Məhkəmə qərarları › İş №2(103)-985/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-985/2021

04.03.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-985/2021 04.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Azər Aydın oğlu Mövlayevin katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci tarixli 2(011)-5512/2020 nömrəli qətnaməsindən cavabdeh “Cavabdeh” İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanına (abonent kodu **********00160) cavabdeh “Cavabdeh” İstehsalat Birliyi tərəfindən hesablanmış 3552,40 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən həyət evinin arxa tərəfində, bayır tərəfdə bugünədək 1 ədəd qaz sayğacı quraşdırılmışdır. Sözügedən qaz sayğacı həmin vaxtdan etibarən bugünədək onun adında olmuş, sayğaca heç bir müdaxilə edilməmişdir, sayğac fasiləsiz olaraq işləmişdir. Sərf etdiyi qazın dəyərini vaxtlı-vaxtında artıqlaması ilə ödəmişdir. “Cavabdeh” İstehsalat Birliyinin nümayəndələri tərəfindən yaşadığı evin arxa tərəfində, bayır tərəfdə quraşdırılmış qaz sayğacı mexaniki və elektron göstəricilərinin arasında fərq olması səbəbindən xx.xx.2020-ci il tarixdə dəyişdirilmiş və ******* saylı akt tərtib olunmuşdur. Həmin tarixdə evdə olmamış və aktı o yox, oğlu X1 imzalamışdır. Lakin həmin akta əsasən, əsassız olaraq 18870,0 kub metr əlavə qaz sərfiyyaatı hesablanmış, 3552,40 manat məbləğində borc hesablanmışdır. Hesab edir ki, qaz sayğacı həyət evinin arxa hissəsində, küçədə, bayır tərəfdə quraşdırıldığı üçün onun qorunması və hər hansı müdaxilənin qarşısının alınması, sayğacın düzgün işləməməsi, sayğacdakı qüsurlara görə məhz Azərbaycan Respubliaksı Dövlət Neft Şirkəti “Cavabdeh” İstehsalat Birliyi məsuliyyət daşıyır. Yaşadığı ərazidə quraşdırılmış itron tipli G-6 markalı 1605AZ**********19 nömrəli sayğac mexanika tipli G-6 markalı 28099841 nömrəli sayğac ilə əvəz edilən zaman sayğacın göstəricisi 18870,0 m-3 olmuşdur. Həmin aktla dəyəri ödənilməyən təbii qaz sərfiyyatı 36173 m3 müəyyən edilmişdir. Aktla evində quraşdırılmış mexanika tipli G-6 markalı 28099841 nömrəli sayğacın qüsurlu olması, geriyə işlədiyi müəyyən olunmuşdur. Onu da qeyd edir ki, abonent saldosundan göründüyü kimi, 2012-ci ildən bugünədək sərfiyyata müvafiq olaraq ödənişlər artıqlaması ilə edilmiş, heç bir borc məbləği olmamışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(011)-5512/2020 nömrəli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, cavabdeh “Cavabdeh” İstehsalat Birliyi tərəfindən İddiaçı **********00160 saylı abunə koduna hesablanmış 3552,40 (üç min beş yüz əlli iki manat qırx qəpik) manat məbləğində borcun silinməsi, cavabdeh “Cavabdeh” İstehsalat Birliyindən 30 (otuz) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi qət olunmuşdur. Qətnamədən cavabdeh “Cavabdeh” İstehsalat Birliyi apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(011)-5512/2020 nömrəli qətnaməsinin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının mənzilində xx.xx.2020-ci il tarixdə G-4 markalı qaz sayğacı əvvəlki qaz sayğacı ilə əvəz edilmişdir. Göstərilən qaz sayğacının əvəz edilməsinə səbəb əvvəl quraşdırılmış qaz sayğacının mənfi rejimdə işləməsi olmuş və istifadə zamanı iddiaçı tərəfindən 3552,40 manat dəyərində təbii qazdan istifadə etmişdir. Bu istifadəyə görə ödəniş aparılmamışdır. Abonent saldosuna nəzər yetirilərkən (GASREP) iddiaçı 2018-ci ilin oktyabr ayında 1 manat ödəniş etmiş və sayğac əvəz edilən günədək yəni 8 ay ərzində ödəniş etməmişdir. Mənzildə təbii qazdan istifadə edilməsinə baxmayaraq təbii qazın dəyəri tam ödənilməmiş və 3552,40 manat borc yaranmışdır. Burada dəymiş ziyan əsasında heç bir borc yaranmamış yalnız istifadə nəticəsində yaranmış borcdan söhbət gedir. xx.xx.2020-ci il tarixli 2(011 )-5512/2020 saylı qətnamədə heç bir əsas gətirilmədən 3552,40 manat pul məbləğinin silinməsi qərara alınmışdır. İş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə materialları, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və qətnamə dəyişdirilmədən qüvvədə saxlanmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İş materiallarında olan qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2020-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, elektronla mexanika arasında olan fərq səbəbindən iddiaçının evinə quraşdırılmış sayğac yenisi ilə əvəzlənmişdir. İş materiallarına əlavə edilmiş Bakı Regional Qazın Satışı Departamentinin xx.xx.2020ci il tarixli məktubundan görünür ki, iddiaçının ərizəsinin araşdırılması zamanı xx.xx.2016-cı il tarixdən iddiaçının istifadəsində olmuş Smart tipli G-6 markalı 1605AZ**********19 nömrəli qaz sayğacının klapanı bağlanmadığına görə ödəniş edilmədən təbii qazdan istifadə edildiyi aşkarlandığı və xx.xx.2020-ci il tarixli ******* saylı akt tərtib olunaraq yeni G-6 markalı 28099841 nömrəli mexaniki qaz sayğacı ilə əvəzlənərək yoxlamaya göndərildiyi məlum olmuşdur. Abonent hesabında hazırda mexaniki qaz sayğacı vasitəsilə istifadə edilmiş təbii qaza görə 59,80 manat, G-6 markalı 1605AZ**********19 nömrəli qaz sayğacının klapanı bağlanmadığından ödəniş edilmədən təbii qazdan istifadəyə görə isə 3492,60 manat borc yaranmışdır. xx.xx.2020-ci il tarixinə abonent hesabında 3552.40 manat borcun mövcud olduğu bildirilərək ödənilməsi tələb olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1 -ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir, Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011 -ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 3.1.7-ci bəndinə əsasən, qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etməli, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirməli və aktın bir nüsxəsini mütləq istehlakçıya təqdim etməli, istehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz, edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-mn və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Məhkəmə kollegiyası iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək apellyasiyanın dəlilləri ilə bağlı qeyd edir ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıdığından, o cümlədən, sayğacın yararsız hala düşməsində iddiaçının təqsiri müəyyən edilmədiyindən, habelə zədələnmiş qaz sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi cavabdeh tərəfindən həyata keçirilməli olduğundan, itirilmiş qazın bərpası məqsədilə cavabdeh tərəfindən iddiaçının abunə koduna hesablanmış 3552,40 manat borcun silinməsi barədə iddia tələbinin təmin edilməsi ilə bağlı birinci instasiya məhkəməsinin qənaəti düzgündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göründüyü kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(011)-5512/2020 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar