Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9866/2021 03.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), İbayev Vəfaddin Ələm oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi ilə, Cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinin nümayəndəsi eyni zamanda vəkili X5, Cavabdeh X1 hüquqi varisi X4 iştirakları ilə İddiaçı cavabdehlər "xxxx" Mənzil Tikinti Kooperativinə və X2 qarşı “müqavilənin etibarsız hesab edilməsi, mənzildən çıxarma” tələbinə dair ilkin iddiası və X1 İddiaçı və "xxxx" MTK-ya qarşı “müqavilənin etibarsız hesab edilməsi, mənzilə sahiblik və istifadə hüququnun tanınması” barədə qarşılıqlı iddia tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2515/2015 saylı, 10 iyun 2015-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 26 iyul 2013-cü il tarixdə onunla "xxxx" MTK arasında bağlanmış müqaviləyə uyğun olaraq cavabdehə məxsus Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 2-ci yaşayış massivində tikilmiş 16 mərtəbəli yaşayış binasının 4-cü mərtəbəsindəki 19 nömrəli mənzilin ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi baxışı zamanı iddiaçı iddia tələbini dəyişdirərək Nailə Əsgərovanı cavabdeh qismində qeyd etməklə "xxxx" MTK ilə Nailə Əsgərova arasında mübahisəli mənzilə dair 0019 nömrəli, 25 fevral 2014-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və cavabdeh Nailə Əsgərovanın Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 2-ci yaşayış massivində tikilmiş 16 mərtəbəli yaşayış binasının 4-cü mərtəbəsindəki 19 nömrəli mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin birinci instansiya məhkəməsi baxışı zamanı X14 Abbaslıya və "xxxx" MTKya qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" MTK ilə İddiaçı arasında bağlanmış 26 iyul 2013-cü il tarixli 019 nömrəli müqavilənin etibarsız hesab edilməsi, Bakı şəhər, Yasamal rayonu, Yeni-Yasamal, 2-ci yaşayış massivində "xxxx" MTK tərəfindən inşa edilmiş 16 mərtəbəli binanın birinci blokunun 4-cü mərtəbəsində yerləşən 19 nömrəli mənzilə sahiblik və istifadə hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2515/2015 saylı, 10 iyun 2015-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh "xxxx" MTK-ya və qeyrisinə qarşı müqavilənin etibarsız hesab edilməsi, mənzildən çıxarma barədə ilkin iddiası təmin edilmiş, X12bağır qızının İddiaçı və qeyrisinə qarşı müqavilənin etibarsız hesab edilməsi, mənzilə sahiblik və istifadə hüququnun tanınması barədə qarşılıqlı iddia iddia tələbi təmin olunmaması, 32.000 manat məbləğində pul vəsaitinin "xxxx" MTK-dan tutularaq Nailə Əsgərovaya ödənilməsi qət edilmişdir. Həmin qətnamədən X12bağır qızı tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 dekabr 2015-ci il tarixli qətnaməsi ilə təmin edilməyərək, Yasamal Rayon Məhkəməsinin 10 iyun 2015-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən cavabdeh X12bağır qızının kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-1967 saylı,11 may 2016-cı il tarixli qərarı ilə təmin edilməyərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 dekabr 2015-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hazırda Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2515/2015 saylı, 10 iyun 2015-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" MTK tərəfindən apelyasiya şikayəti verilərək, qətnamənin qismən – “32.000 manat məbləğində pul vəsaitinin "xxxx" MTK-dan tutularaq Nailə Əsgərovaya ödənilməsi” hissəsində ləğv edilməsi xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işdən görünür ki, məhkəmənin cavabdehə göndərdiyi məhkəmə bildirişləri ona çatdırılmamış, buna