Məhkəmə qərarları › İş №2(103)-9877/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9877/2021

19.10.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9877/2021 19.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X4 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh İB-yə qarşı «əsassız hesablanmış borcun silinməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 iyul 2021-ci il tarixli, 2(011)- 3262/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra, iddiaçı) Cavabdeh İB-yə (bundan sonra, cavabdeh) qarşı «əsassız hesablanmış borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən ünvan 1 ünvanına (Abonent kodu: **********00031) hesablanmış 972 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 iyul 2021-ci il tarixli, 2(011)- 3262/2021 saylı qətnaməsi ilə (hakim İlahə Abbasova) iddia təmin olunmuşdur. Cavabdeh, qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, onun ləğv, iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti - sözügedən borcun iddiaçı tərəfindən təbii qazdan sayğacsız istifadə nəticəsində yaranması, 30.04.2018-ci il tarixli akta əsasən "xxxx" MTK tərəfindən inşa edilən yaşayış binasında mənzil sahiblərinin təbii qazdan sayğacsız istifadə etdikləri, lakin məhkəmə tərəfindən borcun yaranmasının səbəblərinin araşdırılmaması və s. kimi əsaslandırılmışdır. İzahatlar, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən iddiaçı, apellyasiya şikayətinə etiraz edərək, həmçinin bildirmişdir ki, qeyd olunan mənzili "xxxx" MTK-dan almaqla, 2017-ci ilin təqribən oktyabr-noyabr aylarından orada yaşamağa başlamışdır. İlk vaxtlar binaya qaz verilməmiş, 2018-ci ilin ortalarından çəkilməyə başlamış və hissə-hissə mənzillərə paylanmışdır. Onun mənzilinə 2018-ci ilin noyabr ayında qaz xətti çəkilmiş və həmin ayın 26-da aralarında qazın alqı-satqısı barədə müqavilə bağlanmış, smart kart təqdim olunmuş və bundan sonra o, təbii qazdan istifadə etməyə başlamışdır. İstifadə etdiyi qazın dəyərini hər zaman tam ödəmişdir. X2 iştirak etdiyinə görə bir müddət mənzildə olmamış, 2021-ci ilin yanvar ayında təxris olmuşdur. Həmin müddətdə mənzildə həyat yoldaşı yaşamış, lakin cavabdeh tərəfindən sayğaca baxış keçirilməmiş və ya hər hansı xəbərdarlıq olunmamışdır. Qayıtdıqdan sonra qaz kartına pul yükləyərkən tutulmalar olduğunu görmüş, bu barədə cavabdehə müraciət etdikdə mənzilin yerləşdiriyi MTK-nın borcunun binada yerləşən mənzillər arasında bölündüyü bildirilmişdir. Sağyac mənzilin daxilində yerləşir və quraşdırıldığı vaxtdan indiyə kimi heç vaxt dəyişdirilməmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə rəsmi qaydada məlumat verilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Bu səbəbdən də, məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası, məruzəçi hakimin məruzəsini və iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı 16.08.2016-cı il tarixdə “yaşayış binasında mənzil tikintisi haqqında” müqaviləyə və həmin tarixli maliyyə arayışına əsasən, "xxxx" MMC-nin Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2337-ci məhəllə, ev 1 ünvanında tikilməkdə olan yaşayış binasında 3A saylı mənzilin dəyərini tam şəkildə ödəmişdir. Həmin mənzilə dair qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında bağlanmış “qazın alqı-satqısı barədə” 26.11.2018-ci il tarixli, 93500 saylı müqaviləyə əsasən, qaz paylayıcısı istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba ödəməyi öz öhdəsinə götürmüşdür. Cavabdeh İB tərəfindən tərtib olunmuş “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 30.04.2018-ci il tarixli, ******* saylı aktda qeyd olunmuşdur ki, "xxxx" MTK tərəfindən inşa edilən 180 mənzilli yaşayış binasının siyahıda qeyd olunan mənzillərdə sayğacsız və qeydiyyatsız olaraq təbii qazdan istifadə olunur, dəymiş ziyan hesablansın. Abonentin saldosundan görünür ki, cavabdeh tərəfindən iddiaçının yaşadığı mənzilə 2020-ci ilin noyabr ayı üzrə 972 manat borc hesablanmışdır. Cavabdeh qeyd edir ki, iddiaçı tərəfindən təbii qazdan sayğacsız və qeydiyyatsız istifadə olunduğundan, bununla bağlı dəymiş ziyan onun tərəfindən ödənilməlidir. İddiaçı isə, ona məxsus mənzilə ilk dəfə 26.11.2018-ci il tarixdə sayğac quraşdırılmaqla qaz verildiyini və indiyədək həmin sayğacdan istifadə etdiyini bildirərək, bu halı mübahisələndirir. Kollegiya aşağıdakılara əsasən hesab edir ki, iddiaçı, cavabdeh tərəfindən hesablanmış borcun silinməsini tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.3-cü bəndinə əsasən (bundan sonra, Qaydalar), qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli Əlavə) əlavə edilir. Qaz paylayıcısı və istehlakçının bu Qaydalara əsasən müəyyənləşdirilən vəzifələri və hüquqları, habelə istehlakçılara verilən qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlığı), həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər qazın alqı-satqı müqaviləsində göstərilir. Qaydaların 1.4-cü bəndinə əsasən, istehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. «Qaz təchizatı haqqında» Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Baxılan işdən görünür ki, tərəflər arasında sözügedən mənzilə dair “qazın alqısatqısı barədə” müqavilə ilk dəfə 26.11.2018-ci il tarixdə bağlanmış, sayğac quraşdırılmış və yalnız bundan sonra onların qarşılıqlı hüquq və öhdəlikləri (qazla təchiz ehtmək və sayğac göstərisinə uyğun olaraq qazın dəyərini ödəmək) yaranmışdır. Belə olan halda, cavabdeh bu tarixdən əvvəlki hər hansı tarixə borc tələb etdikdə, borcun yaranma əsaslarını sübut etmək vəzifəsi onun üzərinə düşür. Çünki MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında da göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Hazırda cavabdeh iddiaçıya hesablanmış 972 borcun əsası kimi 30.04.2018-ci il tarixli akta və ona əlavə edilmiş siyahıya istinad edərək, iddiaçıya məxsus mənzildə təbii qazdan sayğacsız və qeydiyyatsız istifadə olunduğunu bildirsə də, Kollegiya, həmin aktı mətəbər sübut kimi qəbul etmir. Belə ki, Qaydaların 6.5-ci bəndinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qaydaların 6.7-ci bəndinə əsasən, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. İddiaçının təqdim etdiyi aktdan isə görünür ki, o, ümumi xarakterli olmaqla bilavasitə iddiaçı barəsində deyil, MTK barəsində tərtib olunmuş, eyni zamanda iddiaçıya məxsus mənzilin nömrəsi siyahıda göstərilsə də, onun (və ya hər hansı ailə üzvünün) iştirakı təmin olunmamış, aktın bir surəti abonentə təqdim olunmamış və ya göndərilməmiş, sayğacsız istifadənin iddiaçı tərəfindən məhz hansı qaydada və üsulla həyata keçirilməsi göstərilməmiş, bu istiqamətdə sübutlar əlavə olunmamışdır. Eyni zamanda, Qaydaların yuxarıda qeyd edilən tələblərinə görə, şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Baxılan işdən isə görünür ki, cavabdeh iddiaçıya məxsus mənzildə 30.04.2018-ci il tarixdə təbii qazdan sayğacsız və qeydiyyatsız qeyri-qanuni istifadə olunması faktının aşkar olunduğunu bildirsə də, bununla bağlı heç bir tədbir görməmiş, əksinə bir neçə ay sonra 26.11.2018-ci il tarixdə iddiaçı ilə qazın alqı-satqısı barədə müqavilə bağlamış, iki ildən artıq müddət keçdikdən sonra isə sözügedən akta istinad edərək, 2020-ci ilin noyabr ayında iddiaçının hesabına 972 manat borc hesablanmışdır. Göründüyü kimi, cavabdeh, məhkəmə araşdırması zamanı etirazının əsası kimi istinad etdiyi halları əsaslandıra və ödənilməsini tələb etdiyi borcun iddiaçının təqsiri üzündən yaranmasını sübut edə bilməmişdir. Beləliklə, məhkəmə kollegiyası, işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən normalarını nəzərə alaraq, hesab edir ki, qətnamə əsaslı və qanunidir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsinə əsas ola bilməz. MPM-in 404-1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Cavabdeh İB-yə qarşı «əsassız hesablanmış borcun silinməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 iyul 2021-ci il tarixli, 2(011)- 3262/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 iyul 2021-ci il tarixli, 2(011)- 3262/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar