Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-981/2024 30.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (məruzəçi), X2 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul tələbi” barədə mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3425/2023 nömrəli, 07 noyabr 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra, iddiaçı) Cavabdeh (bundan sonra, cavabdeh) qarşı «pul tələbi” barədə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli, 03921620 nömrəli müqaviləyə əsasən “İ-Phone 13 Pro” mobil telefon və “Apple 20 W USB-C” adapter üçün 3288,96 manat ödənilməmiş hissə, 328,04 manat cərimə borcu olmaqla, ümumilikdə 3617 (üç min altı yüz on yeddi) manat məbləğində borc və 56,17 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında xx.xx.2022-ci il tarixli, 03921620 nömrəli müqavilə bağlanmış, cavabdeh “İ-Phone 13 Pro” mobil telefon və “Apple 20 W USB-C” adapter alaraq 3617 manat öhdəliyi yaranmışdır. Cavabdeh tərəfindən müqavilənin şərtləri pozularaq alqı-satqı qiyməti 3387,36 manat olan “İ-Phone 13 Pro” mobil telefon və “Apple 20 W USB-C” adapter ümumilikdə 3617 manat olmaqla, onun 3288,96 manat ödənilməmiş hissə, 328,04 manat isə cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 98,4 manat təşkil etmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində Müştəri mübahisəsiz olaraq penya ödəyir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3425/2023 nömrəli, 07 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Fariz Əlizadə) iddia təmin edilmişdir. Cavabdeh, qeyd edilən qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə cavabdehlə “Nisyə alqı-satqı müqaviləsi” bağlanmış, bu müqaviləyə görə iddiada qeyd edilən mobil telefon və proqramlar hissə-hissə ödənilməklə satın alınmışdır. Təəssüflər olsun ki, bir müddət keçdikdən sonra mobil telefondan istifadə etmək qeyri mümkün olmamış. Əvvəllər də ara-sıra ortaya çıxan növbəti problemlər yarandı: wifi şəbəkəsinə, İnternete qoşulmur, qoşulanda da tez-tez sıradan çıxır, tez-tez donmalar baş verir, öz-özünə sönür, bir sözlə onu istifadə etmək mümkünsüz idi. Bu səbəbdən o, bir-neçə dəfə “Kontakt home” mağazasına müraciət etmiş və onu servislərinə istiqamətləndirmişlər. Servisdə problemlərin mövcud olduğunu təsdiqləmişlər və bu barədə mağazaya da məlumat verilmişdir. Həmçinin servisdən bildirmişlər ki, qüsur aradan qaldırıldıqdan sonra da bu problemlərin təkrar yaranmayacağına qarantiya vermirlər. Bu səbəbdən də mobil telefonun dəyişdirilməsini və ya geri qaytarılmasını tələb etmişdir. Mağazadan bunun mümkün olmadığını deyəndən sonra mobil telefonunu may 2022-ci ildə “Kontakt home”un xalqlar mağazasına təhvil vermişdir. Hesab edir ki, iddia əsassız oduğundan, rədd edilməlidir. Tərəflərin izahatlari, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, iddia ərizəsində göstərilənlərə uyğun eyni məzmunda izahat vermiş, əlavə olaraq göstərmişdir ki, cavabdeh apellyasiya şikayətində aldığı mobil telefonda qüsur olmasını, onu qaytarmasını və s. qeyd etsə də, bu istiqamətdə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Ümumiyyətlə, tərəflər arasında malın qüsuru ilə bağlı hər hansı münasibət olmamış, danışıqlar aparılmamış, mobil telefon iddiaçıya qaytarılmamışdır. Cavabdehin məqsədi işi süni yolla uzatmaq, ödənişlərdən yayınmaqdır. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyasından şikayətin təmin olunmamasını xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə rəsmi qaydada məlumat verilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, 30 yanvar 2024-cü il tarixdə elektron kabinet vastəsilə ərizə ünvanlayaraq məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, lakin bunun üzrlü səbəbləri barədə hər hansı sübut əlavə etməmişdir. Bu səbəbdən də, məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : Məhkəmə kollegiyası, məruzəçi hakimin məruzəsini və izahatı dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan sübutlara müəyyən edilir ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli 03921620 nömrəli müqaviləyə əsasən cavabdeh iddiaçıdan dəyərini (3387,37 manat) sonradan hissə-hissə ödəmək şərti ilə “İ-Phone 13 Pro” mobil telefon və “Apple 20 W USB-C” adapter almışdır. İddiaçı müqavilə üzrə öhdəliyini icra edərək müvafiq əşyaları cavabdehə təhvil vermişdir (işin qeyd edilən halları cavabdeh tərəfindən də mübahisələndirilmir. İşdə olan 16 aprel 2022-ci il tarixli “əşyaların təhvil-təslim aktı”ndan da göründüyü kimi, cavabdeh müqavilədə nəzərdə tutulmuş əşyaları tam qüsursuz halda təhvil almış, bu faktı imzası ilə təsdiq etmişdir. Bununla yanaşı, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli maliyyə cədvəlindən görünür ki, cavabdehin xx.xx.2022-ci il tarixli 03921620 nömrəli müqavilə üzrə 3288,96 manat ödənilməmiş hissə, 328,04 manat cərimə borcu olmaqla, ümumilikdə 3617 manat borcu vardır. Həmçinin işdən görünür ki, iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixli yazılı bildiriş göndərilməklə cavabdehə borc məbləğinin ödənilməsi təklif edilmişdir. Cavabdehin etirazı isə ondan ibarətdir ki, aldığı mobil telefon sonradan qüsurla işləmiş, təmir olunsa da, nəticəsi olmamış, bu səbəbdən də ona iddiaçıya qaytarmışdır. Lakin, cavabdeh etirazının əsası kimi istinad etdiyi halları əsaslandıra və onları təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Eyni zamanda, iddiaçının nümayəndəsi apellyasiya şikayətində göstərilən halların mövcudluğunu təsdiq etməmiş, cavabdehin qüsurla bağlı analoji müraciətlərinin olmamasını, mobil telefonun təhvil verilməməsini bildirmişdir. MPM-in 14.2-ci və 77.1-ci maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Cavabdehin bildirdikləri də özü-özlüyündə iddianın əsassız olması üçün yetərli sübut kimi qəbul edilə bilməz. Belə ki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Göründüyü kimi, cavabdeh nisyə alqı-satqı müqaviləsi əsasında iddiaçıdan aldığı əşyanın dəyərini razılaşdırılmış müddətlərdə ödəməmiş və öhdəliyin icrasını gecikdirmişdir. Belə olan halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra, MM) 567.1-ci və 597.1-ci maddələrinə əsasən, qətnamədə qeyd olunan məbləğlərdə borcun cavabdehdən iddiaçının xeyrinə tutulması əsaslıdır. MM-in 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. MM-nin 597.1-ci maddəsinə görə alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. MM-in 600.1-ci maddəsinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. MM-in 445.4-cü maddəsinə görə, icra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. Cavabdeh həmçinin tələb olunan pul vəsaitinin (borcun) düzgün hesablanmaması ilə bağlı da məhkəməyə hər hansı sübut və ya mülahizə təqdim etməmişdir. Belə olan halda məhkəmə kollegiyası qalıq borcun məbləğini əsaslı sayaraq, onu işin hallarına və tərəflər arasında bağlınmış müqavilə şərtlərinə uyğun hesab edir. Bununla yanaşı, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı cərimə (dəbbə pulu) məbləği tələb etməkdə də haqlı olmuşdur. Belə ki, işdə olan müqavilənin 2.6-cı, habelə müqaviləyə əlavənin 2-ci bəndlərinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində Müştəri mübahisəsiz olaraq penya ödəyir. MM-in 462-ci və 463.1-ci maddələrinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olaraq yazılı formada bağlanmalıdır. Göründüyü kimi, tərəflər dəbbə pulu və onun hesablanması ilə bağlı şərtləri yazılı formada təsbit etmişlər. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası, qeyd olunanlara əsasən hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması barədə gəldiyi nəticə qanuni və əsaslıdır. Apellyasiya şikayətinin dəlilləri isə qətnamənin ləğvi üçün əsas ola bilməz. Bu səbəbdən də, şikayət təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmaldıır. MPM-in 402-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «pul tələbi” barədə mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3425/2023 nömrəli, 07 noyabr 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3425/2023 nömrəli, 07 noyabr 2023-cü il tarixli qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-981/2024
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-981/2024
30.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver