Məhkəmə qərarları › İş №2(103)-9803/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9803/2021

27.10.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9803/2021 27.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, Cavabdeh nümayəndəsi Əliyev Rəşad Vaqif oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3915/2021 saylı 07 iyul 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən abonent kodu **********10000 olan 1102AQ**********8 saylı qaz sayğacına 9720 m3 həcmində itirilmiş qaz sərfiyyatına görə qanunsuz olaraq hesablanmış cari 1944 manat məbləğində borcun və sayğacın dəyəri olaraq hesablanmış 235,88 manat məbləğində pulun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3915/2021 saylı 07 iyul 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, Cavabdeh tərəfindən İddiaçı **********10000 saylı abonent koduna itirilmiş qazın bərpası üzrə hesablanmış 1944 (min doqquz yüz qırx dörd) manat məbləğində borcun silinməsi qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh “Azəriqaz" İB-nın maraqlarına zidd çıxarılmış müvafiq məhkəmə qətnaməsi ilə “Azəriqaz" İB-nın hüquq və mənafeyi pozulmuşdur. Birinci instansiya məhkəməsi qaydasında işə baxan məhkəmə işin faktiki, həqiqi hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki ha’ilarına düzgün hüquqi qiymət verməmiş, qüvvədə olan maddi və prosessual hüquq normalarını da mülki iş üzrə düzgün tədbiq etməmiş, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul etmişdir. Qeyd olunanlara əsasən qətnamə ləğv edilməli və iddia tələbi rədd edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədə göstərilən dəlillər işin faktiki və həqiqi hallarına uyğun olmadığından, işin faktiki və həqiqi halları məhkəmə tərəfindən tam, obyektiv və hərtərəfli araşaırılmadığından məhkəmə tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Mübahisələndirilən 1944 manat borc məbləği istehlakçı Yaqubov Paşa Malik oğluna məxsus olmuşdur. Mübahisələndirilən borc məbləğinin silinməsini xahiş edən İddiaçı müvafiq mülki iş üzrə iddia tələb hüququ olmamışdır və məhkəməyə müraciət etmək huququ rəsmi sənədlərlə də təsdiq edilməmişdir. İddia ərizəsinə Paşa Yaqubovla yaxın qohumluq əlaqəsini təsdiq edən hər-hansı sənəd və İddiaçı Paşa Yaqubovun adından məhkəmə iclasında iştirak etməyə əsas verəcək etibarnamə əlavə edilməmişdir. Bundan əlavə Paşa Yaqubovun iddia ərizəsində imzası yoxdur. Faktiki borculu olan kəs İddiaçı deyil Paşa Yaqubovdur. Məhkəmə iclasında iddiaçı Paşa Yaqubovun 25.11.1996-cı il tarixində vəfat etdiyini bildirsə də, qeyd edilən faktı təsdiq edəcək ölüm haqqında şəhadətnamə məhkəməyə təqdim edilməmişdir. (Qətnamədə həmin sənəd barədə heç bir qeyd yoxdur). Belə ki, məhkəmə işi qeyri-obyektiv araşdırmış və **********10000 saylı abonent kodunun Yaqubov Paşa Malik oğlunun adına qeydiyyata alındığını bildirmiş, abonnent saldosundan görünür ki, qeyd edilən kod Yaqubov Paşa Malik oğluna məxsusdur. Faktiki olaraq İddiaçı Yaqubov Paşa Malik oğlunun oğlu olsa da, onunla birlik arasında öhdəliklərin yarandığını təsdiq edən hər-hansı müqavilə yoxdur. Belə olan halda İddiaçı borcun silinməsi kimi tələbləri irəli sürmək üçün subyektiv hüququ yoxdur. İş materiallarına əlavə edilmiş abonent saldosundan da görünür ki, həmin borcun iddiaçı deyil, digər şəxs Yaqubov Paşa Malik oğluna məxsus olduğu müəyyən edilmişdir. İddiaçı da həmin borcun silinməsini məhkəmədən xahiş etmiş, məhkəmə də yekun nəticədə iddia tələbini təmin etdiyini göstərmiş, lakin bununla belə məhkəmə həmin borcu tam silməklə iddia tələbini tam təmin etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi Əliyev Rəşad Vaqif oğlu apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş İddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmiş və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası izahatı dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3915/2021 saylı 07 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 21.09.2018-ci il tarixli ******* saylı aktdan görünür ki, 29/1710-01628/3-31 saylı rəyə əsasən 1102AQ**********8 nömrəli sayğaca baxış keçirilən zaman həmin sayğacın çıxış plastmas borusunun deşilməsi qeyd olunmuş, dəymiş ziyanın hesablanması tələb olunmuşdur. İş materiallarında olan 18.03.2021-ci il tarixli Gasrep sənədindən görünür ki, iddiaçının **********10000 nömrəli abonent hesabına 2018-ci ilin dekabr ayı üzrə 1944 manat borc hesablanmışdır, cari borc 1944 manat təşkil edir. İş materiallarında olan ARDNŞ-nin Cavabdeh İB-nin QSN 29/1710-01628/3-31 saylı aktına əsasən 1102AQ**********8 nömrəli sayğacın çıxış plasmas borusunun deşilməsi nöqsanı barədə qeyd aparılmış, qaz itkisi, müdaxilə nəticəsinə gəlinmişdir. İş materiallarında olan Cavabdeh İB-nin 21.09.2018-ci il tarixli hesabatın surətindən görünür ki, **********10000 saylı abonent kodu üzrə qaz sayğacına müdaxilə olunmuş və nəticəsə qaz itkisinin yaranması barədə nöqsan aşkarlanmış, itirilmiş qazın bərpası üzrə 9720 metr3 qazın dəyərinin ödənilməsi qərara alınmışdır. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. İş materiallarından müəyyən olunduğu kimi, tərəflər arasında yaranmış hazırkı mübahisə Cavabdeh İB-nin nümayəndələrinin iddiaçının qanunsuz şəkildə qoşulmaqla sayğacdan kənar qaz xətindən istifadə etməsi və bununla da mülki hüquq pozuntusu törətməsini iddia etməsi və iddiaçının barəsində təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib edərək vurulmuş ziyanın iddiaçıdan ödənilməsini tələb etməsi ilə bağlı yaranmışdır. İş materiallarında olan Cavabdeh İB-nin təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlarının surətindən görünür ki, Cavabdeh İB-nin nümayəndələri tərəfindən qeyd olunan ünvanda təbii qazın uçotu və təbii qazdan istifadə qaydalarına riayət olunması yoxlanılmış, aktda sayğacdan kənar təbii qaz xətti aşkar olunduğu qeyd edilmiş və akt Cavabdeh İB-nin nümayəndələri tərəfindən imzalanmışdır. Həmin aktlar əsasında itirilmiş qazın həcmi müəyyən edilərək hesablanmış borc məbləğinin ödənilməsi iddiaçıdan tələb edilmişdir. İddiaçıya aid sayğacdan kənar təbii qaz xəttinin olduğunu sübut etmək cavabdehin üzərinə düşməsinə baxmayaraq cavabdeh iddiaçıya aid sayğacdan kənar təbii qaz xəttinin olmasını təsdiq edəcək sübutlar təqdim edə bilməmişdir. Belə ki, cavabdehin təqdim etdiyi təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt cavabdehin nümayəndələri tərəfindən imzalanmış və cavabdeh tərəfin iradə ifadəsini özündə əks etdirir. Lakin mübahisələndirilən halın mövcud olmasını sübut etmək üçün bir tərəfin (yəni cavabdehin) iradə ifadəsi yetərli deyildir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin hallan barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, cavabdeh tərəfindən tutarlı əsas gətirilmədən, borcun iddiaçının günahı ucbatından yaranması sübut edilə bilməmişdir və hər hansı mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə, iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək haqlı olaraq hesab etmişdir ki, fiziki şəxs olan istehlakçıların qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından, o cümlədən sayğaca müdaxilədə iddiaçının təqsiri müəyyən edilmədiyindən, İddiaçı **********10000 saylı abonent koduna Cavabdeh tərəfindən itirilmiş qazın bərpası üzrə hesablanmış 1944 manat borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Apellyasiya şikayətinin dəlilinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətinin dəlillər formal mülahizələr olmaqla qanuni və əsaslı məhkəmə qətnaməsin ləğvi üçün əsas ola bilməz. Belə ki, iş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamənin sürətindən görünür ki, Yaqubov Paşa Malik oğlu 26.11.1996-cı il tarixində “kəsin ürək-damar çatışmazlığı” səbəbindən ölmüşdür. Cavabdeh isə 21.09.2018-ci il il tarixində Yaqubov Paşa Malik oğlunun adına akt tərtib etmişdir. Göründüyü kimi, yuxarıda qeyd olunanlrla yanaşı Cavabdeh tərəfindən ölmüş şəxs Yaqubov Paşa Malik oğluna qanunsuz akt tərtib etmişdir. Həmçinin kollegiya qeyd edir ki, iş materiallarından görünür ki, iddia ərizəsi İddiaçı tərəfindən imzalanmışdır. Ona görə də, apellyasiya şikayətinin qeyd edilən dəlili də əsassızdır və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3915/2021 saylı 07 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 385, 392, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh İB-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3915/2021 saylı 07 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar