Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9880/2021 23.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Orucova Məryəm Faiq qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh “X5” MMC-ya qarşı “qeyri-yaşayış sahəsinin təhvil verilməsi” tələbinə dair iddiası üzrə Bakı şəhəri Yasamal rayon məhkəməsinin 24 aprel 2017-ci il tarixli, 2(004)-3483/2017 saylı qətnaməsindən həmin qətnamə ilə maraqlarına toxunan şəxs Maraqlı şəxs ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı oğlu cavabdeh “X5” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “07 may 2013-cü il tarixli 144 nömrəli müqavilə əsasında iddiaçının mülkiyyətinə verilmiş, Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal yaşayış massivi Talıblı küçəsində inşa edilən 1 saylı binanın 1-ci mərtəbəsində ümumi sahəsi 126 kv.m olan qeyri-yaşayış sahəsi adlanan mağazanın iddiaçıya verilməsi öhdəliyinin cavabdeh “X5” MMC-yə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 07 may 2013-cü ilə “X5” MMC ilə 144 nömrəli müqavilə bağlamışdır. Müqaviləyə əsasən cavabdeh Bakı şəhəri Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi Talıblı küçəsində inşa edilən 1 saylı binanın 1-ci mərtəbəsində ümumi sahəsi 126 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsinin dəyərini nəğd ödəməklə iddiaçının mülkiyyətinə verilməsinə dair öhdəlik müəyyənləşdirilmişdir. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən inşa ediləcək qeyri-yaşayış sahəsinin (mağaza) hər kv.m sahəsinin qiyməti 1500 manat təşkil etmişdir. Həmin müqavilənin 2.1.2-ci bəndinə əsasən qeyri-yaşayış sahəsinin ümumi dəyəri 189.000 manat müəyyənləşdirilmişdir. Müqavilənin 2.1.3-cü bəndinə əsasən iddiaçı həmin qeyri-yaşayış sahəsinin tam dəyərini, yəni 189.000 manat pul məbləğini tam ödəmişdir. Ona görə də, 07 may 2013-cü il tarixdə həmin sahəyə görə şirkətə borcunun olmaması barədə maliyyə arayışı verilmişdir. Həmin vaxt binada tikinti işləri getdiyi üçün cavabdeh bildirmişdir ki, tikinti işləri 24 ay ərzində bitdikdən sonra Bakı şəhəri Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi Talıblı küçəsində inşa edilən 1 saylı binanın 1-ci mərtəbəsində ümumi sahəsi 126 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsini iddiaçının mülkiyyətinə verəcək, lakin İddiaçı dəfələrlə bu barədə “X5” MMC-yə müraciət etsə də, cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş və yetirməkdən yayınaraq müxtəlif bəhanələr gətirmişdir. Belə ki, cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirmədiyi üçün, iddiaçı mənzilə olan sahiblik hüququndan mərhum olunmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 22 aprel 2017-ci il tarixli, 2(004)- 3483/2017 saylı qətnaməsi ilə iddia ərizəsi təmin edilmişdir. İddianı təmin edərkən rayon məhkəməsi iddianın cavabdeh tərəfindən etiraf edilməsinə və bu etirafın hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığına, habelə irəli sürülmüş iddia tələbinin mövcud qanunvericiliyə əsasən də əsaslı olmasına istinad etmişdir. Həmin qətnamə ilə maraqlarına toxunan şəxs Maraqlı şəxs ASC apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, həmin qətnamə qəbul edlən vaxt artəq cavabdeh “X5” MMC-nin Bakı şəhəri Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi Talıblı küçəsində inşa etdiyi 1 saylı binanın 1-ci mərtəbəsində ümumi sahəsi 126 kv.m olan qeyri-yaşayış sahəsi Bakı Apellyasiya Məhkəməsinin 13 avqust 2010-cu il tarixli qərardadı ilə Maraqlı şəxs ASC-yə təhvil verilməsi qərara alınmışdır. Həmçinin, İddiaçı cavabdeh “X5” MMC-dən 2013-cü ildə müqavilə ilə qeyri-yaşayış sahəsi aldığını iddia etsə də, həmin qeyri-yaşayış sahəsinin Maraqlı şəxs ASC-yə verilməsi barədə məhkəmə qərarı 2010-cu ildə çıxarıldıqda İddiaçı hər hansı bir müqaviləsi olmamışdır. Odur ki, həmin müqavilə qanunsuz olmuşdur. Həmin işə baxılarkən cavabdeh “X5” MMC-nin iştirakı təmin edilməmiş, məhkəmə tərəfindən həmin müqavilənin həqiqiliyini təyin etmək üçün ekspertiza keçirilməmişdir. İddiaçı ilə müqavilə 2013-cü ildə bağlanmışdır. Məhkəmə İddiaçı təqdim etdiyi sübutlara düzgün hüquqi qiymət verməmişdir. Hazırkı müqavilə həmin dövrdə MMC-nin direktoru olmuş Elnur Məmmədov ilə bağlanmışdır. Elnur Məmmədov isə direktor olduğu dövrdə törətdiyi qanuni zidd əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilərək məhkum edilmişdir və hal-hazırda cəza çəkir. Hesab edirlər ki, qətnamə maddi və prosessual hüquq normalarını pozmaqla çıxarılmışdır. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş qətnamə ilə maraqlarına toxunan şəxs Maraqlı şəxs ASC və cavabdeh “X5” MMC nümayəndələrini məhkəmə iclasına göndərməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak edən qətnamə ilə maraqlarına toxunan şəxs Maraqlı şəxs ASC-nin nümayəndəsi X1 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin “X5” MMC-nin direktoru X2 ilə alıcı İddiaçı arasında bağlanmış 07 may 2013-cü il tarixli müqavilənin təsdiq olunmuş surətindən görünür ki, satıcı Bakı şəhəri Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi Talıblı küçəsində inşa edilən 1 saylı binanın 1-ci mərtəbəsində ümumi sahəsi 126 kv.mdən ibarət olan qeyri-yaşayış sahəsini (mağazanı) alıcıya verməyi, alıcı isə öz növbəsində qeyri-yaşayış sahəsinin hər kv.metri üçün 1500 manat olmaqla, ümumi 189.000 manat ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.2-ci bəndinə əsasən satıcı müqavilənin 2.1-ci bəndində göstərilən tikinti-quraşdırma işlərini 24 ay ərzində tamamlayır və alıcıya təhvil verir. İş materiallarında olan “X5” MMC-nin direktoru X2 tərəfindən imzalanaraq, Cəmiyyətin möhürü ilə təsdiq olunmuş 07 may 2013-cü il tarixli, 144 saylı Maliyyə arayışının təsdiq olunmuş surətindən görünür ki, İddiaçı Bakı şəhəri Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi Talıblı küçəsində inşa edilən 1 saylı binanın 1-ci mərtəbəsində ümumi sahəsi 126 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsi (mağaza) üçün şirkətə borcu yoxdur. İş materiallarında olan “X5” MMC-nin 07 may 2013-cü il tarixli kassa-mədaxil orderinin surətindən görünür ki, İddiaçı tərəfindən ev almaq üçün 189.000 manat məbləğində pul vəsaiti ödənilmişdir. İş materiallarında olan cavabdeh “X5” MMC-nin rəhbəri E.Məmmədov tərəfindən rayon məhkəməsinə ünvanlanmış 24.04.2017-ci il tarixli ərizədən görünür ki, cavabdeh “X5” MMC Azərbaycan Respublikası MPM-nin 191-ci maddəsinə istinad etməklə iddia tələbini etiraf etmişdir. Apellyasiya instansiyası məhkəməsinin sorğusuna Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsi tərəfindən ünvanlanmış 21.12.2021-ci il tarixli cavab məktubundan məlum olur ki, Bakı Apellyasiya Məhkəməsinin 13.08.2010-cu il tarixli, 2-1(103)-345/2010 saylı icra sənədinə əsasən “X5” MMC-dən Maraqlı şəxs ASC-nin xeyrinə cəmi ******* avro pul tutulmalı, tutma Bakı şəhəri Talıblı küçəsində 0,4 ha torpaq sahəsində “X5” MMC tərəfindən tikilən binanın «A» blokunda olan 26 ədəd mənzilə, 117 ədəd qaraja, 1-ci mərtəbədə 421 kv.m və 2-ci mərtəbədə 858 kv.m qeyri-yaşayış sahəsinə yönəldilməlidir. Qeyd olunan icra sənədi şöbənin icraatına 21.04.2011-ci ildə daxil olmuş və müvafiq qaydada icraata başlanılmış, icra tədbirləri nəticəsində icra sənədi üzrə 2 ədəd təmirsiz mənzil və 117 ədəd qaraj Maraqlı şəxs ASC-yə verilmişdir. Digər mənzillərdə yaşayış olduğu və müqavilə ilə digər şəxslərə satıldığı üçün və qeyri-yaşayış sahələrinin digər şəxslərə satılması və onların yerləşdiyi yerin dəqiq göstərilməməsi səbəbilə onların təhvil verilməsini təmin etmək mümkün olmamışdır. Beləliklə, iş materialları ilə müəyyən olunur ki, iddiaçı əmlak (qeyri-yaşayış sahəsi) almaq məqsədi ilə cavabdeh MMC-yə müraciət etmiş, onların arasında qeyd edilən əmlakın alqı-satqısı ilə bağlı müqavilə bağlanmış, iddiaçı həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri tam icra etmiş, lakin cavabdeh müqavilə öhdəliyini icra etməyərək, müqavilə ilə nəzərdə tutulmuş qeyri-yaşayış sahəsini iddiaçıya verməkdən yayınmışdır. Mülki iş üzrə məhkəmə baxışı zamanı cavabdeh iddianı etiraf etmişdir. Azərbaycan Respublikası MPM-nin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 452.1-ci maddəsinə əsasən fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. İşin yuxarıda qeyd edilən hallarına və qanunvericiliyin sadalanan tələblərinə əsasən bu nəticəyə gəlmək olur ki, iddia tələbi əsaslı olmuşdur və birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir: Apellyator Maraqlı şəxs ASC hazırkı qətnamə qəbul edilən vaxt “X5” MMC -nin Bakı şəhəri Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi Talıblı küçəsində inşa etdiyi 1 saylı binanın 1-ci mərtəbəsində ümumi sahəsi 126 kv.m olan qeyri-yaşayış sahəsinin Bakı Apellyasiya Məhkəməsinin 13 avqust 2010-cu il tarixli qərardadı ilə təsdiq edilmiş barışıq sazişinə əsasən artıq onlara təhvil verilməsinə istinad etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 13 avqust 2010-cu il tarixli həmin qərardadından görünür ki, tərəflər arasında bağlanmış barışıq sazişinə əsasən “X5” MMC Maraqlı şəxs ASC-yə borclu olduğu 1.315.091 avro pulun bir hissəsinin ödənilməsini təmin etmək məqsədi ilə “X5” MMC tərəfindən Bakı şəhəri Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi Talıblı küçəsində inşa edilən 21 mərtəbəli yaşayış binasının «A» blokunda yerləşən və adları həmin qərardaddakı siyahıda göstərilən mənzilləri, qeyri-yaşayış sahələrini və qarajları heç bir əlavə şərt qoyulmadan Maraqlı şəxs ASC-nin istifadəsinə və sərəncamına verməyi öhdəsinə götürür. Qeyd edilən siyahıdan görünür ki, həmin binanın 1-ci mərtəbəsində 421,8 kv.m, 2-ci mərtəbəsində isə 858.2 kv.m mağazalar iddiaçı Maraqlı şəxs ASC-yə təhvil verilməlidir. Lakin həmin qərardadda qeyd edilən mağazaların binanın müvafiq mərtəbələrinin hansı hissələrində yerləşməsi dəqiq göstərilməmişdir. Bununla yanaşı, iş materialları ilə müəyyən edilir ki, həmin məhkəmə qərardadı icra edilməsi üçün Bakı şəhəri Yasamal rayonu icra və probasiya şöbəsinə icra edilməsi üçün 2011-ci ildə daxil olsa da, tam icra edilməmiş, qeyd edilən mağazalar tələbkara təhvil verilməmişdir. Göründüyü kimi, “X5” MMC tərəfindən Bakı şəhəri Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi Talıblı küçəsində inşa edilən 21 mərtəbəli yaşayış binasının «A» blokunun 1-ci mərtəbəsində 421.8 kv.m mağaza sahəsinin həmin binanın hansı hissəsində yerləşməsi, o cümlədən hazırkı qətnamə ilə İddiaçı təhvil verilmiş 126 kv.m qeyri-yaşayış sahəsi (mağaza) ilə üst-üstə düşüb-düşmədiyi müəyyən edilmir. Apellyator bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Bununla da, hazırkı qətnamə əsasında iddiaçıya təhvil verilməsi qət edilmiş qeyriyaşayış sahəsinin (mağazanın) Bakı Apellyasiya Məhkəməsinin 13 avqust 2010-cu il tarixli qərardadı ilə qətnamə ilə maraqlarına toxunan şəxs Maraqlı şəxs ASC-yə təhvil verilməli olan mağaza sahəsi ilə üst-üstə düşməsi halı sübuta yetirilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmuşdur, apellyasiya şikayətinin dəlilləri həmin qətnamənin ləğv edilməsinə əsas vermir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 385.0.1-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 384.0.2, 385 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Bakı şəhəri Yasamal rayon məhkəməsinin 24 aprel 2017-ci il tarixli, 2(004)- 3483/2017 saylı qətnaməsindən həmin qətnamə ilə maraqlarına toxunan şəxs Maraqlı şəxs ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qətnamə dəyişdirilmədən saxlanılsın. Ödənilmiş 15 manat dövlət rüsumu şikayət verən şəxsin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-9880/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9880/2021
23.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver