Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9812/2021 04.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər: İbayev Vəfaddin Ələm oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Orucova Məryəm Faiq qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı "borcun silinməsi" tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 16 iyul 2021-ci il tarixli, 2(011)-5501/2021 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB tərəfindən ona məxsus **********10250 saylı abonent koduna itirilmiş qazın bərpası üzrə əsassız hesablanmış 486 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xəzər rayonu, Buzovna qəsəbəsi, V.Seryogin küçəsi ev 10a, mənzil 25 ünvanda həmin evə məxsus qaz sayğacı qanunauyğun şəkildə istifadə olunmuşdur. Qaz sayğacı mənzildən kənarda pilləkan meydançasında quraşdırılmışdır, 2019-cu ilin noyabr ayında aparılan növbəti yoxlama zamanı Cavabdeh İB–nin əməkdaşlarının kobud müdaxiləsi nəticəsində sayğac zədələnmiş, iddiaçı tərəfindən həmin sayğacın yenisi ilə əvəzlənməsi tələb edilmiş, sayğac yenisi ilə əvəzlənmişdir, 2020-ci ilin dekabrında iddiaçı smart qaz kartına pul yükləmək istədiyində yüklənmiş məbləğdən borcun tutulması məlum olmuşdur, iddiaçı məsələnin aydınlaşdırılması üçün Cavabdehnə müraciət etdikdə ona akta əsasən guya həmin ünvanda quraşdırılmış sayğaca müdaxilə olunması əsası ilə 4860 m³ həcmində itirilmiş qaz sərfiyyatına görə əsassız 486 manat borc hesablanmışdır və həmin məbləğ ondan tələb olunur, həmin sayğaca o və ailə üzvləri tərəfindən hər-hansı bir kənar müdaxilə edilməmişdir, uzun illərdir ki, qaz sayğacı quraşdırılmış və tərəfindən vaxtlı-vaxtında sərf etmiş qazın dəyəri qismində pulu ödənilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16 iyul 2021-ci il tarixli, 2(011)-5501/2021 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh tərəfindən Əliyev Hüseynağa Əlişan oğlunun **********10250 saylı abonent koduna itirilmiş qazın bərpası üzrə hesablanmış 486 (dörd yüz səksən altı) manat məbləğində borcun silinməsi qət edilmişdir. Bakı şəhəri Qaradağ Xətai Rayon Məhkəməsinin 16 iyul 2021-ci il tarixli, 2(011)- 5501/2021 nömrəli qətnaməsindən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh İB tərəfindən tərtib edilmiş akt özlüyündə iddiaçının hər hansı hüququna müdaxilə təşkil etmir. Aktda qaz sayğacının çıxış panelində dəlik aşkarlandığı qeyd edilmiş, iddiaçıya bu nöqsan izah edilmiş və iddiaçı da bunu öz imzası ilə təsdiq etmişdir. Aktın məzmunundan da görünür ki, cavabdehin əməkdaşları keçirdikləri baxış zamanı yaşayış sahəsində istifadə olunan qaz işlədicilərinin nələrdən ibarət olduğunu sadalamışlar, həmçinin dəymiş ziyanın tələb edilməli olduğunu bildirmişlər. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasına gəlməmiş, cavabdeh məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. İş materiallarında olan iş materiallarında olan qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 29.01.2019-cu il il tarixli ******* saylı aktın surətindən görünür ki, iddiaçıya məxsus ünvanda Smart G-4 markalı 1102AQ**********4 saylı qaz sayğacı çıxarılaraq, yeni Smart G-4 markalı **********1 saylı qaz sayğacı quraşdırılmışdır. İş materiallarında olan “Təbii X1nın pozulması haqqında” 31.01.2019-cu il tarixli ******* saylı aktda MSK-nın 29/1710 saylı rəyinə əsasən sayğacın çıxış plastmas borusunun deşilməsi barədə nöqsan qeyd edilmiş, dəymiş ziyanın hesablanması tələb olunmuşdur. İş materiallarında olan Cavabdeh İB-nin 31.01.2019-cu il tarixli “Dəymiş ziyanın bərpasına dair tələbnamə”-nin surətindən görünür ki, aktda itirilmiş qazın bərpası üzrə 4860 m³ qazın dəyərinin ödənilməsi barədə hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan 21.05.2021-ci il tarixli iddiaçının abonent saldosundan görünür ki, İddiaçı **********10250 saylı abonent koduna 2020-ci ilin noyabr ayı üçün 486 manat borc yazılmışdır. Birinci instansiya məhkəməsi iddianın təmin edilməsi barədə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, fiziki şəxs olan istehlakçıların qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından, o cümlədən sayğaca müdaxilədə iddiaçının təqsiri müəyyən edilmədiyindən, iddia tələbi təmin edilməli, Cavabdeh İB tərəfindən İddiaçı **********10250 saylı abonent koduna itirilmiş qazın bərpası üzrə hesablanmış 486 manat məbləğində borc silinməlidir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq birinci instansiya məhkəməsinin hazırkı iş üzrə gəldiyi nəticə ilə razılaşır. Belə ki, “Təbii X1nın pozulması haqqında” 31.01.2019-cu il tarixli ******* saylı aktda MSK-nın 29/1710 saylı rəyinə əsasən sayğacın çıxış plastmas borusunun deşilməsi barədə nöqsan qeyd edilmişdir, lakin sayğaca müdaxilədə iddiaçının təqsirinin müəyyən edilməsinə dair məhkəməyə heç bir sübut təqdim edilməmişdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin maddənin 9-cu bəndinə əsasən fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X1”nın 3.1.7-ci bəndinə əsasən qaz paylayıcı qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etməli, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirməli və aktın bir nüsxəsini mütləq istehlakçıya təqdim etməlidir. İstehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. “X1”nın 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. “X1”nın 6.5 və 6.7-ci bəndlərinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh İB tərəfindən iddiaçının ünvanında quraşdırılmış sayğaca onun tərəfindən müdaxilə edildiyini təsdiq edən və buna görə də ondan itirilmiş qazın dəyərinin tələb edilməsinə əsas verən məlumatların həqiqiliyinə dəlalət edən kifayət qədər mötəbər sübutlar təqdim edilməmişdir. Cavabdehin apellyasiya şikayətində istinad etdiyi hallar yalnız mülahizələrə əsaslanır. Belə ki, cavabdeh sayğacın dəyişdirilməsi zamanı abonentin nümayəndəsinin iştirak etdiyini və aktı imzaladığını göstərmişdir. Həqiqətən də, iş materiallarında olan 29 yanvar 2019-cu il tarixli ******* saylı aktdan görünür ki, abonentə məxsus ünvanda köhnə sayğac çıxarılaraq yenisi ilə əvəz edilmişdir. Həmin aktı abonentin nümayəndəsi qismində Əliyev Mehman adlı şəxs imzalamışdır. Aktın 6-cı bəndində «digər qeydlər» qismində sökülmüş sayğacın çıxış plastmas panelində dəlik aşkarlandığı göstərilmişdir. Lakin iş materiallarında olan «Qaz sayğacının yoxlanılması barədə» 08 fevral 2019cu il tarixli QSN-29/1710-00461/1-55 saylı Aktdan görünür ki, həmin sayğac 04 fevral 2019-cu ildə yoxlanılmış və bu barədə yoxlama aktı tərtib edilməklə yararsız hesab edilmişdir. Göründüyü kimi, iddiaçıya məxsus sayğacın yararsız olması yalnız 04 fevral 2019cu ildə aparılmış yoxlama zamanı müəyyən edilmişdir. Belə olan halda, həmin sayğac yoxlamadan bir neçə gün əvvəl abonentin nümayəndəsinin iştirakı ilə sökülərkən ona müdaxilə edilməsinin yerində müəyyən edilməsinə dair 29 yanvar 2019-cu il tarixli aktda edilmiş qeydləri məhkəmə kollegiyası mötəbər hesab etmir və bu qənaətə gəlir ki, bu qeydlər akta sonradan əlavə edilmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası abonentin nümayəndəsinin iştirakı ilə sayğaca müdaxilənin müəyyən edildiyinə dəir apellyasiya şikayətinin dəlilini əsassız hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə görə, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77.2-ci maddəsinə görə, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmiş və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası həmçinin izah edir ki, hazırki iddianın qiyməti 5000 manatdan az olduğundan Azərbaycan Respublikası MPM-in 404-1-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16 iyul 2021-ci il tarixli, 2(011)-5501/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-9812/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9812/2021
04.11.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver