Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-979/2023 18.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iş üzrə (Açar sözlər: əsassız hesablanmış borcun silinməsi) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Qürbət Ağa oğlu Əsgərov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakı ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2883/2022 saylı, 20 oktyabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 028276 nömrəli aktda qeyd edilmişdir ki, baxış zamanlı məlum oldu ki, elektrik sayğacının sxemi pozulmadan və kənar mənbəydən “0” xətti götürülərək sayğac dövrədən kənarlaşdırılmışdır.
2. İş materiallarında olan NDM AKT 028276 nömrəli xx.xx.2022-ci il tarixli hesabatdan görünür ki, akt əsasında 1043,10 manat borc hesablanmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdeh "xxxx" ASC-yə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Açıq Səhimdar Cəmiyyəti tərəfindən xx.xx.2022-ci il tarixdə (akt NDM) 028276 saylı akt üzrə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X5, ev 101 ünvana (Abnonent kodu **********10139) hesablanmış 1036,86 (bir min otuz altı manat, səksən altı qəpik) manat məbləğində borcun silinməsinə və həmin aktın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X5, ev 101 ünvanında yerləşən fərdi yaşayış evinin (abonent kodu:**********10139) elektrik sayğacına baxış keçirilmiş, elektrik sayğacının sxeminin pozulması və kənar mənbədən 0 xətti götürülərək sayğacın dövrədən kənarlaşdırılması barədə (akt NDM) 028276 saylı akt tərtib edilmiş və 1036,86 (bir min otuz altı manat səksən altı qəpik) manat məbləğində cərimə barəsində bildiriş təqdim edilmişdir. Həmin akt onun iştirakı olmadan tərtib edilmiş və bu barədə ona heç bir məlumat verilməmişdir. Belə ki, həmin akt tam olaraq əsassızdır. Çünki onun sayğacına kənar müdaxilə mümkün deyildir. Buna görə də o, "xxxx" ASC-yə şifahi müraciət edərək həmin cərimənin ləğv edilməsini (silinməsini) xahiş etmişdir. Cavabdeh təşkilat bildirmişdir ki, guya sayğaca müdaxilə olunmuşdur. Sayğaca hesablaşma-uçot dəstinə baxış keçirən zaman qüsur aşkar edilmişdir. Onu da qeyd edir ki, on hər ay Azərişıq ASC-nin əməkdaşları tərəfindən ona təqdim edilmiş bildiriş əsasında elektrik sərfiyyatı üzrə ödənişlərimi etmişdir. Bu günə kimi heç bir borcu olmamışdır. Hər ay mütəmadi olaraq ödənişlərini etmişdir.
5. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2883/2022 saylı, 20 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Zaur Tağıyev) iddianın təmin edilməsi, cavabdeh "xxxx" Açıq Səhimdar Cəmiyyəti tərəfindən xx.xx.2022-ci il tarixdə (akt NDM) 028276 saylı akt üzrə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X5, ev 101 ünvana (Abnonent kodu **********10139) hesablanmış 1036,86 (bir min otuz altı manat, səksən altı qəpik) manat məbləğində borc silinməsi, "xxxx" Açıq Səhimdar Cəmiyyəti tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli 028276 saylı aktın ləğv edilməsi, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunduğundan 30,36 (otuz manat otuz altı qəpik) manatın "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq dövlə büdcəsinə ödənilməsi qət edilmişdir.
6. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 7.6, 7.11 və 8.2-ci bəndlərinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
7. Qətnamədən cavabdeh "xxxx" Açıq Səhimdar Cəmiyyəti apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 28 iyul 2022-ci il tarixdə "xxxx" ASC-nin əməkdaşları abonent İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış elektrik sayğacına (abonent kodu **********10139) baxış keçirmiş, baxış zamanı sayğacın qoşulma sxeminin səhv olduğu və kənar mənbədən “0” xətti verməklə sayğacın dövrədən kənarlaşdırıldığı aşkar edilmişdir. Aşkar olunmuş faktla bağlı tərəflərindən NDM № 028276 saylı akt tərtib edilmiş və bu barədə abonentə məlumat verilməsinə baxmayaraq aktın tərtib edilməsində abonent və ya onun nümayəndəsi iştirak etməmişdir. Bu səbəbdən də EEİQ-nin tələblərinə uyğun olaraq aşkar edilmiş pozuntu faktının "xxxx" ASC-nin əməkdaşları tərəfindən video çəkilişi aparılmaqla qeydə alınmışdır. "xxxx" ASC-nin Akt komissiyasının əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair satış sahələri üzrə və texniki sahələr üzrə tələblərə dair qərarına əsasən itirilmiş elektrik enerjisinin dəyəri 1036.86 manat məbləğində müəyyən edilməklə abonentin **********10139 nömrəli abunə haqqında məlumatına daxil edilmiş və yaranmış borcun ödənilməsi üçün abonentin ünvanına müvafiq bildiriş göndərilmişdir. Hesab edilir ki, qeyd edilən akt qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib edilmiş və akta əsasən hesablanmış itirilmiş elektrik enerjisinin dəyəri iddiaçı tərəfindən ödənilməlidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
10. Məhkəmə kollegiyasının iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
11. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
Tətbiq edilən hüquq
12. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri — cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir.
13. Həmin Qaydaların 7.11-ci bəndinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır.
14. Həmin Qaydaların 8.2-ci bəndinə görə elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
15. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
16. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
17. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
18. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
21. Hazırki halda, cavabdeh apellyasiya şikayətində qətnamənin tamamilə ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayət təmin edilmədən, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2883/2022 saylı, 20 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
23. Belə ki, yuxarıda istinad edilən qaydaldan da müəyyən edilir ki, yaşayış binalarının girişində quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.
24. İşin mübahisəsiz hallar ondan ibarət olmuşdur ki, cavabdeh tərəfindən hər ay iddiaçıya təqdim edilmiş bildiriş əsasında iddiaçı elektrik sərfiyyatı üzrə ödəniş etmişdir. Cavabeh tərəfindən iddiaçının bugünə qədər hər hansı borcunun olmadığı da qəbul olunur.
25. Kollegiya qeyd edir ki, hesablaşma dövrü 1 ay qəbul olunduğu istinad edilən qaydalarla müəyyən olunur. Bu halda sayğaca kənar müdaxilə olunması halı cavabdeh təşkilatın hər ay üzrə yoxlaması zamanı müəyyən edilməli idi. Bu cavabdehin qanunla üzərinə qoyulan vəzifəsidir. Hazırkı işdə dövrü yoxlamalar zamanı sayğaca müdaxilə olunması müəyyən olunmamışdır. Tərtib edilən akta əsasən həqiqətən də sayğaca müdaxilə edilmişdirsə, bu müdaxilənin məhz iddiaçı tərəfindən edildiyini sübut etmə vəzifəsi cavabdehin üzərinə düşür. Hazırki halda isə, cavabdeh bu halı təsdiq edəcək hər hansı sübut təqdim edə bilməmişdir.
26. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək haqlı olaraq hesab etmişdir ki, iddia tələbi təmin edilməklə "xxxx" ASC tərəfindən tərtib edilmiş akt əsasında iddiaçıya hesablanmış 1036,86 manat məbləğində borc iddiaçının abunə hesabından silinməlilidir.
27. Məhkəmə tərəfindən xx.xx.2022-ci il tarixli 028276 nömrəli akt əsasında hesablanmış borcun əsassız olaraq hesablanmış olduğu qənaətinə gəldiyindən, həmin aktın hüquqi qüvvəsinin olmaması kimi qiymətləndirilməlidir.
28. Ona görə də kollegiya hesab edir ki, apelyasiya şikayətinin dəlilləri yuxarıda göstərilənlərə əsasən formal mülahizələr olmaqla qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
29. Məhkəmə kollegiyası həmçinin izah edir ki, cavabdehin apellyasiya şikayəti ilə mübahisələdirdiyi hissə 5000 manatdan az olduğundan Azərbaycan Respublikası MPM-in 402-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.
30. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2883/2022 saylı, 20 oktyabr 2022ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.