Məhkəmə qərarları › İş №2(103)-985/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-985/2020

23.01.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-985/2020 23.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, X6 katibliyi, İddiaçı2, Cavabdeh2 MMC-nin nümayəndəsi X12 iştirakları ilə, İddiaçılar İddiaçı2 və İddiaçı3 cavabdehlər İddiaçı1 ATSC-yə və Cavabdeh2 MMC-yə qarşı «xx.xx.2017-ci il tarixli 06QYS nömrəli müqavilənin etibarsız hesab edilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(006)-2774/2019 nömrəli qətnaməsindən iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddiaçılar İddiaçı2 və İddiaçı3 cavabdehlər İddiaçı1 ATSC-yə və Cavabdeh2 MMC-yə qarşı «xx.xx.2017-ci il tarixli 06QYS nömrəli müqavilənin etibarsız hesab edilməsi» tələbinə dair iddiası təmin edilmənişdir. İddiaçılar İddiaçı2 və İddiaçı3 cavabdehlər İddiaçı1 ATSC-yə və Cavabdeh2 MMC-yə qarşı «xx.xx.2017-ci il tarixli 06QYS nömrəli müqavilənin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı1 ATSC ilə Cavabdeh2 MMC arasında ünvan 1 ünvanda yerləşən 42,27 m2-dən ibarət inzibati binasının sökülməsi və əvəzində yeni inşa ediləcək çoxmənzilli hündür mərtəbəli binanın 2-ci blok, 1-ci mərtəbəsində 51,0 m2 qeyriyaşayış sahəsinin İddiaçı1 ATSC-yə verilməsi və həmin sahə İddiaçı1 ATSC-yə verilən günədək səhmdar cəmiyyətin müvəqqəti fəaliyyətini təmin etmək məqsədi ilə xx.xx.2017-ci il tarixdən ayda 1.500 manat məbləğində icarə haqqının Cavabdeh2 MMC tərəfindən İddiaçı1 ATSC-yə ödənilməsinə dair bağlanmış xx.xx.2017-ci il tarixli 06QYS saylı müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçılar № AA39612136 saylı və № AA97988229 saylı depo hesabından çıxarışa əsasən İddiaçı1 ATSC-nin səhmdarlarıdırlar. Onlara 2019-cu ilin mart ayında məlum olmuşdur ki, səhmdar cəmiyyəti və Cavabdeh2 MMC arasında xx.xx.2017-ci il tarixdə ATSC-nin ünvan 1 ünvanda yerləşən 42,27 m2-dən ibarət inzibati binasının sökülməsi, əvəzində yerində inşa ediləcək çoxmənzilli hündür mərtəbəli binanın 2-ci blok, 1-ci mərtəbəsində 51,0 m2 qeyri-yaşayış sahəsinin ATSC-yə verilməsi və həmin sahə ATSCyə verilən günədək səhmdar cəmiyyətin müvəqqəti fəaliyyətini təmin etmək məqsədi ilə xx.xx.2017-ci il tarixdən ayda 1.500 manat məbləğində icarə haqqının MMC tərəfindən ATSC-yə ödənilməsinə dair müqavilə bağlanmışdır. Qeyd edilən müqavilənin 2017-ci ildə bağlanılmasına baxmayaraq bu müqavilədən hələ indi xəbər tuturlar və bütün bu müddət ərzində müqavilənin bağlanması onlardan sirr olaraq saxlanıldığından müqavilənin mövcudluğundan xəbərsiz idilər. Dəfələrlə cəmiyyət rəhbərliyinə müraciət edərək cəmiyyətin fəaliyyətinə dair məlumat almaq istəsələr də, müraciətləri bir nəticə verməmişdir. Ərazidən keçərkən cəmiyyətin inzibati binasının sökülməsini müşahidə etmişlər və araşdırmağa başlayarkən məlum olmuşdur ki, cəmiyyətin rəhbərliyi səhmdarlarla müzakirə etmədən cəmiyyətin inzibati binasının başqa şəxsə verilməsi və əvəzində hansısa mövcud olmayan tikilməkdə olan sahənin