baxmayaraq, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Bununla da cavabdeh iş üzrə səmərəli hüquqi müdafiə vasitələrindən istifadə etmək, iddiaya qarşı öz müdafiəsini hazırlamaq, etiraz və mülahizələrini bildirmək, sübutlar təqdim etmək imkanından məhrum edilmişdir. Bundan başqa məhkəmə tərəfindən MPM-in sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsinə, qətnamənin qanuniliyinə və əsaslılığına, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalı olmasına dair 88, 217.1 və 217.3- cü maddələrinin tələblərinə əməl edilməmişdir. Belə ki, "xxxx" MTK-nın sabiq sədri X7 Azərbaycan Respublikası CM-in 178.3.2, 308.2 və 313-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırda qanuni qüvvədə olan 09.09.2016-cı il tarixli 1(101)-334/16 saylı hökmü ilə müəyyən edilmişdir ki, Şahin Əliyev "xxxx" MTK-nın sədri vəzifəsində işləyərkən xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək, mübahisəli mənzilin "xxxx" MTK tərəfindən 26.07.2013-cü il tarixli 019 saylı müqaviləyə əsasən İddiaçı 40.000 manata satıldığını bildiyi halda, təkrarən özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədilə, 26.02.2014-cü il tarixdə həmin mənzili yenidən 32.000 manata Nailə Əsgərovaya satıb, ondan həmin pul vəsaitini alaraq, mənzilin ona qeyd olunan tarixdə satılması barədə məzmununa tamah niyyətilə bilə-bilə yalan məlumatları daxil etdiyi saxta rəsmi sənədləri - alqı-satqı müqaviləsini, maliyyə arayışı və MTK üzvlərinin islas protokolundan çıxarışı tərtib edib imzası və MTK-nın möhürü ilə təsdiq edərək, sonuncuya məxsus külli miqdar təşkil edən 32.000 manat məbləğində pulu öz qulluq mövqeyindən istifadə etməklə, aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib təkrarən dələduzluq etmiş, vəzifə saxtakarlığı törətmiş, külli miqdarda törədilməklə İddiaçı məxsus mənzilə - əmlaka olan hüquqlarını ələ keçirib fiziki şəxsin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurulmasında ifadə olunan əməli ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Şahin Əliyev ittiham olunduğu əməllər üzrə özünü təqsirli bələrək ifadəsində 26.02.2014-cü il tarixdə Nailə Əsgərovadan 32.000 manat pulu alıb mənzili onun adına rəsmiləşdirdiyini bildirmişdir. Məhkəmədə zərərçəkmiş şəxs və mülki iddiaçı qismində dindirilmiş Nailə Əsgərova ifadəsində 26.02.2014-cü il tarixdə bacısı oğlu Sədiyarla birlikdə Şahin Əliyevlə baş ofislərində görüşərək ona 32.000 manat pul verdiyini, sonuncunun isə onun adına 19 saylı mənzili rəsmiləşdirərək sənədlərə imza etdirdiyini göstərmişdir. Məhkəmənin hökmünə əsasən mülki iddiaçı Nailə Əsgərovanın mülki cavabdeh Şahin Əliyevə qarşı mülki iddiası əlavə araşdırma aparılması lazım olduğundan baxılmamış saxlanılmış və ona həmin iddia ilə cavabdehin olduğu yer üzrə məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir (lakin Nailə Əsgərova sonradan belə bir iddia ilə məhkəməyə müraciət etməmişdir). Göründüyü kimi, hazırkı qətnaməyə əsasən "xxxx" MTK ilə Nailə Əsgərova arasında bağlanmış 25.02.2014-cü il tarixli 0019 saylı müqavilənin etibarsız sayılması nəticəsində MTK-dan tutularaq Nailə Əsgərovaya ödənilməsi qət olunmuş 32.000 manat məbləğində pul vəsaitinin əslində MTK-ya mədaxil olunmadığı və həmin pulun MTK-nın sabiq sədri Şahin Əliyev tərəfindən dələduzluqla, vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə və vəzifə saxtakarlığı etməklə ələ keçirildiyi hazırda qüvvədə olan məhkəmə hökmü ilə müəyyən və sübut edlmişdir. Belə olan halda, MPM-in 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Bu mənada, "xxxx" MTK ilə Nailə Əsgərova arasında bağlanmış 25.02.2014-cü il tarixli 0019 saylı müqavilə etibarsız sayılsa da, hökmdə müəyyən edilən hallar səbəbindən MTK-ya münasibətdə Mülki Məcəllənin 337.5-ci maddəsində nəzərdə tutulan restitusiya tətbiq edilə bilməzdi. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinin nümayəndəsi eyni zamanda vəkili X10 apellyasiya şikayətinin məzmununa uyğun izahat verməklə apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh X1 hüquqi varisi X9 izahatında bildirdi ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 2-ci yaşayış massivində tikilmiş 16 mərtəbəli yaşayış və ofis binasının 1-ci blokunda 4-cü mərtəbəsində yerləşən, 46,8 kv.m bir otaqdan ibarət 19 saylı mənzilini birbaşa olaraq "xxxx" MTK-nın ofisinə getməklə MTK-dan almışdır. "xxxx" MTK-ya göndərilmiş məhkəmə bildirişlərini isə istədikləri vaxt qəbul edirdilər, bəzi məhkəmə iclaslarında nümayəndələri də iştirak etmişdir. Hal-hazırda birinci instansiya məhkəməsinin qətnaməsi qanunu qüvvəsini almış və icraya yönəlmişdir, hazırki apellyasiya şikayəti isə qətnamənin icrasını yubatmaq məqsədi daşıyır. Hal-hazırda kirayədə yaşayır, MTK məhkəmə iclaslarını uzadır. İndiyənə qədər qeyd edilən mənzillə bağlı mübahisədən xəbərdar olmamaları barədə dəlilləri isə inandırıcı deyil. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə ilkin iddia tələbi təmin edilmiş, qarşılıqlı iddia tələbi isə rədd edilmişdir. Həmin qətnaməni ilk olaraq cavabdeh N. Əsgərovaya mübahisələndirmiş və qətnamə ona münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Hazırki apellyasiya şikayətini isə "xxxx" MTK verərək, qətnamənin qismən – “32.000 manat məbləğində pul vəsaitinin "xxxx" MTK-dan tutularaq Nailə Əsgərovaya ödənilməsi” hissəsində ləğv edilməsi xahiş edilmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsi qətnaməsi “32.000 manat məbləğində pul vəsaitinin "xxxx" MTK-dan tutularaq Nailə Əsgərovaya ödənilməsi” hissəsində yoxlanılır. Məhkəmə kollegiyası izahatları dinləyib, iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti təmin edilməməklə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, "xxxx" MTK ilə iddiaçı arasında bağlanmış 26 iyul 2013-cü il tarixli müqaviləyə əsasən MTK Bakı şəhəri Yeni-Yasamal2-ci yaşayış massivində inşa etdiyi 16 mərtəbəli binanın 1-ci blok, 4-cü mərtəbəsində yerləşən sahəsi 46,8 kvadrat metr olan bir otaqlı 19 saylı mənzili iddiaçıya verməyi öhdəsinə götürmüşdür. İddiaçı isə həmin müqavilə ilə mənzilin müəyyən edilmiş dəyəri olan 12000 min manat pulu MTK-ya ödəmiş və MTK-nın 26 iyul 2013-cü il tarixli ümumi yığıncağının qərarı ilə kooperativə üzv qəbul edilmişdir. Həmçinin iş materialları ilə müəyyən edilir ki, "xxxx" MTK ilə cavabdeh N.Əsgərova arasında bağlanmış 25 fevral 2014-cü il tarixli müqaviləyə əsasən MTK eyni mənzili 32000 manata cavabdehə verməyi, cavabdeh isə həmin məbləği MTK-nın hesabına keçirməyi öhdəsinə götürmüşdür. Cavabdeh 32000 manat pulu MTK-ya ödəmişdir və MTK-nın ümumi yığıncağının qərarı ilə kooperativə üzv qəbul edilmişdir. Qanuni qüvvəsini almış iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ilə müəyyən edilmişdir ki, İddiaçı mənzilə sahiblik və istifadə hüququ əldə etdikdən sonra, 25.02.2014-cü il tarixli 0019 saylı müqavilə əsasında "xxxx" MTK adı çəkilən mənzili 32000 manat müqabilində X2 verməyi öhdəsinə götürmüş, həmin tarixdə N.Əsgərovaya mənzilin tam dəyərinin ödənilməsi barədə maliyyə arayışı verilmiş, onun MTK üzvlüyünə qəbul olunması barədə qərar qəbul olunmuşdur. Göründüyü kimi, "xxxx" MTK mülkiyyətində olmayan əşya (mənzil) barədə sərəncam verməklə, MM-də müəyyənləşdirilmiş şərtləri pozmaqla etibarsız əqd bağlamışdır (MM-nin 337.1 -ci maddəsi). "xxxx" MTK ilə X3 arasında bağlanmış müqavilə etibarsız hesab olunmalı, o, həmin nənzildən çıxarılmalı və onun bu müqaviləyə əsasən ödədiyi pul vəsaiti "xxxx" MTK-dan tutularaq ona ödənilməlidir. Cavabdeh "xxxx" MTK isə apellyasiya şikayətində isə qeyd edir ki, “hazırkı qətnaməyə əsasən "xxxx" MTK ilə Nailə Əsgərova arasında bağlanmış 25.02.2014-cü il tarixli 0019 saylı müqavilənin etibarsız sayılması nəticəsində MTK-dan tutularaq Nailə Əsgərovaya ödənilməsi qət olunmuş 32.000 manat məbləğində pul vəsaitinin əslində MTKya mədaxil olunmadığı və həmin pulun MTK-nın sabiq sədri Şahin Əliyev tərəfindən dələduzluqla, vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə və vəzifə saxtakarlığı etməklə ələ keçirildiyi hazırda qüvvədə olan məhkəmə hökmü ilə müəyyən və sübut edlmişdir”. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir, belə ki, iş materiallarından göründüyü kimi Şahin Əliyev "xxxx" MTK-nın sədri qismində 25.02.2014cü il tarixli 0019 saylı müqavilə əsasında mübahisəli mənzili 32000 manat müqabilində X12Bağır qızına verməyi öhdəsinə götürmüşdür. Həmin halın qanuni qüvvəsini almış məhkəmə hökmü ilə dələduzluqla, vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə və vəzifə saxtakarlığı etməklə baş verməsi belə, qeyd olunan müqavilənin Şahin Əliyevin "xxxx" MTK-nın sədri qismində bağlanması halını dəyişdirmir. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, Şahin Əliyev "xxxx" MTK-nın sədri qismində müqavilə bağlayarkən öz adından deyil məhz MTK-nın sədri adından çıxış etmiş və həmin vaxt Şahin Əliyev MTK-nın sədri kimi müqavilə bağlamaq səlahiyyətləri olmuşdur. Belə olan halda da birinci instansiya məhkəməsi etibarsız hesab edilmiş müqavilə üzrə Mülki Məcəllənin 337.5-ci maddəsini tətbiq etməklə düzgün olaraq müqavilə üzrə ödənilmiş pulun məhz "xxxx" MTK-dan tutularaq N.Əsgərovaya verilməsi barədə düzgün qənaətə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsi işə baxarkən iddia ərizəsində cavabdeh "xxxx" MTK-nın ünvanı kimi mübahisəli mənzilin yerləşdiyi ünvan göstərildiyindən qeyd edilən ünvana məhkəmə bildirişi göndərilmiş, həmin bildirişin alınmasını təsdiq edən sənəd olmadığından "xxxx" MTK-nın hüquqi ünvanı və qanuni təmsilçiləri barədə məlumatın verilməsi üçün Azərbaycan Respublikasının Vergilər Nazirliyinə müraciət olunmuşdur. Vergilər Nazirliyindən daxil olmuş məlumata əsasən "xxxx" MTK-nın ünvanı ünvan 1ərilmiş məhkəmə bildirişi isə geri qayıtdığından birinci instansiya məhkəməsi tərəfindən bildirişi cavabdehin məlum olan axırıncı ünvanı üzrə yerli icra hakimiyyəti orqanına (Mənzil Kommunal Təsərrüfat Birliyinə) göndərilmişdir və bildiriş həmin orqan tərəfindən alınmışdır. Belə olan halda da birinci instansiya məhkəməsi MPM-in 147-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən cavabdeh "xxxx" MTK-ya məhkəmə iclasları barədə bildirişlərin iş materiallarında olan və məhkəməyə məlum olan ünvanına göndərilmişdir. Bu əsasdan kollegiya məhkəmə araşdırmasının tərəflərin çəkişmə prinsipinin pozulması ilə aparılması ilə bağlı cavabdeh "xxxx" MTK-nın mövqeyini əsassız hesab edir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə dəyişdirilməsi, yaxud ləğv olunması üçün əsas təşkil etmir. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT E T D İ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2515/2015 saylı, 10 iyun 2015-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Rəşad Həsənov Vəfaddin İbayev
Məhkəmə qərarları › İş №2(103)-9866/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9866/2021
03.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver