Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9808/2021 29.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Cabbarlı Sahibə Məmmədbağı qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" İstehsalat Birliyinə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 2(011)-1552/2021 saylı, 30.06.2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları:
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" İstehsalat Birliyi tərəfindən ona ünvan 1 ünvanında yerləşən yaşayış evinə dair hesablanmış 966 manat məbləğində debitor borcun əsassız hesab edilərək silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanında yaşayır, cavabdehlə olan müqaviləyə əsasən, həmin ev smart tipli sayğac quraşdırılaraq qazla təchiz edilmişdir, bir müddət sonra "xxxx" İB tərəfindən ona əsassız olaraq 966 manat borc hesablanmışdır, borcun yaranma səbəbini öyrənmək məqsədilə birliyə müraciət etdikdə isə həmin yaşayış evinə gedən kənar xəttin aşkar edilməsinə görə yaranmış qaz itkisi barədə akt tərtib olunduğu ona məlum olmuşdur, lakin bu barədə cavabdeh tərəfindən ona heç bir sənəd təqdim edilməmişdir, iddiaçı əsassız hesablanmış borcun silinməsi tələbi ilə "xxxx" İB-nə müraciət etdikdə onlar müvafiq sənədləri təqdim edərək, borcun silinməsindən imtina etmişlər, hətta 28.02.2019-cu il tarixində həmin evə baxış keçirilən zaman onun iştirakı təmin edilməmiş, evdə hər hansı kənar xətt olmadığı halda, belə bir xəttin olması göstərilmişdir, halbuki, "xxxx" İB-nin əməkdaşları heç vaxt həmin evin həyətində olmamış, heç bir qanunsuz kənar xətt aşkar etməmişlər, bu səbəbdən ona əsassız olaraq hesablanmış 966 manatın tələb edilməsi qanunsuzdur. Sonda İddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
3. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1552/2021 saylı, 30.06.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, İddiaçı **********00123 saylı abonent koduna "xxxx" İstehsalat Birliyi tərəfindən itirilmiş qazın bərpası üzrə hesablanmış 966 (doqquz yüz altmış altı) manat məbləğində borc silinməsi, "xxxx" İstehsalat Birliyindən 30 (otuz) manat dövlət rüsumu alınaraq Dövlət Büdcəsinə ödənilməsi, Ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (yüz) manat məbləğində pul "xxxx" İstehsalat Birliyindən alınaraq dövlət büdcəsinə (büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, SAP XİİİS hesabı: Dövlət xəzinadarlığı Agentliyi, kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN:**********, Hesab: AZ34CTRE********************) ödənilməsi qət edilmişdir (sədrlik edən: Şəhriyar Əliyev).
4. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1552/2021 saylı, 30.06.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri:
5. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qəbul etmədiyi bu borcu araşdırmamış, bununla bağlı məhkəmə ekspertiza təyin etsə də, ekspertizanın nəticələri suallar doğurur, bundan əlavə borcu abonent bazasına bunu yazan texnik və operatorları şahid qismində məhkəməyə dəvət etməmiş qeyriobyektiv qərar qəbul etmişdir. Məhkəmənin bu növ hərəkəti anlaşılan deyildir.İş materiallarında 10/1120 saylı 08.05.2021-ci il tarixli ekspert rəyindən görünür ki, tədqiqatın nəticəsi olaraq, ünvan 3 ünvanına təbii qazdan istifadə ilə əlaqədar sayğacdan kənar hər-hansı kənar qoşulma halı, eləcə də, paylayıcı qaz xəttinin üzərində əvvəllər qoşulmaya xas olan izlər (borucuq, qaynaq və s.) aşkar edilməmişdir. Lakin iş materiallarında olan fotoşəkillərin müqayisəli ekspertizası həyata keçirilməmiş, fotoşəkillərdə görsənən nöqsanların həqiqətən də, sözügedən mənzilə aid olmasına baxmayaraq bu xüsus nə ekspert tərəfindən, nə də, hakim tərəfindən araşdırılmamışdır. Bu isə məhkəmənin, həm də, ekspertizanın kifayət qədər obyektiv olaraq həyata keçirilməməsinin nəticəsi kimi dəyərləndirilə bilər, Tərəflərin izahatları:
6. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı izahat verərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
7. Kollegiya iclasının yeri və vaxtı barədə cavabdehə lazimi qaydada məlumat verilməsinə baxmayaraq iclasda iştirak etmir və gəlməmə səbəbi barədə məhkəməyə məlumat verməmişdir.
8. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Sübutların tədqiqi:
9. İş materiallarında olan 30.11.2020-ci il tarixli Gasrep sənədindən görünür ki, iddiaçının **********00123 nömrəli abonent hesabına 2020-ci ilin noyabr ayı üzrə 972 manat borc hesablanmış, borca görə tutulma 6 manatdır, cari borc 966 manat təşkil edir .
10. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 28.02.2019-cu il tarixli ******* saylı akta əsasən, mənzilin qaz sayğacına baxış keçirilən zaman abonentin təbii qazdan qeyri-qanuni, sayğacdan kənar istifadə etməsi barədə nöqsan aşkar olunmuş, dəymiş ziyanın hesablanması və ödənilməsi barədə qeyd əks olunmuşdur.
11. İş materiallarında olan “Dəymiş ziyanın bərpasına dair” 28.02.2019-cu il tarixli tələbnamənin surətindən görünür ki, **********00123 saylı abonent kodu üzrə sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsilə təbii qazdan istifadə olunduğu aşkar olunmuş və itirilmiş qazın bərpası üzrə 9720 metr3 qazın dəyərinin ödənilməsi qərara alınmışdır.
12. İş materiallarında olan 10/1120 nömrəli 08.05.2021-ci il tarixli ekspert rəyindən görünür ki, tədqiqatın nəticəsi olaraq, ünvan 2 ünvanına təbii qazdan istifadə ilə əlaqədar sayğacdan kənar hər hansı kənar qoşulma halı, eləcə də paylayıcı qaz xəttinin üzərində əvvəllər qoşulmaya xas olan izlər (borucuq, qaynaq və s.) aşkar edilməmişdir.
13. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Hüquqi dəyərləndirmə:
14. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğacdan kənar, təbii qazdan qeyri-qanuni istifadə edilməsi barədə "xxxx" İB-nin əməkdaşları tərəfindən akt tərtib edilmiş, həmin ünvanda təbii qazın itirilməsi barədə və onun dəyəri kimi 2020ci ilin noyabr ayı üzrə 972 manat borc hesablanmış, həmin məbləğdən 6 manat borca görə tutulmuşdur. Hazırda iddiaçının qalıq borcu 966 manatdır və bu məbləğ ondan tələb edilir. Bununla belə, iddiaçının sayğaca müdaxilə etməsi halları məhkəmə tərəfindən aşkar olunmamışdır.Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı əsassız olaraq hesablanmış 966 manat borcun hesabdan silinməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.
15. Kollegiya cavabdehin “borcun yaranmasının əsası kimi qaz sərfiyyatına görə İddiaçı abonent hesabına 966 manat borc hesablanması barədə tərtib edilmiş ******* saylı akta və həmin akt əsasında 28.02.2019-cu il tarixdə tərtib edilmiş tələbnamənin qanuni olması” barədə dəlillərinə münasibətdə qeyd edir ki, həmin akt və tələbnamə abonentin hesabına təbii qazın bərpası məqsədilə əlavə olunmuş borcun yaranması üçün əsas kimi məhkəmə tərəfindən qəbul oluna bilməz.
16. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir.Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.
17. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9- cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.
19. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.
20. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 3-cü maddəsinə əsasən, istehlakçıların öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafıəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafıəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfıyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər.
21. Cavabdehin borcu abonent bazasına yazan texnik və operatorları şahid qismində məhkəməyə dəvət edilməməsinə,iş materiallarında olan fotoşəkillərin müqayisəli ekspertizası həyata keçirilməməsinə dair apellyasiya şikayətinin dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi baxışı zamanı ekspertiza keçirilmiş və ekspert rəyində sayğaca müdaxilənin aşkar olunmaması göstərilmişdir. Mülki Prosessual Məcəllənin 101.7-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Qeyd edilən ekspert rəyinin mötəbərliyinə şübhə yaradan hər hansı hal aşkar edilmədiyindən kollegiya bildirir ki , onun sübut kimi istifadə edilməsi Mülki Prosessual Məcəllənin tələblərinə uyğundur. Belə olan təqdirdə cavbdehin apellyasiya şikayətinin dəlili əsassızdır və qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz
22. Beləliklə,Məhkəmə Kollegiyası, iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, İddiaçı cavabdeh "xxxx" İstehsalat Birliyinə qarşı “borcun silinməsi” tələbinə dair iddia tələbinin təmin edilməsinə dair birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmuşdur.
23. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.
24. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
25. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
27. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə: Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi
q ə t e t d i:
Cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1552/2021saylı, 30.06.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilə bilməz.