alınmasına və aylıq 1.500 manat məbləğin alınmasına dair razılıq verilmişdir. Bu isə səhmdar cəmiyyətin rəhbərliyi tərəfindən onlar – səhmdarların hüquqlarının kobud şəkildə pozulmuşdur. Hesab edirlər ki, 2017-ci ildə müqavilənin bağlanmasının səhmdarlardan sirr saxlanmasına əsas səbəbi müqavilənin bağlanması zamanı qanun pozuntularına yol verilməsi idi. Belə ki, səhmdar cəmiyyətin əmlakı səhmdarların ümumi mülkiyyətidir və əmlak barəsində sərəncam vermək yalnız səhmdarların ümumi razılığı ilə mümkündür. Qanunverici onların bu hüquqlarını müdafiə edərək, Mülki Məcəllədə bunu müvafiq normalarla təsbit etmişdir. Səhmdar cəmiyyətin inzibati binasının sökülməsi, hansısa başqa cəmiyyətə verilməsi və aylıq 1.500 manat məbləğində vəsaitin alınması barədə müqavilə bağlaması Azərbaycan Respublikası Mülki Məcəlləsinin 99.3-cü maddəsinə əsasən xüsusi əhəmiyyətli əqd hesab olunur. Həmin müqavilənin bağlanması barədə qərar yalnız səhmdarların ümumi yığıncağında qəbul oluna bilərdi. Lakin nəinki İddiaçı1 ATSC-nin rəhbərliyi, eyni zamanda Cavabdeh2 MMC müqaviləni səhmdarların razılığı olmadan, səhmdarların ümumi yığıncağının protokolu təqdim olunmadan əmlakın Cavabdeh2 MMC-yə verilməsinə dair xx.xx.2017-ci il tarixli müqavilə bağlamışlar. Halbuki, Cavabdeh2 MMC üçün nəinki İddiaçı1 ATSC, hətta Mülki Məcəllənin səhmdarların ümumi yığıncağının müstəsna səlahiyyətlərinə aid etdiyi normalarla tanışlığı bəs edərdi. Göründüyü kimi, onların hüquqları pozulmuş və onlar, ATSC-nin xalis aktivlərinin dəyərinin 25 %-dən artıq məbləğdə olan əqd olan müqavilənin xüsusi əhəmiyyətli əqd kimi bağlanmasına razılıq vermədən bu cür müqavilə bağlanmışdır. İddia tələbləri üzrə işə baxan birinci instansiya məhkəməsi tərəfindən mübahisə yuxarıda göstərilən qaydada həll edilmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçılar Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra - Kollegiya) apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsini, iddia tələbinin tam təmin edilməəsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 2019-cu ilin mart ayında məlum olmuşdur ki, səhmdar cəmiyyətlə Cavabdeh2 MMC (bundan sonra “tikinti şirkəti” adlanacaq) arasında xx xxxx 2017-ci il tarixdə səhmdar cəmiyyətə məxsus ünvan 2 ünvanında yerləşən 42,27 kv.m-dən ibarət daşınmaz əmlakının sökülməsi, əvəzində yerində inşa ediləcək çoxmənzilli hündür mərtəbəli binanın 2-ci blok, 1-ci mərtəbəsində 51,0 kv.m qeyri yaşayış sahəsinin səhmdar cəmiyyətə verilməsi və həmin sahənin səhmdar cəmiyyətə verilən günədək səhmdar cəmiyyətin müvəqqəti fəaliyyətini təmin etmək məqsədi ilə xx xxxxxxx 2017-ci il tarixdən ayda 1500 (bir min beş yüz) manat məbləğində icarə haqqının tikinti şirkəti tərəfindən səhmdar cəmiyyətə ödənilməsinə dair Müqavilə (bundan sonra “müqavilə” adlanacaq) bağlanmışdır. Qeyd edilən müqavilənin 2017-ci ildə bağlanmasına baxmayaraq bu müqavilədən nəinki bizim, hətta digər səhmdarların xəbəri olmamışdır və bütün bu müddət ərzində müqavilənin bağlanması bütün səhmdarlardan sirr olaraq saxlanıldığından müqavilənin mövcudluğundan xəbərsiz idik. Dəfələrlə səhmdar cəmiyyət rəhbərliyinə müraciət edərək cəmiyyətin fəaliyyətinə dair məlumat almaq istəsək də, müraciətlərimiz bir nəticə verməmişdir. Ərazidən keçərkən səhmdar cəmiyyətə məxusu daşınmaz əmlakın sökülməsini müşahidə etdik və araşdırmağa başlayarkən məlum oldu ki, səhmdar cəmiyyətin rəhbərliyi səhmdarlarla müzakirə etmədən səhmdar cəmiyyətə məxsus daşınmaz əmlakın başqa şəxsə verilməsi və əvəzində hansısa mövcud olmayan tikilməkdə olan sahənin alınmasına və aylıq 1500 (bir min beş yüz) manat məbləğin alınmasına dair razılıq verilmişdir. Bu isə səhmdar cəmiyyətinin rəhbərliyi tərəfindən biz səhmdarların hüquqlarının kobud şəkildə pozulmasıdır. Hesab edirik ki, 2017-ci ildə qeyd edilən müqavilənin səhmdarların ümumi yığıncağına çıxarılmadan və barəsində qərar qəbul edilmədən bağlanması kobud qanun pozuntusudur. Belə ki, səhmdar cəmiyyətin əmlakı səhmdarların ümumi mülkiyyətidir və əmlak barəsində sərəncam vermək yalnız səhmdarların ümumi razılığı ilə mümkündür. Qanunverici onların bu hüquqlarını müdafiə edir. Mülki Məcəllənin 99.3-cü maddəsinə əsasən açıq səhmdar cəmiyyətinin xalis aktivlərinin dəyərinin iyirmi beş faizindən artıq məbləğdə olan əqd xüsusi əhəmiyyətli əqd hesab edilir. Xüsusi əhəmiyyətli əqdin bağlanılması barədə qərar səhmdar cəmiyyətinin səhmdarlarının ümumi yığıncağında qəbul edilir və bu barədə məlumat açıqlanır. Mülki Məcəllənin 107.1-ci maddəsinə əsasən səhmdar cəmiyyətinin ali idarəetmə orqanı onun səhmdarlarının ümumi yığıncağıdır. Mülki Məcəllənin 107.1.6-cı maddəsinə əsasən Mülki Məcəllənin 49-1.2-ci və 99.3cü maddələrində nəzərdə tutulmuş əqdlərin bağlanması haqqında qərar qəbul etmək səhmdarların ümumi yığıncağının müstəsna səlahiyyətinə aiddir. Apellyasiya baxışı zamanı İddiaçı2 iddia ərizəsinin və apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Apellyasiya baxışı zamanı Cavabdeh2 MMC-nin nümayəndəsi X20 ərizə təqdim edərək və izahatında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 86 saylı, xx xxxxxx 2016-cı il tarixli qərarına uyğun olaraq Cavabdeh2 MMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun, Şamil Əzizbəyov, Salatın Əsgərova və Mərdanov qardaşları küçələrinin kəsişməsindəki məhəllədə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sahibləri ilə razılıqlar əldə edilmiş, onlara mövcüd sahələrindən 20 % əlavə sahə verilməklə və aylıq kirayə haqları ödənilmək şərti ilə müqavilələr imzalanılmış, həmin şəxslərə məxsus yaşayış və qeyri-yaşayış sahələri sökülərək, yerlərində müasir hündürmərtəbəli, 7 girişli, 4 binanın tikintisinə başlanılmışdır. O cümlədən, göstərilən ərazidə yerləşən İddiaçı1 ATSC-nin səhmdarı və qanuni nümayəndəsi kimi özünü təqdim edən X5 ilə 06QYS saylı, xx xxxxxx 2017-ci il tarixli müqavilə bağlanılmış, eyni ünvanda tikilməkdə olan çoxmənzilli yaşayış binasında İddiaçı1 ATSC-yə qeyri-yaşayış sahəsi ayrılmışdır. Həmin vaxt, X5 İddiaçı1 ATSC-nin dövlət qeydiyyat sənədləri təqdim etmiş, lakin səhmdarların reyestrini surətini alınması üçün vaxt lazım olduğunu, hazır olanda təqdim edəcəyini bildirmişdir. “Zərgər- 2” ATSC-nin bütün dövlət qeydiyyat sənədləri X2 olduğu üçün, ona inanaraq, etibar etmişik və müqavilə bağlanılmışdır. Hazırda iddiaçılar tərəfindən təqdim edilən “Qiymətli Kağız Mülkiyyətçilərinin Reyestri”ndən aydın olur ki, X5 İddiaçı1 ATSC-nin nə səhmdarı, nə də qanuni təmsilçisi deyildir. Hesab edirik ki, X5 tərəfindən Cavabdeh2 MMC aldadılmışdır. Ona görə də, hesab edirik ki, Cavabdeh2 MMC İddiaçı1 ATSC-nin qanuni təmsilçilik hüququ olmayan bir şəxslə müqavilə imzalamaqla yanlışlığa yol verilmiş, bu səbəbdən də iddianı qəbul edirik. Apellyasiya baxışı iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat göndərilmiş İddiaçı3 və cavabdeh İddiaçı1 ATSC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Bu halın işin baxılmasına mane olmadığını nəzərə alan Kollegiya, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişlər. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır (MPM 372.6). Kollegiya sədrlik edənin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edib, proses iştirakçılarının izahatlarını dinləyib, işdə olan sübutları qiymətləndirdikdən sonra hesab edir ki, aşağıdakı hüquqi əsaslara görə apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddianın təmin olunması barədə iş üzrə əsaslandırılmış yeni qətnamə qəbul edilməlidir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi işin həqiqi hallarına, iş üzrə toplanmış sübutlara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmadığından qanuni sayıla bilməz. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə görə: 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarında olan sənədlərdən görünür ki, Cavabdeh2 MMC ilə İddiaçı1 ATSC arasında xx.xx.2017-ci il tarixdə 06QYS saylı müqavilə bağlanmışdır. Müqaviləyə əsasən tərəflər - İddiaçı1 ATSC mülkiyyətində olan – ünvan 3 ünvanda yerləşən 42,27 m2-dən ibarət qeyriyaşayış sahəsini sökülmək üçün Cavabdeh2 MMC-yə təhvil verməyi, həmin ərazidə yeni inşa ediləcək çoxmənzilli hündürmərtəbəli yaşayış evinin birinci mərtəbəsində onun üçün nəzərdə tutulmuş qeyri-yaşayış sahəsini qəbul etməyi, həmçinin MMC tikinti başa çatan və ATSC təmirli qeyri-yaşayış sahəsi ilə təmin ediləcəyi günədək ATSC-nin müvəqqəti fəaliyyətini təmin etmək məqsədi ilə ATSC-yə aylıq 1.500 manat icarə haqqı ödəməyi (xx.xx.2017-ci il tarixdən etibarən) üzərlərinə götürmüşlər. Apellyasiya baxışı zamanı təqdim edilmiş “Kommersiya qurumlarının dövlət reyestri məlumalatı haqqında” xx.xx.2018-ci il tarixli çıxarışdan görünür ki, İddiaçı1 X47 Cəmiyyətinin qanuni təmsilçisi X14r. Apellyasiya baxışı zamanı təqdim edilmiş Azərbaycan Respublikası Milli Depozit Mərkəzi tərəfindən verilmiş xx/xx/2019-cu il tarixli “Qiymətli kağız mülkiyyətçilərinin reyestrindən və İddiaçı1» X47 Cəmiyyətinin səhmdarlarının siyahısından görünür ki, həmin Cəmiyyətin səhmdarları aşağıdakılardır: X1, X18, X8, X21, X22, İddiaçı2, İddiaçı3, X19, X23, X9, Qasımov Mayis İsmayıl oğlu, X15, X16, X24, X17, X25, X10, X33, X13, X7, X11 və X4r. Birinci instansiya məhkəməsi iddia müddəti və onun tətbiqi ilə bağlı bəzi məsələləri tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 372.2, 375.1, 375.2, 354.1-ci maddələrinə isinad edərək qeyd etmişdir ki, iş materiallarından göründüyü kimi mübahisələndirilən müqavilə xx xxxx 2017-ci il tarixdə imzalanmışdır və müqavilənin icrasına da həmin tarixdən başlanılmışdır. İddiaçılar tərəfindən isə hazırkı iddia ərizəsi ilə məhkəməyə uzun müddət keçdikdən sonra müraciət olunmuşdur. Göründüyü kimi, iddiaçılar tərəfindən məhkəməyə iddia ərizəsi iddia müddəti buraxılmaqla verilmiş, cavabdehlərin nümayəndələri isə məhkəməyə ərizə ilə müraciət edərək iddia müddətinin tətbiq edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Ona görə də, məhkəmə hesab edir ki, hazırkı mübahisəyə iddia müddəti tətbiq edilməlidir. Kollegiya birinci instansiya məhkəməsinin həmin nəticəsini əsassız hesab edir və qeyd edir ki, iş materiallarından göründüyü kimi, birinci instansiya məhkəməsində cavabdehlərin nümayəndəsi iştirak etməmiş və iş materiallarında iddia müddətinin tətbiq edilməsi barədə hər hansı ərizə mövcüd deyil. Bundan başqa, birinci instansiya məhkəməsi iddia müddətinin tətbiq edilməsi barədə nəticəyə gələrkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinin tələblərini də nəzərə almamışdır. Belə ki, həmin normanın iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. İşin faktiki hallarından göründüyü kimi, mübahisəli müqavilə 2017-ci ildə bağlanmış olsa da, iddiaçılar həmin müqavilə barədə və müqavilə ilə hüquqlarının pozulduğunu 2019-cu ildə Cəmiyyətə məxsus əmlak sökülərkən bilmişlər. Bundan başqa, birinci instansiya məhkəməsi qeyd etmişdir ki, müqavilənin məzmunundan göründüyü kimi, İddiaçı1 ATSC-nin səhmdarları olan iddiaçılar qeyd olunan müqavilənin etibarsız hesab edilməsini tələb etsələr də, həmin müqavilənin ləğv edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş əsaslar yoxdur. İddiaçılar iddia ərizəsində əqdin İddiaçı1 ATSC-nin xalis aktivlərinin dəyərinin 25%-dən artıq məbləğdə olan əqd olan müqavilənin xüsusi əhəmiyyətli əqd kimi bağlanmasını iddia etsə də bununla bağlı (müəssisənin xalis aktivlərinin dəyəri ilə bağlı) hər hansı sübutu məhkəməyə təqdim etməmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107.1 və 107.1.6-cı maddələrinə əsasən səhmdar cəmiyyətinin ali idarəetmə orqanı onun səhmdarlarının ümumi yığıncağıdır. Səhmdarların ümumi yığıncağının müstəsna səlahiyyətlərindən biri bu Məcəllənin 49-1.2-ci və 99.3-cü maddələrində nəzərdə tutulmuş əqdlərin bağlanması haqqında qərar qəbul etmək aiddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 92.2.2-ci maddəsinə əsasən açıq səhmdar cəmiyyəti aidiyyəti şəxslərlə bağlanılmış və xüsusi əhəmiyyətli əqdlər barədə məlumatları hamının tanış olması üçün hər il dərc etməyə borcludur. Həmin Məcəllənin 99.3-cü maddəsinə əsasən açıq səhmdar cəmiyyətinin xalis aktivlərinin dəyərinin iyirmi beş faizindən artıq məbləğdə olan əqd xüsusi əhəmiyyətli əqd hesab edilir. Xüsusi əhəmiyyətli əqdin bağlanılması barədə qərar səhmdar cəmiyyətinin səhmdarlarının ümumi yığıncağında qəbul edilir və bu barədə məlumat açıqlanır. Bu məlumatın açıqlanması qaydası səhmdar cəmiyyətinin nizamnaməsində nəzərdə tutulmalıdır. İş materiallarında olan № AA39612136 saylı və № AA 97988229 saylı depo hesabından çıxarışlardan da göründüyü kimi İddiaçı1 X47 Cəmiyyətinin nizamnamə kapitalı cəmi 14230 (on dörd min iki yüz otuz) manat təşkil edir ki, həmin nizamnamə kapitalının 100% məhz ünvan 2 ünvanında yerləşən 42,27 kv.m-dən ibarət daşınmaz əmlakdır. Göründüyü kimi, İddiaçı1 X47 Cəmiyyətinin əmlakına dair mübahisələndirilən əqd Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələbləri pozulmaqla həmin Cəmiyyətin səhmdarlarının ümumi yığıncağının qərar olmadan və eləcə də müqavilə bağlamağa səlahiyyəti olmayan şəxs tərəfindən bağlanmışdır və bu hal həmin əqdin etibarsızlığına əsas verən haldır. Həmçinin Cavabdeh2 MMC məhkəmə kollegiyasına ərizə göndərərək işin həmin hallarını qəbul etdiyini, iddianı etiraf etdiyini bildirir və iddianın təmin olunmasını xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası belə yekun hüquqi nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi işə baxarkən prosessual və maddi pozuntulara yol verərək təqdim olunmuş ilkin sübutları təmin etməmiş, hüququn tətbiqində səhv buraxmış, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, qanunu səhv təfsir etmiş, bu hal isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin əsassız qətnaməsinin ləğv edilməsi üçün birbaşa əsasdır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinin göstərişinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Qeyd edilən prosessual hüquq normalarının tələbindən çıxış edən Kollegiya, yuxarıda qeyd edilənləri nəzərə alaraq və MPM-nin 384.0.2-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli və iddianın təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: İddiaçılar İddiaçı2 və İddiaçı3 apellyasiya şikayəti təmin edilsin. İş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(006)- 2774/2019 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçılar İddiaçı2 və İddiaçı3 iddia ərizəsi təmin edilsin. İddiaçı1 ATSC ilə Cavabdeh2 MMC arasında ünvan 1 ünvanda yerləşən 42,27 m2-dən ibarət inzibati binasının sökülməsi və əvəzində yeni inşa ediləcək çoxmənzilli hündür mərtəbəli binanın 2-ci blok, 1-ci mərtəbəsində 51,0 m2 qeyri-yaşayış sahəsinin İddiaçı1 ATSC-yə verilməsi və həmin sahə İddiaçı1 ATSC-yə verilən günədək səhmdar cəmiyyətin müvəqqəti fəaliyyətini təmin etmək məqsədi ilə xx.xx.2017-ci il tarixdən hər ay 1.500 manat məbləğində icarə haqqının Cavabdeh2 MMC tərəfindən İddiaçı1 ATSC-yə ödənilməsinə dair bağlanmış xx.xx.2017-ci il tarixli 06QYS saylı müqavilə etibarsız hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar