Məhkəmə qərarları › İş №2(103)-9780/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9780/2021

27.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9780/2021 27.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Məmmədovanın sədrliyi və məruzəsi ilə, X2 və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı nümayəndəsi X3 iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 iyul 2021-ci il tarixli, 2(005)- 3561/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 BOKT ASC-yə qarşı “hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ipoteka saxlayana ipoteka predmetinin əldə edilməsi üçün hərracın yekunları barədə 32/02 nömrəli protokolunun etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 07 avqust 2015-ci il tarixdə Cavabdeh2 BOKT ASC-dən illik 28 faiz olmaqla 60 ay müddətinə kredit müqaviləsi bağlayaraq 28000 ABŞ dolları məbləğində kredit götürmüşdür. O, həmin vaxtı krediti dolların həmin vaxt manata məzənnəsi ilə 0,78 manat olarkən götürmüşdür. Devalvasiya nəticəsində dolların qiyməti qalxmış, ona görə də o kredit müqaviləsində göstərilən şərtləri tam yerinə yetirə bilməmişdir. Buna görə də onun Cavabdeh2 BOKT ASC-yə 18 aprel 2018-ci il tarixinədək 24347,70 ABŞ dolları əsas borc, 12781,57 ABŞ dolları faiz, 14766 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 51885,27 ABŞ dolları məbləğində borcu yaranmışdır. Borcu ödəmək imkanı olmadığından bankın iddiasına əsasən, həmin borcun ödənilməsi məhkəmə qaydasında həyata keçirilmiş və tutma onun mülkiyyətində olan evə yönəldilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin 14 avqust 2014-cü il tarixli qətnaməsinə əsasən, onun üzərində 24287,85 ABŞ dolları əsas borc, 11996,69 ABŞ dolları faiz borcun tutulması qət edilmişdir. İpoteka predmeti olan onun evinin ilkin bazar satış qiyməti 54000 ABŞ dolları müəyyən edilmişdir. O, həmin məbləğlə istər birinci instansiya məhkəməsində, istərsə də Apelyasiya Məhkəməsindən razı deyildi. Dəfələrlə vəsatətlər qaldırmışdır ki, onun mənzilinin ilkin satış qiyməti 80-90 min manatdır. Qiymətləndirmə ilə razı deyildir. Ancaq onun vəsatətlərinə məhəl qoyan olmamışdır. İş icraya yönəldilmişdir. Bundan sonra da o, banka olan borcunu ödəyə bilməmişdir. Ona görə də onun evi hərracda satılmışdır. Hərracdan sonra ona göndərilən hərrac protokolundan görünür ki, 54000 manat qiymətləndirilən ona məxsus mənzilin qiyməti 20000 ABŞ dollarından çox aşağı salınaraq 34425 ABŞ dolları qiymətləndirilərək Cavabdeh2 BOKT ASC-nin nümayəndəsi X1. Hərrac mülki qanunvericiliyin tələbləri pozulmaqla keçirilmişdir. Ona görə ki, o, hərracın keçirilməsi və təşkili qaydası ilə tanış edilməli və hərrac keçirilən zaman iştirak etməli idi. O, müəyyən edilmiş və qəbul edilmiş 54000 manat dəyərində olan evinin 34425 manata satılması ilə razı deyildir. Ona görə də həmin hərrac protokolu etibarsız hesab edilməlidir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 iyul 2021-ci il tarixli, 2(005)- 3561/2021 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 BOKT ASC-yə qarşı “hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi” tələbinə dair iddiasının rədd edilməsi, iddia üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət olunmuşdur. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3561/2021 saylı iş üzrə 27.07.2021-ci il tarixli qətnaməsininin ləğv edilməsini, iş üzrə iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırır ki, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 27.07.2021-ci il tarixli qətnaməsini tamamilə qanunsuz və əsassız hesab edir. Belə ki, o, 07 avqust 2015-ci il tarixdə Cavabdeh2 BOKT ASC-dən illik 28 faiz olmaqla 60 ay müddətinə kredit müqaviləsi bağlayaraq 28000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Həmin vaxtı krediti dolların həmin vaxt manata məzənnəsi ilə 0.78 manat olarkən götürmüşdür. Devalvasiya nəticəsində dolların qiyməti qalxmış, ona görə də o, kredit müqaviləsində göstərilən şərtləri tam yerinə yetirə bilməmişdir. Buna görə də Cavabdeh2 BOKT ASC-yə 18 aprel 2018-ci il tarixinədək 24347,70 ABŞ dollar əsas borc, 12781,51 ABŞ dolları faiz, 14766 ABŞ dolları cərimə borc olmaqla, cəmi 51885,27 ABŞ dolları məbləğində borcu yaranmışdır. Borcu ödəmək imkanı olmadığından bankın iddiasına əsasən, həmin borcun ödənilməsi məhkəmə qaydasında həyata keçirilmiş və tutma onun mülkiyyətində olan evə yönəldilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin 14 avqust 2014-cü il tarixli qətnaməsinə əsasən, onun üzərində 24287,85 ABŞ dollar əsas borc, 11996,69 ABŞ dolları faiz borcun tutulması qət edilmişdir. İpoteka predmeti olan evinin ilkin bazar satış qiyməti 54000ABŞ dolları müəyyən edilmişdir. İddiaçı həmin məbləğlə istər birinci instansiya məhkəməsində, istər də Apelyasiya Məhkəməsindən razı olmadığını bildirmişdir. Dəfələrlə vəsatətlər qaldırmışdır ki, onun mənzilinin ilkin satış qiyməti 80-90.000 manatdır. Qiymətləndirmə ilə razı olmadığını, ancaq onun vəsatətlərinə məhəl qoyan olmadığını, işin icraya yönəldiyini bildirmişdir. Bundan sonra da o, banka olan borcunu ödəyə bilməmişdir. Ona görə də onun evi hərracda satılmışdır. Hərracdan sonra ona göndərilən hərrac protokolundan görünüı ki, 54000 manat qiymətləndirilən ona məxsus mənzilin qiyməti 20000 ABŞ dollardan çox aşağı salınaraq 34425 manat qiymətləndirilərək “Finoko BOKT ASC-nin nümayəndəsi X1. Hərrac mülki qanunvericiliyin tələbləri pozulmaqla keçirilmişdir. Ona görə ki o, hərracın keçirilməsi və təşkili qaydası ilə tanış edilməli və hərrac keçirilən zaman iştirak etməli idi. O, müəyyən edimiş və qəbul edilmiş 54000 manat dəyərində olan evinin 34425 manata satılması ilə razı deyil. Ona görə də həmin hərrac protokolun etibarsız hesab edilməsini istəyir. Lakin işə baxan məhkəmə əsassız olaraq iddia tələbini təmin etmədiyini və rədd etdiyini bildirmişdir. Məhkəmə maddi hüquq normalarını pozmuş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırmamışdır. Ona görə də hesab edir ki, qətnamə ləğv olunmalı və iddia tələbi təmin olunmalıdır. Çünki qanunsuz keçirilmiş hərrac nəticəsində və qəbul edilmiş qanunsuz qətnaməyə görə o, öz mülkiyyət hüququndan məhrum olmuşdur. Hesab edir ki, mülki işə apellyasiya məhkəməsində baxılarkən bütün bunlar nəzərə alınmalı və qanuni, əsaslı qətnamə qəbul edilməlidir. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi X6 iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərinə istinad edərək, apellyasiya şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədəyeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə Cavabdeh2 BOKT ASC 06 oktyabr 2021-ci il tarixdə məhkəməyə apellyasiya şikayətinə yazılı etiraz təqdim edərək, etirazını onunla əsaslandırmışdır ki, İddiaçı keçirilən hərracların vaxtı və yeri barəsində məlumat verilmişdir. Belə ki, gələcəkdə yarana biləcək riskləri nəzərə alaraq, hərracın nəticələrinin ləğv edilməsinin qarşısını almaq məqsədilə hərrac təşkilatı tərəfindən onlara göndərilən bildirişlərin surəti, bildiriş xarakterli müşayət məktubları ilə cavabdehin qeydiyyatda olduğu mənzilin ünvanına göndərilmişdir. Məktubun çatdırılması haqqında qəbzlərdən də göründüyü kimi, tərəf 1-ci hərracın keçirilməsi barədə xəbərdarlıq məktubunu 03.03.2021-ci il tarixində, 2-ci hərracın keçirilməsi barədə xəbərdarlıq məktubunu isə 07.04.2021-ci il tarixində qəbul etmişdir. Bundan da aydın olur ki, İddiaçı hərracın vaxtı və yeri barəsində məlumatı olmuş və hazırki iddianı işi əsassız olaraq uzatmaq məqsədilə vermişdir. İddiaçıya hərracın keçirilməsi ilə bağlı bildirişlər “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri pozulmadan çatdırılmışdır. Bu səbəbdən də, hərracın yekunlarına dair protokolu etibarsız hesab etmək olmaz. Məhkəmə kollegiyası iş üzrə materialları, apellyasiya şikayətinin dəlillərini və tərəfin izahatını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Sumqayıt Apelyasiya Məhkəməsinin 14 avqust 2019cu il tarixli 2(105)-532/2019 saylı qətnaməsindən görünür ki, cavabdeh İddiaçı əsas borc üzrə 24287,85 (iyirmi dörd min iki yüz səksən yeddi dollar səksən beş sent) ABŞ dolları, faiz borcu üzrə 11996,69 (on bir min doqquz yüz doxsan altı dollar altmış doqquz sent) ABŞ dolları pulun tutulması, ipoteka predmeti olan mənzilin ilkin satış qiyməti 54000 (əlli dörd min) manat müəyyən edilmişdir. İş materiallarında olan Cavabdeh1 MMC-nin hərracın yekunları barədə 32/02 saylı 27 aprel 2021-ci il tarixli protokolundan görünür ki, İddiaçı məxsus Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 122, mənzil 4 (yeni qaydalarla Sumqayıt şəhəri, S.Vurğun küçəsi, 165, M3, 1 saylı mənzil) ilkin satış qiyməti 54000 manat, təkrar hərracdakı satış qiyməti 45900 manat, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 43.7-ci maddəsinə əsasən 25 faiz aşağı qiymətlə 34425 manata satılmışdır. İş materiallarında olan hərracın keçirilməsinə dair 01 nömrəli bildirişdən görünür ki, Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 122, mənzil 4 (yeni qaydalarla Sumqayıt şəhəri, S.Vurğun küçəsi, 165, M3, 1 saylı mənzil) üçün hərracın keçirilmə vaxtı 19 mart 2021-ci il saat 11:00-17:00-dək. İlkin satış qiyməti 54000 (əlli dörd min) manat. İş materiallarında olan hərracın keçirilməsinə dair 02 nömrəli bildirişdən görünür ki, Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 122, mənzil 4 (yeni qaydalarla Sumqayıt şəhəri, S.Vurğun küçəsi, 165, M3, 1 saylı mənzil) üçün hərracın keçirilmə vaxtı 08 aprel 2021-ci il saat 11:00-17:00-dək. İlkin satış qiyməti 45900 manat. İş materiallarında olan 23 iyun 2021-ci il tarixli qəbzdən görünür ki, iddiaçı məhkəməyə müraciət etmək üçün 10 manat məbləğində dövlət rüsumu ödəmişdir. İş materiallarında olan FM exoress kuryer xidmətləri mədaxil qəbzlərinin surətindən görünür ki, hərracın keçirilməsi ilə bağlı bildirişlər 23.02.2021-ci il tarixdə, 30.03.2021-ci il tarixlərdə İddiaçı yaşadığı ünvan 1 ünvana çatdırılmış və imzalanaraq qəbul edilmişdir. İş materiallarında olan “Birja yenilikləri” qəzetinin 237, 241 və 243 saylı tirajlarında hərracın keçirilməsinə dair məlumat yerləşdirilmişdir. Mövcud hüquq münasibətləri ipoteka predmetinə tutmanın yönəldilməsi ilə bağlı yaranan mülki münasibətlər olduğundan məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Məcəlləsinin və “İpoteka haqqında” Qanunun normalarını əlaqəli şəkildə təhlil edərək mülki iş üzrə hüquqi nəticəyə gəlir. “İpoteka haqqında” Qanunun: 34.1-ci maddəsinə görə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. 39.2-ci maddəsinə görə ipoteka saxlayan tutmanın yönəldilməsinə dair bildirişin bu Qanunun 36.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə verilməsi barədə məhkəməyə sübut təqdim etməlidir. “İpoteka haqqında” Qanunun 41.1-ci maddəsinə əsasən ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. “İpoteka haqqında” Qanunun 41.2, 41.3, 41.4 və 41.5-ci maddələrinə əsasən, Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üsulu və satışı həyata keçirməli olan şəxs tərəflərin razılığı ilə müəyyən olunur. Razılığa əsasən ipoteka predmeti hərracda satıldıqda ipoteka saxlayan və ya ipoteka qoyan hərracın təşkilatçısına sifarişi verə bilərlər. Hərrac açıq auksion formasında keçirilir. Həmin Qanunun 42.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. Həmin Qanunun 42.5 və 42.6-cı maddələrinə əsasən Ən yüksək qiymət təklif etmiş şəxs hərracı udmuş sayılır. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. Protokolun imzalanmasından imtina edilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.1-ci maddəsinin tələbinə görə üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.2-ci maddəsinin tələbinə görə borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.3-cü maddəsinin tələbinə görə əmlak satılmadıqda həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana qaytarılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 317.1-ci maddəsinə görə borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə görə əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. Beləliklə birinci instansiya məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh2 BOKT ASCnin arasında bağlanmış 07 avqust 2015-ci il tarixli kredit müqaviləsinə görə ABŞ dolları ilə götürdüyü kredit öhdəliyini yerinə yetirmədiyinə görə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-532/2019 saylı 14 avqust 2019-cu il tarixli icra sənədi üzrə iddiaçıya məxsus Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 122, 4 saylı mənzilin (yeni qaydalarla Sumqayıt şəhəri, S.Vurğun küçəsi, 165, M3, 1 saylı mənzil) açıq hərracdan satılması ilə bağlı Cavabdeh1 MMC tərəfindən hərraclar keçirilmişdir. İddiaçı Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 122, 4 saylı mənzilin (yeni qaydalarla Sumqayıt şəhəri, S.Vurğun küçəsi, 165, M3, 1 saylı mənzil) 54000 manat məbləğində açıq hərracda ilkin satış qiyməti ilə razı deyil. Məhkəmə kollegiyası hesab edir ki, Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 122, 4 saylı mənzilin (yeni qaydalarla Sumqayıt şəhəri, S.Vurğun küçəsi, 165, M3, 1 saylı mənzil) açıq hərracdan satılması ilə bağlı Cavabdeh1 MMC tərəfindən hərraclar qanunun tələblərinə müvafiq olaraq keçirilmiş və hərrac mərkəzi hərracın keçirilməsində haqlı olmuşdur. İddiaçının əmlakın qiymətləndirilməsini mübahisələndirməsinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-532/2019 saylı 14 avqust 2019-cu il tarixli icra sənədi üzrə hərraclar keçirilmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-532/2019 saylı 14 avqust 2019-cu il tarixli qətnaməsindən də aydın olur ki, mübahisəli əmlakın satış qiyməti məhkəmə qətnaməsilə müəyyən edilmişdir. Göründüyü kimi iddiaçının mübahisə etdiyi əmlaka qiymət qanuni qüvvəsini almış müvafiq məhkəmə qətnaməsi əsasında müəyyən edilmişdir. Məhkəmə qətnaməsi əsasında qiymət müəyyən olunduğundan, əmlakın yenidən qiymətləndirilməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin tələbinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Göstərilən prosessual normanın tələbləri baxımından məhkəmə kollegiyası qeyd edir ki, mülki işin icraatı zamanı preyudisial (əvvəlki hal) faktlar da sübut olunmur. Sübutetmə predmetinə daxil olan tədqiq olunan və məhkəmənin yekun aktında əks edilən faktlar, bu akt qanunla müəyyən edilən qaydada ləğv edilənə və ya dəyişdirilənə qədər həqiqilik və qətilik keyfiyyəti əldə edir. Məcburiliyi baxımından bütün digər orqanlar, vəzifəli şəxslər, təşkilatlar, vətəndaşlar bu aktın məzmunu ilə razılaşmalıdırlar. Artıq qüvvəyə minmiş qətnamənin faktiki əsasını təşkil edən hallar yeni mübahisə üçün də hüquqi əhəmiyyət kəsb etdikdə preyudisiya əlaqəsi yaranmış olur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “C.İsmayılzadənin şikayətinə dair” 13.02.2007-ci il tarixli qərarında qeyd olunmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzib olunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. Avropa Məhkəməsinin “Brumareski Rumıniyaya qarşı” 28 oktyabr 1999-cu il tarixli qərarında göstərilmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Beləliklə də, məhkəmə kollegiyası iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 BOKT ASC-yə qarşı “hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi” tələbinə dair iddiasının rədd edilməsi, iddia üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti düzgündür. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı Kollegiya qeyd edir ki, həmin dəlillər iddia tələbi ilə oxşar məzmunlu olmaqla həmin dəlillərə qiymət verilmişdir. Kollegiya nəzərə alır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nərimanov Məhkəməsinin 27 iyul 2021-ci il tarixli, 2(005)-3561/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar