Məhkəmə qərarları › İş №2(103)-9798/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9798/2020

24.12.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9798/2020 24.12.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Alıyeva Gülər Neymət qızının katibliyi ilə, İddiaçı Eyubov Tahir Raquf oğlu cavabdeh “xxxx” BOKT-un “Ekspress Qazax” filialına qarşı əqdin və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə ərazi aidiyyəti ilə bağlı məhkəmələr arasında yaranmış fikir ayrılığına Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Eyubov Tahir Raquf oğlu cavabdeh “xxxx” BOKT-un “Ekspress Qazax” filialına qarşı əqdin və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Qazax Rayon Məhkəməsinə müraciət etmişdir İddia ərizəsi xx.xx.2020-ci il tarixdə Məhkəmənin icraatına qəbul edilmiş və xx xxxxxx 2020-ci il tarixə məhkəmə hazırlıq iclası təyin edilmişdir. Daha sonra Qazax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə mülki işin ərazi aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6429/2020 saylı xx xxxxxx 2020ci il tarixli qərardadı ilə mülki iş üzrə məhkəmələr arasında ərazi aidiyyəti ilə bağlı yaranmış fikir ayrılığının aradan qaldırılması üçün iş Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Qərardad onunla əsaslandırılmışdır ki, iddia ərizəsi üzrə cavabdeh qismində “xxxx” BOKT ASC deyil, məhz “xxxx” BOKT-un “Ekspress Qazax” filialı cəlb edilmiş və ərizə cavabdehin (“xxxx” BOKT-un “Ekspress Qazax” filialının) yerləşdiyi yer üzrə (Qazax şəhəri, H.Əliyev prospekti 99) Qazax Rayon Məhkəməsinə verilmiş və Qazax Rayon Məhkəməsi tərəfindən icraata qəbul edilmişdir. Belə ki, iddia əsl olmayan tərəfə qarşı qaldırıldıqda, bu iddiaçıya təklif edilməklə, məhkəmə iclasında əsl olmayan tərəfin əsl olan tərəflə əvəz edilməsi məsələsinin müzakirə olunması üçün əsas olmalı idi. İş materiallarından görünür ki, əsl olmayan tərəfin əsl olan tərəflə əvəz edilməsi ümumiyyətlə müzakirə edilmədən, iddiaçı tərəfindən iddia müdafiə edildiyi halda, cavabdeh “xxxx” BOKT-un “Ekspress Qazax” filialının nümayəndəsinin vəsatəti ilə “xxxx” BOKT ASC-nin ünvanının Bakı şəhəri, Yasamal rayonunda yerləşməsi əsasıyla mülki iş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, iş baxılması üçün Qazax Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) müvafiq olaraq aidiyyət qaydalarının pozulmasına yol verilmir. Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir (maddə 35.1). Hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir (maddə 35.2). Rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər (36.2). Aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir (maddə 44.1). İddia ərizəsi və ona əlavə olunmuş sənədlərlə təsdiq olunur ki, mülki iş üzrə cavabdeh “xxxx” BOKT-un “Ekspress Qazax” filialının ünvanı – Qazax şəhəri, Heydər Əliyev prospekti 99-dur. Mövcud vəziyyətdə iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə Qazax Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə icraata qəbul edilmiş, xx xxxxxx 2020-ci il tarixə məhkəmə hazırlıq iclası təyin edilmiş və mülki iş üzrə təyin olunmuş məhkəmə iclasının vaxtı barədə tərəflərə məlumat verilmişdir. Kollegiya yuxarıda qeyd olunan qanunvericilik normalarını rəhbər tutaraq qeyd edir ki, iş aidiyyət qaydalarına riayət edilməklə icraata qəbul edildiyindən mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Həmçinin Kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, Qazax Rayon Məhkəməsi cavabdeh “xxxx” BOKT-un “Ekspress Qazax” filialını “xxxx” BOKT ASC ilə əvəz etmədən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Hazırki halda iş materialları müəyyən olunur ki, cavabdeh “xxxx” BOKT-un “Ekspress Qazax” filialıdır. Qeyd olunanlar baxımından Qazax Rayon Məhkəməsi işi başqa məhkəməyə göndərməkdə haqlı olmamışdır. Ona görə də mülki iş baxılması üçün Qazax Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və MPM-in 44, 45, 397-398, 400-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Qazax Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar