2, 373.1, 377.4, 936.1, 936.2, 936.5, 1097.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 107, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
7. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv olunması, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehə qarşı iddia zərərçəkən tərəfindən verilsə idi, məhkəmənin mövqeyi düzgün hesab edilərdi, lakin mövcud vəziyyətdə "xxxx" ASC tərəfindən subroqasiya qaydasında reqres iddiası verilmişdir və iddiaçının öhdəliyinin və tələb etmək hüququnun əsasını sığorta müqaviləsi təşkil edir. Bu səbəbdən onun tələb hüququna müqavilə tələbləri üzrə iddia müddətini müəyyən edən Mülki Məcəllənin 373.2-ci maddəsi tətbiq edilməlidir. Bu hüquqi yanaşmanı belə izah etmək olar ki, zərərçəkən sığorta təşkilatına qarşı sığorta hadisəsindən 3 il keçdikdən sonra sığorta məbləğinin ödənilməsi tələbini irəli sürmüş olsa idi, bu halda sığortaçı təşkilat müqavilə tələbləri üzrə iddia müdətini müəyyən edən Mülki Məcəllənin 373.2-ci maddəsinə istinad etmiş olacaqdı və həmin halda həmin münasibətlərə müqavilə tələbləri üzrə iddia müdətini müəyyən edən 373.2-ci maddə tətbiq ediləcəkdi. Göründüyü kimi sığortaçı təşkilatın öhdəliklərinə adekvat olaraq tələb etmək hüququna da müqavilə tələbləri üzrə iddia müddəti şamil edilməlidir. Bununla da birinci instansiya məhkəməsinin iddia müddəti ilə bağlı hüquqi mövqeyi düzgün deyildir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
12. 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
13. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi(real zərər) habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
14. 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.
15. 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərər vuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişi vermiş sığortaçının subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.
16. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər.
17. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin
18. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
20. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
21. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
22. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
25. Hazırki halda, cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-5798/2023 nömrəli, 18 oktyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
27. Belə ki, iş materiallarına əsasən müəyyən edilmişdir ki, 15 may 2017-ci il tarixdə ünvan 1 ünvanında yerləşən "xxxx" MMC-yə məxsus qeyri-yaşayış sahəsindən yuxarı mərtəbədə yerləşən, Cavabdeh sahibliyində olan mənzildən suyun axıdılması nəticəsində "xxxx" ASC tərəfindən əmlak sığortası qaydasında sığortalanmış sözügedən qeyri-yaşayış sahəsinə maddi ziyan dəymişdir. Sığorta hadisəsi baş verərkən Cavabdeh təqsiri müəyyən edildiyindən, məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən əksini sübut edəcək hər hansı dəlillər təqdim edilmədiyindən iddiaçının ona qarşı subroqasiya hüququ yaranmışdır.
28. Kollegiya cavabdehin apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, öhdəlik sığorta müqaviləsindən deyil, vurulmuş zərərin nəticələrinin aradan qaldırılmasından əmələ gəlmişdir ki, bu cür iddialara da Mülki Məcəlləsinin 373.1-ci maddəsi ilə müəyyən edilən ümumi iddia müddəti şamil edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.4-cü maddəsində təsbit olunmuşdur ki, reqress öhdəliklər üzrə iddia müddətinin axımı əsas öhdəliyin icrası anından başlanır. Qanunvericilikdə nəzərdə tutulan bu norma, heç də iddia müddətinin zaman ölçüsünü deyil, iddia müddəti axımının başlanması anını müəyyən etmişdir. Subroqasiya hüququ məhz qanundan yaranmış öhdəlikdir. Bu halda Mülki Məcəllənin mövcud tələbinə uyğun olaraq iddia müddəti 10 il tətbiq edilməlidir.
29. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.
30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar ödənilən məsrəflərdən ibarətdir.
31. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
32. Kollegiya hesab edir ki, hazırkı halda apellasiya şikayəti təmin edilmədiyindən iş üzrə apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir.
33. Məhkəmə kollegiyası həmçinin izah edir ki, cavabdehin apellyasiya şikayəti ilə mübahisələdirdiyi hissə 5000 manatdan az olduğundan Azərbaycan Respublikası MPM-in 402-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.
34. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-5798/2023 nömrəli, 18 oktyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən şikayəti verilə bilməz.