Məhkəmə qərarları › İş №2(103)-982/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-982/2025

10.02.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-982/2025 10.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, birgə nikah dövründə əldə edilmiş əmlakdan payın müəyyən edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X7 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində Bakı şəhəri 16 saylı notariat ofisi və 17 saylı notariat ofisi cəlb olunmaqla) “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və birgə nikah dövründə əldə edilmiş əmlakdan payın müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(008)-3196/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Tərəflər xx.xx.1989-cu il tarixdə rəsmi nikaha daxil olmuşlar.

2. Lenin rayon XDS İK-nin 29/15 nömrəli xx.xx.1990-cı il tarixli qərarına əsasən Zabrat İİ qəsəbəsinin Şimal-qərb hissəsində 11-ci kavrtal 6 saylı sahədə cavabdeh X5 1200 kv.m torpaq sahəsi ayrılmışdır.

3. Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, 11-ci kvartal, 6 saylı sahədə yerləşən ümumi sahəsi 0.118994 ha olan torpaq sahəsinə cavabdehin mülkiyyət hüququ dövlət reyestrində xx.xx.2011-ci il tarixdə qeydiyyata alınmışdır.

4. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsi ilə tərəflərin nikahı pozulmuşdur.

5. xx.xx.2014-cü il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən satıcı Cavabdeh mülkiyyətində olan torpaq sahəsinin 0.2 ha hissəsini 13.000 manat qiymətinə alıcı X1.

6. xx.xx.2015-ci il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən satıcı Cavabdeh mülkiyyətində olan torpaq sahəsinin 0,0353 ha hissəsini 19.000 manat qiymətinə alıcı X2.

7. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)- 3793/2023 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair iddiası rədd edilmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində Bakı şəhəri 16 saylı notariat ofisi və 17 saylı notariat ofisi cəlb olunmaqla) “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və birgə nikah dövründə əldə edilmiş əmlakdan payın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri 16 saylı notariat ofisində və Bakı şəhəri 17 saylı notariat ofisində aparılmış alğı-satqı müqavilələrinin etibarsız hesab edilərək cavabdehlə birgə nikah dövründə əldə edilmiş əmlakdan ½ hissədə payın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.1989-cu ildə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Cavabdehlə rəsmi nikahda olduğu dövürdə, yəni 1990-cı ilin mart ayında əvvəlki adı Lenin rayon olan (Sabunçu) İcraiyyə Komitəsinin qərarı əsasında iki nəfərdən ibarət gənc ailəyə fərdi yaşayış evi tikmək üçün Zabrat 2 qəsəbəsinin Şimal Qərb hissəsində 11-ci kavrtalda 6 saylı 1200 kv.m-dən ibarət torpaq sahəsi ayrılmışdır. Bundan sonra 2011-ci ildə cavabdehlə birgə nikah dövründə əldə etdiyikləri əmlak DƏDRX tərəfindən cavabdehin mülkiyyəti kimi rəsmi qeydiyyata alınaraq onun adına çıxarış verilmişdir. Həmin dövrdə dövlət idarəsində işləməklə yanaşı, işdən sonrakı asudə vaxtlarında fərdi əməklə məşğul olaraq onlara ayrılmış fərdi torpaq sahəsində yaşamaq üçün 11 il ərzində öz əllərinin qabarı ilə hazırkı evi tikərək həmin evdə yaşamaqla təsərrüfatı birgə idarə etmişlər. 2012-ci ildə həyat yoldaşının xəyanətini sübuta yetirdikdən sonra onunla birgə yaşayışın qeyri-mümkün olduğunu cavabdehə, övladlarına və cavabdehin qohumlarına bəyan etmişdir. Bundan sonra ona cavabdehin qardaşları və oğlu tərəfindən təzyiqlər olmağa başlamışdır. Onlar müxtəlif vasitələrlə onu susdurmağa çalışmışlar. Bu mümkün olmadığı halda, ona müxtəlif şər və böhtanlar ataraq onu döyərək evdən qovmağa çalışmışlar. Ziyalı olduğu üçün baş vermiş münaqişənin sülh və qarşılıqlı razılaşma yolu ilə həll edilməsini və övladlarının gələcəyi naminə dövlət qrumlarına rəsmi müraciətlər edərək köməklik istəmişdir. Qeyd edir ki, cavabdehin bacı və qardaşlarının təhriki ilə övladını öyrədərək onunla mübahisəyə təhrik etməsi səbəbindən xx.xx.2012-ci ildə işdən evə qayıdan zaman oğlu ilə arasında münaqişə yaranmışdır. Uzun müddət ailədə olan psixoloji gərginlik səbəbindən əsəblərini cilovlaya bilməmiş, affekt vəziyyətində cinayət törətmişdir. Nəticədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4 və 120.2.7-ci maddələri ilə təqsirli bilinərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzasının əvvəli xx.xx.2012-ci ildən hesablanmaqla 8 il 5 ay 7 gün müddətinə azadlıqdan məhrum edilmişdir. Həbsdə olduğu müddətdə cavabdeh bundan sui-istifadə edərək əvvəlcədən planlaşdırılmış şəkildə aidiyyatı üzrə 2013-cü ildə məhkəməyə müraciət etmiş, məhkəmənin xx.xx.2014-cü il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Qeyd edir ki, 2022-ci ildə cavabdeh tərəfindən hər hansı bir notariat hərəkətlərinin aparılması barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə rəsmi müraciət etmişdir. Nazirliyin xx.xx.2022-ci il tarixli rəsmi məktubunda göstərilmişdir ki, xx.xx.2012-ci ildən xx.xx.2021-ci illər ərzində cavabdeh tərəfindən heç bir notariat əməliyyatları aparılmamışdır. Lakin sonradan məlum olmuşdur ki, rəsmi nikahları pozulduqdan sonra cavabdeh Bakı şəhəri 16 və 17 saylı notariat ofislərinə müraciət edərək onun razılığı və xəbəri olmadan birgə nikah müddətində əldə etdiyi torpaq sahəsini başqa şəxslərə alğı-satqı yolu ilə satmışdır. Bunulada cavabdeh və Ədliyyə Nazirliyi tərəfindən onun bütün hüquqlarını kobud surətdə pozulmuşlar.

10. Cavabdeh iddiaya qarşı etiraz verərək göstərmişdir ki, qeyd edilən torpaq sahəsi 1990-cı ildə Sabunçu Rayon İcra Hakimiyyətinin göstərişi ilə Zabrat qəsəbəsi Sovetliyi tərəfindən Zabrat qəsəbəsi sakinlərinə pay torpağı kimi paylanmışdır. Həmin torpaq sahəsini valideynləri ona hədiyyə etmiş, yəni alğı-satqı yolu ilə alınmamışdır. İddiaçı ona qarşı əmlak tələbi Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 3793/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə rədd olunmuşdur. Qeyd olunanlara əsasən iddianın rədd edilməsi məhkəmədən xahiş edilmişdir.

11. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(008)- 3196/2024 nömrəli qətnaməsi ilə (hakim H.S.Mahmudova) iddia rədd edilmişdir.

12. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, tərəflər xx.xx.1989-cu il tarixdə rəsmi nikaha daxil olmuşlar və aralarındakı nikah Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6624/2013 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsinə əsasən pozulmuş, nikahın pozulması xx.xx.2014-cü il tarixdə qeydə alınmışdır. Mübahisə predmeti olan əmlaklar - Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, 11-ci kvartal, 6 saylı sahədə yerləşən ümumi sahəsi 0.118994 ha olan torpaq sahəsi xüsusi mülkiyyət növü olaraq xx.xx.2014-cü il tarixdə, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, 11-ci kvartal, 6 saylı sahənin bir hissəsində yerləşən ümumi sahəsi 0.098994 ha olan torpaq sahəsi xüsusi mülkiyyət növü olaraq xx.xx.2015-ci il tarixdə Cavabdeh adına qeydiyyata alınmışdır. Yəni, qeyd olunan daşınmaz əmlaklar birgə nikah dövründə deyil, tərəflər arasında nikah pozulduqdan sonra Cavabdeh adına dövlət qeydiyyatına alınmışdır. Həmin əmlakların birgə nikah dövründə əldə edilməsi, həmçinin birgə təsərrüfat fəaliyyətinin nəticəsi olaraq və əmlakın ər-arvadın ümumi vəsaiti hesabına qazanıldığına dair məhkəməyə hər hansı sübut təqdim edilməmişdir.

13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140, 225.1-ci, Ailə Məcəlləsinin 32.1, 32.2, 35, 36.1, 37.1-ci maddələrinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.1, 8.0.5-ci maddələrinə, “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli qərarına, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

14. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmışdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Həmçinin bildirdi ki, 1990-cı ildə X6 İcraiyyə Komitəsinin verdiyi sənədin 1-ci bəndində qeyd olunmuşdur ki, torpaq sahəsi ən azı iki adam olan ailəyə verilir. Burada heç bir bağışlamadan söhbət gedə bilməz. Bu torpaq sahəsi özlərinə şərait yaratmaları üçün gənc ailələrə verilmişdir. O, hüquqi cəhətdən səhvə yol vermişdir, qeyd olunan digər qətnamə ona gec verildiyi üçün şikayət verilmə müddətini ötürmüşdür. Sonradan vəkil ilə məsləhətləşmiş, bu səbəblə yenidən məhkəməyə müraciət etmişdir. Həmin qətnamə haqsız olaraq qəbul olunub. 2011-ci ildə dövlət reyestr xidməti tərəfindən onlara sənəd verilmişdir. Birinci instansiya məhkəməsində hakim əmlakın birgə mülkiyyət sayıldığını bildirdi. Hesab edir ki, iddia əsaslıdır.

18. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə və üçüncü şəxslərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar (nümayəndələri) məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların (nümayəndələrinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

19. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların birgə mülkiyyəti sayılır. Maddə 34. Nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında və digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ərarvadın hər birinin əmlakıdır). Maddə 36.1. Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Maddə 36.3. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir.

20. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Maddə 225.6. Daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

Apellyasiya baxışının hədləri

22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

23. Hazırkı işdə iddia təmin edilmədiyindən və apellyasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən qətnamənin əsaslığı tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası iddiaçını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi aşağıda göstərilən əsaslarla təmin edilməməlidir.

25. Belə ki, işə baxan birinci instansiya məhkəməsi tərəfindən qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmiş, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir. Bu hallar qətnamənin ləğv edilməsi üçün əsasdır.

26. İşdən müəyyən olunur ki, tərəflər xx.xx.1989-cu il tarixdə rəsmi nikaha daxil olmuşlar, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsi ilə nikah pozulmuşdur. Lenin rayon XDS İK-nin xx.xx.1990-cı il tarixli qərarı əsasında ayrılmış Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, 11-ci kvartal, 6 saylı sahədə yerləşən ümumi sahəsi 0.118994 ha olan torpaq sahəsinə dair cavabdehin mülkiyyət hüququ xx.xx.2011-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

27. Hazırda iddiaçı sözügedən torpaq sahəsinin birgə nikah dövründə əldə edildiyinə istinad edərək cavabdeh tərəfindən torpaq sahəsinin bir hissəsinin başqa şəxslərə satılmasına dair alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsini və həmin əmlak üzərində ½ hissədə payının müəyyən edilməsini məhkəmədən xahiş edir.

28. İşə baxan birinci instansiya məhkəməsi iddiaçının iddia tələbini rədd edərkən belə qənaətə gəlmişdir ki, torpaq sahəsi birgə nikah dövründə deyil, tərəflər arasında nikah pozulduqdan sonra Cavabdeh adına dövlət qeydiyyatına alınmışdır. Həmin əmlakların birgə nikah dövründə əldə edilməsi, həmçinin birgə təsərrüfat fəaliyyətinin nəticəsi olaraq və əmlakın ər-arvadın ümumi vəsaiti hesabına qazanıldığına dair məhkəməyə hər hansı sübut təqdim edilməmişdir.

29. Halbuki, həmin torpaq sahəsinə dair cavabdehin mülkiyyət hüququ tərəflərin birgə nikah dövründə - xx.xx.2011-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

30. Bununla belə, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)-3793/2023 nömrəli qətnaməsi ilə müəyyən olunmuşdur ki, mübahisəli torpaq sahəsi cavabdehin mülkiyyətinə iddiaçı ilə birgə nikahda olduqları dövrdə keçsə də, qanunvericiliyin tələblərinə əsasən ər-arvadın birgə mülkiyyəti sayılmır. Belə ki, torpaq sahəsi cavabdeh tərəfindən əvəzsiz şəkildə əldə edilmişdir.

31. Mülki qanunvericiliyin tələblərinə əsasən daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir.

32. Göründüyü kimi, qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə qeyd olunan torpaq sahəsinin ər-arvadın ümumi birgə mülkiyyəti sayılmadığı, yəni hazırki iş üzrə iddiaçının sözügedən daşınmaz əmlaka birgə hüququnun olmadığı artıq müəyyən edilmişdir.

33. Belə olan halda məhkəmə kollegiya hesab edir ki, iddiaçının torpaq sahəsinin bir hissəsinin özgəninkiləşdirilməsi ilə bağlı xx.xx.2014-cü il tarixli və xx.xx.2015-ci il tarixli alğı-satqı müqavilələrinin etibarsızlığı, bundan sonra həmin torpaq sahəsinə dair payının müəyyən edilməsi barədə iddia tələbi təmin edilə bilməz.

34. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 372, 384.0.2, 385, 392, 393, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(008)- 3196/2024 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və birgə nikah dövründə əldə edilmiş əmlakdan payın müəyyən edilməsi” tələbinə dair iddiası rədd edilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakimlər:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar