Məhkəmə qərarları › İş №2(103)-9809/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9809/2021

19.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9809/2021 19.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X5 oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «pul» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16 yanvar 2020-ci il tarixli, 2(011)-1077/2020 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC (bundan sonra, iddiaçı) Cavabdeh (bundan sonra, cavabdeh) qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, 17.11.2017-ci il tarixli müqaviləyə əsasən 315 manat ödənilməmiş hissə, 31 manat cərimə; 11.08.2018-ci il tarixli müqaviləyə əsasən 288 manat ödənilməmiş hissə, 28 manat cərimə; 10.09.2018-ci il tarixli müqavilələrə əsasən isə müvafiq olaraq 818 manat ödənilməmiş hissə, 81 manat cərimə və 50 manat ödənilməmiş hissə və 5 manat cərimə olmaqla, ümumilikdə 1616 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, aralarında bağlanmış 17.11.2017ci il, 10.09.2018-ci il və 11.08.2018-ci il tarixli müqavilələrə əsasən, cavabdeh İMEİ Kodu **********26637 Samsung Galaxy J7 markalı telefon, İMEİ kod **********31801 Xiaomi Redmi 5 markalı telefon, noutbuk, mauz və noutbuk çantası almış, lakin müqavilənin şərtlərini pozaraq öhdəlilərini vaxtı-vaxtında icra etməmiş və nəticədə 1471 manat əsas, 145 manat cərimə olmaqla, cəmi 1616 manat borcu yaranmışdır. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılması xahiş olunmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16 yanvar 2020-ci il tarixli, 2(011)- 1077/2020 saylı qətnaməsi ilə (hakim Pərviz Zamanlı) iddia təmin olunmuşdur. Cavabdeh, qeyd edilən qətnamədən apellyasiya şikayəti verərək, onun təmin olunmasını xahiş etmiş, şikayətini – qətnamənin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, iddiaçıya olan borcundan cəmi 514 manat ödəniş etməsi, lakin nəzərə alınmaması, 22.10.2019-cu il tarixdə isə hərbi xidmətə çağırılması və müharibədə iştirak etməsi ilə əlaqədar ödənişlərini həyata keçirə bilməməsi, mağaza tərəfindən bu müddətdə ona güzəşt olunmaması və s. kimi əsaslandırmışdır. Tərəflərin izahatlari, prosessual məsələlər: Məhkəmə baxışında iştirak edən cavabdeh apellyasiya şikayətini müdafiə edərək, orada göstərilən dəlillərə uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, hazırki vaxtda müqavilələr üzrə ona hesablanmış əsas borc məbləğlərini qəbul edir. Lakin 22.10.2019-cu il tarixə hərbi xidmətə getdiyindən, daha sonra isə müharibədə iştirak etməklə müddətdən 3 ay artıq xidmətdə olduğundan, ödənişlərini həyata keçirə bilməmişdir. İddiaçı isə, bu müddətdə əsas borca cərimələr hesablamağa davam etmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini, iddiaçı tərəfindən hesablanmış cərimə məbləğlərinin silinməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi isə, apellyasiya şikayətinə etiraz edərək, iddia ərizəsində göstərilənlərə uyğun eyni məzmunda izaat vermiş və məhkəmə kollegiyasından şikayətin təmin olunmamasını xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni cərimə borcuna aid hissədə ləğv olunmalı, iddia həmin hissədə qismən təmin olumalıdır. Belə ki, işdə olan sənədlərdən görünür ki, tərəflər arasında bağlanmış: - 17.11.2017-ci il tarixli, 294118 saylı müqaviləyə əsasən, iddiaçı İMEİ Kodu **********26637 Samsung Galaxy J7 markalı telefonu cavabdehə verməyi, sonuncu isə həmin malın 700 manat dəyərini 20 ay müddətinə hər ay 35 manat olmaqla ödəməyi öz öhdəsinə götürmüşdür. İddiaçı, öhdəliyini icra edərək müqavilədə nəzərdə tutulmuş malı cavabdehə vermiş və tərəflər arasında ödəniş qrafiki razılaşdırılmışdır. Buna baxmayaraq, cavabdeh, öhdəliyin icrasını gecikdirərək borcunu qrafik üzrə qaytarmamış və 04.12.2019cu il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən, 315 manat əsas, 31 manat cərimə olmaqla, cəmi 346 manat borcu qalmışdır. - 11.08.2018-ci il tarixli, 247203 saylı müqaviləyə əsasən, iddiaçı İMEİ kod **********31801 Xiaomi Redmi 5 telefonu cavabdehə verməyi, sonuncu isə həmin malın 360 manat dəyərini 15 ay müddətinə hər ay 24 manat olmaqla ödəməyi öz öhdəsinə götürmüşdür. İddiaçı, öhdəliyini icra edərək müqavilədə nəzərdə tutulmuş malı cavabdehə vermiş və tərəflər arasında ödəniş qrafiki razılaşdırılmışdır. Buna baxmayaraq, cavabdeh, öhdəliyin icrasını gecikdirərək borcunu qrafik üzrə qaytarmamış və 04.12.2019-cu il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən, 288 manat əsas, 28 manat cərimə olmaqla, cəmi 316 manat borcu qalmışdır. - 09.09.2018-ci il tarixli, K00286782 saylı müqaviləyə əsasən isə, iddiaçı noutbukun, maus və noutbuk çantasını cavabdehə verməyi, sonuncu isə həmin malın 925 manat dəyərini 24 ay müddətinə 12 ay 41 manat, qalan 12 ay isə 36 manat olmaqla ödəməyi öz öhdəsinə götürmüşdür. İddiaçı, öhdəliyini icra edərək müqavilədə nəzərdə tutulmuş malı cavabdehə vermiş və tərəflər arasında ödəniş qrafiki razılaşdırılmışdır. Buna baxmayaraq, cavabdeh, öhdəliyin icrasını gecikdirərək borcunu qrafik üzrə qaytarmamış və 04.12.2019cu il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən, 868 manat əsas, 86 manat cərimə olmaqla, cəmi 954 manat borcu qalmışdır. - İddiaçı tərəfindən 13.03.2019-cu il tarixdə qeyd olunan müqavilələr üzrə borcun ödəməsi barədə cavabdehə xəbərdarlıq göndərmişdir. Azərbaycan Mülki Məcəllənin (bundan sonra, MM) 462-ci və 463.1-ci maddələrinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olaraq yazılı formada bağlanmalıdır. Tərəflər arasında bağlanmış 17.11.2017-ci il tarixli müqavilənin 3.3-cü bəndində, 11.08.2018-ci il və 09.09.201-ci il tarixli müqavilələrin isə tərkib hissəsi olan ödəniş cədvəlinin 2-ci bəndinə görə, ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlandıqda müştəri (cavabdeh) müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 % həcmində mübahisəsiz olaraq peniya ödəməyə borcludur. İş materiallarına əlavə edilmiş maliyyə və ödəniş cədvəlindən aydın olur ki, iddiaçı 294118 saylı müqavilə üzrə gecikdirilimiş 270 gün müddət üçün 31 manat, 247203 saylı müqavilə üzrə gecikdirilimiş 360 gün müddət üçün 28 manat və K00286782 saylı müqavilə üzrə gecikdirilimiş 420 gün müddət üçün 81 manat, K00286782 saylı müqavilə üzrə gecikdirilimiş 300 gün müddət üçün 5 manat cərimə məbləği tələb etmişdir. İddiaçıya məxsus ******* nömrəli hərbi biletdə olan qeydlərdən görünür ki, o, 22.10.2019-cu il tarixdən 03.07.2021-ci il tarixədək hərbi xidmətdə olmuş və 27.09.2020-ci il tarixdən 10.11.2020-ci il tarixədək Füzuli, Xocavənd rayonları istiqamətində gedən döyüş əməliyyatlarında iştirak etmiş, «Füzulinin azad olunmasına görə» medalla təltif olunmuşdur. Göründüyü kimi, iddiaçı müqavilə müddətlərinin müəyyən hissəsində hərbi xidmətə olduğu üçün müqavilə üzrə öhdəliklərini vaxtında icra edə bilməmişdir. Belə olan birinci instansiya məhkəməsi tərəfindən cərimələrin tam həcmdə təmin olunması qanuni və ədalətli sayıla bilməz. MM-in 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz sürətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelər nəzərə alınır. Bu baxımdan, Kollegiya hesab edir ki, cərimə məbləğləri azaldılaraq, 17.11.2017-ci il tarixli müqavilə üzrə 3 manat, 11.08.2018-ci il tarixli müqavilə üzrə 2 manat, 09.09.2018ci il tarixli müqavilə üzrə isə 8 manat həddində müəyyən edilməlidir. Bununla yanaşı, məhkəmə kollegiyası hesab edir ki, qətnamə qalan hissədə əsaslıdır. Çünki, işdə olan sübutlara əsasən cavabdeh iddiaçıdan müqavilələr üzrə aldığı əşyaların ümumi satış qiyməti 1985 manat təşkil etmiş, cavabdeh həmin pul vəsaitində ümumilikdə 514 manat ödəniş etmiş, 1471 manat borclu qalmışdır. Cavabdeh apellyasiya şikayətində 514 manat ödənişinin nəzərə alınmamasını göstərsə də, işdə olan sübutlara əsasən cavabdehin həyata keçirdiyi ödənişlər nəzərə alınmış, bu səbəbdən də əsas borc üzrə 1471 manat tələb olunmuşdur. Cavabdeh apellyasiya baxışı zamanı verdiyi izahatında bu halı təsdiq edərək, əsas borcla razılaşdığını göstərmişdir. Cavabdeh apellyasiya şikayətində iddiaçı tərəfindən ödənişlərlə bağlı ona güzəşt olunmamasını qeyd etmişdir ki, bu hal da tərəflər arasında qarşılıqlı razılıqla həll oluna bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, qətnamə qismən, yəni cərimələrin tutulması hissəsində ləğv olunmalı, iddia həmin hissədə qismən təmin olunmalı, cavabdehdən iddiaçının xeyrinə 17.11.2017-ci il tarixli müqavilə üzrə 3 manat, 11.08.2018-ci il tarixli müqavilə üzrə 2 manat, 09.09.2018-ci il tarixli müqavilə üzrə isə 8 manat məbləğində cərimə borcu tutulmalı, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 404-1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «pul» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16 yanvar 2020-ci il tarixli, 2(011)-1077/2020 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16 yanvar 2020-ci il tarixli, 2(011)- 1077/2020 saylı qətnaməsi qismən, yəni cərimələrin tutulması hissədə ləğv olunsun, iddia həmin hissədə qismən təmin olunsun. Cavabdeh iddiaçı "xxxx" MMC-nin xeyrinə 17.11.2017-ci il tarixli, 294118 saylı müqavilə üzrə 3 (üç) manat, 11.08.2018-ci il tarixli, 247203 saylı müqavilə üzrə 2 (iki) manat, 09.09.2018-ci il tarixli, K00286782 saylı müqavilə üzrə 8 (səkkiz) manat cərimə borcu tutulsun. Qətnamə qalan hissədə apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar