Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-986/2024 01.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələblərinə dair iş üzrə (Açar sözlər: miras əmlak, mirasın qəbul olunması, miras payının bağışlanması, müqavilənin etibarlılığı) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və X3 ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil1, Cavabdeh nümayəndəsi (vəkili) Vəkil2 iştirakları ilə İddiaçı Cavabdeh qarşı “bağışlama müqaviləsinin və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin qismən etibarsız sayılması, çıxarışın ləğv edilməsi, vərəsəlik payının müəyyənləşdirilməsi” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 30 oktyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi (vəkili) tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. Bakı şəhəri, Yasamal rayonu, X19 küçəsi 533 saylı ev xüsusi mülkiyyət kimi X12 məxsus olmuş, Ağabala Eyyubov xx.xx.2012-ci il tarixdə vəfat etmişdir.
2. Ağabala X1 ilə nikahda olmuş, onların nikahlarından xx.xx.1964-cü il tarixdə Ağasalah, xx.xx.1965-ci il tarixdə Əminə, xx.xx.1967-ci il tarixdə Fikrət, xx.xx.1968-ci il tarixdə Elşan adını verdikləri uşaqları dünyaya gəlmişdir.
3. X7 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir.
4. X13, X8, İddiaçı və Bağırova (Eyyubova) Əminə Ağabala qızı 10 fevral 2023-cü il tarixdə Bakı şəhəri 44 saylı Notariat ofisinə müraciət edərək atalarının mirasını qəbul etdiklərini bildirmiş və miras qalan əmlaka dair qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişlər.
5. Həmin müraciətlər əsasında Bakı şəhəri 44 saylı Notariat ofisi tərəfindən xx.xx.2023-cü il tarixdə vərəsəlik işi açılmış, vərəsəlik işi çərçivəsində vərəsələr arasında bağlanmış xx.xx.2023-cü il tarixli “Miras payın bağışlanması müqaviləsi” təsdiq olunmuşdur.
6. Sözügedən müqaviləyə görə, X13, X8 və İddiaçı xx.xx.2012-ci il tarixdə vəfat etmiş ataları X9 vəfatından sonra onlara çatası miras payını Bağırova (Eyyubova) Əminə Ağabala qızına bağışlamışlar.
7. Müqavilənin 1.3-cü bəndinə əsasən, X13, X8 və X10, mirasın tərkibinə daxil olan əmlakdakı miras paya sərəncam verilməsinə dair bu müqavilə rəsmiləşdirildikdən sonra, miras qalmış bütün əmlakın tərkibinə daxil olan paylar üzərində sərəncam verilmiş olduğu və gələcəkdə şəhadətnamə verilməli olan mirasın hər hansı bir predmetinə dair şəhadətnamə tələb edilə bilməyəcəkləri izah olunmuşdur.
8. Müqavilənin 1.4-cü bəndində göstərilmişdir ki, tərəflər notariusun iştirakı ilə fəaliyyət qabiliyyətlərindən məhrum olmadıqlarını, imzaladıqları müqavilənin mahiyyətini dərk etməyə maneə ola bilən xəstəliklər keçirmədiklərini, habelə bu müqavilənin rəsmiləşdirilməsi ilə əlaqədar onlara zorakılıq və hədə təsirlərinin olmadığını bildirmişlər.
9. Sözügedən vərəsəlik işi üzrə Bakı şəhəri 44 saylı Notariat ofisi tərəfindən Cavabdeh, mərhum X4ndan miras qalan Bakı şəhəri, Yasamal rayonu, X19 küçəsi, 533 ünvanında yerləşən ümumi sahəsi 61.5 kv/m olan fərdi yaşayış evi və ümumi sahəsi 0.004 ha olan torpaq sahəsindən tam hissədə pay almalı olmasına dair xx.xx.2023-cü il tarixdə “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” verilmişdir.
Birinci instansiya məhkəməsində icraat, qəbul olunmuş məhkəmə aktı
10. İddiaçı (iddiaçı) X11 (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, miras payının bağışlanmasına dair 10 fevral 2023-cü il tarixli müqavilənin, 30 mart 2023cü il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin qismən etibarsız sayılması, onun əsasında verilmiş çıxarışın ləğv edilməsi, əmlaka ¼ hissədə vərəsəlik payının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. İddiaçı iddia tələblərini belə əsaslandırmışdır ki, 1968-ci ildə Yasamal rayonunda doğulmuş, ailədə 4 uşaq - 3 qardaş, 1 bacı olmuşlar. Atası evi 1962-1964-ci illərdə tikmişdir, ev 4 otaq, 1 mətbəxdən, həyətyanı sahə 4 sotdan ibarətdir. 1990-cı ildən sonra atası bacısına həyətdən 2 otaq, bir mətbəxtdən ibarət ev tikib vermiş, sonra böyük qardaşına 3 otaq, 1 mətbəxtdən ibarət ev tikib vermiş, ortancıl qardaşına da 2 otaq, 1 mətbəxtdən ibarət ev tikib vermiş, 2 otaq 1 mətbəxtdən ibarət evi də tikib ona vermişdir. X4 20 iyun 2012-ci ildə, anası X7 isə 12 iyun 2022-ci ildə vəfat etmişlər. Anası sağ olduğu müddətdə əmlak bölgüsündən söhbət edilməmişdir. Anası vəfat edəndən (hüzür məclislərini də yola verəndən) sonra bacısı və qardaşları hər birinin yaşadıqları evin sənədləşdirilməsinə razılaşmışlar. Atası vəfat edəndən sonrakı 11 il ərzində və anasının sağlığı dövründə hər birisi atası tərəfindən onlar üçün tikilən evlərdə yaşamışlar. Atasının hər biri üçün tikdiyi evlərin giriş-çıxışı ayrıdır, hər biri öz qaldıqları evdə kommunal xərcləri ödəyirlər. Razılaşma belə olmuşdur ki, 4 sot torpaq sahəsi də bərabər hissələrlə 4 varis arasında bölünsün. Bu məqsədlə vəfat etmiş X4 tərəfindən qalmış miras üzrə Bakı şəhəri 44 saylı notariat ofisinə müraciət edilmişdir. Ona da demişlər ki, sənədlər hazır olanda notariusa gələrsən. Təxminən fevral ayının əvvəllərində böyük qardaşı Eyyubov Ağasalah və bacısı Eyyubova Əminə ona 10 fevralda Bakı şəhəri 44 saylı notariat ofisinə gəlməsini, orada rəsmiləşdirmə ediləcəyini demişlər. xx.xx.2023-cü il tarixdə onlar notariusa gəlmiş, notariusa gələndə qardaşları və bacısı orda olmuşlar. Ona notarius rəsmiləşdirilməsi üçün hər birinə pul düşdüyünü, onun da verməli olduğunu demişlər. O, bir neçə gün əvvəl böyük qardaşına bu məqsədlə 115 manat verdiyini bildirmişdir. Notariat ofisində ərizə yazmış, ərizəsində mirasın tərkibinə daxil olan əmlaklara dair qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmiş, ərizəni imzalayan kimi bacısı ona “miras pay üzrə şəhadətnamə verilməsi üçün bir sənəd var, imzalamalısan, hamı imzalamış, sən qalmısan” demişdir. Bacısına inanıb həmin sənədi imzalamış, sonra bacısı vərəsəlik işi bitəndən sonra özünün ona çıxarışı verəcəyini demişdir. Daha sonra bacısından çıxarışı soruşmuş, bacısı BT-yə verdiyini, bir-iki aya hazır olacağını bildirmişdir. Bundan sonra bu barədə söhbət düşəndə bacısı yenə də onu arxayın etmişdir ki, “atası hər kəsin payını verib, narahat olmasın”. 2023-cü ilin ilin iyul ayının axırlarında (təxminən 25-26-sı olardı) oğlu zəng edərək bibisinin ondan evdən çıxmasını tələb etdiyini demişdir. Dərhal bacısını yığmış, lakin o, telefonu açmamışdır. Sonrakı zənglərini açmış və ezamiyyətə getdiyini, bir neçə gündən sonra gələcəyini demişdir. Aradan bir neçə gün keçmiş, yenidən bacısıyla danışanda gəldiyini demişdir. Həmin gün də bacısından soruşanda ki, “bu nə işdir?”, o, evi öz adına keçirtdiyini, əşyalarını götürüb evdən çıxmalarını demişdir. Məcbur qalaraq bir-iki günə evdəki bəzi pal-paltarları yığıb çıxmışdır. Böyük qardaşı da bunu təsdiq edə bilər. Cavabdeh tərəfindən aldadıldığını biləndən sonra vəkilə müraciət etmiş, 44 saylı notariat ofisinə xx.xx.2023-cü il tarixdə sorğu göndərilərək Bakı şəhəri, Yasamal rayonu, Ə.Cavad küçəsi ev 181 saylı evə dair vərəsəlik işi ilə bağlı notariat sənədlərinin surətlərinin verilməsi xahiş edilmişdir. 44 saylı notariat ofisində rəsmiləşdirilmiş 2V-27(V- 15/2023) nömrəli işin mündəricatından görünür ki, notariat işi İ cild, 23 vərəqdən ibarətdir. Tikilmiş və qaytanlanmış notariat işinin 16-cı vərəqində onun notariat ofisinə verdiyi ərizə öz əksini tapmışdır. Həmin ərizə elektron notariat informasiya sistemində xx.xx.2023-cü il tarixdə saat 16:57-də qeydə alınmışdır. Digər vərəsələrdən - X5 alınan müvafiq ərizə xx.xx.2023-cü il tarixdə 16:58-də, X2 alınan müvafiq ərizə xx.xx.2023-cü il tarixdə 16:59da, Cavabdeh alınan müvafiq ərizə xx.xx.2023-cü il tarixdə 17:08-də sistemdə qeydə alınmışdır. Notariat işində öz əksini tapan miras payın bağışlanması müqaviləsi isə xx.xx.2023- cü il tarixdə saat 17:03-də sistemdə qeydə alınmışdır. Bu qısa müddət ərzində (5 dəqiqə) digər vərəsələrlə birlikdə müqaviləni oxumaq imkanı olmamışdır. Çünki cavabdeh - vərəsə olan Cavabdeh onu aldatmışdır ki, “qardaş narahat olma, sənədi imzala, hər kəsin payı özünə veriləcək”. Həmin sənədi imzalayarkən bacısına inanmış və həm də hesab etmişdir ki, o vərəsəlik hüququ şəhadətnamənin alınması ilə bağlı ərizə verir. Digər tərəfdən 5 dəqiqə ərzində digər vərəsələrlə birlikdə müqaviləni oxumaq və notarius tərəfindən ona bunun nəticələrinin izahı barədə məlumat verilməsi mümkün deyildir. Elektron notariat informasiya sisteminə daxil edilmiş Cavabdeh ərizəsi və miras payın bağışlanması müqaviləsindən görünür ki, müqavilə vərəsələrin ərizəsi qeydiyyata alınmamışdan öncə tərtib edilmişdir. Çünki Cavabdeh qızının ərizəsi elektron notariat sisteminə xx.xx.2023-cü il tarixdə 17:08-də daxil edildiyi halda, miras payın bağışlanması müqaviləsi isə xx.xx.2023-cü il tarixdə saat 17:03-də sistemə daxil edilmişdir. Buradan da görünür ki, vərəsələr hələ şəhadətnamə almaq üçün ərizəni təqdim etmədən öncə miras payın bağışlanması müqaviləsi hazırlanmış və bu zaman iradə ifadəsi de-fakto mövcud olmamışdır. Hətta vərəsələr ərizədən əvvəl miras payın bağışlanması müqaviləsi üçün imzalamamışdan öncə şəkil də çəkdirmişlər. Belə ki, ərizələr tərtib edilməzdən öncə bağışlanma müqaviləsi tərtib edilmişdir ki, bu zaman da hələ bilinmirmiş ki, miras pay bağışlanacaq, yoxsa yox. Çünki o, notariusa hər bir vərəsənin payının müəyyən olunması üçün dəvət edilmişdir. Notariat işindən görünür ki, vərəsələrin hər birinin mirasın tərkibinə daxil olan əmlaklara dair qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi ilə bağlı yazılı ərizələri mövcuddur. Sözü gedən notariat işində hər hansı bir vərəsənin, o cümlədən onun ona düşəsi miras payın qəbulundan imtina etməsi barədə yazılı ərizəsi mövcud deyildir. Notariat işində hər bir vərəsənin qanun üzrə şəhadətnamənin verilməsi ilə bağlı ərizəsi icrasız qalmışdır. Yəni buna dair hər hansı bir miras payın qəbul edilib-edilməməsi öz əksini tapmamışdır. Belə olduğu təqdirdə notarius tərəfindən miras payın bağışlanması müqaviləsi tərtib edilə bilməzdi. Çünki hər bir vərəsə faktiki olaraq mirasın tərkibinə daxil olan əmlaklara dair şəhadətnamə verilməsi ilə bağlı ərizələr versələr də notarius tərəfindən paylar müəyyən olunmamışdır. Bir halda paylar müəyyən olunmayıbsa, hər bir vərəsənin payı şəhadətnamə ilə müəyyənləşdirilməyibsə hansı payın bağışlanmasından söhbət gedir?.
12. Məhkəmə iclaslarında iştirak edən iddiaçı və onun nümayəndəsi (vəkili) iddia ərizəsinin məzmununa uyğun izahatlar verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
13. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) izahatında gösrərmişdir ki, iddia heç bir əsas olmadan, qərəzli olaraq qaldırılmışdır. Belə ki, iddiaçı 30 ildən çoxdur ki, hazırki ünvandan Şirvan şəhərinə köçərək orada ailə qurub yaşamış, könüllü surətdə öz razılığı ilə bağışlama həyata keçirilmişdir. Belə ki, o anlaqlı və fəaliyyət qabiliyyəti olan şəxsdir. Lakin aradan bir müddət keçdikdən sonra tərəflərin övladları arasında sözlə mübahisə baş vermiş, bundan sonra iddiaçının arvadı iddiaçını təhrik edərək qərəzli şəkildə cavabdehdən qisas almaq niyyəti ilə belə bir iddia qaldırmağa məcbur etmişdir. Müqavilənin etibarsız hesab edilməsi üçün heç bir hüquqi əsas yoxdur. Bu səbəblə də iddia tələbi rədd olunmalıdır.
14. İddia ərizəsində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi göstərilmiş Bakı şəhəri 44 saylı notariat ofisinin notariusu məhkəməyə gəlməmiş, bununla belə notarius 13 oktyabr 2023-cü il tarixdə məhkəməyə məktub ünvanlayaraq göstərmişdir ki, sözügedən vərəsəlik işi ilə bağlı vərəsələrin müraciəti qəbul edilmiş, bütün hallarda olduğu kimi qanunla tələb olunan zəruri sənədlər toplanmış, hüquq və vəzifələri onlara izah edilmiş, onların həqiqi niyyəti və fəaliyyət qabiliyyəti yoxlanıldıqdan sonra qanunvericiliyə uyğun olaraq vərəsəlik şəhadətnaməsi verilmişdir.
15. Birinci instansiya məhkəməsinin 30 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə iddia tələblərinin təmin olunmaması qət edilmişdir.
16. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:
16.1. Əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması vacibdir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. 16.2. Araşdırma zamanı iddiaçı ilə cavabdeh arasında 44 saylı notaiat ofisində bağlanmış xx.xx.2023-cü il tarixli miras payın bağışlanması müqaviləsinin bağlanması (rəsmiləşdirilməsi) zamanı qanunvericiliyin pozulması halları məhkəmə tərəfindən müəyyən edilməmişdir. Belə ki, müqavilə üzrə tərəflər şüurlu səviyyədə öz iradə ifadələrini bildirməklə qeyd edilən bağışlama müqaviləsini imzalamışlar. İddiaçı bu müqavilənin bağlanmasına məcbur edilməmişdir. Məhkəmə iddiaçı xx.xx.2023-cü il tarixli miras payın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi tələbi ilə bağlı qeyd edir ki, həmin müqavilə bağlanarkən Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozulmamış və bu Məcəllənin 337.1-ci maddəsinin tələbləri baxımından həmin müqavilənin etibarsız hesab edilməsi üçün hər hansı əsas olmadığından iddia bu hissədə rədd edilməlidir. 16.3. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh ilə doğma bacı-qardaşdırlar. Onların ataları X14 xx.xx.2012-ci il tarixdə vəfat etmiş, atalarının xüsusi mülkiyyətində olmuş Bakı şəhəri, Yasamal rayonu, X19 küçəsi 533 saylı daşınmaz əmlak 4 vərəsə - övladları X13, X8 və İddiaçı və Bağırova (Eyyubova) Əminə Ağabala qızına miras qalmışdır. İddiaçı xx.xx.2023-cü il tarixdə digər vərəsələrlə birlikdə onlara çatan miras payını bacıları Bağırova (Eyyubova) Əminə Ağabala qızına bağışlamışlar. 16.4. Göründüyü kimi, iddiaçı atasından qalan mirasdan ona çatası payı cavabdehə bağışlanmasına dair müqavilə hər hansı şərtlə şərtləndirilməmişdir. İddiaçının nümayəndəsi və vəkilinin iddia ərizəsində və məhkəmə iclasında qeyd etdiyi hallar tərəflərin müqavilə bağlayarkən aldadılması kimi qiymətləndirilə bilməz. Belə ki, işin faktiki halları iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun gəlmir. 16.5. Eyni zamanda məhkəmə qeyd edir ki, miras şəxsin ölümü ilə açıldığından və Mülki Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayıldığından, hazırki mübahisə üzrə də iddiaçı, cavabdeh və digər iki vərəsə mirasın qəbulu barədə ərizə təqdim etdiklərindən, miras əmlak onların mülkiyyəti sayıldığından notariat ofisi tərəfindən düzgün olaraq Mülki Məcəllənin 666-674 və 1292-ci maddəsinin tələblərinə əsasən onlara çatan miras payının Cavabdeh bağışlanmasına dair müqaviləni rəsmiləşdirmişdir. Belə ki, hər bir miras şəriki kimi iddiaçı da öz miras payına dair sərəncam verərək bu barədə müqavilə bağlamış və sözügedən müqavilə notarius tərəfindən təsdiqlənmişdir. 16.6. Belə olan halda, məhkəmə hesab edir ki, 10 fevral 2023-cü il tarixli miras payın bağışlanması müqaviləsinin qismən etibarsız hesab edilməsi barədə iddia tələbi rədd edildiyindən, sözügedən müqavilə hüquqi qüvvəsini qoruyub saxladığından, iddia tələbinin “30 mart 2023-cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin qismən etibarsız hesab edilməsi, onun əsasında qəbul edilmiş Çıxarışın ləğv edilməsi, ¼ hissədə iddiaçının vərəsəlik payının müəyyən edilməsi” hissələri iddianın ilk hissəsi bağlı olduğundan, həmin hissələrdə də iddia tələbləri rədd edilməlidir.
17. Gəldiyi qənaətin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 6.2-ci, 324.1-ci, 324.4-cü, 324.5-ci, 337.1-ci, 337.2-ci, 337.3-cü, 337.4-cü, 339.2-ci, 339.3-cü, 404.1-ci, 404.2-ci, 666.1-ci, 667.1-ci, 668.1-ci, 668.1.1-ci, 673.1-ci, 1146-cı, 1159.1-ci, 1243.2-ci, 1255-ci, 1292.1-ci maddələrinə istinad etmişdir.
18. Həmin qətnamədən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddia tələblərinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla məhkəmənin işin hallarına düzgün qiymət vermədiyini, maddi hüquq normalarını düzgün tətbiq etmədiyini, prosessual hüquq normalarının tələblərini pozduğunu, iş üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmadığını, ətraflı əraşdırma aparmadan qanunsuz qərar çıxardığını irəli sürmüşdür.
Apellyasiya şikayətinə qarşı etiraz
19. Cavabdehin nümayəndəsi (vəkili) tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz verilmiş, qətnamənin dəyişdirilmədən saxlanılması xahiş olunmuşdur. Apellyasiya baxışı, verilən izahatlar
20. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi (vəkili) apellyasiya şikayətinin dəlillərini müdafiə edərək və iddia ərizəsinin məzmununa uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etmişlər.
21. Cavabdehin məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) şikayətin əsassız olduğunu bildirmişdir.
22. İşə baxılmasının vaxtı (yeri) barəsində məlumatlandırılmış Bakı şəhəri 44 saylı Notariat ofisinin notariusu məhkəməyə gəlməmiş, bununla belə məktub göndərərək vərəsəlik şəhadətnaməsinin qanunvericiliyin tələblərinə uyğun verildiyini bildirməklə işə iştirakı olmadan baxılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
23. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
24. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
25. Maddə 213. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əmlak ümumi mülkiyyət, şəxslərin hər birinin mülkiyyətində (hüququnda) olan payı müəyyənləşdirildikdə isə ümumi paylı mülkiyyət hesab olunur.
26. Maddə 324.1, 324.2, 324.4 və 324.5. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.
27. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
28. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
29. Maddə 339.1. Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər.
30. Maddə 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin.
31. Maddə 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin.
32. Maddə 404. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
33. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.
34. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.
35. Maddə 667.1. Fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın.
36. Maddə 668.1.1. Daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə bağışlama etibarlıdır.
37. Maddə 673.1. Hədiyyə verən aşağıdakı hallarda bağışlamaqdan imtina edə bilər: 673.1. 1. hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; 673.1.2. hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; 673.1.3. o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə.
38. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
39. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.
40. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.
41. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
42. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər); 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar; 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar; 1159.2. İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar.
43. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.
44. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
45. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.
46. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.
47. Maddə 1292.1. Hər bir miras şəriki öz miras payına dair sərəncam verə bilər. Miras şəriklərindən birinin öz payına dair sərəncam verməsi barədə müqavilə notarius tərəfindən təsdiqlənməlidir.
48. Maddə 1321.2. Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir.
49. Maddə 1321.3. Vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
50. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
51. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
52. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
53. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
54. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
55. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
56. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının həddi
57. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsi).
58. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
59. Bağışlama müqaviləsi ikitərəfli əqdin bir növü olmaqla, əmlaka mülkiyyət hüququnun və ya bəzi əmlak hüquqlarının hədiyyə verəndən hədiyyə alana keçməsində ifadə olunur. Bir qayda olaraq, bağışlama müqaviləsini bağlamaq niyyəti hədiyyə verən və hədiyyə alan arasında yaranmış şəxsi münasibətlərin təsiri altında yaranır.
60. Hər hansı əqdin (o cümlədən bağışlama müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Əqdlər iradə ifadələri nəticəsində əmələ gəldiklərinə görə, bir əqdin etibarlı olması üçün onu əmələ gətirən iradə ifadəsinin də sağlam olması, başqa sözlə iradə və onun bildirilməsi arasında vahidliyin mövcudluğu lazımdır. Bu vahidlik həm iradənin formalaşmasında, həm də onun bildirilməsi anında mövcud olmalıdır. Belə ki, iradə formalaşdığı anda sağlam olmalı və buna uyğun olaraq bildirilməlidir. Bu uyğunluğun (vahidliyin) olmadığı hallarda iradə ifadəsinin zədələnmiş olduğunu demək olar. İradə ifadəsinin sağlamlığına təsir edən, daha doğrusu onu (iradə ifadəsini) zədələyən ümumi hallar bunlardır: 1- vacib əhəmiyyətli yanılma, 2- aldatma, 3təhdid edilmə (hədələnmə).
61. İddiaçının iddia tələbini əsaslandırdığı faktiki hal ondan ibarətdir ki, o, cavabdeh tərəfindən aldadılmış və bunun nəticəsində iradəsinin ziddinə miras payını cavabdehə bağışlamışdır.
62. Qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
63. Aldatma dedikdə, digər tərəfi əqdi bağlamağa sövq etmək məqsədilə müəyyən faktlara dair bilə-bilə yalan məlumatlar verməklə və ya barəsində məlumat verilməli olan məsələlər barədə susmaqla onda əqd barəsində yanlış təəssürat yaratmaq və həmin təəssürat üzrə iradə ifadə etməyə məcbur etmək nəzərdə tutulur. Aldatma nəticəsində digər əqd iştirakçısında əqd və onun elementləri, onun bağlanması üçün mühüm əhəmiyyəti olan hallar və faktlar barəsində yanlış təsəvvür yaranır.
64. Aldatma iki formada həyata keçirilir: fəal hərəkət formasında (əqd iştirakçısına yalan, saxta məlumatların verilməsi) və passiv hərəkət formasında (əqd iştirakçısının hərəkətsizliyi - əqdin bağlanmasına mane ola biləcək hallar və faktlar barəsində qəsdən susmaqla).
65. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə, aldatma səbəbi ilə əqdin etibarsız hesab edilməsi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: 1. Aldadan tərəf müqavilənin bağlanılması və xüsusilə də müqavilənin bağlanmasına dair aparılan müzakirələr zamanı müəyyən məsələlər barəsində yalan məlumat verir və ya vicdanlılıq vəzifəsinə görə məlumat verməli olduğu məsələlər barəsində qəsdən məlumat vermir; 2. Aldadıcı hərəkət əqdin digər tərəfinin həqiqəti bildiyi təqdirdə bağlamayacağı və ya müəyyən şərtlərlə bağlamayacağı bir müqavilənin bağlanmasına və ya əlverişsiz şərtlərlə bağlanmasına yönəlməlidir. Yəni müəyyən bir müqavilənin bağlanmasını təmin etmək üçün yalan məlumat verməklə əqdin digər tərəfində qəsdən həqiqətə uyğun olmayan bir qənaət formalaşdırılmış olmalıdır; 3. Müqavilə məhz aldatma nəticəsində qarşı tərəfdə formalaşmış yanlışlıq, yəni həqiqətə uyğun olmayan qənaət nəticəsində bağlanmış olmalıdır. Belə ki, aldatma olmasaydı mövcud müqavilə bağlanmaz və ya başqa şərtlərlə bağlanmış olardı (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr tarixli Qərar).
66. Yazılı və notariat qaydada bağlanmış əqdlərə münasibətdə prezumpsiya ondan ibarətdir ki, müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi məhz əqdin özündə yazılı formada göstərilən qaydada olmuşdur. Belə ki, tərəflər yazılı müqaviləni imzalamaqla orada göstərilən şərtlərin özlərinin iradə ifadələrini əks etdirdiyini qəbul edirlər, eləcə də, əgər müqavilə notariat orqanında bağlanmışdırsa, notarius müqaviləni təsdiq etmədən əvvəl onun məzmununu tərəflərə izah edir. Odur ki, notariat qaydasında bağlanılmış əqdin aldatma nəticəsində bağlanıldığı nəticəsinə gələ bilmək iş üzrə həmin halları təsdiq edən çox ciddi və təkzibolunmaz mötəbər sübutlar mövcud olmalıdır.
67. İşin müəyyən olunan hallarını əsas götürən kollegiya hesab edir ki, iddiaçının mübahisələndirdiyi müqavilənin onun aldadılması nəticəsində bağlandığı qənaətinə gəlmək mümkün deyildir.
68. Kollegiya onu da qeyd edir ki, miras şəxsin ölümü ilə açıldığından və qəbul edilmiş miras açıldığı gündən vərəsənin mülkiyyəti sayıldığından, iddiaçıya, o cümlədən digər vərəsələrə çatan miras payının cavabdehə bağışlanmasına dair müqavilə rəsmiləşdirilərkən bağışlama predmeti olan əmlak bağışlayanların mülkiyyətində olan əmlak statusunda olmuş, beləliklə də Mülki Məcəllənin bağışlama ilə bağlı müddəalarına əməl edilmişdir.
69. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddiaçının digər tələbləri üzrə gəldiyi nəticə və müvafiq əsaslandırma ilə də razılaşır, buna görə də müvafiq hissədə əlavə əsaslandırma aparılmasına ehtiyac görmür.
70. Beləliklə, iddiaçının irəli sürdüyü faktiki hallar, onun tələblərinin qanuni əsasının dispozisiya şərti ilə uzlaşmamaqdadır və birinci instansiya məhkəməsinin işin faktiki halları, tərəflərin münasibətləri, tətbiq edilməli olan hüquqla bağlı gəldiyi nəticə düzgün olmuşdur. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir.
71. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-4460/2023 saylı iş üzrə 30 oktyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid olunsun. Qətnamədən İddiaçı tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə