Məhkəmə qərarları › İş №2(103)-980/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-980/2024

30.01.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-980/2024 30.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimləri X9 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X6 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Səaddin qızının katibliyi, İddiaçı1 və İddiaçı2 iştirakı ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehna qarşı (X8 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) "mirasın qəbul müddətinin uzadılması barədə" tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3759/2023 saylı 26 oktyabr 2023-cü il tarixli qətnaməsindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8 tərəfindən verilmiş apellyasiya şikayətlərinə baxaraq, aşağıdakıları MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh 1 saylı Bakı «ASAN Xidmət» Mərkəzində Notariat Ofisinə qarşı mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin uzadılması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, 03 fevral 2021-ci il tarixdə vəfat etmiş X3 miras qalmış Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, X12 küçəsi ev 4, mənzil 30 ünvanında yerləşən əmlakla bağlı mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin uzadılmasına dair qətnamə çıxarılmasını xahiş etmişlər. İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, X12 küçəsi, ev 4, mənzil 30 ünvanında yerləşən 1 otaqlı mənzil X7 şəxsi mülkiyyətində olmuşdur. Bu miras əmlak daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2010cu il tarixdə qeydiyyatdan keçmişdir. X10 03 fevral 2021-ci il tarixdə vəfat etmişdir. X10 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, X12 küçəsi, ev 4, mənzil 30 ünvanında yerləşən mənzili 12 fevral 2016-cı il tarixdə 1 Saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat Ofisində təsdiq edilmiş vəsiyyətnamə ilə onlara vəsiyyət etmişdir. X10 xəstə olduğu müddətdə ona onlar baxmış, qulluq etmiş, o, vəfat etdikdən sonra miras əmlaka faktiki olaraq sahiblik etməyə başlamış, idarəçiliyə qəbul etmiş və mirası faktiki olaraq qəbul etmişlər. X1 miras qalmış əmlaka dair vərəsəlik işi açılması və vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi ilə bağlı 1 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinə müraciət etmiş və verilmiş cavabda mirasın qəbulunun qanunla müəyyən edilmiş müddətinin ötürülməsinə görə, ötürülmüş müddətin bərpası ilə bağlı məhkəməyə müraciət edilməsi göstərilmişdir. Hüquqlarını bilmədiyindən, hüquqi savadsızlıq ucbatından vaxtında notariat kontoruna müraciət etməmişlər və bu müddət üzrlü səbəblərdən ötürülmüşdür. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-349/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Qətnamədən mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X8 apellyasiya şikayəti verərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-349/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin tam rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3928/2023 saylı xx.xx.2023-cü il saylı qərardadı ilə apellyasiya şikayəti qismən təmin olunmuş, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-349/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilməklə iddiaçılar İddiaçı2 və İddiaçı1n cavabdeh 1 saylı Bakı «ASAN Xidmət» Mərkəzində Notariat Ofisinə qarşı “mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin uzadılması” tələbinə dair mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nərimanov rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3759/2023 nömrəli, 26 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin qətnamədən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8 apellyasiya şikayəti verərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3759/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin tam rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 və İddiaçı2 qanunvericiliyə uyğun qərar qəbul edilməsini xahiş etmişdirlər. Cavabdehə və üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehna qarşı "mirasın qəbul müddətinin uzadılması barədə" tələbinə dair mülki iş üzrə icraata Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinin tələbinə uyğun olaraq xitam verilməlidir. Belə ki, Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “X4 şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 07 iyul 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2010-cu il tarixli Qərarında əks edilmiş hüquqi mövqeyinə əsasən “.... iş məhkəmədə baxılmalı olmadıqda iddia tələbinin tam və ya qismən yolverilməzliyini nəzərdə tutan bu vacib institut bir sıra mühüm məqsədlərə xidmət edir. Belə ki, məhkəmədə baxılmalı olmayan iddia ərizələrinin yolverilməzliyi və ya artıq icraata qəbul edilmiş işlərə xitam verilməsi faktiki olaraq mübahisəli hüquq münasibətinin hələ yaranmadığı və məhkəmədən kənar baxılmalı olan işlərlə məhkəmələrin lüzumsuz yüklənməsinin qarşısını alır. Bu institut, eyni zamanda, tərəflərin öz aralarında olan mübahisəli məsələləri həll etmək üçün malik olduqları daha geniş imkanlardan səmərəli istifadə etməsinə şərait yaradır.” Göründüyü kimi, iş məhkəmədə baxılmalı olmadıqda iş üzrə icraata xitam verilməlidir. Mülki mühakimə icraatı zamanı işin məhkəmədə baxılmalı olmaması əsası ilə üç halda işin icraatına xitam verilə bilər – iş məhkəməyə aid olsa da, mülki mühakimə icraatı qaydasında deyil, başqa məhkəmə icraatı qaydasında (cinayət, inzibati və ya inzibati xətalara dair işlər üzrə icraat) baxılmalı olduqda, iş məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda baxılmalı olduqda və iş ümumiyyətlə, şəxsin hər hansı hüququnun və qanunla qorunan mənafeyinin pozuntusuna səbəb olmayan hərəkətin (hərəkətsizliyin), aktın və s. mübahisələndirilməsinə yönəlmiş mülki mühakimə icraatı qaydasında baxılmasına yol verilməyən iddianın qaldırılmasına aid olduqda. İş materiallarından göründüyü kimi X10 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. İddiaçılar İddiaçı2 vəfat etmiş həmin şəxsin oğlu, İddiaçı1 isə nəvəsidir. Üçüncü şəxs X8 isə İddiaçı2 (anadan bir, atadan ayrı) qardaşı, İddiaçı1 isə əmisidir. Hal-hazırda vəfat etmiş X10 tərəfindən iddiaçıların adına tərtib edilmiş Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, X12 küçəsi, ev 4, mənzil 30 ünvanında yerləşən daşınmaz əmlaka dair mübahisələndirilməmiş 12 fevral 2016-cı il tarixli vəsiyyətnamə mövcuddur. xx.xx.2022-ci il tarixdə İddiaçı2 vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə 1 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat ofisinə müraciət etmiş və müddət ötürüldüyünə görə ona məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. İddiaçılar məhkəməyə müraciət edərək, əmlakın miras kimi qəbul edilməsi üçün ötürülmüş müddətin bərpa edilərək, uzadılmasını xahiş etmişlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli Qərarda göstərilmişdir ki, Mülki Məcəllənin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməli, Mülki Məcəllənin mirasın qəbulu institutunun tələblərindən irəli gələn hüquqi tənzimləmələrin bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilməli, mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilməlidir. Göstərilənlərlə yanaşı Konstitusiya Məhkəməsinin Plenumu “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 1-ci bəndindən irəli gələrək həmçinin qeyd etmişdir ki, notariuslar tərəfindən vərəsəliklə bağlı notarial hərəkətlər həyata keçirilərkən şəxslərə müvafiq hərəkətlərlə bağlı onların hüquq və vəzifələri izah edilməli, bu hüquqların həyata keçirilməsi və qanuni mənafelərinin qorunması üçün köməklik göstərilməli, o cümlədən yerində olmayan vərəsələrin məlumatlandırılması üçün bütün mümkün vasitələrdən istifadə olunmalıdır. Belə ki, Mülki Məcəllənin mirasın qəbul edildiyi müddət başlıqlı 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248.1-ci maddəsinə müvafiq olaraq, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Konstitusiya Məhkəməsi sözügedən Qərarda hesab etmişdir ki, vərəsəlik hüququnun xüsusi qəbul müddətinə tabe tutulması hüquqi müəyyənlik və mütənasibliklə bağlı Konstitusiya prinsiplərinin tələblərinə cavab vermədiyindən, mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına gətirib çıxardığından, Mülki Məcəllənin 1246-cı maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə və 71-ci maddəsinin İİ hissəsinə uyğun hesab edilə bilməz. Belə ki, hüquq müəyyənliyi və sabitliyi, vərəsələrin, habelə miras qoyanın və vərəsələrin kreditorlarının mənafeləri baxımından bu hüquqdan istifadə imkanı qanunverici tərəfindən müəyyən müddətlə məhdudlaşdırılmamalıdır. Yuxarıda qeyd edilənlərə əsasən müəyyən edilir ki, hazırda mübahisə predmeti olan məsələ, yəni mirasın qəbul edilməsi üçün qanunvericiliklə müəyyənləşdirilmiş müddətin uzadılmasına dair mübahisə, Mülki Məcəllənin vərəsəlik hüququ ilə əlaqədar xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri qüvvədən düşdüyü üçün mülki qanunvericilik tənzimlənməsindən çıxmış, bununla da mübahisəli məsələ olaraq öz aktuallığını itirmişdir. Belə olan halda sözügedən Konstitusiya Məhkəməsinin Qərarı ilə mübahisəli hüquq münasibətinin mövcudluğu aradan qaldırıldığı üçün artıq icraata qəbul edilmiş bu iş üzrə icraata xitam verilməlidir. Mülki Prosessual Məcəllənin 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3759/2023 saylı 26 oktyabr 2023-cü il tarixli qətnaməsi ləğv edilməli, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehna qarşı (X8 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) "mirasın qəbul müddətinin uzadılması barədə" tələbinə dair mülki iş üzrə icraata Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinin tələblərinə uyğun olaraq, mübahisəli hüquq münasibətini tənzimləyən norma qüvvədən düşmüş hesab edildiyi üçün, xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3759/2023 saylı 26 oktyabr 2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehna qarşı (X8 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) "mirasın qəbul müddətinin uzadılması barədə" tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Tərəflərə izah olunsun ki, Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər Sədrlik edən hakim: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar