Məhkəmə qərarları › İş №2(103)-9816/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9816/2021

01.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9816/2021 01.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçının nüayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Yasamal Rayon Məhkəməsinin 2(004)-2462/2021 saylı, 30 avqust 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı Cavabdeh MTK-ya qarşı “artıq ödənilmiş məbləğin geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı tərəfindən artıq ödənilmiş məbləğin əvəzi olaraq Cavabdeh MTKdan 6883,60 manat pulun, o cümlədən 30 manat dövlət rüsumunun əvəzinin, həmçinin 310 manat vəkilə ödənilən haqqın, ümumilikdə 7223,60 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Yasamal Rayon Məhkəməsinin 2(004)-2462/2021 saylı, 30 avqust 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh MTK-dan artıq ödənilmiş 2351,48 (iki min üç yüz əlli bir manat qırx səkkiz qəpik) manat, hüquqi yardım üçün vəkilə ödənilmiş 310 (üç yüz on) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) məbləğində pul İddiaçı xeyrinə tutulmuş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Cavabdeh qətnaməni mübahisələndirməmişdir. İddiaçı qətnaməni mübahisələndirmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiçı həmin qətnamədən apellyasiya şikayəti verərək qeyd etmişdir ki, mülki iş materiallarına mənzilin texniki pasportu əlavə edilsə də, rayon məhkəməsi ekspet rəyinə qiymət verərkən onu mötəbər sübut kimi qəbul etmiş, texniki pasportla rəy arasında olan uyğunsuzluğun səbəbi araşdırılmamışdır. Bu səbəbdən, qətnamənin qismən, iddia tələbinin rədd edilən hissəsində ləğv olunaraq, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Şikayətə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkündür. Sübutların tədqiqi: Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış 11.06.2007-ci il tarixli, 162 nömrəli kooperativ binada mənzil tikintisi barədə müqaviləyə əsasən, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, məhəllə 2324, ev 39F, 48 saylı, ümumi sahəsi 105,51 m2 olan mənzil İddiaçı hər m2 533,2 manat hesablanmaqla 56258 manata satılmışdır. Azərbaycan Respublikası DƏDRX-in Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışın surətinə əsasən Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, məhəllə 2324, ev 39F, 48 saylı, ümumi sahəsi 92,6 m2 olan mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı mülkiyyətindədir və bu barədə 30.10.2020 il tarixdə, ********** nömrə ilə qeydiyyat aparılmışdır. AR ƏN Mərkəzi Ekspertiza mərkəzinin 26.07.2021-ci il tarixli, 10/1724 nömrəli ekspert rəyinə əsasən Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, məhəllə 2324, ev 39F, 48 saylı mənzilin faktiki ümumi sahəsi 101,1 kv.m. və Azərbaycan Respublikasının şəhərsalma və tikinti məcəlləsinin 59 saylı maddəsinin 59.2 və 59.3 bəndlərinin və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının № 7 saylı 04 dekabr 2012-ci il tarixli “Tikinti obyektlərinin sahəsinin və həmçinin hesablanma qaydaları”-nın 2-ci və 3.8-ci bəndlərinin tələbləri nəzərə alınmaqla mənzilin ümumi sahəsi 93,4 m2 müəyyən edilmişdir. İddiaçı ilə Nümayəndə arasında bağlanmış 25.11.2020-ci il tarixli hüquqi yardımın göstərilməsi haqqında müqavilənin surətinə əsasən hüquqi yardıma görə haqq qarşılıqlı razılıqla 310 manat müəyyən edilmişdir. Mülki iş materiallarında olan texniki pasportdan məlum olur ki, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, məhəllə 2324, ev 39F, 48 saylı, mənzilin ümumi sahəsi 92,6 m2 dir (iki balkon 1,2 və 2,1 m2). Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının şikayətinə əsasən yalnız iddianın təmin olunmayan hissəsində yoxlayır. Məhkəmə kollegiyası, tərəfin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya qeyd edir ki, iddiaçının apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, mülki iş materiallarına mənzilin texniki pasportu əlavə edilsə də, rayon məhkəməsi ekspet rəyinə qiymət verərkən onu mötəbər sübut kimi qəbul etmiş, texniki pasportla rəy arasında olan uyğunsuzluğun səbəbi araşdırılmamışdır. Ekspert rəyinə əsasən iddiaçının mülkiyyətində olan sözügedən mənzilin faktiki ümumi sahəsi 101,1 m2-dir, lakin texniki pasportdan məlum olur ki, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, məhəllə 2324, ev 39F, 48 saylı, mənzilin ümumi sahəsi 92,6 m2 dir (iki balkon 1,2 və 2,1 m2). Kollegiya iddiaçının apellyasiya şikayətinin həmin dəlilinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2-ci maddəsinə əsasən, yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. Həmin Məcəllənin 59.3-cü maddəsinə əsasən, yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir. Beləliklə, məlum olur ki, iddiaçının istinad etdiyi texniki pasportda mənzilin qeyd edilən sahəsi hazırkı mübahisənin həllində əhəmiyyət kəsb etmir. Çünki texniki pasportda mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanmışdır. Tərəflər arasında bağlanmış 11.06.2007-ci il tarixli, 162 nömrəli müqaviləyə əsasən, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, məhəllə 2324, ev 39F, 48 saylı, ümumi sahəsi 105,51 m2 olan mənzil İddiaçı hər kv.m. 533,2 manata (ümumi hesablanmaqla 56258 manata) satılmasına dair razılaşma olmuşdur. Ekspert rəyi ilə də həmin mənzilin ümumi sahəsinin 101,1 kv.m. olduğu müəyyən olunmuşdur. Belə olan halda məlum olur ki, cavabdeh iddiaçıya əldə olunmuş razılaşmaya əsasən 105.51 kv.m. ümumi sahə əvəzinə, 101.1 kv.m. ümumi sahəsi olan, başqa sözlə, 4.41 kv.m. az sahəli mənzil vermiş, bununla da iddiaçının hesabına əsassız varlanmışdır. Demək ki, cavabdehin ümumi sahələr arasındakı fərqə görə aldığını iddiaçıya qaytarmaq öhdəliyi yaranmışdır. Məhkəmə kollegiyası hazırkı iddia tələbi ilə bağlı onu da qeyd etməyi zəruri hesab edir ki, bu mübahisələr zamanı nəzərə alınmalıdır ki, çoxmənzilli binalarda mənzil tikintisini həyata keçirən mülki münasibətlərin özəl subyetləri (MTK, MMC, fərdi sahibkar və s.) üçün mənzilin sahəsinin müxtəlif cür təsnifatlandırılmasının və onun müəyyən sahələrinin müxtəlif təyinat (sanitar qovşağı, mətbəx, dəhliz, balkon, yığnaq yeri, eyvan, soba altı, bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr və s.) üzrə istifadə olunmasının hər hansı əhəmiyyəti ola bilməz, çünki, mənzili inşa edən (tikən) satıçı (podratçı) üçün həmin sahələrin fərqli təsnifatlanması və müxtəlif məqsədlər üçün istifadə olunmasının, həmin sahənin hazırlanmasına sərf edilən (tikinti materialları və işçi qüvvəsi) məsrəflər baxımından hər hansı bağlılığı yoxdur. Başqa sözlə desək, mənzili tikən tərəfindən mənzilin yaşayış sahəsində olduğu kimi, elə sanitar qovşaq, mətbəx, dəhliz, bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr və s. üçün də eyni məsrəfləri çəkilir. Demək ki, mənzilin ümumi sahəsi müəyənləşərkən, alıcı tərəfindən mənzilin sahələrinin hansı məqsədlə istifadə edilməsinin və bu vaxt həmin sahələrin müxtəlif cür təsnifatlandırılması əhəmiyyəti ola bilməz. Bu qəbildən olan mübahisələrdə, hazırkı işdə olduğu kimi, yalnız müqavilədə razılaşdırılmış ümumi sahə ilə faktiki ümumi sahə arasında fərq olduqda, satanın əsassız varlanması halı baş verə bilər ki, bu da məhrum olanın tələbi ilə əsassız əldə etdiklərini qaytarmaq öhdəliyini yaradır. Hazırkı iddia ərizəsinin məzmunundan, eləcə də işin faktiki hallarından müəyyən olunur ki, iddiaçının hazırkı tələbinin qanuni əsasını MM-nin birlikdə götürülmüş 1091 və 1092-ci maddələri təşkil edir. MM-nin 1092-ci maddəsi əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsini nəzərdə tutur. Qanunun tələbinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır (maddə 1092.1.). Qanunda əsassız varlanmanın anlayışı verilmişdir, belə ki, qanuna görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsası olmadan başqa şəxsin (məhrum olan) hesabına əmlak əldə etsin (maddə 1091.1.). Əsassız varlanmaya dair münasibətləri tənzimləyən normaların təhlilindən də bəlli olur ki, bu əsasa söykənən (irəli sürülmüş) idda tələbinin keçərliliyi üçün qanunda nəzərdə tutulmuş aşağıdakı dispozitiv şərtlərin, həm də eyni vaxtda olması tələb olunur: -birincisi, əsassız varlanmaya haqq qazandıran qanuni və ya müqavilə əsası olmur, eləcə də bu cür varlanma həyata keçməmiş əsasa və ya sonradan aradan qalxmış əsasa söykənir; -ikincisi, iddiaçı əmlakdan məhrum olur; -üçüncüsü, cavabdeh iddiaçının hesabına əmlak əldə etmiş olur. Hazırkı halda iddiaçının iddia tələbi qismən işin müəyyən olunmuş faktiki halları baxımından yuxarıda istinad olunan qanunun normasının dispozitiv şərtlərinə uğun olmuşdur. Rayon məhkəməsi də məhz həmin hissədə iddia tələbini təmin etmiş, digər hissədə isə təmin etməmişdir ki, bu da tamamilə qanuni və əsaslı olmuşdur. Bununla da, müəyyən edilir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan şikayət təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinin tələbinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyət üzrə düzgün olan qətnaməsi formal mülahizələrə görə ləğv edilə bilməz. Nəticə: Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı qismən təmin etməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan və qətnamənin ləğvinə səbəb olmadığından təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdehin özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393, və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Yasamal Rayon Məhkəməsinin 2(004)-2462/2021 saylı, 30 avqust 2021-ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar